adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GERİYƏ BAXANDA: İKİNCİ DÖNƏM

TOFİQ ABDİN
33432 | 2013-09-07 00:23
Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: GERİYƏ BAXMA, QOCA... Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
YUXU - 3
(Dəvətnamə - 1)

"Röyalar gerçək olsa...
Röyalar gerçək olmur..."

...Yenə də bilgisayarın arxasına keçirəm. Və "bu mənim son yazım olacaq", -deyirəm özüm-özümə. Əslində bir-iki gün qabaq yazılarım çap olunan qəzetin baş redaktoruna da demişdim bunları. O da gülərək: "biz hamımız beləyik", - dedi.
"Bu yazı işi də bir xəstəlikdir. Əstəğfürullah heroin, nəşə kimi bir şeydi, bu yazı işi... "
Bu son sözləri mən dedim ona. Bu dəfə də güldü. Hiss elədim ki, ürəkdən güldü telefonun o biri ucunda.
Buna görə də bəzən yuxuda da yazı yazıram. Növbəti bir yazı uzun illər qabaq itirdiyim bir dost kimi yuxuma girir, onunla baş-başa oluram....

***
... görürəm ki, qızım mənə bir dəvətnamə vermək istəyir. Mən də dəvətnaməni almaq üçün ha əlimi uzadıram, ha uzadıram... ala bilmirəm ki, ala bilmirəm. Və nəhayət bir təhər alıram dəvətnaməni.
Baxıram. Yazılarım çap olunan qəzetdən gəlib...
... bu adamla, bu dəvətnaməni göndərən adamla, yazılarım çap olunan qəzetin sahibiylə heç tanış deyiləm. Yəni şəxsən tanış deyiləm. Mənə yaxın bir ölkənin Başkonsulluğunda bir kərə görmüşəm üzünü. Yaxşı bir insan olduğunu və gözəl bir şəxs olduğunu söyləmişdilər mənə. Mən heç insan tanıyan deyiləm. Adamlarda elə hey yaxşı tərəfləri görməyə çalışan bir insanam. Bu adamın da yaxşı olduğunun, pis olduğunun fərqinə belə varmadım. Çünki mənim yazılarımı çap eləyənlər tamam başqa adamlar idi. Baxmayaraq ki, bu adam qəzetin sahibi idi, türklər demişkən Patronu idi...
Bəli, mənim yazılarımı çap eləyən başqa adamlar idi. Heç onlar da mənim üzümü görməmişdilər.
Yazılarım xoşlarına gəlirdi, gəlmirdi bilmirəm. Amma çap eləyirdilər. Doğrudur, bir-iki adam vardı ki, məni görmüşdü. Onlar da texniki işlərdə çalışan adamlar idilər.
Mən də bu adamları tanımasam da, onların yazılarını həmişə oxuyurdum. Sevirdim bu adamları. Güzəranları mənim kimi çox çətin olsa da, bu məsləyin insanlarını çox sevirəm.
"Pis-yaxşı tarix yaradırlar" - düşünürəm. Ölümlə burun-buruna yaşayırlar. Qazandıqları maaş az olsa da, uşaqlarının yanında başları aşağı olsa da, bəzən...
Bütün bunlara baxmayaraq işləyirlər bu məsləkdə....
Dəvətnaməyə baxdım. Məni, bəli məni, şəxsən məni qəzetdəki yazarlarla və işçilərlə görüşə dəvət eləyirdilər.
Öz-özümə düşündüm: üç ildir yazılarım qəzetdə çap olunur. Niyə indi məni xatırladılar? Niyə şəxsən mənimlə maraqlandılar? Mən kiməm ki... O böyüklükdə adamlar mənimlə görüşmək istəyirlər?
Düşündüm ki, cümləyi-aləm bilir, mən bu ölkədə yabançıyam. Qonağam. Yabançı bir yazaram. Qəzetçiyəm. Mənim məmləkətim müstəqilliyə yeni-yeni qovuşur. Çox qan tökülüb məmləkətimdə. .
Mənim doğulduğum məmləkət bütün türk cümhuriyyətlərindən ən yaxın və ən qohum olan bir ölkədir bu ölkəylə, bu məmləkətlə. Dil, mədəniyyət, adət-ənənə, eh nə bilim daha nələrdə biz çox yaxınıq bir-birimizə və ət-dırnaq kimi bir şeyik.
Və bir də düşündüm: bəlkə yeni bilgilər almaq istəyirlər, özümlə daha yaxından və şəxsən tanış olmaq istəyirlər. Buna görə eləyirlər bunu.
Düşünürəm.... düşünürəm... düşünürəm...
Və bir də görürəm ki, toplantı salonundayam...
... Və salona keçirəm. Qəzetin sahibi, bir neçə yazar və mən keçirik yuxarı başa. Otururuq yuxarı başda. Başqa yoldaşlar da məni çox mehriban və isti bir baxışla seyr eləyirlər salondan. Hamısı da gülərüz, hamısı da çox mehriban...
Bir an düşünürəm: bəlkə də, mənə görə belə mehribandılar və gülərüzdürlər. Necə olursa-olsun mən yabançıyam.
Əcnəbiyəm.
Əcnəbi yazaram.
Bütün bunları düşünə-düşünə bir ay qabaq bir qəzetdə çıxan bir araşdırma yadıma düşür və orada bir sual vardı. Beləydi bu sual:
"Küçədəki türk insanı nədən belə qaraqabaq və düşkündü?"
Bu sual həmən ağlıma gəldi. Və mənimlə görüşməyə gələn yazarların və qəzet işçilərinin belə gülərüz və mehriban olduqları bir az bir təhər gəldi mənə.
Amma nə olsun. Bu bir təhər ortama heç bir səbəb yox. Bunlar ağıllı insanlardı, cəmiyyəti idarə edirlər hardasa, insanları və dövləti istədikləri zaman tənqid eləyirlər və tərifləyirlər. Niyə belə görünməməlidilər ki?..
Mən bu görüşə çox böyük bir məmnunluqla və böyük bir sevincilə gəlmişəm. Belə də olmalıdı, - düşünürəm. Heç Ana vətənimdə mənə belə dəvətnamə gəlməyib. Gəlmədi... Məni bu qədər saymadılar. Amma burada röyalarımın məmləkətində mənə bu intellektual hörməti eləyirlər. Və heç şübhəsiz, düşünürəm ki, məni tərifləyəcəklər. Daha nə cür ola bilər ki?.. Qonaq çağırıb, görüş eləyib, əcnəbi bir yazarı söyməyəcəklər ki... pisləməyəcəklər ki... heç görünməmiş bir şey olar bu...Yabancı bir yazarı dəvət eləyəsən, sonra da söyəsən, tənqid eləyəsən.
Əslində mənim yazılarım da buna əsas vermir...
Suallar yağmur kimi yağacaq; - düşünürəm. Mən də çox sakit, çox məmnun və çox möhtərəm cavablar verəcəm. Cavablarım etkili olduğu zaman məni alqışlayacaqlar...
Vah... vah...
Mənim ən qorxduğum və ən pis şey budu bax... eyni səviyyədə insanların bir-birini alqışlaması. Gəncliyimdən heç sevmədim bunu. Gördüm ki, sevim...
Allahım, - düşünürəm, - bu alqışlar olmasa nə gözəl olar.
Amma yox mən qonağam və yabançı bir yazaram. Onlar mənə hörmət eləmək məcburiyyətindədirlər.
Alqışlamaq məcburiyyətindədirlər.
Olsun, canım. Bunu bu qədər şişirtməyə nə hacət. Bu bəlkə də bir insanlıq borcudu. Onlardan biri mənim məmləkətimə gedib beləcə görüşdə olsa, heç şübhəsiz, alqışlanacaqlar. Layiq olduqları üçün alqışlanacaqlar. Bunu bu qədər ürəyə salmağa nə gərək. Dəvət edirlərsə, deməli, bütün şərtlərə əməl olunmalıdır.
Nə istərlərsə eləsinlər, - düşünürəm. Sağ olsunlar. Mənə olan bu hörmətin heç əvəzi yoxdur. Belə bir milliyyətçi qəzetdə çap olunmaq və qonaq çağırılmaq hər kişinin işi deyil....
... Dəvətnamənin bir o üzünə baxıram, bir bu üzünə baxıram. İnana bilmirəm ki, inana bilmirəm.
Ağlım bir şey kəsmir.
Düşünürəm: nə olsun ki, yazıdır yazıram. Mənim kimiləri çox. Düşünürəm: mənim heç bir işim yox, vəzifəm yox...
Millət vəkili deyiləm...
Nazir deyiləm...
Heç parti başkanı da deyiləm...
Heç bir yetkim yox...
O yox... bu yox...
Xeyir, amma, bir şey var: mən yabançı yazaram. Əcnəbi yazaram.
Bəli, mənim üstünlüyüm budur.
***
Not: Türk yuxu yorumları mənbələrinə əsasən:
Röyada bir yerə dəvət aldığınızı görmək, yaxşı olmayan bəzi hadisələrlə qarşılaşacaqsınız deməkdir. Belə yuxular üzüləcəyinizin də işarətidir.
Röyada dəvət almaq, nəzərə alınmayan əlavə xərclərin olacağını da bildirir

(DAVAM EDƏCƏK)

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV