adalet.az header logo
  • Bakı 20°C

GÜL Kİ, QƏLBİNİ GÖRÜM

VƏSİLƏ USUBOVA
38851 | 2013-08-31 00:39
"...Əgər insanın ürəyini öyrənmək istəyirsinizsə, susduğu, danışdığı, ağladığı, hətta yüksək ideyalardan həyəcanlandığı məqamlardan daşının. Yaxşı olardı, ona güləndə baxın, güləndə..."
Dostoyevskinin bu sözlərini nə vaxt oxuyub yadda saxladığımı xatırlamıram. Adamları müşahidə eləməyi, öyrənməyi, haldan-hala, rəngdən-rəngə düşmələrini seyr eləməyi, seyr elədikcə sirli aləmlərin açarını tapmış kimi sevindiyimə, zövq aldığıma görə beynimə batıb bu sözlər. Əslinə qalsa, Dostoyevskinin kitablarındakı cümlələrin böyük əksəriyyətini əzbərləyib yadda saxlamaq lazımdı. Ömrün hansı anında desən, karına gələ bilər. Onun dediklərini ya nə vaxtsa yaşamısan, ya da innən belə yaşayacaqsan mütləq. Hərdən yazıçıya acığım da tutur. Hər şeyi o qədər doğru, dürüst təsvir edir, fikirləri oxucunu o qədər doyuzdurur ki, istəyirsən, kitabı yerə çırpıb qışqırasan: "Bəsdi, bəsdi... Bu qədər peyğəmbərlik etdiyin yetər. İnsafın olsun! Bizə də düşünməyə bir şey saxla!"
Fikirləri, mühakimələri qarşısında özünü o qədər bəsit, düşüncəsiz sayırsan ki, bir yazıçının bu qədər ağıllı və istedadlı olması sənə haqsızlıq kimi də görünür bəzən... Amma...
Amma indi mən Dostoyevski haqqında yazmaq fikrində deyiləm. Qəsdim böyük yazıçının saysız-hesabsız dəyərli deyimlərinin birindən yararlanıb mövzuya keçid almaqdı, vəssalam...

***

Gülüşə bəxtəvərlik nişanəsi kimi baxmaq fikrindən çoxdan uzaqlaşmışam. "Ağlayanın bir dərdi varsa, gülənin min dərdi var" deyənin anlayışına heyran gündən dərdini bildiyim adamların gülən dodaqlarında, bu gülüşə qoşulmayan gözlərində o min bir dərdi axtarmışam həmişə...
Və inanmışam ki, yalnız ən dərin kədəri olan adamlar ürəkdən gülməyi bacarırlar...
Öz dərdinə gülməyi də bacarır ruhu güclü olanlar...
Həmişə anlamaq istəmişəm: niyə kədər insanı insanlıqdan çıxaranda, yəni ən qiymətli şeyi - ağlını başından oynadanda gülüş yolunu tutur adam?! Adamın bundan faciəli, bundan zavallı halını təsəvvür eləmək də mümkün deyil. Gerçəkliklə xəyalın sərhədini itirəndə ağlı başından oynayır və... ağlamaq əvəzinə gülür biçarə.
Ağlamalı günə düşdüyünü anlamadığına görə gülür...
Bu gülüşə kimsə qoşulmaq istəmir, kimsə onunla birlikdə gülə bilmir...
Hamı qaçmaq, uzaqlaşmaq istəyir bu gülüşdən. Dünyasını itirən bir insanın heçliyə gömülən arzularını, xəyallarını görüb duyanda... ayaq tutduqca qaçıb uzaqlaşmaq istəyirlər...
Deməli, Dostoyevski haqlıdı. İnsan susanda, danışanda, ağlayanda, həyəcanlananda ifadə edə bilmədiklərini güləndə göstərə bilir. Bu yerdə təbii ki, söhbət gülüşü də ağlı, xarakteri kimi nadir, bənzərsiz olan kəslərdən gedir. Belələrinin adi təbəssümü də dillə deyilməsi mümkün olmayan mətləblərdən xəbər verir...
Sutkada bir dəfə dodağı qaçmayan ata babamın bir dəfə uşaqlıq şıltaqlığıma necə ürəkdən güldüyünü ölənəcən unutmayacam...

***

İnsan qəlbinin bütün qəribəlikləri onun gülüşüynən göz yaşlarında birləşib elə bil. Doyunca ağlayıb ürəyini boşaldandan sonra bütün çöhrəni bürüyən gülüş gəlir içindən. İstədiyin qədər gülüb qurtardınmı, dəli bir ağlamaq istəyi çulğayır səni...
İkisi də təbii, ikisi də ürəkdən...
Gəl, indi anla insanı, baş aç istəklərindən... Vurulma, heyran olma bu mürəkkəb məxluqa...
Heç kəs aça bilməyəcək sirrini bu qəribəliyin. Yaxşı ki, aça bilməyəcək. Onda nə marağı qalar insan adlanan kəsin?!.
Kim düşər cazibəsinə, kim axtarar qəlbinin, sirrinin açarını?!
Hamı bir-biriyçin sirli bir aləmdi. Ancaq hamı dərinə gedib nəsə öyrənmək, götürmək istəmir...
Üzdən gedənlərə yazığım gəlir...
Dərinə getmək istəyən birisinə nə açardım qəlbimin bütün sirlərini...

***

İstəyirəm Volterin də bir deyimindən yararlanım: "Şux zarafatları ilə məşhur olan insanların gözdən uzaq bir tənhalıq adası olur, həmin adada o zarafatcıl adamlar dərd çəkirlər".
Zarafatcılları deyə bilmərəm, yumor hissi güclü olanları ruhən də güclü saymaq olar. Belələri ən böhranlı, gərgin anlarda da hər cür qorxu və zəifliyin fövqündə dura bilirlər. "Uzaq bir tənhalıq adası" kifayət qədər romantik və qulağı oxşayan sözdü. Bu adanı duyğulu adamlar öz içlərində gəzdirirlər.
"Ada"nın sakinləri də ancaq özləri olurlar. Bir də arzuladıqları, həsrətində olduqları bir nəfər...
Görəsən, mağarada yaşayan insan tənhalığın nə olduğunu bilirdimi?! İnanılası deyil. Yəqin onlar heç darıxmağın da nə demək olduğunu anlamış deyildilər. Kiminsə fərqli düşüncəsi, özünəməxsus fikirləri vardımı ki, öz tənhalığını da hiss etsin?! Hamının bir-birinə oxşaması nə qədər sıxıcı bir şeydi. Bütün qafalara eyni düşüncə hakimdi: qarnını doyurmaq və doğub-törəmək! Bəlkə əslində elə əsas olan da budu?! Əlbəttə budu! Dünən də, bu gün də məqsəd eynidi! Sadəcə, münasibətlər və tövrlər dəyişib, vəssalam...
Mağara adamı nəyə sevinirdi, nəyə gülürdü?! Yəqin ki, ovu uğurlu olanda, bir də... əks cinsin nümayəndəsini görəndə. Fikrə getməyi, kədərlənməyi, həsrət çəkməyi necə, bacarırdımı, görəsən?! Baxışlarının da, gülüşlərinin də qəlbini göstərəcək qədər mənalı və ifadəli olması inandırıcı görünmür, nədənsə...
Ancaq heyran olmalı ömür yaşayıblar...
Riyasız və minnətsiz...
Gülüşləri də, göz yaşları da təbii olub...
Nə ediblərsə, ürəknən ediblər...
Özlərini qurban vermək ağıllarına da gəlməyib...

***

Bəzən ona görə gülürük ki, gülməkdən başqa çarəmiz qalmır. Çarəsizlikdən doğan təbəssüm çox incidir məni. Ürəkdən asılan daşın ağırlığını öz sinəmdə hiss edirəm...
Dodaqları gülüb, gözləri gülməyənlər var bu dünyada. Həm də saysız-hesabsız. Kimlərinsə sevincinə kölgə salmamaqçın edirlər bunu. Öz dərdini ürəyində dəfn etməyi bacarır belələri. Bəbəklərində qaynayan göz yaşlarını kimsə görə bilmir onların.
Əzabdı bu... Ağrılıdı...
Yalançı gülüş baş ağrısı, ürək yanğısı gətirir adama...

***

Oxucum deyəcək ki, kədərdən, göz yaşından yazmaqdan yoruldu, indi də gülüşə keçib...
Mən elə indi kədərdən yazdım, əzizim...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV