ŞƏKƏR ASLAN

VAQİF YUSİFLİ
47734 | 2013-09-07 00:32
O, gözəlliklər diyarı Lənkəranda dünyaya gəlmişdi. Şeirlərində də bu gözəl diyarı tərənnüm etməkdən yorulmurdu.

Burdadır ən gözəli
Bağçanın da, bağın da.
Lənkəran bir gözəldir-
Bəzənir Xəzər adlı
Güzgünün qabağında.

Qızların yanağında
Qızılgülün rəngidir.
Lənkəran elə bil ki,
Xəzərin yaxasında
Qızılgül çələngidir.

Uşaqlıq, ilk gənclik illəri həyatının ən kədərli səhifələri oldu. Atası Böyük Vətən müharibəsi cəbhələrindən geri qayıtmadı, onu anası Xanım arvad min cür əziyyətlə böyütdü. İllər keçəcək, bir gün iyirmi altı yaşlı bir gənc atasının döyüşdüyü, həlak olduğu şəhərdə, Yaltada istirahət edəcək və:

Bir zamanlar bu yerdə
Atam oda giribdir.
Onu düşmən gülləsi
Burda yerə səribdir.
Düşünürəm, fikrimə
Görün nə gəlir indi?
Ata döyüşən yerdə
Oğul dincəlir indi.

O, müharibənin atadan yetim qoyduğu bir nəslin nümayəndəsi idi. İyirmi dörd yaşına qədər kənd klublarında işlədi. Həyatın ağrı-acılarını da, sevinc payını da gördü. Təbiətən şair doğulmuşdu və ilk şeirini rayon qəzetində dərc etdirəndə on səkkiz yaşı vardı (1953). Bu yaşda hər bir cavan inamla inamsızlığın arasında tərəddüd edir. Qəlbi, içəridə püskürən ilhamı ona deyir "yaz", amma yolun çətinliyi onu qorxudur.
1961-ci il idi. O, bütün tərəddüdlərinə son qoymaq üçün yazdığı şeirləri poçtla Bakıya-tanınmış şair Nəbi Xəzriyə göndərir. Bu haqda sonralar yazacaq ki: "İlk şeirlərimi 1961-ci ildə Azərbaycanın görkəmli şairi Nəbi Xəzriyə göndərəndə hansı hisslərlə yaşayırdım? Lakin şairin xeyirxah məsləhətlərlə dolu məktubunu alandan sonra sanki tərəddüd və şübhə məni müəyyən qədər tərk etdi. Onların yerini əsl inam tutdu. Şeirlərim mətbuata yol tapdı".
Beləliklə, ədəbiyyata istedadlı, ürəyi poeziya eşqi ilə çırpınan bir gənc qədəm basır və bundan sonra onun həyatında yeni bir dövr başlanır. Tanrının ona bəxş etdiyi şairlik taleyini o, ömrünün sonunacan şərəflə yaşayır.
Lənkəranda ədəbi həyat hələ XIX əsrdən boy göstərirdi və burada "Fövcül-füsəha" ("Natiqlər yığıncağı") ədəbi məclisi fəaliyyət göstərmişdi. Mirzə İsmayıl Qasir (o, məclisin rəhbəriydi), Mirzə İsa Xəyali, Molla Fəttah Səhban, Molla Ələkbər Aciz, Molla Məhəmməd Mücrim, Mirzə Ələkbər Mühəqqir, Usta Hüseynqulu Şuri kimi o dövrün tanınmış şairləri bu məclisin fəal üzvləri olmuşlar. Bu məclis ta 1900-cü ilə qədər (Qasirin ölümünəcən) davam etdi, amma onun saçdığı şölələr, təsir dalğaları sonrakı illərdə də davam etdi.
Keçən əsrin altmışıncı illərindən başlayaraq Lənkəranda, ümumən Cənub zonasında ədəbi həyat canlanmağa başladı. Burada ayrı-ayrı söz adamlarının xidmətini qeyd etmək olar ki, onlar bölgənin mədəni həyatında mühüm rol oynamışlar. Qoy adlarını da çəkim: Məmmədhüseyn Əliyev, Vaqif Hüseynov, İltifat Saleh, Mirhaşım Talışlı, Məmməd Kazım, Yaşar Rzayev, Həbib Səfərov, Manaf Manafov, Abbasağa. Bu sırada yazımızın qəhrəmanı ŞƏKƏR ASLANın da öz yeri var.
Şəkər Aslan Lənkəranda yaşayırdı və vəfat edəndə də (1995) öz doğma kəndi - Boladidə torpağa tapşırıldı. Ancaq onun adı, şöhrəti Lənkəranın hüdudlarından çox-çox kənara çıxırdı. Əvvəla, qeyd olunmalıdır ki, Şəkər Aslan Moskvada, Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdı. Bir çox görkəmli rus şairləri (Yevtuşenko, Solouxin və b.) onu yaxşı tanıyırdılar. İkincisi, Şəkər Aslan o illərdə Cənub bölgəsində yaşayıb-yaradan şairlər, nasirlər içərisində daha çox tanınırdı, SSRİ-nin müxtəlif respublikalarından bu diyara mədəniyyət, incəsənət xadimləri gəlirdi və onlarla ən çox ünsiyyətdə olan da Şəkər idi. Nəhayət, Azərbaycan Yazıçılar İttifaqında Cənub bölgəsini təmsil edən bir-iki söz adamı vardı ki, Şəkər Aslan da onlardan biri və deyim ki, birincisi idi. 1977-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Lənkəran filialı təsis edildi və bundan sonra bölgədə ədəbi həyat daha da gurlaşmağa başladı.
Şəkər Aslan iyirmi beş il Lənkəranda "Leninçi" (müstəqillik illərində "Lənkəran" adı ilə çıxdı) qəzetinin redaktoru işlədi. Bu qəzetin nəzdində uzun müddət bir ədəbiyyat dərnəyi də fəaliyyət göstərirdi. 1994-cü ildə yazıçı Məmmədhüseyn Əliyevin vəfatından sonra Ş.Aslan Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinə sədr seçildi. Elə o illərdə o, "Söz" jurnalını təsis etdi ki, bu jurnal onun ölümündən sonra da nəşrini dayandırmadı. Onun istedadlı tələbəsi Sevda Əlibəyli SÖZ YOLUNU uğurla davam etdirir.
Şəkər Aslan qırx iki il ədəbi yaradıcılıqla məşğul oldu və onun yaşayıb-yaratdığı illərin çoxu sovet dövrünə təsadüf edir. Onu cahilcəsinə "bu, sovet şairidir" adlandırmaq olmaz. Təbii ki, Azərbaycanın Sovet dönəmində Lənkəran məmləkətimiz üçün böyük bir tərəvəz anbarına çevrilmişdi və o zaman burada da tez-tez məhsul bayramları keçirilir, SSRİ-nin müxtəlif şəhərlərindən qonaqlar gəlirdi. Açığını deyək ki, müqayisə edildikdə o zamanı gün-güzəran indikinə nisbətən heç də pis deyildi. Respublikada olduğu kimi, burada da tikinti-quruculuq işləri aparılır, mədəni sahədə də irəliləyiş nəzərə çarpırdı. Şəkər Aslan da Lənkəranın bu sevimli bayramlarının, təntənələrinin fəal iştirakçısı idi. Təbii ki, bu inkişaf və quruculuq ab-havası onun şeirlərinə də təsirsiz qalmamışdı. Amma Şəkər Aslan ŞAİR idi, mədhiyyəçi deyildi. Olsun ki, o, hansı qabaqcıl əməkçiyəsə bir şeir həsr edib, amma bu, tamam təsadüfi bir hadisə ola bilər. O, əməyi, zəhmətin romantikasını, Lənkəranın bir gözəl şəhər olmağını mədh edirdi ki, bu da təbii idi, insani hisslərin poeziyada təzahürü idi.
İlk növbədə, Şəkər Aslanın poeziyasında Lənkəran torpağının, Talış təbiətinin gözəlliklərini duyuruq. Deyə bilərik ki, Cənub torpağının əsrarəngiz gözəlliklərinə indiyə kimi yüzlərlə şeirlər həsr ediblər, amma Şəkər Aslanın şeirləri tamamilə seçilir, fərqlənirdi.
Başqa şairlər Lənkəranı, Talış meşələrini, bu diyarın məxsusi koloritini təsvir etmək üçün müxtəlif təşbihlərə, metaforalara, bir sözlə, istedadlarınının çatacağı poetik qüvvəyə istinad ediblər, amma Şəkərin şeirlərində hər şey: hər cizgi, hər çalar elə dəqiqliklə rəsm edilib ki, buna şeir yox, mahir bir rəsm nümunəsi kimi baxırsan:

Külək elə əsir, elə əsir ki,
Qəribə səslərlə dolur dağ-dərə.
Bütün ağacları silkələyir ki,
Saralmış yarpaqlar tökülsün yerə.

Meşə gur yağışla haçan yuyunub-
Elə təmizdir ki, zərif budaqlarg
Cavan ağcaqayın necə soyunub! -
Əynində ağappaq can köynəyi var.

Utanır sulara düşdükcə şəkli,
Utanırg
O gözəl soyunur bu gün.
Daha yaraşıqlı, daha bəzəkli
Təzə paltarını geyinmək üçün.
Mən Şəkər Aslanın yaradıcılığını, yəni onun kitablarındakı şeirləri, poemaları məzmununa, yaşadığı illərin reallıqlarının əks olunmasına görə bölgülərə ayırmaq istəmirəm. Şəkər o dövrün bütün mövzularında (Vətən, təbiətin tərənnümü, ana-ata məhəbbəti, dostluq, sevgi, əməyin vəsfi və s.) qələm çalıb. Özü də çalışıb ki, hər şeirində nəsə təzə bir söz desin və çox zaman buna nail olub. Xüsusilə, təşbih və metaforalara ardıcıl müraciət edirdi, bədii təsvir vasitələrinə mütəmadi üz tuturdu və dərk edirdi ki, şair şeirə yeni ifadələr, təsvirlər gətirməlidir. Təbii ki, dövrün, zamanın küləkləri Şəkər Aslanın poeziyasında da əsməyə başlayıb. Amma Ş.Aslan sovet dövründə də, qismən az yaşadığı müstəqillik illərində də ilhamına xəyanət etməyib. Onun səksəninci illərində qələmə aldığı "Qızıl teşt" poeması sovet dövrünün eybəcərliklərini, naqisliklərini üzə çıxarır. Qızıla, vara-dövlətə həris olan insanların, ərlə arvadın faciəsini əks etdirir bu poema.

Qızılla yanırdı ömrün illəri,
Üç ilin gəlini necəydi, nəydi?
Yoxdu bu dünyada əvvəlki Pəri,
O indi yeriyən bir xəzinəydi.

Həmin bu Pəri xoşbəxtlik və səadəti qızılda, daşda-qaşda görür, amma əri tutulduqdan sonra yanıldığını hiss edir, sevinclə ər evinə köçən Pəri, sonda kədərlə ata evinə qayıdır.
Şəkər Aslanın "Əgər qayıtmasam" poeması cəmi 23 il yaşayıb ölməz şöhrət qazanan Vətən müharibəsi qəhrəmanı Baloğlan Abbasova həsr edilib. Bu poemanın hər sətri məhəbbətdən yoğrulub:

Snaypergqəhrəmangdönüb heykələ,
Sığıb sinəsinə avtomatı o.
Qızılgüllər dolu xiyaban ilə
Hayıf bircə dəfə adlamadı o.

Qızıl şəfəqlərlə üfüq yananda,
Baxıram nə ürək, nə də göz doyur!
Bir oğlan bir qıza nişanlananda
Gətirir buraya qızılgül qoyur.

Hər bir istedadlı şair poeziyada nəsə bir yenilik, bir təzəlik qoyub gedir. Şəkər Aslanın yaradıcılığına nəzər yetirdikdə sonet janrının mühüm yer tutduğunu görərik.
Məlumdur ki, sonet janrı bizim ədəbiyyata Qərbdən gəlib. Keçən əsrin əvvəllərindən başlayaraq ta bu günəcən sonet şeirimizdə işlənməkdədir. Altmışıncı illərin sonlarından başlayaraq bu janr işlək bir hala keçdi. Şair Adil Babayevin sonetləri öz forma mükəmməlliyi və məzmun bitkinliyi ilə sonet yazan digər şairlər üçün bir nümunəyə çevrildi. Zeynal Xəlil, Abbas Abdulla, Abbasağa, Vaqif Hüseynov, Məmməd Faiq, Sabir Mustafa, İltifat Saleh, Elşad Səfərli, Balayar Sadiq, Mətləb Misir, Mirhaşım Talışlı, Əli Nasir, Əhməd Haqsevər, Ağamir Cavad kimi şairlər bu janrın intişarında, geniş yayılmasında mühüm rol oynadılar. Amma etiraf edək ki, Adil Babayevdən sonra sonetdə hünər göstərən ən yaxşı şair Şəkər Aslan oldu.
Filologiya elmləri doktoru, tanınmış ədəöiyyatşünas Seyfulla Əsədullayevin "Azərbaycan poeziyasında sonet janrı" (2002) və filologiya elmləri doktoru Hüseyn Həşimlinin "Azərbaycan poeziyasında sonet və terset" (2003) monoqrafiyalarında Şəkər Aslanın sonetə gətirdiyi yeniliklərdən söz açılır. Hüseyn Həşimli yazır: "Mərhum şair Şəkər Aslanın da xidmətləri unudulmamalıdır. Onun 70-80-ci illərdə yazdığı sonetlər mövzu konkretliyi, fikrin yığcam, mənalı detallarla təqdimi ilə maraq doğurur.Şairin bu janrdakı şeirləri içərisində 1987-ci ildə yazdığı "Lənkəran sonetləri" adı altında toplanmış nümunələr ayrıca qeyd olunmalıdır.gSilsilə italyan soneti formasında yazılmış 13 sonetdən ibarətdir. Həmin sonetləri oxuduqca Lənkəranın əsrarəngiz təbiəti, könül oxşayan gözəllikləri, füsunkar mənzərələri göz önündə canlanır".
Hər iki tədqiqatçı qeyd edirlər ki, Azərbaycan ədəbiyyatında sonetlər çələnginin ilk nümunəsini 1978-ci ildə Şəkər Aslan yaratmışdır. Sonetlər çələngi şairdən böyük istedad tələb edir. Belə ki, o, xüsusi və mürəkkəb bir quruluşa malikdir. "Bütövlükdə on beş sonetdən ibarət çələngin bütün sonetləri bir-biri ilə əlaqəli olur. Birincidən başlayaraq hər sonetin axırıncı misrası sonrakının ilk misrasında eynilə təkrarlanır. On dördüncü sonetin axırıncı misrası həm də ilk sonetin birinci misrası ilə eyniyyət təşkil edir. "Magistral sonet", yaxud "tac sonet" adlandırılan on beşinci sonet isə ardıcıl olaraq əvvəlki on dörd sonetin ilk misralarından qurulur (Hüseyn Həşimli)".

Ürəyim həsrətlə danışdı, dindi:
Ömrün baharını yaşadıq haçan?
Odlu yay fəslinə çatmışıq indi,
Nə qalıb, nə qalıb qarlı qışacan?!

Günəş ol, həmişə qəlbimi güldür,
Ulduz parlasa da qəlbi isitmir.
Sevgi ən ətirli, ən zərif güldür,
O da bir ürəkdə kök atmır, bitmir.

Nə qədər ötüşüb illər gedəcək,
Nə qədər bu yerdə güllər bitəcək,
Bizim sevgimizdən danışacaqlar.

Dəyişər donunu hər il təbiət
Hər ölüb gedənlə ölər məhəbbət,
Hər bir doğulanla yenə doğular!

Şəkər Aslanın xatirəsinə həsr edilmiş bu yazıda təəssüf ki, onun bütün yaradıcılığını əhatə edə bilmədim. Demək istədiyim isə bu oldu ki, onu unutmaq olmaz: XX əsr Azərbaycan poeziyasının ikinci yarısında-əllinci illərdən sonra meydana gələn istedadlı şairlərdən biri kimi. O, mənsub olduğu "altmışıncılar"ın sıralarında öz fərdi üslubu, dəst-xətti ilə seçilirdi. Bu yazını onun bir səkkizliyilə bitirirəm:

Ömür bir su kimi baş alıb axır,
Sıxlaşır illərin dumanı, çəni.
Neçə yol qarşıma dostlarım çıxır:
- Dünən haradaydın, çox gəzdik səni.

- Dünən burda yoxdum, bu gün varam mən,
Könlüm, şeirim, sözüm buralardadır.
Bir vaxt ayrılaram əbədi sizdən,
Kaş onda gəzəsiz: - Ah, o, hardadır?!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV