CADUGƏR

FAİQ QİSMƏTOĞLU
42495 | 2013-08-31 00:37
...Qara "Prado" düz gəlib Fatmanisə arvadıgilin qapısının ağzında dayandı. Hələ Fatmanisə arvadgilə çatmamışdan əvvəl mobil telefonla Cəvahir onunla əlaqə saxlamışdı. Demişdi ki, o işin dalınca gəlirəm. Görək, sənin bizə köməyin dəyəcək, ya yox?! Cəvahir də elə-belə Fatmanisəgilə gəlməzdi. Hər dəfə gələndə Fatmanisənin cibinə üç dənə qırmızı yüzlük basardı və deyərdi ki, ay Fatmanisə, kişinin işi düzəlsin, gör sənə nə təhər hörmət eləyəcəm...
Cəvahir xanımın həyat yoldaşı Seyran isə yüksək vəzifədə işləyirdi. Qılıncının dalı da kəsirdi, qabağı da. Pula-pul demirdi. Amma o bunula razılaşmırdı. Fikirləşirdi ki, dünənki uşaqlar müxtəlif adamlara yol tapıb icra başçısı gedirlər. Bəs mənim bu qədər pulum və vəzifəm ola-ola niyə başçı vəzifəsinə getməyim?!
...Seyranın iş məsələsini əvvəlcə həyat yoldaşı Cəvahir düzüb qoşdu. Dedi ki, sən adam tapana qədər mən gedim cadugər Fatmanisənin ağzını arayım. Görüm, o fala baxsın, bu işin axırı necə ola bilər?!
Elə həmin arzuyla da Cəvahir xanım düz dördüncü dəfə idi ki, cadugər Fatmanisəgilə gedirdi. Fatmanisə də fala baxıb nə vardısa, hamısını qarşısına qoyurdu, camı götürürdü içərisinə su tökürdü, sonra da deyirdi ki, inşallah, ərin bu yaxınlarda başçı gedəcək. Bu sözü eşidəndə Cəvahirin uçmağa qanadı olmurdu. Beynində fikirləşirdi ki, əri icra başçısı olanda onu da barmaqla göstərib camaat deyəcək ki, bəs bu Seyran müəllimin həyat yoldaşıdır. Seyran müəllim pul qazanan, iş görən adam idi. Həm vəzifəsi vardı, həm də yaxşı biznes əlaqəsi qurmuşdu. Heç belə baxanda onun icra başçısı vəzifəsinə ehtiyacı yox idi. Amma həyat yoldaşı Cəvahir və bibisi Qəmər arvad ona dinclik vermirdilər. Deyirdilər ki, sən başçı olmalısan, vəssalam!
... Cəvahir xanım "Prado"nun qapısını açıb, yerə düşdü. Onun gəldiyini əvvəlcədən bilən cadugər Fatmanisə arvad köməkçisi Nüşabəni Cəvahiri qarşılamağa göndərdi. Çünki qapının ağzında növbədə o qədər adam dayanmışdı ki, onları basıb keçmək mümkün deyildi. Ən azından 50-60 nəfər cadugər Fatmanisə arvadın qəbulunu gözləyirdi. Cəvahir kimi yağlı müştərini əldən buraxmaq isə Fatmanisənin cibinə çox pis təsir eləyərdi. Əgər fala baxdırmağa gələn qadınlar 20 manat verirdisə, amma Cəvahir heç vaxt Fatmanisə arvada 200 manatdan aşağı pul verməmişdi.
Nüşabə qapının ağzında Cəvahirlə öpüşüb-görüşdü. Növbədə dayanan adamların təəccüblə baxdığını görüb, dilləndi:
- Nə gözünüzü bərəldirsiniz, bu xanımı tanımırsınız?! Seyran Əhmədoviçin arvadıdı. Fatmanisənin isə padruqasıdı. Birdən elə bilərsiniz o da sizin kimi fala baxdırmağa gəlib?! A tövbə! O gəlib ki, Fatmanisəyə dəysin, sonra da çıxıb getsin...
...Qapının ağzında gözləyən qadınlardan biri Nüşabənin sözünü kəsdi:
- Kim-kimə dəyir özü bilər, ancaq biz də bir saatdan artıqdır növbə gözləyirik. Elə hər gələn deyir ki, Fatmanisənin qohumuyam, yaxud da padruqası.
Nüşabə:
- Az, lavarsaq-lavarsaq danışma və başından böyük qələt eləmə. Heç səni onun qəbuluna buraxmaram...
Elə bil növbədə duran adamların hamısı bu sözü eşidəndən sonra sakitləşdi. Nüşabə Cəvahiri yanına salıb birbaşa Fatmanisənin yanına apardı. Fatmanisə onu görən kimi ayağa qalxdı və irəli yeridi:
- Azz, sənin qadanı alım, gəl içəri. Nə vaxtdandır səni görmürəm.
Cəvahir:
- Elə mən də sənin üçün darıxmışam. Deyirəm, ay Fatmanisə, bu iş düzəlsə, Allaha and olsun, sənin xəcalətindən çıxacam və elə bir hədiyyə bağışlayacam ki, ömrün boyu yadından çıxmasın!
Fatmanisə:
- Sən nə danışırsan, ay Cəvahir. Biz səninlə padruqayıq. Mən də istəyirəm ki, Seyran müəllim işi tez düzəlsin. Uzağı iki aya sənin ərini başçı qoyacaqlar. Ürəyini buz kimi saxla.
Başçı sözünü eşidəndə Cəvahir xanımın sevincindən az qaldı ürəyi köksündən çıxsın:
- O günü görsəydim, ölsəm də dərdim olmazdı, - deyə Fatmanisəyə tərəf çevrildi.
