adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YUNANLARIN UNUTDUĞU

VƏSİLƏ USUBOVA
45754 | 2013-09-07 00:38
Hərdən yazıya başlamaq elə çətin olur ki... İşləyəcəyin mövzu bəlli olsa belə. Bir zamanlar hamımızın babası sayılan, indi isə rişxəndlə anılan dahinin bir ağıllı kəlamı vardı: "İşə başlamaq-işin yarısını görmək deməkdir!" Bəzən bir günə görüləcək işdən ötrü günlərlə, hətta aylarla hazırlıq görməyimiz, götür-qoy eləməyimiz heç kəsdən gizli deyil. Bu hazırlıq məsələsi də o qədər üzüntülü, sıxıcı olur ki, bəzən vaz keçmək istəyirsən görmək istədiyin işdən. Amma bir şey var ki, nədən vaz keçmək istəsən də, yazı-pozu deyilən xəstəlik hələ-hələ yaxandan əl çəkən deyil. Üstəlik, başladığın işi bitirmək də elə başlanğıc qədər çətin olur çox zaman...
İşə başlamaq və onu bitirmək... Deyərdim ki, bu işgüzarlıq deyil, əməlli-başlı xarakter, iradə məsələsidi. Düşünmədən işə başlayıb, onu axıra çatdırmaq iqtidarında olmayan nə qədər adam tanıyırıq. Sözünü tuta bilmək, dediyini eləmək də kifayət qədər güc, səbir və ağıl tələb edir. Bunlar olmayanda söz də, istək də qiymətdən, dəyərdən düşür. Sözünü tutmayanlarla əl-ələ verməyi, yola çıxmağı da kimsə istəməz...
Sözümüz və işimiz haqqımızda çox şey deyir...
***
Qədim yunanlar dua edərkən Allahdan üç şey istəyirdilər: güc, səbir, ağıl...
Deyirdilər: Allahım, mənə güc ver ki, öhdəsindən gələ biləcəyim işi başa çatdıra bilim, səbir ver ki, öhdəsindən gələ bilməyəcəyim şeylərə dözə bilim, ağıl ver ki, mümkün olanlarla mümkün olmayanlar arasında fərqi görə bilim...
Duanın mənasından, məzmunundan qabaq diqqətimi çəkən nə oldu, bilirsinizmi?! Bu sözlərin bir dahinin və yaxud, dövlət başçısının, sərkərdənin deyil, bütöv bir xalqın dilindən səslənməsi. Əgər bir millət başdan-ayağa, uşaqdan-böyüyə belə dua edirsə, bunca sağlam düşüncənin sahibidirsə, o cəmiyyətdə hansı ab-havanın hökm sürdüyünü təsəvvür eləmək çətin deyil...
Qibtə eləməmək üçünsə, ən azından nadan olmalısan. Paxıllığı, qısqanclığı bir tərəfə qoyuram...
Sadə camaatın bu qədər real və məntiqli düşünməsi, sahib olmaq istədikləri bu üç şeyin ancaq Yaradanın iqtidarında olmasını qəbul eləmələri adamın qəlbində heyranlıq və şəfqət doğurur. Hər cür pafos və ritorikadan uzaq olan bu dualarda Tanrıdan maddi heç nə istənilmir. Çünki hər cür sərvət istənilən bu üç şeyin gücündədir və onlarsız heç nədir...
Adamın öhdəsindən gələ biləcəyi işə başlaması da elə o kəsin nə qədər dərin zəka sahibi olmasından xəbər verir. Gücünü və bacarığını qiymətləndirə bilmək, bu keyfiyyətlər özündən çox başqalarında olduqda, bunu görmək və qiymətləndirmək böyüklük əlamətidi. Sahib olduğunun qədrini-qiymətini bilmək, sahib olmadığına can atmaq həvəsini də bunun üstünə gəlsək, kamil bir şəxsin, daha doğrusu, insan kimi yaşamağı bacaranın obrazını təsəvvür etmiş olarıq...
***
Güc, səbir, ağıl... Burada "ağıl" sözünü birinci yazsaydılar, daha dəqiq, daha ədalətli olardı, məncə. İnsanın gücü də, səbri də onun ağlındadı. Ağıl olmayan yerdə nə güc, nə də səbir kara gələ bilir. İnsanın gücü nə yenilməyən biləyində, nə də qatlanmayan dizindədi. Güc ağıldadı! Ağılda yunanlardan heç də geri qalmayan babalarımız həmişə ağıllarını Allaha əmanət ediblər, hər şeylərini alsa da, ağıllarını almamağı xahiş ediblər. At belində, vuruşlarda keçən ömürləri onlara bir şeyi öyrədib və göstərib: bir ağıllı baş onlarla, yüzlərlə qoluzorluya qalib gələ bilir...
Bizi bütün işlərə ağlımız yönləndirir. Öhdəsindən gəlib-gəlməyəcəyimizi də ağlımız diktə edir. Başladığımız işi nəyinsə ucbatından sona çatdıra bilməyəndə, bizə edilən pisliklərə, törədilən əngəllərə, gücümüz çatmayan güclərə qarşı səbirlə dayanmağımıza da ağlımız yardımçı olur...
Səhv elədim. Ağıla "yardımçı" demək insafsızlıqdı...
O, bizi idarəedəndi...
Çox şeylərə qalib gələrdik. Çox aşılmazları aşar, yenilməzləri yenər, alınmazları alardıq. Əgər... ağlımızı vaxtında və yerində işlətməyi bacarsaydıq. Ağlımızın ölçüsünü bilsəydik, gücünə, nəyə qadir olduğuna inansaydıq...
Bəlkə ağıllılıq elə ağlı yerində işlətməkdən ibarətdi... Kim bilir...
***
Niyə bu ağıllı yunanlar "şans" sözünü unudublar?! Axı, ağıl həmişə hər şeyin fövqündə durmur. Ağlı bizə verən və onu idarə edən, istəyəndə başımızdan çıxarıb geri alan Fövqəlqüvvə var... Bizi şanslı-şanssız yaradan da Odur. Onun nəzərləri üstümüzdən çəkiləndə, şansımız açıq olmayanda, el arasında deyildiyi kimi, "Qaraçuxamız yatanda" yunanların dilədikləri o üç şeyin heç biri kara gəlmir. Qüvvədən düşür, işə yaramırlar. Ağıllı saydığım kişilərdən biri həmişə deyir: "Bir şam ki, haqdan yana, onu heç bir bəndə söndürə bilməz..."
Yəqin yunanlar da elə həmin günə düşməyin qorxusundan dualarını əskik etmirlər...
Ağıl həmişə xeyirli olmur. Ya biz onu düz işlətmirik, ya da yönləndirəni var. Bəzən bütün varlığımızla can atdığımız bir işin baş tutmaması xeyrimizə olur. O iş baş tutmayanda darıxırıq, əsəbiləşirik, taleyimizdən küsüb asilik də edirik. Lakin zaman keçdikcə bəlli olur ki, həmin işin baş tutmaması məsləhətmiş. Və Tanrımıza şükürlər edirik...
Bizim bilmədiyimiz o qədər şeylər var ki...
Bax, əsl sirr, ecaz budu...
Bəlkə ağlı ona görə istəyək ki, bizi təkcə idarə etməsin, həm də Kainatda mövcud olan, lakin qədərincə anlaşılmayan sirr və sehrlərə heyran olmağımızı da sağlasın!!!
Bu arada duanın üçüncü hissəsi yada düşür: "...ağıl ver ki, mümkün olanlarla mümkün olmayanlar arasında fərqi görə bilim..." Əslində bütün uğursuzluqlarımızın kökündə də elə bu durur. Mümkün olmayanlardan yapışıb, bir şeyə nail ola bilməyəndə ruhdan düşür, taleyimizi suçlayırıq. Nəinki mümkün olmayandan, bəzən gərəksiz işlərdən də yapışırıq. Ehtiyacımız olmayan, onlarsız da ötüşə biləcəyimiz şeyləri arzulayırıq, dalınca gedirik. Deyəsən, axı, ağıl elə ən çox bu yerdə gərək olur adama?!
Dünyamız həmişə ağıllıların qıtlığını yaşayır...
Ağlın işığına pərdə çəkənlərsə istənilən qədərdi...
Ağıllılar niyə görünmürlər?! Çünki: "axmaq həmişə öndə dayanır ki, hamı onu görə bilsin, ağıllı həmişə arxada dayanır ki, hamını görə bilsin".

