adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Ruhunu şeytana satanlar

CƏLİL CAVANŞİR
34131 | 2013-09-03 00:12
Dünya mətbuatında kütləvi intiharlar haqqında məlumata rastlayanda ilk ağlımıza gələn sözsüz ki, satanizm olur. Çünki, toplu intiharlar satanizmin belə demək mümkünsə, ibadət forması, xüsusi bir ayinidir. Bəs insanları yaşamağa yox, ölümə həvəsləndirən bu qeyri-adi "din" - satanizm nədir? Qısa olaraq belə izah edə bilərəm ki, satanizm şeytana ibadət edənlərin uydurduğu qeyri-ənənəvi dinlərdən biridir. Şeytana ibadət etmək üçün təşkil edilən qanlı ayinlər, işgəncə ilə öldürülən heyvanlar, zorlanmalar, intihar edən gənclər... Bütün bunlar inanılmaz kimi görünsə də dünya artıq belə bir qorxulu problemlə üz-üzədir. Satanizm getdikcə daha çox insanın həyatına təhlükə yaradır. Demək belə bir real təhlükənin varlığı inkaredilməzdir. Nə qədər qorxulu və tükürpərdici olsa da, düşündüm ki, "21 dekabr" mifinə inanan insanlar, bir az da real təhlükələrdən xəbərdar olsunlar.
Çox qəribədir ki, bir qisim insanlar pis insan olmağı, pislik etməyi, heyvanlara və ya insanlara işgəncə verməyi, qaranlıq və qorxu dolu bir dünyada yaşamağı özlərinə məqsəd seçirlər və "din" olaraq mənimsəyə bilirlər. Bəli, bu həqiqətdir. İslam və xristian teoloqları hesab edir ki, satanizmin yaranmasının səbəbi darvinizmdir. Hətta Türkiyədə kürsüyə çıxan dindarların çoxusu, insanları islamdan uzaq düşərlərsə satanizmə yuvarlanacaqları ilə qorxudurlar. Əslində mövhumatçı müsəlmanların gözündə ateistlər də satanist kimi görünür. Ancaq bu düşüncə ilə razılaşmaq mümkün deyil. Darvinizmdən xəbəri olan, Darvin nəzəriyyəsini azacıq vərəqləyənlər yaxşı bilir ki, darvinizm qətiyyən vəhşiliyi təbliğ etmir. Satanizm isə dindən daha çox vəhşilikdir.

"Şeytan kilsəsi"nin yaranması

Satanizm tarix boyunca fərqli ad və formalarla mövcud olsa da, indiki forması ilə 1960-cı illərdə Amerikada ortaya çıxıb. Satanistlərin ən əhəmiyyətli təşkilatı, 1966-cı ildə qurulan və hələ də Kaliforniyada fəaliyyət göstərən "Şeytan kilsəsi"dir (Church of Satan). Bu kilsənin fikirləri Anton Szandor La Vey adlı bir satanist ideoloq tərəfindən yazılan kitablara əsaslanır. "Şeytan kilsəsi"nin fəaliyyət və ayinləri dəfələrlə məhkəmələr predmeti olub. Satanizmin fəlsəfəsini daha dərindən anlamaq üçün əvvəlcə bu qaranlıq fəlsəfənin irəli sürdüyü fikirləri araşdırmaq lazımdır.

Satanizm-çürük ideologiya

Adından da məlum olduğu kimi, satanizm Allahın varlığını inkar edir. Bu düşüncə satanizm ideologiyasını azacıq da olsa ateizmə yaxınlaşdırır. Xristian və müsəlman din xadimləri Allahı inkar edən satanistləri ateistlərlə eyniləşdirmək üçün fürsəti bu məqamdan əldə edirlər. Bəli, satanistlər materialistdirlər, yalnız maddənin varlığına inanırlar. Allahın varlığını və bütün metafizik varlıqları (məsələn, mələkləri) də inkar edirlər. Bu baxımdan, əslində satanistlər şeytanın varlığına da heç inanmırlar. Satanizm söz olaraq "şeytana inananlar" anlamına gəlsə də, satanistlərin böyük bir qismi şeytan adlı varlığı da qəbul etmirlər. Onlara görə şeytan - din düşmənçiliyinin bir simvoludur. "Şeytan kilsəsi" tərəfindən nəşr olunan "A Description of Satanism" (Satanizmin Təsviri) adlı sənəddə bu fikirlər belə ifadə edilir: "Satanizm ateist bir dindir. (Satanistlərin fikrincə) Hərəkətlərimizə görə hesab verəcəyimiz heç bir varlıq yoxdur".
Satanistlər Allaha, Müqəddəs kitablara, mələklə, cənnət və cəhənnəmə, şeytana, yaxşı ruhların və cinlərin varlığına inanmır. Bu baxımdan satanizm konkret olaraq islam inancının batil hesab edə biləcəyi inancdır və ateist dünyagörüşü ilə üst-üstə düşür. Ancaq ateizm din deyil. Materializm və realizm - satanistin həyat kredosudur.
"Satanist ateistdir. Biz əslində otodeistik, yəni özümüzə tapınırıq". Heç bir konkret düşüncə sisteminə əsaslanmayan satanizm, əslində heç şeytana tapınmaq da deyil. Satanizm, heç bir kriteriyası ilə din deyil. Sadəcə, mənəviyyatsızlıqdan yaranan, mənasız, psixoloji pozğunluğu olan toplumun inanc (inancsızlıq) sistemidir.

İnsan vəhşi heyvandır?!

"Şeytan kilsəsi" nəşrlərinin birində "Qorxulu din" (Feared Religion) başlıqlı yazıda belə bir fikir var: "Satanizm - insanın heyvan olaraq qəbul edilməsi üçün vardır".
"Şeytan kilsəsi"nin ən əsas bəyanatı olan "Doqquz şeytani qanun"un (The Nine Satanic Statements) yeddincisi belədir: "Şeytan insanı hər hansı bir heyvan olaraq təsvir edir. Bu heyvan bəzən dörd ayaq üzərində gəzən heyvanlardan daha yaxşı, bəzən də daha pisdir".
"Şeytan kilsəsi"nin bütün nəşrlərində insan üçün israrla "yalnız şəhvətinə görə yaşayan vəhşi heyvan" ifadəsi istifadə edilir. Satanistlərin insanlar arasındakı əlaqələri və insanın digər canlılara qarşı rəftarı həmişə bu məntiqə əsaslanır. Məsələn, satanistlər zorakılığı düzgün hesab edirlər, çünki təbiətdə vəhşi heyvanlar arasında zorakılıq normal haldır. Heyvanlara əzab verərək öldürmək (Dünyadakı satanistlərin küçə pişiklərinə verdikləri işgəncələr) də eyni məntiqin məhsuludur. Satanistlərə görə, insan yalnız şəhvətinə görə yaşayan vəhşi heyvandır və bunun tələbinə görə yaşamalıdır. "Satanizmin təsviri" (A Description of Satanism) adlı sənəddə deyilir: "Bizim prinsiplərimizə görə, bütün insanlar və heyvanlar ortaq və sadə bir bioloji qaynaqdan gəlir. Əslində satanizm, insanların inkişaf etmiş bir heyvandan başqa bir şey olmadıqlarına inanır. Təsadüfən dəyişməyimiz və həyatda qalmağımız istisna olmaqla, yaradılışda heç bir xüsusi yerimiz yoxdur. Satanistlər özlərini (və bütün insanları) heyvan hesab edir və Allahın özlərinə həyat verdiyi insanlar olaraq görməyə qarşı çıxırlar".

İslamın satanizmə münasibəti

Xristianlıq kimi İslam da satanizmə qarşı ciddi mübarizə aparır. Eyni zamanda İslamın müqəddəs kitabında sanki, satanizmin cəmiyyətin bəlasına çevriləcəyi ilə bağlı ciddi işarələr var.
"Qurani-Kərim"də şeytanın insanı yolundan azdırmağa çalışması ilə bağlı bir çox ayələr var. Məsələn, "Əl-Əraf" surəsinin 11-18-ci ayələrində deyilir; "Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı".
(Allah İblisə) "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis) Mən ondan daha yaxşıyam (üstünəm), çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!" - dedi.
(Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. (Oradan) Çıx, çünki sən alçaqlardansan!"
(İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!"
(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!"
(İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların qarşılarından və aralarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!"
(Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!"
"Qurani-Kərim"in ayələrinə görə şeytanın məqsədi insanı yoldan çıxarmaqdır və dolayısıyla satanizm də insanı yoldan çıxartmağı qarşısına məqsəd qoyub.

Nə etməli?

Yuxarıda bəhs etdiklərimiz gəncliyin taleyindən narahat olan, gəncliyi qorumağı düşünən valideynlər, pedaqoqlar və ya sosioloqlar üçün sadəcə bir informasiyadır. Azərbaycanda hələ ki, satanizm yayılmayıb. Hər halda qonşu Tükiyədə satanizmin yayılması, Azərbaycanda da bu iyrənc "dinin" nə vaxtsa meydana çıxacağını istisna etmir. Bir gün küçədə, parça-parça doğranmış pişiklər görsəniz, yanından sükutla keçməyin. Nə qədər ki, mənəvi tərbiyədən uzaqda qalan insanlar var, nə qədər ki, cəmiyyət sevgidən, insanlıqdan və kitabdan uzaqdır, biz satanizmdən də sığortalanmamışıq. Günahsız insanları vəhşicəsinə öldürən gənclərə "niyə vəhşilik edirsən?" sualını verə bilməyəcəyik.
Çünki, günlərin bir günü "cinayət törətdim, çünki vəhşi heyvanlar öldürmək üçün yaşayar, mən də vəhşi heyvanam" cavabını ala bilərik.
Məhz bu qorxunc sonluqlarla rastlaşmamağımız üçün ruhumuzu qorumalı, oxumalı, mənəviyyatımızı çirkablardan mühafizə etməliyik.
Mənim isə son tövsiyəm; ruhunuzdan muğayat olun!

Cəlil Cavanşir

TƏQVİM / ARXİV