Fatmanisə arvad yenidən camı gətirdi, içərisinə su tökdü və bir az da başqa şeylər əlavə elədi. Sonra da qaşıqla suyu qarışdırmağa başladı:
- Buna bax, gör, nətəri hər şey asanlıqla üzə çıxır. Axı sənə dedim, Allah qoysa, bir-iki aya kişinin işi düzələcək. Fal da bunu göstərir. Sadəcə olaraq, bir az səbirli olmaq lazımdır. Kişiyə de ki, orda-burda ağzından söz qaçırmasın. Qoy iş düzələndə hamı məəttəl qalsın. Az, bilmirsən ey, bu insanlar nə qədər paxıldı?! Sən elə bilirsən qohum-əqrəban, lap elə bacın-qardaşın sənin ərinin icra başçısı olmasına ürəkdən sevinəcək?! Ay sevindilər, ay?! Vallah, sağ göz sol gözü istəmir. Hər iki göz bir-birinin paxıllığını çəkir. Bax, görürsən bir evdə yanan işıq heç vaxt o biri evə düşmür...
Cəvahir Fatmanisəni diqqətlə dinlədi və sonra da dedi:
- Ay Fatmanisə arvad, düz deyirsən, hələ ərim icra başçısı olmayıb, qohum-əqrəbam paxıllığından partlayır. Orda-burda danışırlar ki, Seyran müəllm bu gün, sabah icra başçısı olacaq. Allaha and olsun, nə mənim, nə də Seyranın ağzından indiyə kimi bu barədə bir söz çıxmayıb. Elə camaat özündən xoflanır. Biri deyir Seyranın sərəncamını bu gün verirlər, biri deyir sabah. Amma nə yaxşı olar, seyran icra başçısı getsə. Allaha and olsun, səni qızıla tutacam!..
Fatmanisə arvad həddindən çox tamahkar qadın idi. Hər gün onun qapısına nə az, nə çox 50-60 adam gələrdi. Pulu olanlar pul verərdi, pulu olmayanlar isə qapısından qazdan, toyuqdan, hinduşqadan birini götürüb gətirərdi. Fatmanisə arvadın həyəti sanki toyuq fermasını xatırladırdı. Elə hara baxırdın toyuq-cücə, hinduşqa və qaz idi...
Fatmanisənin axırıncı sözlərindən sonra Cəvahir xanım daha da ürəkləndi və elə bildi ki, həqiqətən də həyat yoldaşı Seyran müəllim bu gün, sabah icra başçısı olacaq. Çantasını açdı, ordan beş dənə qırmızı yüzlüyü götürüb Fatmanisənin ovcuna basdı:
- Qoy, Seyran təzə vəzifəyə keçsin, bax onda da gəlib sənin xeyir-duanı alacam...
Hər ikisi qucaqlaşıb-öpüşdülər. Cəvahir xanım Fatmanisəgildən elə şad-xürrəm çıxdı ki, elə bil dünyanı ona vermişdilər. Bir göz qırpımında "Prado"ya əyləşdi və sürücüyə göstəriş Verdi:
- Maşını evə sür!..
Sürücü maşını evə sürdü. Çünki evdə Seyran müəllim Cəvahir xanımı gözləyirdi. Gözləyirdi ki, o, cadugər Fatmanisə arvadgildən hansı xəbərlə qayıdacaq. Sürücü maşını birbaşa villaya sürdü. Seyran müəllim isə həyətin mühafizəçisi ilə söhbətləşirdi. Maşının siqnalını eşidən kimi mühafizəçi qapını açdı və maşın içəri daxil oldu. Cəvahir maşından yerə düşüb, Seyran müəllimə yaxınlaşdı:
- Gözün aydın, ay kişi, hər şey tezliklə həll olunacaq. Bir-iki ay da dözsən, işlərin düzələcək!..
... Özünü yuxarı vəzifəli adamlarla yaxın əlaqəsi olan Cəfər elə göstərirdi ki, guya bu işləri bir-iki günə yoluna qoyacaq və bu işi aşırmaq üçün Seyran müəllimdən nə qədər pul qoparmışdı. Seyran müəllim mobil telefonunu söndürmüş və səs-sorağı olmayan Cəfəri axtarmağa başladı. Amma Cəfərdən bir xəbər yox idi. O, ilim-ilim itmişdi. Cəfər Seyrandan aldığı pulları da götürüb xarici ölkələrdən birinə qaçmışdı. Cəfəri tapa bilməyən Seyran bərk dilxor idi. Həmin günü işə də getməmişdi. Siqareti-siqaretə calayırdı. Birdən nazirlikdən ona zəng gəldi:
- Seyran Əhmədoviçdi?! Siz tutduğunuz vəzifədən cənab nazirin əmri ilə bu gündən azad edilirsiniz. Haqqınızdakı cinayət xarakterli materiallar isə prokurorluq orqanlarına göndərilir.
Elə bil bu sözləri eşidəndən sonra Seyran müəllimin başına bir qazan qaynar su töküldü. Dağ uçdu altında qaldı. Rəngi ağappaq olan Seyran müəllimə baxan arvadı təlaşla soruşdu:
- A kişi, rəngin niyə elə ağardı?!
- Evimiz yıxılıb, ay arvad! O oğraş gədə var ey, Cəfəri deyirəm, pulları götürüb aradan çıxıb. O cəhənnəmə, indi də nazirlikdən zəng elədilər ki, məni işdən çıxarıblar...
Cəvahir xanımın da rəngi ağappaq oldu. Əlləri soyudu. Sürücü iki daşın arasında qalmışdı. Bilmirdi, Seyran müəllimə kömək eləsin, yoxsa Cəvahir xanıma. Hər ikisini soyuq tər basmışdı və gözləri də get-gedə solurdu...

FAİQ QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV