adalet.az header logo
  • Bakı 19°C

EYVOĞLU MƏMMƏD

MƏMMƏD DƏMİRÇİOĞLU
37243 | 2013-08-31 00:41
Onun çalğısı Hacı Mahmud Əfəndini də bir dəfə heyrətə salıbmış. Namaz qabağı təhrətə gedərkən, İsmelin çaldığı zurnanın cazibəsindən çıxa bilməyib, namazının vaxtını ötürübmüş. Bu sehirdən ayrılan Hacı Əfəndi: "Allah sənə lənət eləsin, fikrimi məndən oğurladın" - deyərək başını bulamışdı.
Bu "günah"ına görə zurnaçı İsmel zurnasını da götürüb, Hacı Mahmud Əfəndinin hüzuruna gəlmiş, qarşısında səcdə edərək, zurnasını dizinə çırparaq sındırmış və daha heç vaxt zurna çalmamışdı.
Bugünkü bayram günü eyni zamanda şücaət və sınaq meydanının qurulduğu gün idi. Cıdırçılar atlarının döşünü əlvan qotazlarla, dəmir sikkələrlə bəzədilmiş yaxalıqlarla bəzəyib, əllərindəki qamçıları ildırım kimi şaqqıldadaraq atları şahə qaldırır, cıdır yarışına düzlənmişdilər.
Cıdırda birinci yeri qazananlar, nəinki Nəbi koxadan, onun bacısı oğlu İrvam koxadan, digər sanballı qonaqlardan nəmər, eyni zamanda yaşmaq altından gülümsəyən gəlinlərdən oğrun baxış, yeddi hörüklu məleykə qızlardan xoş təbəssümlər də qazanırdılar.
Ən maraqlı olanlardan biri də kəndirbazların yüksəklikdə tarıma çəkilmiş kəndir üzərindəki heyrətamiz oyunları, albəzək paltarlar geyinib, üz-gözünü əlvan boyalarla bəzəmiş keçəmörüklərin (təlxəklərin) gülməli hərəkətləri idi.
Həmin gün Eyvoğlu Məmməd ağır təbiətli adam olduğundan, həm də güləşdən, dirədöymədən filandan aralı durduğundan evdən bayıra çıxmamışdı.
Dirədöyməçilər qayışlarını dairəvi qazılmış yalaqlara qoyub zurna havasına yenicə gərdişə başlamışdılar ki, kəndin ayağından çaparaq bir atlı, eyvanda bəylərlə dayanmış Nəbi koxaya yaxınlaşıb qulağına nəsə pıçıldadı. Nəbi koxa əlini tamamilə ağarmış saqqalına çəkib, başını yırğaladı. Sonra başındakı buxara papağının əyriliyini, düzlüyünü yoxlayırmış kimi, əliylə bir neçə dəfə tərpədib uca səslə dedi:
- Ay Qaymaqlı camaatı, Aynalı pəhlivan bizim kəndimizə gəlir. Eşitdiyimizə görə Gürcüstan mahalından olan bu yenilməz pəhlivanın dizlərini qatlayan bir pəhləvan yoxdur. Qazax mahalının bütün kəndlərində olub, hələ heç kim onun dizinə bağladığı aynanı qıra bilməyib. Özü də məğlub tərəfdən böyük ənam almamış geri dönməyir. Mən elə hesab edirəm ki, biz bu pəhlivanın qabağına ancaq Eyvoğlu Məmmədi çıxara bilərik.
Camaatın içində bir uğultu yarandı. Hamının gözü Eyvağlu Məmmədi axtardı. Eyvoğlunu görə bilməyən koxa sözünə davam etdi:
- Bir nəfər adam göndərin onu bura çağırsın.
Göndərilən elçidən qabaq bütün məsələlərdən agah olan Qızxanım ana özünü evə çatdırdı. Məsələni oğluna danışıb dedi ki, o Aynalı pəhlivanı hələ yıxan anasından olmayıb, gedərsən, birdən yıxılıb eyləyərsən, ondan sonra gərək məni diri-diri aparıb basdırasan.
Məmməd ağzını açmağa macal tapmamış, göndərilən elçi Nəbi koxanın ismarşını çatdırıb söylədi ki, Məmməd, kəndimizin başını aşağı eləmə. Meydana səndən başqa çıxacaq adamımız yoxdu. Allahı çağır, gedək.
Həmişə oğlunu özü igidliklərə yönləyən Qızxanım ana bu gün nədənsə Məmmədin ora getməsinə razı olmadı və gələn elçini qapıdan qovub, Məmmədin ağzını qıfılladı.
Atını geri qanıran elçi: "Məmməd, əgər gəlməsən, adını qorxaq qoyacaqlar, kənddə başına papaq qoya bilməyəcəksən" - deyib, atına bir qırmanc çəkərək uzaqlaşdı.
Qızxanım arvad qapını qıfıllayıb evdən aralanan kimi, içəridə bağlı qalan Məmməd qəfəsə salınmış aslan kimi ora-bura vurnuxdu. Dəmir barmaqlıqları olmasaydı pəncərədən çıxıb gedəsiydi. Elçinin sonuncu sözü beynini gəmirirdi və səbri son həddə çatdığından qapıya çiyniylə ağır bir zərbə endirdi. Çərçivə qarışıq yerindən qopan qapı tappıltı ilə yerə çırpılıb toz-duman qaldırdı.
Eyvoğlu ortalığa çatanda Aynalı pəhlivan meydan sulayır, sağ əlini sol, sol əlini isə sağ döşünə çırparaq qabağına çıxacaq pəhləvanı gözləyirdi. Nəbi koxa gələn elçinin əli boş gəldiyini görüb, xeyli məyus oldu.
Pəhlivanın başında gələn dəstənin başçısı meydana çıxıb:
- Bu İncə Dərəsinin tərifi Alosmana çıxıb. Deyirlər igidlər, ərənlər oylağıdır. Hanı sizin igidləriniz? Əgər bizim pəhlivanın qabağına çıxası igidiniz yoxdursa, onda tələb etdiyimiz nəmərimizi verməlisiniz! - deyib, İrvan koxaya üz tutdu.
Cavan olmasına baxmayaraq, namusa boğulan Qil İsə qabağa yerimək istəyərkən arxa tərəfdən çiynindən yapışan ağır bir əl onu yerindən tərpənməyə qoymadı. İsə geri qanrılıb Eyvoğlu Məmmədi görəndə içində bir arxayınlıq duydu.
Dəstə başçısının dedikləri azmış kimi Aynalı pəhlivan da meydanda özünü tam qalib görüb, lovğalanmağa başladı:
- Hanı İncə Dərəsinin mənəm-mənəm deyən igidləri? İçinizdən bir igidiniz tapılmadımı meydanıma çıxsın? Amma Qaymaqlılar ağıllı camaat imiş. Bilirlər ki, qarşıma çıxanı xurdxəşil edəcəyəm. Əgər belədirsə onda bu başdan nəmərimizi verin çıxaq gedək.
Nəbi koxa, əlini naqanına atan İrvam koxanın qolundan basdı. Bu təhqirlərə dözə bilməyən İrvam koxa heç dayısının da sözünə baxmayıb naqanın tətiyini ayağa çəkdi. Silahı qaldırırdı ki, atəş açsın, Eyvoğlu Məmmədin göy gurultusuna bənzəyən səsi eşidildi:
- Hərzə-hərzə danışma, Aynalı pəhlivan! Düz deyirsiniz, İncə Dərəsi igidlər oylağı, ərənlər məskənidi və hər dizi aynalı lovğa pəhlivanların qabağında diz çökməzlər.
Məmmədi görən Nəbi koxanın bozararaq zəhər yağan sifətinə sanki nur ələndi. İrvam koxa dabana çəkilmiş mauzerini qabına itələyib, əlini ucları yuxarı dəmbərlənmiş bığlarına çəkdi.
Aynalı pəhlivan Eyvoğlunun boy-buxununa, ləngərli yerişinə tamaşa edib, ötkəmliyini davam etdirdi:
- Bunu meydan göstərəcək, yekəpərliklə deyil ki. İndi sənin sümüklərini şaqqıldadaram, boynunu buraram, ağlın gələr başına.
Artıq söhbətə baş yormayan Məmməd, çərkəzi çuxasını çıxarıb bir tərəfə tulladı, uzun qol köynəyinin qolunu dirsəyinə qədər çırmaladı, belinə bağladığı dolağı açıb yenidən sıxaraq belinə bağladı, əllərini bir-birinə sürtərək ağır-ağır Aynalı pəhlivana tərəf yeriməyə başladı.
Zurna səsi göylərə bülənd oldu. Güləşəngi havasına meydanı dörd dolanan Aynalı pəhlivan birdən qızılquş kimi Məmmədin üstünə şıığıdı. Bir az cəld tərpənməsəydi Aynalı pəhlivan bir fənd ilə onu sırtına çəkərək çiynindən çevirib yerə çırpacaqdı. Məmməd onun fəndini anlayıb sağ ayağını ayaqlarına doladı və aynalı pəhlivan nə qədər güc verdisə onu yerindən oynada bilmədi. Aralanıb yeni həmlələrə başladı. Sulanıb, saman döşənmiş meydan eşim-eşim olmuşdu. Aynalı pəhlivan özünə məxsus geyimdə olduğundan, qurşaqdan yuxarı yarım çılpaq idi. Məmmədin xüsusi pəhlivan geyımi olmadığından, əynindəki köynək parça-parça olmuşdu. Əslində Məmməd pəhlivanı cənginə ala bilmirdi. Cəld hərəkətlərlə çeviklik göstərən Aynalı pəhlivan anlayırdı ki, onun caynağına kecsə işi bitəcək. Məmməd isə tələsmədən həmin fürsəti gözləyirdi ki, Aynalı pəhlivan onun arxa tərəfinə keçə bildi və Məmmədi göyə qaldıraraq yerə çırpdı.
Eyvoğlu, Eyvoğlu deyən səslər bir andaca xırpıltıyla kəsildi. Üzü üstə yerə çırpılan Məmməduin üstünə şığıyan Aynalı Pəhlivan onu arxasıüstə çevirib, kürəyini yerə vurmalıydi.
Camaatın içindən dartınıb çıxan Qızxanım ana oğlunun bu vəziyyətini görüb, ucadan qışdırdı.
- Məmməd, südümü sənə halal etmərəm kürəyini yerdə görsəm, - deyib Aynalının altında fısqıran oglunu ürəkləndirməyə çalışdı.
Anasının səsini eşidən Məmməd ətrafı silkələyən bir səslə hayqıraraq Aynalının altından çıxdı. Aynalı pəhlivan artıq onun cəngiydədiu. Məmməd pəhlivanın qurşağından yapışaraq başının üstünə qaldırdı.
Eyvoğlunun pəncəsinə keçmiş Aynalı pəhlivan göydə çabalamaqdan başqa bir şey edə bilmədi və Məmməd pəhlivanı başı üzərində fırlada-fırlada Nəbi koxanın bəylərlə tamaşaya durduğu eyvana yaxınlaşıb, var gücü ilə yerə çırıpdı. Kürəyi üstə yerə çırpılmış pəhlivanın həniri içinə batmışdı. Dəstəbaşçısı adlanan şeşə bığ özünü ortalığa atdı. Gözləri bərəlmiş pəhlivan nəfəs almağa çalışsa da bacarmırdı. Şeşəbığ cəld hərəkətlə pəhlivanın sinəsindən basıb buraxmaqla nəfəs almasına kömək etdi və nəfəsi özünə qayıdan pəhlivan yerindən durmaq istəsə də bacarmadı. Onu birtəhər yanı üstə cevirdilər, kürəyinin ortadan yarıldığını görəndə işin nə yerdə olduğunu anladılar. Aynaları cilik-cilk olmuş Aynalı pəhlivanı bir neçə adamın köməyi ilə keçə və kilim salınmış arabaya uzatdılar. Kor-peşiman geri dönən dəstə gözdən itənəcən zurna sədaları ara vermədən çalındı. Camaat Məmmədi dövrəyə alıb yallı getməyə başladı.

(ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV