adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

İ R S

ƏLÖVSƏT BƏŞİRLİ
42510 | 2013-09-07 00:41
Dəniz kükrəyib coşur, dalğalar bir-birini qova-qova sahilə cumur, sal daşlara çırpılır, parçalanıb ağ kəpənəkləri xatırladan damlalara çevrilir, havada uçuşaraq narın qumluğa səpələnir...
Bir azdan xəzri səngiyir. Şərqdə, göyün dənizə sinə gərdiyi yerdə qırmızımtıl zolaq görünür. Günəşin gəlişini sevinclə qarşılayan səma sinəsindən qızıl muncuqlar asır, zümrüd sulara xoş qızartı çökür...
O, bu qeyri-adi mənzərəni maraqla seyr edir, sahildə narın qumluğa səpələnən, günəşin şüaları altında bərq vuran damlalara baxa-baxa düşünürdü: "Damlalar bir azdan buxarlanacaq, yerdə havaya, göydə buludlara qarışacaq. Sonra da yağışa dönüb damla-damla yenə dənizə töküləcək". Tələbə vaxtı ahıl professorun dedikləri yadına düşdü: "Təbiətdə heç nə məhv olmur, şəklini dəyişir, bir haldan başqa hala keçir". Rəhmətlik böyük tarixçi alim, fəlsəfi düşüncəli müdrik insan idi. Auditoriyada sakit, narın addımlarla var-gəl edə-edə keçdiyi mövzunu tələbələrinə dönə-dönə izah edər, ilk baxışda qəribə görünən misallar çəkərdi: "Tanrı Azərbaycana gözəl nemətlər bəxş edib. Mənim fikrimcə bunlardan ən önəmlisi Xəzərdir. Ulu babalarımız dənizə dərya deyiblər. "Dərya bir daş ilə heç dalğalanmaz, arif inciyirsə dayazdır dayaz!" Şair gözəl deyib. Arif-alim dərya kimi dərin olmalıdır. Atalarımız ağıllı-bilikli adamları dərya ilə müqayisə ediblər. "Filankəs dəryadır", - deyiblər. Yadınızda möhkəm saxlayın: tarixi olmayanların keçmişi, fəlsəfəsi olmayanların isə gələcəyi yoxdur. Bizim Azərbaycanın çox qədim tarixi var. Tariximizi öyrənəndə düşünməyin ki, tarix sadəcə quru xronologiya, faktlar yığınıdır. Xeyr, tarix insanı nümunələr və təcrübələr əsasında tərbiyə edən fəlsəfədir. Bunu hələ çox qədim dövrlərdə Azərbaycanımızın böyük tarixçi alimləri, filosofları, görkəmli elm, sənət adamları deyiblər. Onlar bizim klassiklərimiz, mənəvi sərvətimiz - Xəzər kimi bitib-tükənməyən dəryamızdır".
Sonra o, tələbələrini sorğu-suala tutar, onların fikirlərini öyrənər, söhbətini yekunlaşdırardı: "Bilirsiniz, Xəzərin suyu niyə tükənmir? Çünki yayın yandırıb-yaxan vaxtında buxarlanan sular sonradan yağışa dönüb damla-damla yenə dənizə tökülür. "Dərya damlalardan əmələ gəlir", - deyiblər. Təbiətdə olduğu kimi, cəmiyyətdə də belədir. İndicə söhbət açdığım klassiklərimizin - qədim elm-sənət dühalarımızın mənəvi dəryasına indi, müasir dövrdə bizlər - yaşlılar və sizlər - bugünün tələbələri, sabahın bilik sahibləri - hərə heç olmazsa bir damla payını verməlidir. Əlbəttə, görkəmli alimlərin, sənət adamlarının töhfələri də çox olur, Xəzərə axan çaylar kimi. İntəhası çay var, çay var. Kiçik dağ çayları dənizə çatmamış quruyur. Arazla qovuşaraq neçə-neçə dağ çayına, saysız-hesabsız gur bulaqlara Ana olan Kür həm torpaqlarımıza bərəkət gətirir, həm də dənizə öz payını verir".
Professorun sakit, təmkinli danışıq tərzi vardı. Tələbələrinə xoş, doğma təsir bağışlayan səsi arxa sıralarda da aydın eşidilirdi. Azərbaycanın müxtəlif bölgələrindən gələn səmimi, mehriban, çalışqan həmyaşıdlar üz-gözündən nur yağan sevimli müəllimlərini çox istəyirdilər, onun tərcümeyi-halını yaxşı bilirdilər. Bilirdilər ki, O, dünyaya gözünü Kürün qırağında, qədim ata-baba yurdunda açıb. Özünün dediyi kimi, Kürün suyu, balığı, çörəyi, mer-meyvəsi ilə boy atıb, sapsağlam böyüyüb. Doğma yurdunu çox sevir, Ana Kürün bərəkətli sahillərində yurd-yuva tikən, məskən salan, barlı-bəhrəli bağlar becərən, nəsilbənəsil torpaqla çarpışan, onu göz bəbəyi kimi qoruyan, uğrunda canlarını əsirgəməyən ulularının xatirəsini əziz tutur...
Günəş üfüqdən bir boy qalxıb Xəzərin ayna sinəsini öz nuruna boyanmışdı. Xəfif meh əsdikcə sular rəngini dəyişir, zərrin şəfəqlər altında qırçın-qırçın titrəyib bərq vururdu.
O, sahildə durub göz oxşayan mənzərəyə baxdıqca ötən çağlar yadına düşür, saçlarına qar kimi ələnən illəri xatırlayırdı...
Üçüncü kursda oxuyanda atası dünyasını dəyişdi. Kasıb ailənin dolanışığı elə bil uçuruma düşdü. O, taleyin qəfil zərbəsindən səndələdi. Ailənin böyük oğlu idi. Bir çətən külfəti kolxozla evi arasında yol yorğunu olan anası necə dolandıracaqdı?!.
Atasının yasından sonra kənddə qalıb işləmək, təhsilinə fasilə vermək istədi. Ancaq...
Sulara dikilən gözləri doldu. O günləri xatırlayıb kövrəldi. Və xeyirxahı - ahıl professor bütün vücudu ilə gözləri önündə canlandı... İlahi, İnsan adama necə dayaq olarmış!..
Professorun köməyilə o, həm işlədi, həm də oxudu. Rus dilini mükəmməl öyrənmişdi, nəşriyyatda yarımştat tərcüməçi işləyirdi. Elmi-kütləvi məqalələrin, kiçik həcmli kitabçaların tərcüməsindən yaxşıca haqq alır, evlərinə kömək edirdi. Professorun məsləhəti ilə ingilis dili məşğələlərinə gedir, Tələbə Elmi Cəmiyyətində çalışırdı. İşləri başından aşsa da, dərslərindən qalmır, səylə oxuyurdu. Gərginliyə dözməyi, vaxtını düzgün, dəqiq bölməyi, "qaçanı qovub" ən çətin, vacib problemin həllinə zamanında nail olmağı müəllimindən öyrənirdi.
Dövrünün sayılıb-seçilən elm ocağına rəhbərlik edən, universitetdə dərs deyən, ölkənin məşhur elmi mərkəzlərində, simpoziumlarda dəyərli məruzələri ilə diqqət çəkən professor eyni zamanda sanki tələbələri ilə nəfəs alır, onlara doğma övladları kimi qayğı göstərir, ilk baxışda xırda görünən məişət məsələlərində belə köməyini əsirgəmirdi. Və bütün bunlar onun qeyri-adi xeyirxahlığından irəli gəlirdi. O, sözün əsil mənasında İnsan, Şəxsiyyət idi. Böyük ürək sahibi kimi səhvləri, qüsurları bağışlayır, ən çətin məqamlarda belə güzəştə getməyi bacarırdı. Ancaq çox tələbkar idi. Ən vacib saydığı bir məsələdə heç kimə güzəştə getməzdi: tələbələrinə, aspirantlarına və özünə! Tələbə səylə oxumalı, aspirant dissertasiyasını yüksək elmi səviyyədə müdafiə etməli, alim adını uca tutmalıdır.
Özünə qarşı xüsusilə tələbkar idi. Gündüzlər irili-xırdalı işlər, müxtəlif tədbirlər başını qatsa da, gecələr sübhün gözü açılana qədər qələmi əlindən düşmür, elmi məqalələrini, əsərlərini yazırdı. Vaxtaşırı kitabları nəşr olunurdu.
Bu, onun həyat tərzi idi. İş rejimi nə qədər gərgin olsa da, yaxınlarının, dostlarının təbirincə "canına yazığı gəlməsə də", "iki daşın arasında" dincini almaqla, təntiyən "nəfəsini dərməklə" kifayətlənir, vərdişindən əl çəkmirdi. Özünün etiraf etdiyi kimi, üzərində aylarla işlədiyi əsərini bitirib son nöqtəni qoyanda, yeni kitabı işıq üzü görəndə bütün yorğunluğu canından çıxırdı. İstedadlı tələbələrinin, aspirantlarının hər bir uğuru, müdafiəsi isə ona hədsiz sevinc bəxş edirdi...
O, professorun ən sevimli tələbəsi, sonra aspirantı olmuşdu. Müdafiəsi çox uğurlu keçmişdi. Vaxtsız itirdiyi atasından sonra ona əvəzsiz dayaq olan yaşlı müəlliminin titrək səslə dediyi sözlər yadına düşdü:
- Təbrik edirəm... Çox yaxşı keçdi müdafiən. Elə belə də gözləyirdim. O gün olsun doktorluğunu tamamlayasan.
Professor nəfəsini dərib özünəməxsus qətiyyətlə sözünün ardını gətirdi:
- Sağlıq olsun, onu da müdafiə edəcəksən. Mən sənə inanıram, əminəm buna. Ancaq... - Ani olaraq fikrə getdi. Sonra kövrək səslə, - Vəsiyyət yüngüllükdür, - dedi. - Yadında möhkəm saxla: həmişə çalış yarı yolda qalma, elədiklərinlə kifayətlənmə. Özündən razılıq alim üçün, sənət adamı üçün durğunluqdur, yerində saymaq, inkişafdan qalmaqdır.
Professorun üzü xoş təbəssümdən işıqlandı:
- Yadına düşür birinci kursda dediklərim. Mən həmişə istəmişəm ki, tələbələrim dərin biliyə yiyələnib elm dəryamıza damla-damla öz paylarını versinlər. Amma sən... - Professor alnına tökülən seyrək gümüşü saçını barmaqları ilə geriyə daraqlayıb yetirməsinin gözlərinə diqqətlə, fəhmlə baxdı. - Amma sən elm dəryamıza lap Kür-Araz kimi axa bilərsən, - qətiyyətlə, inamla dedi, sonra ani fikrə gedib əlavə etdi, - Əlbəttə, möhkəm çalışsan, gərgin işləsən, dünyanın elm mərkəzlərinə, qədim kitabxanalarına baş vurub öz tədqiqatçısını gözləyən qatı açılmamış nadir əlyazmaları birər-birər səhifələyib üzə çıxara bilsən. Yadında saxla: Azərbaycanın tarixi çox-çox qədim dövrlərə gedib çıxır...
...Ləpələrin pıçıldaşdığı narın qumlu sahildə ayaq saxlayıb fikrə daldı. Professorun vəfatından sonra dünyanın mizan-tərəzisi dəyişib, Sovetlər İttifaqı xəritədən silinib, yerində müstəqil dövlətlər yaranıb. Azərbaycanın üçrəngli bayrağı dünya birliyi müstəvisində dalğalanandan bəri nə qədər dəyişikliklər olub. Sərhədlərin "dəmir qapı"sı açılandan sonra az qala bütün dünyanı gəzib o. Elə-belə yox. Tədqiqatçı alim kimi məşhur universitetlərdə mühazirələr oxuyub, beynəlxalq elmi simpoziumlarda iştirak edib, sözünü deyib, qədim, zəngin kitabxanalarda soraqladığı nadir əlyazmaları birər-birər araşdırıb, tariximizin əsrlərin kölgəsində qalan səhifələrinə aydınlıq gətirib, müxtəlif dillərdə, ölkələrdə kitabları nəşr olunub. Ancaq...
O, dərindən köks ötürdü: "Kifayət deyil gördüyüm işlər. Kaş ömür vəfa edəydi, rəhmətliyin vəsiyyətini yerinə yetirə biləydim". Fikrə gedib kövrəldi. Sonra gözlərinə işıq gəldi elə bil. Yadına düşdü ki, Professorun bir vəsiyyətinə tamam-kamal əməl eləyib. Uzun illər dərs dediyi tələbələrdən istedadlılarını seçib, alim kimi yetişdirib. Maşallah, az deyillər, hamısı da ürəklə, səylə, vicdanla, əzmlə çalışır: həm xaricdə, həm də Azərbaycanda. Özləri də onunla əlaqə saxlayırlar, məsləhətlər alırlar. İndi bilgisayar - İnternet zamanında bunları eləməyə nə var ki!.. Hərənin öz saytı, elektron ünvanı, sorğusu, cavabı. Dünya elə bil ovcunun içindədir...
- Salam, Tural müəllim, sabahınız xeyir!..
Qanrılıb tanış səs gələn tərəfə baxdı. Gözləri güldü. Keçmiş tələbəsi, aspirantı idi. Cavan olsa da, çoxdan müdafiə etmişdi. Xaricdə təhsilini davam etdirib vətənə qayıtmışdı. Elmi Tədqiqat İnstitutunun elmi işçisi olan tələbəsinin uğurları Tural müəllimi hədsiz sevindirirdi: zarafat deyil, diqqət çəkən tədqiqatları elm aləmində maraq doğurur, kitabları xarici ölkələrdə çap olunur, məşhur uniersitetlərə dəvət edilir, mühazirələr oxuyurdu. Olduqca sadə, ünsiyyətcil, təvazökardı.
- Nə yaxşı oldu. Ürəyimdə danışırdım səninlə, keçmiş tələbələrimlə. Fəhmim aldatmadı məni, Toğrul!
- Eşitdim dünən axşam gəlmisiz. Fikirləşdim bu istidə bağda olarsız. Adətiniz üzrə səhər tezdən sahildə....
- Hə, elədir... Dünyada heç bir dəniz, ümman sular Xəzərin yerini vermir mənə. Çox darıxmışdım onunçun. Gecə xəzrinin səsinə oyandım. Bağdan baxanda mənə elə gəldi ki, dağ boyda dalğalar sahili aşıb həyətə dolacaq... Ancaq... dünyanın harasında belə möcüzə var?! Dan yeri qızaranda sahilə gəldim. Nə görsəm yaxşıdır? Bax belə...
O, dənizi qucaqlamaq istəyirmiş kimi qollarını qoşalayıb irəli uzatdı. Toğrul artıq ahıl yaşına çatmış müəlliminin göstərdiyi səmtə baxdı: yay günəşinin göz qamaşdıran şüaları sakit mavi sularda bərq vururdu. Qeyri-adi sükutun ağuşunda elə bil Xəzər mürgüləyirdi...
Araya çökən sükutu Tural müəllim pozdu:
- Xəzərin sahilində yorğunluğum çıxır, rahatlanıram. Nostalji duyğulara qapılıram, tələbəlik illərini xatırlayıram. Unudulmaz müəllimim, görkəmli tarixçi alimin sözləri yadıma düşür. Rəhmətlik bizə, bütün tələbələrinə dönə-dönə tapşırardı ki, irsimizin qədir-qiymətini bilək, onu göz bəbəyimiz kimi qoruyaq, inkişaf etdirək. Dəyərlərimizə daş atanların cavabını qətiyyətlə, ləyaqətlə verək... O vaxtdan neçə illər keçib, zəmanə dəyişib. Yaşa dolmuşuq, ahıllaşmışıq: mən də, keçmiş tələbə dostlarım da. Təsəllimiz budur ki, çalışmışıq vəsiyyətə əməl edək.
Tural müəllim artıq dəyərli alim kimi tanınan keçmiş tələbəsinə ümidlə, sınayıcı nəzərlərlə baxdı:
- İndi növbə səninlə yaşıdlarınındır. Bizim çatdıra bilmədiklərimizi gərək sizlər başa vurasınız. Xüsusən Qarabağ düyününün açılmaçında, əzəli, əbədi qədim torpaqlarımızın azad olunmasında!..
Toğrulun inam, qətiyyət dolu cavabından ahıl müəllimi məmnun oldu. Sonra o, səfər təəssüratını danışdı:
- Bu yaxınlarda İngiltərəyə getmişdim. Birminhem universitetində mühazirəm oldu. Azərbaycan tarixi, elmi, mədəniyyəti barədə suallara cavab verdim. Adətim üzrə ölkəmiz haqqında ümumbəşəri dünya mədəniyyəti fonunda danışdım. Tələbələrdən biri divardan asılan dünya xəritəsində Azərbaycanı göstərməyimi istədi. Əvvəlcə Xəzəri, sonra da dənizə kiçik sivri ox kimi tuşlanan xətti göstərdim. Dedim, budur Azərbaycan, ərazisi kiçik olsa da elə bil miniatür Yer kürəsidir: burada on bir iqlim tipindən doqquzu mövcuddur. Mən sizə yeraltı-yerüstü sərvətləri zəngin olan Azərbaycanın tarixindən, klassiklərimizdən danışdım. Bəs müasir elmimiz, mədəniyyətimiz?! Bu barədə gələn mühazirəmdə ətraflı danışacağam. Hələlik, müəyyən təsəvvürünüz olsun deyə hazırda Amerikada yaşayan dünya şöhrətli alim Lütfi Zadə-nin adını çəkə bilərəm.
O, nəfəsini dərib xoş təbəssümlə tələbəsinə baxdı:
- Mən hər dəfə xarici səfərdən qayıdanda təyyarədən Xəzərə baxıram, ox kimi dənizə tuşlanan xətti görürəm. Ustad onu qartal dimdiyinə, Azərbaycanı isə qanadlarını geniş açaraq uçan şahinə bənzədir:

Xəritəyə baxıram,
Və görürəm:
nəhəng quş,
öz qanadlarını gərib
Xəzərin üzəriylə
uçub gedir.
Azərbaycan görünür...
O şahindir.
Dimdiyi dalğalarda,
qanadları göydə...

Əlövsət Bəşirli

TƏQVİM / ARXİV