adalet.az header logo
  • Bakı 18°C

Azərbaycanda qadın olmaq

CƏLİL CAVANŞİR
61004 | 2013-09-04 00:28
Hərdən mənə elə gəlir ki, Azərbaycan qadını böyük bir natamamlıqdan əziyyət çəkir. Bütün özəllikləri ilə, bütün gözəl keyfiyyətləri ilə bərabər Azərbaycan qadınında çatışmayan çox şey var. Çox yaxşı dost olmağı bacaran Azərbaycan qadını yaxşı sevgili, yaxşı sevgili olmağı bacaran yaxşı dost ola bilmir. Baxırsan ki, övladı üçün canından keçməyi bacaran, onun gözəl gələcəyi üçün gecə-gündüz çalışan, yaxşı ana olmağı bacaran qadın, ərinin həyatını cəhənnəmə çevirib. Bəzən, ictimai cəhətdən fəal, "oxuyub-yazan" cəsarətli bir xanım, sevgilisinə elə "toy tutur" ki, qalırsan düşünə-düşünə. Yəqin ki, yazdıqlarıma ağız büzənlər, hətta məni təhqir edənlər də olacaq. Bəri başdan deyim ki, mən veriləcək reaksiyalara əvvəlcədən hazırlıqlıyam.
Bir neçə müşahidələrimi sizlərlə bölüşüb, fikirlərimi əsaslandırmağa çalışacam. Dünyanın bir nömrəli feministi, böyük yazıçı Simon de Bovuarın təxminən belə bir fikri var; "Qadın doğulmur, amma yaranır". Bu fikirə söykənərək məsələni çözməyə çalışaq. İllərdir Azərbaycan qadını yaranmır. "Həcər qeyrətli", "Nigar ismətli", "Tomris cəsarətli", "Sara xatun siyasətli" deyə-deyə biz Azərbaycan qadının yaranmasına imkan verməmişik. İllərdir "saçının bir tərəfini ağ, bir tərəfini qara" hörən qadınları nümunə göstərib fəxarət hissi keçirmişik. Müharibədə əri itkin düşən, ərinin "qara kağızı"nı alan qadınların illərlə "bir üzü qız, bir üzü gəlin" qarımasıyla öyünmüşük. Ən çox da ədəbiyyatımız bu mənasız "qəhrəmanlığı" təbliğ edib şişirdib. Oxuduğum yazarlar arasında yalnız İsa Hüseynov müharibə dövründən bəhs edən əsərlərində bu mövzunu yazıçı kimi qələmə alıb. Bir tərəfdən din, bir tərəfdən də Sovet ideologiyası qadını qadın olmaqdan çıxarıb, saxta qəhrəmana çevirib. İllərlə qadınımız pambıqçı, kombaynçı, tütünçü, çilingər qadınlardan nümunə götürüb. Azərbaycan qadının qəhrəmanı sənayedə və kənd təsərrüfatında çalışan qadınlar olub. İndi vəziyyət daha bərbaddır. Qadınlarımız aktrisalardan, müğənnilərdən və serial qəhrəmanlarından nümunə götürür. Toy şənliklərində sadə bir müşahidə aparmaq kifayətdir ki, ümumi mənzərəni anlayasan.
Qadınlarımız sanki bir düz xətt üzərində ehtiyatla irəli-geri hərəkət edir, vurnuxur. Xəttin bir başında "yüngül qadın" obrazı var. Seksual, dəblə geyinən, kosmetikadan istifadə edən və qadın gözəlliyini bəlli etməkdən çəkinməyən qadın. Cəmiyyətimiz bu qadınlara ikrahla baxır. Belə qadınlara düşünmədən "yüngül qadın" yarlığı "yapışdırırlar". Xəttin digər tərəfində "kişi kimi" qadın obrazı boylanır. Hətta əri belə bu qadının "kişi kimi" olmasıyla öyünür. Onun seksual olmayan görünüşü ərinin qürur yeridir. Amma nə hikmətdirsə, evindəki xanımın "kişi kimi qadın" olmasıyla öyünən kişilərimiz, fürsət düşən kimi, "yüngül qadın"ların arxasınca dizin-dizin sürünür.
Xanım Bovuarın sözləri ilə desək, illərdir Azərbaycanda "qadın yaranmır". Qadın öz qadınlığından qorxur. Sanki gözəl olmaq, seksual görünmək cinayətdir. Bunun günahı kimdədir? Qadın özünü nə üçün realizə edə bilmir?
Məncə günah qadının mənasız qorxularındadır. Bütün natamamlıqların səbəbi isə, qadının içindəki qadını kəşf edə bilməməsidir. Azərbaycan qadını qadın olmaqdan qorxur. Seksual, işvəli, erotik görünməkdən qorxur. Özü olmaqdan çəkinir. Dünyanın ən seksual qadını hesab olunan Monika Belluçi müsahibələrindən birində deyir: "Ailəmdəki bütün qadınlar; anam, xalam, nənəm əsil qadınlardır. Onlar dikdaban geyinir, makiyajsız evdən çıxmazdılar. Nənəm 80 yaşında kilsəyə gedərkən, hökmən dodaq boyası sürtərdi". Monika Belluçi qadın olmağı, ailəsindən öyrənmişdi. Azərbaycan ailəsi isə, qadın olmamağı öyrədir.
Və sonda: "Kişi kimi qadın"lar məni heç vaxt ilgiləndirmir. Qadın kimi qadın olmaq lazımdır.

Cəlil Cavanşir

TƏQVİM / ARXİV