adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BADƏLƏR QARABAĞI QAYTARIR...

FƏRİDƏ RƏHİMLİ
73865 | 2013-08-30 23:38
Yenə toyda idik. Qarabağlı toyu olduğu üçün müğənni canfəşanlıqla tez-tez Qarabağ haqda oxuyur, o yerləri xatırlatmaqla, içkinin təsirindən "ürəkləri yumşalmış kişilər"dən şabaş qazanma fürsətindən səmərəli istifadə edirdi. Səsinə bir az da ağlar avaz qataraq o yerlər üçün ürəyi yanırmış kimi zəngulələr vurur, atılan şabaşlara gözucu baxaraq toy sahibi ilə danışdığı puldan qat-qat artıq yığıldığını görüb, daha da cuşa gəlirdi.
Sərxoş kişilər müğənnini öpərək "Yaşa, qardaş, bizi o yerlərə apardın!" dedikcə müğənni sifətinə Qarabağı alıbmış kimi ifadə verərək, Qarabağı deyil, qazanacağı pulları düşündüyünü gizlətməyə çalışırdı...
Yaxınlarımdan birinin sualı məni xeyli düşündürdü: Görəsən Qarabağ alınandan sonra bu fürsətcil toy müğənniləri camaatdan şabaş qoparmaq üçün nə oxuyacaqlar? (Soruşan bir gənc idi. Demək gənclərimizin inamı hələ var!!! - F.R). Tostlar da təxminən bu cürdü: "Gün o gün olsun bu toylardan Qarabağda edək!", "O gün olsun İsa bulağında yeyib-içək", "Oranın suyunun, havasının yerini heç nə verə bilməz" və sair. Belə çıxır ki, Qarabağ bizə ancaq yeyib-içmək, şənlənmək, istirahət etmək üçün lazımmış. Demək o torpaqlar bu cür əhəmiyyətə malik olmasaydı, heç onu sərxoş başla da yad eləməzmişik...
Adama toy tutan toylar haqda mövzuya dəfələrlə müraciət olunub. Amma onsuz da "dəyirman bildiyini edir, çax-çax baş ağrıdır". Yenə şadlıq evlərinin sahibləri öz işində - yüksək qiymətlər, həddən artıq israfçılıqlar, köhnə qidalardan zəhərlənmə halları davam edir. Lazımsız "əlavələr" isə lap əttökənlikdir. Məsələn, sarayın tavanında çoxlu şar asaraq, sonra onu gəlinlə bəyin başına tökməklə və "yekə-yekə kişilər"in uşaqlara qoşularaq əllərinə iynə-sancaq alıb, o şarları partlatması nə anlam daşıyır, hələ də öyrənə bilməmişəm.
İki iri şarın üzərinə bəyin və gəlinin adını yazaraq toyun sonunda partlatmağın da bildiyim qədəriylə milli adətlərimizə dəxli yoxdu. Ən ilginci, bəy-gəlin hər dəfə ortalığa gələndə kimyəvi tüstünün buraxılaraq onları əhatə etməsidir. Onsuz da köhnə ilə qarışıq verilən qidalar zəhərlənmə üçün kifayət edir.
Bəs bu kimyəvi qarışıqlarla "hədiyyə edilən" tüstü nə anlama gəlir? Sadaladıqlarımın da hər birinin qiyməti stolun qiymətinə əlavədir. Nələrə pul xərcləməklə ələ salındığımızın fərqində deyilik... Özümü bayıra atmasam, tüstüdən boğulmuşdum...
Dəfələrlə hətta deputatlarımızın, dövlət adamlarının, rəsmilərin də müzakirəyə çıxardıqları bu məsələ öz ilkinliyini saxlayır. Heç bir adət-ənənəyə, milli dəyərlərə söykənməyən bu qondarma hoqqalar hardan çıxdı, kimə sərf eləyir hər birimizə aydındır. Amma hər birimizin də ona uyması, hərif durumuna düşməmiz qəbuledilməzdir. Heç kim, ona irad tutular deyə, bu təmtəraqdan əl çəkmək istəmir. Hamı toy adətlərimizə yamaq olan bu lüzumsuz bərbəzəkdən xilas üçün kiminsə önə düşməsini gözləyir. Amma şadlıq evləri günü-gündən tikilib artır, qiymətlərsə düşmür ki, düşmür...
Haşiyə: Toy şənlənmək, sevinmək, xeyir-dua vermək üçün olmalıdır. Bir toya yüz, lap əlli manat yazdıran adam, bu toydan ayda beş dəfə olursa və aldığı maaş da iki yüz manatdırsa, o zaman yeməsin-içməsin, paltar almasın, həkimlə işini təxirə salsın, yenə borclu qalacaq. Həmkarım Ceyhun Musaoğlunun söylədiyi gözəl bir fikirlə yazımı başa vurmaq istəyirəm: Adamları toylarla yasa batırmayın...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV