ŞEİRİMİZDƏ QARABAĞ

VAQİF YUSİFLİ
89637 | 2013-09-14 00:41
(VII məqalə)

Şeirmizdə Qarabağ olaylarından söz açırkən Xalq şairi Zəlimxan Yaqubu xatırlamamaq, onun bu mövzuda qələmə aldığı şeir və poemalarından söz açmamaq mümkün deyil. Hadisələrin lap başlanğıcında Zəlimxanın yurdu mübarizəyə, qələbəyə çağıran səsini eşitdik:

Baxma ki, yollarda duman var, toz var,
Qəlbimdə atəş var, dilimdə köz var.
Bu gün dodağımda tək bircə söz var
Qələbə!
Qələbə!
Ancaq Qələbə!


Haqsızın gücü var, haqqın Allahı,
Allah yerdə qoymaz çəkilən ahı.
Bu gün millət üçün sözlərin şahı
Qələbə!
Qələbə!
Ancaq Qələbə!

Bu o vaxtlar idi ki, Azərbaycanda döyüş əhval-ruhiyyəsi, cəng-cidal ovqatı yüksək idi. Şeirimizdə də bu mənada səfərbərlik, çağırış motivləri güclü idi. Zəlimxanın "Əsgər qardaşıma məktub" şeirində də "Özün qaz səngəri, özün aç yolu, Dumandan, gümandan çıxart milləti! Ən güclü ordunun zərbəsinə dön, Ən ağır zamandan çıxart milləti!.. Millət taleyini tapşırıb sənə, Ən böyük şərəfim sən olmalısan!" çağırışı səslənirdi. Ancaq təəssüf ki, meydanda tək idik, güclü ordumuz hələ yaranmamışdı, ölkənin daxilində isə xaos, hərcmərclik hökm sürürdü və qaçqınlıq, köçkünlük bəlası da böyük bir dəhşət kimi ortaya çıxdı.
Həmin illərdə Zəlimxanın şeirlərində gah çılğın, sərt nidalar, gah da kövrək, məyusluqdan yaranan həzin sətirlərin olması təbii idi. Çünki dövrün özü təzadlı idi, mürəkkəb idi.
Əlbəttə, o illərin mühüm ictimai-siyasi hadisələri, Azərbaycanın ağır müharibə şəraiti, istedadından, yaxud hansı partiyanın mövqeyində durmasından asılı olmayaraq bütün şairləri həyəcana gətirmişdi. Ancaq bu həyəcanın, bu göynərtinin poetik ifadəsi hər şeirdə eyni səviyyədə deyildi. Poeziyada Laçın harayı, Kəlbəcər dərdi, itirilmiş digər torpaqlarımızın həsrəti çox zaman bir nəzmçilik səviyyəsində idi. Digər tərəfdən, daha haray çəkməyin, fəryad qoparmağın, sızıldamağın poeziyada nə qədər göz yaşları vahəsi yaratdığı bəs deyildimi? Mirzə Ələkbər Sabirin bu misrası bizə görk olmalıydı: "Ağladıqca kişi qeyrətsiz olur!" Ona görə də Zəlimxan Yaqub sazında-sözündə "Dur ayağa, məmləkətim!" çağırışını, nidasını eşidəndə bunu həmin o göz yaşlarına bir vida, bir təəssüf kimi dərk etdik.

Haqsız meydan suladıqca
əlimizdən haqq gedir,
Gözümüzdən arx açılır,
çay gedir, bulaq gedir.
Qarış-qarış, parça-parça yurd gedir,
torpaq gedir,
Mən ki əsir olmamışdım,
nədir bu əsarətim?
Dur ayağa, məmləkətim,
qalx ayağa, millətim!

Nifrətini silah elə, gəl silahı gözləmə,
Sarıl bu gün inamına,
gəl sabahı gözləmə.
Haqqa güvən, nə gədanı,
nə də şahı gözləmə,
Ona-buna göz tikənə yoxdu
mənim rəğbətim,
Dur ayağa, məmləkətim,
qalx ayağa, millətim!

Zəlimxanın bu silsilədən olan şeirlərində ("Qəbələ", "Goranboydan gəlirəm", "Axmayın, göz yaşları", "Əsgər qardaşıma məktub", "Çıxış edir Xəlil Rza", "Sən qalib gələcəksən", "Barışmaram", "And yerimiz", "Onun ruhuna söykən", "Qalmaz") artıq müharibə şeiri necə olmalıdır sualına cavab tapmaq olar. Yuxarıda biz poeziyada yersiz harayın, fəryadın, göz yaşlarının əleyhinə çıxdıq. Qeyd edə bilərik ki, bu şeirlər öz səviyyəsinə görə poeziyada heç bir iz buraxmayacaq. Ancaq kədər hissi müqəddəsləşəndə, yurd itkisi, torpaq ağrısı şeirdə əsl ağrı kimi səslənəndə həqiqi poeziya nümunəsi yaranır. O kədərin içində ağrı və göz yaşlarıyla bərabər bir inam hissi də boy atır. "Bu gecə yuxuma girmişdi Şuşa" şeirində olduğu kimi:

Bu gecə yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi.
Şuşanı satanlar verib baş-başa
Şəhərin üstündə qiymət kəsirdi.

Od tutub yanırdı Vaqifin goru,
Natəvan ah çəkib ağı deyirdi.
Usta toxunmuşdu hiylənin toru,
Hələ ki, sözünü yağı deyirdi.

Vidadi Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifin qəbrinə sarı.
Qurtarın! - deyirdi milləti dardan,
Qurtarın! - deyirdi bu torpaqları.

Zəlimxanın "Kəlbəcərdən gələn qarı" şeiri qaçqınçılığın, didərginliyin acı aqibətini canlandırmaq baxımından ən təsirli şeirlərdən biridir və illər keçdikcə, həyata yeni nəsillər gəldikcə, dönüb arxaya baxdıqda Kəlbəcərdən gələn o qarının məhzun görkəmi unudulmayacaq. O qarı öz qəmli taleyilə göz önündə canlanacaq:

Üzündə ruzgarın nəmi,
Gözündə dünyanın qəmi,
Kürəyində əsrin yükü,
Ürəyində dərdin kökü,
Çiynində evi, şələsi,
Beynində topların səsi,
Tökülən gözünün yaşı,
Sökülən bağrının başı,
Canında qışın sazağı,
Saçında dağların qarı,
Bir yuvanın uçan quşu
Kəlbəcərdən gələn qarı.

Xocalı faciəsindən 21 il keçir və 21 ildir ki, bu faciənin ağrısıyla qovruluruq. XX əsrdə baş verən və xeyli insan ölümünə səbəb olan kütləvi qırğınlarla tən tutulan Xocalı faciəsi millətimizin qurumayan göz yaşlarıdır. Təbii ki, bu ümumxalq faciəsi söz sənətində də öz ağrısını yaşayıb, yaşayır və yaşayacaq. Mən onlarla bədii əsərin - şeirin, poemanın, dram əsərinin, hekayənin, romanın, publisistik məqalənin adını çəkə bilərəm. Ancaq mənim fikrimcə, dərdin, kədərin, ağrının miqdarını hesablamazlar. Bircə onu deyə bilərəm ki, bu əsərlərin xeyli qismi bədiiyyatca aşağı səviyyəli olsa da, hər halda ürək ağrısından qopub. Amma bu faciədən söz açan bir əsərdən - Zəlimxan Yaqubun "O qızın göz yaşları" poemasından danışmamaq insafsızlıq olardı. Çünki bu poema Xocalı faciəsi haqqında yazılan ən yaxşı poetik əsərdir.
Z.Yaqubun poemasının əsasında belə bir əhvalat durur: "Xocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar yas mərasimi - şəhidləri anma günü keçirilirdi. Hər çıxışda bir üsyan, hər baxışda bir leysan var idi. Dərdini dilə gətirənlərə bir-bir söz verilirdi. 21 yaşlı Xocalı qızı Xəzangülə də söz verdilər. Ermənilər onun 36 yaşlı anası Raya xanımı, 5 yaşlı bacısı Yeganəni Əsgəran meşəsində güllə ilə dəlik-dəlik etmişdilər. 38 yaşlı atası Təvəkkülü 8 yaşlı Xəzangülün, körpə qızcığazın gözləri baxa-baz-xa, diri-diri ağaca sarıyıb yandırmışdılar. Təvəkkülün günahı ondan ibarət olmuşdu ki, ermənilər "Qarabağ erməni torpağıdır" sözünü ona dedirdə bilməmişdilər".
Zəlimxan poemaya elə bu dərdin poetik izharı ilə başlayır, daha doğrusu, Xocalı faciəsini poeziyanın ağrısına, kədərinə çevirir.

O gün qan üstündə açıldı səhər,
O gün Xocalıda yer qırmızıydı.
Qırmızı-qırmızı üzümə durdu,
İblis görkəmində şər qırmızıydı.

Doğrandı dayağı, kəsildi soyu,
Qan oldu bayramı, yas oldu toyu.
Qarı ağ görmüşdük ömrümüz boyu,
O gün Xocalıda qar qırmızıydı.

Beləcə, Xocalıdan gələn qızın qəmli, faciəli hekayəti başlanır və poemanın sonuna qədər biz bu qəmli hekayətin təsirilə yaşayırıq. Ancaq poema təkcə "o qızın göz yaşları" ilə məhdudlaşmır, bir qızın dərdi timsalında tillərdir həlli düyünə çevrilmiş Qarabağımızdan, torpaq itkisindən, xalqın bu ağır dərdi necə yaşamasından, sabaha inamından da söz açır.
Poemada ən təsirli səhnə qızın atasının-Təvəkkülün ağaca sarınıb vəhşicəsinə qətlə yetirilməsidir. Şair bu səhnədə bədii təsvir vasitələrindən kifayət qədər istifadə edib-bənzətmələr, mübaliğələr, metaforalar bədii niyyətin reallaşmasına imkan yaradır. Bu səhnəyə "göydən ulduz baxırdı, qayadan çiçək baxır, zirvədən buz baxırdı, yaraların üstünə səpilən duz baxırdı, burada ağac da Təvəkkülə ürək-dirək verirdi, odunu söndürməyə dağlar külək verirdi".
Poema nikbin notlarla başa çatır. "O qızın göz yaşları" qəzəbə, nifrətə, qisas harayına çevrilir:

Iların təpəsinə
mərmi kimi yağmalıyıq.
Bu gün bizdə olan nifrət
ən güclü silahdı, qızım.
Hər alçağın qarşısında
dizlərini bükməz Vətən.
Yer dağılar, göy alçalar,
heç vaxt yerə çökməz Vətən.

Səciyyəsinə görə poema lirik-publisistik səpgidədir. Zəlimxan üslubuna xas olan bir çox komponentlər bu poemada da daha qabarıq nəzərə çarpır: onun "Saz", "Yunis İmrə dastanı", "Ey Vətən oğulları", "Göyçə dərdi" və s. poemalarında dastançılıq ənənələrindən bəhrələnmə bir üslubi məziyyət kimi diqqəti cəlb edirdi. Folklordan gələn güclü nəfəs "O qızın göz yaşları" poemasında da açıq-aşkar hiss olunur.
Zəlimxan folklor nəzəriyyəçisi deyil, lakin folkloru, el ədəbiyyatını bəlkə nəzəriyyəçilərdən daha artıq mənimsəyib, çünki folklordan enerci alan yaddaşı güclüdür, xalq ədəbiyyatının bütün janrlarına yaxşı bələddir. Zəlimxan qoşmanın özünü yaradır, şəklini çəkmir, dastan poetikasını şairlər içərisində heç kəs onun kimi yaxşı mənimsəməyib. Ancaq bütün bunlarla yanaşı, onun poetik təfəkkürü müasirliklə bağlıdır.
Bu mənada "O qızın göz yaşları" poeması Zəlimxanın əvvəlki poemalarından fərqlənir. Bu poemada dastanvari üslubu müasir şeir texnikasına xas olan komponentlər əvəz etmişdir.

Ağzına daş basıblar
dağ boyda həqiqətin.
Hanı səkkiz milyonu
bu boyda məmləkətin?
...Qəlbi şübhə-gümanda,
dili ahda-amanda,
İniltidə, ağrıda,
səksəkədə, gümanda,
Ən qorxulu saatda,
ən dəhşətli zamanda
Yerə-göyə yalvarıb,
Qayğı-kömək umanda
O səni çağırırdı,
O məni çağırırdı.
Vətənsiz qalan cocuq
Vətəni çağırırdı.

Adətən, qədim dastanlarda hadisə hadisəni əvəz edir, qəhrəmanların taleyi, qələbəyə və ya vüsala doğru gedən yolu tədricən, pillə-pillə dastan süjetinin sonuna-kulminasiyaya səmt alır.
Ancaq burada hadisə yalnız öncə qeyd etdiyimizdir, əsas diqqət qızın monoloquna və atasının ölümdən sonrakı xitabına yönəlmişdir.
Bu monoloq və xitablar isə Xocalı faciəsinin daxili və xarici səbəbləri üzərinə yönəlir, tədricən fəryad və harayı nifrət və kin, qəzəb və qisas hissi əvəz edir. Fəryaddan qisasa gedən yolun poetik şərhi, poetik bəyanıdır Zəlimxanın poeması. Göz yaşları illərdən bəri ürəkdə buz bağlayarsa, onu qırmaq, əritmək çətin olacaq. Amma bu göz yaşları qəzəbə, nifrətə, qisas harayına çevrilərsə:

Yağıların təpəsinə
mərmi kimi yağmalıyıq.
Bu gün bizdə olan nifrət
ən güclü silahdı, qızım.
Hər alçağın qarşısında
dizlərini bükməz Vətən,
Yer dağılar, göy alçalar,
heç vaxt yerə çökməz Vətən.
Qarabağın həsrətini
çox da uzun çəkməz Vətən.
Ellər deyər: "Gözün aydın,
dur oyan, sabahdı, qızım.
Hələ Şuşa qalasının
qapısından girməmişik.
gKim qaytarsa Qarabağı,
o elə Allahdı, qızım".

Bu yaxınlarda eşitdik ki, Zəlimxan Yaqub Qarabağ hadisələrindən söz açan böyük bir poemanı ("Şuşa şikəstəsi") yazıb bitirmiş, çap olunmaq üçün "Azərbaycan" jurnalına təqdim etmişdir. Allah qoysa, onu da oxuyarıq, təki şairin canı sağ olsun!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV