adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qursaqla maya tutulan günlər

SAMİRƏ ƏŞRƏF
51950 | 2013-09-07 00:25
Uşaqlıq illəri insan həyatının ən vacib və önəmli dövrüdü. Acılı-şirinli həmin illərdə nə baş verirsə, insanın yaddaşına ömürlük həkk olunur.
Mənim uşaqlıq xatirələrimin böyük bir hissəsi doğulduğum rayonla bağlıdı. Üstəlik müharibə dövrü ilə üst-üstə düşən həmin illərdə topalanıb yazılmasını, vərəqlərə köçürülməsini gözləyən çoxlu xatirələrim vardır.
Yadıma gəlir uşaq vaxtı Novruz bayramı ərəfəsində çox maraqlı bir əhvalat baş verirdi. Anam dövlət idarələrinin birində baş müsahib işləyirdi. İş yoldaşları arasında qadın həmkarları daha çox idilər. Həmin qadınlardan bir neçəsi rayonun uzaq kəndlərindən işə gələrdilər.
Deməli, bayram vaxtı şirniyyat bişirmək üçün həmin kəndlərdən gələn işçi qadınların rayonda yaşayan qadınlara şəkərbura, paxlava bişirmək barədə çox böyük köməklikləri dəyirdi. Yox, elə bilməyin ki, onlar qol çırmayıb hər evə şirniyyat bişirirdilər. Bu kömək çox sadə, həmçinin vacib bir kömək olurdu. O zaman bayram şirniyyatları üçün qatılan xəmiri acıtmaq üçün indiki kimi addıma bir marketdə satılan əlli qəpiklik maya tapmaq mümkün deyildi. Həmin mayanı hazırlamaq üçün biş-düş həvəskarları azı bir-iki həftə gözləməliydilər. Bunun üçün təzə kəsilmiş qoyunun qursağını bir neçə gün xüsusi qabda inək yağının içərisində saxlayardılar. Sonra o qursaqdan alınan maddəni maya kimi istifadə edib xəmiri acıdardılar.
Bayaq dediyim kimi anamın kənddə yaşayan iş yoldaşları öz evlərində hazırladıqları qursaq mayasından hazırlanmış şirniyyat xəmirindən bir kündə tutub işə gətirərdilər. Sonra həmin bir kündəlik xəmir evbəev gəzərdi. Hər evdə acınan xəmirdən yenə dörd, beş kündə tutub başqa evlərə paylanardı. Beləcə bir ocağın bərəkətindən otuz, qırx, əlli evə pay düşərdi.
Sonra həmin evlər dağıldı, bərəkəti talan oldu. İnsanlar pərən-pərən düşdü. Hərə bir tərəfdə kasıbçılığın, xəstəliyin, etibarsızlığın cənginə qurban getdi. Qurban getməyənlər isə sağ qalıb qursaqla maya tutduqları günləri unutdular.
Çoxdandı atlanıb Bakıya gəlmək həsrətinin küləyi onların ürəyində bir-birilərinə olan sevginin alovunu elə söndürdü ki, indi həmin alovun heç külü də ələ gəlməz.
Uşaq vaxtı yadıma gəlir Bakıya üz tutmaq istəyinə şərik olanlardan biri də mən idim. Hər dəfə atışma olanda valideynlərim, qohumlarım bir-birinə dəyib qaç-qaça hazırlaşanda, mənim üzümdə saxta bir nigarançılıq olardı. Özümü onlarla həmdərd kimi göstərsəm də, əslində haray-həşir mənim ürəyimcə olurdu. Fikirləşirdim ki, Bakıya gələcəm, paytaxtın gözqamaşdırıcı həyatı ilə rastlaşacam və hər şey gözəl olacaq. Çox qəribə arzu idi. Uşaq ağlımla arzulayırdım ki, nə baş verir versin, təki mən şəhərə gəlib çıxa bilim.
Beləcə riyakarcasına hər atışmada daldalanıb gizləndiyimiz zirzəmilərdə ürəyimdəki şəhər həyatına atılma ümidi bir az daha reallaşırdı.
Günlərin birinə bu arzum tam gerçək oldu. Rayonumuz işğal olundu və biz həmişəlik oranı tərk etməli olduq. Bir məşhur mahnının sözlərindəki kimi il ötdü, ay dolandı. Və mən o zaman anladım ki, paytaxt və onun insanları heç də göründüyü kimi sevimli, qonaqpərvər, dərdə yanan deyilmişlər. Yaş artdıqca, qürurum da bir az artdı. Məni əzən, qəlbimi sındıran, səmimiliyimdən sui-istifadə edən insanların yanında özümü tox tutdum. Ammag
Amma bir gizlinə düşən kimi boğazıma yığılıb mənə dəhşətli ağrı, əzab verən qəhəri bir andaca hönkürtüyə çevirib canımdan çıxartmağa çalışdım. Beləcə gülməklə ağlamağın yerini səhv saldım. Yox, səhv salmadım, qəsdən dəyişdim!
İnsan həmişə gülə bilmir axı. Bəzən ağlamaq istədiyin məqamda gülmək məcburiyyətində qalırıq.
Müharibəyə aid çəkilmiş bir çox bənzərsiz filmlərin rejissoru Aleksey Germanın "Müharibəsiz iyirmi gün" filminin sonluğunda çox ağır bir kadr var. İyirmi günlük məzuniyyətdən geri qayıdan jurnalist Lopatinə yolda bir neçə nəfər əsgər yoldaşlıq edir. Qəfildən onların kiçik dəstəsinə müharibə bölgəsinə yeni gəlmiş ciddi görünüşlü, ağrıyana leytenant da qoşulur. Bu zaman düşmən tərəf onlar gedən yolu bombalayırlar. Heç kim heç hara qaçmır, hamı torpağın üstünə uzanır. Ara sakitləşdikdən sonra sağ qalanlar ayağa qalxıb getmək istəyirlər. Lakin leytenantın torpağa gömüldüyünü görürlər. Onu qalxızıb üst-başının torpağını təmizləyirlər. Sonra məlum olur ki, gənc leytenant kontuziya alıb və sağ qaldığı üçün sevincindən ardı-arası kəsilmədən gülür. Ətrafdakılar vəziyyəti anlayıb ona qoşulub gülürlər. Həmin vaxtı jurnalist Lopatin üzünü bir kənara tutur, gözləri dolurg Lakin o, müharibənin yaratdığı dəhşətlərə ağlamaq əvəzinə onlara qoşulub gülmək məcburiyyətində qalır.

Samirə Əşrəf

TƏQVİM / ARXİV