***
Ağlım kəsəndən ağıllı insanlar haqqında bir-birinə zidd fikirlər eşitmişəm. Xalq deyimlərindən tutmuş müəllif yazılarına qədər hamısında deyilənləri ağlıma batsa da, batmasa da yaddaşımda saxlamışam. Uzun qış gecələrində bibim gözünü əlindəki tikişdən çəkməyərək zümzümə edərdi: "Dəryaca ağlın olsa, yoxsul olsan, güləllər..." Müəllimimizsə deyirdi ki, adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar...
Ancaq hər addımbaşı özünü təsdiqlədən bibimin bayatısındakı fikir olur. Adamları geyiminə görə qarşılayıb, geyiminə görə də yola salırlar.
Zaman dəyişsə də, bu dəyişmir...
Heç nəyə baxmayaraq mən insan ağlına və zəkasına inanıram. Güvənirəm...
Ağıllı adamları sevirəm. Söhbətlərindən güc, zövq alıram. Rahatlanıram.
Ağıllıları bir də ona görə sevirəm ki, onları hamı sevmir. Ona görə sevirəm ki, aralarında xoşbəxt olanını hələ görməmişəm.
Bu da təəccüblü deyil...
Ağlı olan kəs bu ədalətsiz, acımasız, namərd dünyada özünü bəxtəvər sana bilməz...
Ona görə ki, ağıllılar bəxtəvərliyi təkcə özləriyçin istəmirlər...
***
Aramızda dua etməyən adamın olmasına inanmıram. Dua edirik çəkdiyimiz nəfəslə, ürək döyüntülərimizlə, damarımızda axan qanımızla...
Dua edək! Yunanların unutduqlarını da öz dualarımıza artıraq...
Ömür şamlarımızın Haqdan yandırılmasıyçın, ötəri yellərin onu söndürə bilməməsiyçin dua edək...
Amin!!!

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV