adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ŞEİRİMİZDƏ QARABAĞ

VAQİF YUSİFLİ
38994 | 2013-08-31 23:35
(VI məqalə)

Bu silsilədən qələmə aldığım yazıda mərhum şair Mətləb Misirdən söz açmasam, insafsızlıq olar. Doğrudur, bu silsilədən olan II yazıda Mətləb Misirin "Çadır şeirləri" haqda lap qısaca söz açmışdım, amma şairin yaradıcılığında Qarabağ mövzusu, daha doğrusu, Qarabağ dərdi bir neçə şeirlik deyil. Ömrünün son illərində Mətləb Misir öz "Qarabağnamə"sini yaradırdı.
Səksəninci illərdə, daha dəqiqi, 1984-cü ildə, dünyanın bir bəxtəvər çağında mən "Azərbaycan" jurnalının əməkdaşı kimi Qarabağa ezam olunmuşdum. Məqsəd bu idi ki, Ağdamda, Füzulidə, Dağlıq Qarabağda gəzim-dolaşım, Qarabağın gözəl insanları ilə görüşüm, bu rayonlarda yaşayan sənət adamları ilə söhbət edim, xülasə, jurnal üçün bir neçə publisistik yazı hazırlayım. "Mərkəzi iqamətgahım" Füzuli şəhəri idi, rayon partiya komitəsinin siyasi maarif kabenitinin müdiri Mətləb Qasımov mənə təhkim olunmuşdu, yəni hayana getsəm, o, məni müşayiət edəcəkdi. Bu Mətləb Qasımov Mətləb Misir idi ki, mən onu çoxdan tanıyırdım (raykom aparatında işçiləri təxəllüslə yox, familiya ilə çağırırdılar), işlədiyim redaksiyaya bir neçə dəfə gəlmiş, şeir gətirmişdi. Həm də Mətləbi ondan tanıyırdım ki, böyük şairimiz Rəsul Rza gənclərin yaradıcılığından bəhs edən bir məqaləsində gənc şair Mətləb Misirdən də söz açmış, ona uğurlu yol arzulamışdı.
Mətləb Misir Füzulinin Gecəgözlü kəndindən idi. Çox istiqanlı, mehriban adam olduğu üçün mən mehmanxanadan imtina etdim və ezamiyyətdə olduğum o üç-dörd günü Mətləbgildə gecələməli oldum. Mətləbin və ailəsinin necə qonaqpərvər, necə istiqanlı olduğunu hiss edirdim və mənə elə gəlirdi ki, Azərbaycanın kənd ziyalısı, ixtisası dil müəllimi olan, amma savadına, dərrakəsinə, işgüzarlığına görə vəzifəyə aparılan (o zaman Füzulidə raykomun birinci katibi Əhməd Əhmədzadə idi və o, rayonda sevilirdi) Mətləb allahın ən xoşbəxt bəndələrindəndir. Amma sən demə, Mətləbin Təbriz adında təzə-təzə boy göstərən, təzə-təzə şeir yazan bir oğlu vardı və bu uşaq səhv eləmirəmsə instituta da daxil oldu. Amma cavan oğlan institutun elə birinci kursunda sağalmaz bir xəstəliyə tutuldu və gdünyasını dəyişdi. Bu hadisə uzun illər Mətləb Misirin qəlbində sağalmaz yara kimi məskən saldı. Sonra isə qaçqınlıq, köçkünlük... Bakıda tez-tez görüşürdük. Yadımdadır ki, 1997-ci ildə Bakıda Yazıçılar İttifaqı və Füzuli ictimaiyyətinin iştirakı ilə "Natəvan" klubunda Mətləb Misirin 60 illiyi qeyd olundu.
Mətləb Misir ailəsi ilə birgə çadırda yaşayırdı (Sabirabad rayonunun Qalaqayın çadır düşərgəsində məskunlaşmışdı). Müəllimliyini burada da davam etdirir, həm də Füzuli rayonu həmkarlar təşkilatının sədri idi.
Mətləb Misir 2008-ci ildə çap olunan "Çadır, çadır rəngləri" kitabına yazdığı ön sözdə deyirdi: "Taleyimin on beş ili sıxıntılı, nisgilli, ağrılı-acılı köçkünlük illərindən keçib gəldi. Qarabağ həsrəti mənimlə qoşa addımladı. Dərdimin pərsəngi ağrılarım oldu. Bu illəri el-obamla birlikdə çadırlarda keçirdim. Bu ağır günlər məni çilikləyib, qıra bilmədi. Əksinə, bir az da bərkidim, qəzəbimi tişələdim, ümidimi itilədim. Ən güclü həmdəmim elə ümidim oldu. Yaxşı, istiqanlı, ədalətli, böyük, xeyirxah adamlarla yanaşı kəmfürsət, tamahkar, ədalətsiz, cılız adamlar da gördüm. Şükür, min şükür ki, özümü inam, xeyirxahlıq üstündə kökləyə bildim-sarsılıb, özümü itirmədim".
Əlbəttə, insanın dərd içində belə nikbin sözlər deməsinə inanmaq olmur, amma Mətləbi yaxşı tanıyanlar bilirdilər ki, həyat yollarında sarsılsa da, o özünü şax tutmağı bacarır. Həm də ki, onun POEZİYA adlı əbədi dostu vardı və Mətləb Misir ürəyini bütün-bütün o dostuna açırdı. O da Mətləbi şair kimi dilləndirirdi.
Müasir poeziyamızda çadırlarda yaşayan, köçkünlüyün, qaçqınlığın dərd-bəlasını görən insanların həyatı deyərdim ki, ilk dəfə genişliyilə Mətləb Misirin şeirlərində öz əksini tapıb. Mətləbin "Çadır şeirləri" Azərbaycanın düçar olduğu bəlalardan birinin ünvanını poeziyanın bələdliyi ilə tam şəkildə açıqlayır.

Qarmağa düşmüş ovsan,
Boz həsrətə tilovsan,
Mərd namərd olar qovsan,
Qəm ötür köklü simim,
Açılmır bu tilsimim, -
Qollarımın qandalı,
Ayağımın çidarı, -
Çadır, çadırım.

Qarabağ yuxuludur,
Bu yuxu qorxuludur,
Ümidim uyğuludur,
Yumruqlarım sıxılıg
Yardım-çadır sığalı,
Sən bir qəm xiridarı,
Həsrətin bəyaz qarı,
Çadır, çadırım.

Mətləbin "Çadır şeirləri" bu misralarla başlayır və həmin silsilə "Çadırlar", "Çadır etüdləri", "Daha üç çadır şeiri", "Çadır dili-Vətən dili", "Çadır xatirələri", "Çadır adamları", "Çadır rəngləri" adlı şeirlərlə təmsil olunur.
Azərbaycan poeziyasında rənglərlə bağlı çoxlu şeirlər yazılıb. Rəsul Rzanın "Rənglər" silsiləsindən sonra poeziyada sözlərin yaratdığı rəngli duyğuların sayı artdı. Mətləb Misirin "Çadır rəngləri" də bu qəbildəndir. Əslində, qaçqınlar üçün istifadə olunan çadırların çoxrəngli olması ağlabatan deyil, bu, Mətləb Misirin öz təxəyyülüdür ki, çadırları "rəngləyib". Bu rənglər onun qaçqınlıq həyatı, ömür-gün reallıqları ilə bağlı keçirdiyi hisslər, duyğulardır. Məsələn, Ağ çadır: "Bu çadırın da Divarlarını dərd bəzəyir. Bu çadır da O biri çadırlar kimi Ağ günü gözləyir. Bu çadır da Dərdə, nisgilə, Sıxıntıya, Həsrətə dözməyir". Boz çadır: "Çadırların şahıdır, Rənglərin Allahıdır Boz çadır. Dərdi, nisgili, Ağrısı qabar-qabar, Cadar-cadar". Sarı çadır: "Gördüm ki, Ümid qalıb sarala-sarala. Az qaldı ki, Belim qırıla. Qorxudan Rəngi qaçmış uşaq. Həsrət içində Yol gözləyən Qarabağ. Qədirin "Sona bülbüllər" iniltili, Həsrətli səsi". Qara çadır: "Qaradır, qapqaradır, Qapqara çadır kimidir Qarabağsız Azərbaycan. Bu çadıra girəndə Az qalır Ürəyimin teli qırıla. Burda da adamlar İşıqlı, Ağ gün gözləyir Qarala-qarala. Bu çadırın da mayası, Ayaması dərd. Bu çadır da Həsrət udub, Qəm içir". Qırmızı çadır: "Millət Qarabağ deyib, Qan ağlayır. Çadır, çadırım, Sən də qırmızı-qırmızı Yat.Ağla, ağla, Qırmızı köynəyinin Yaxasına qara bağla". "Yaşıl rəngli çadır: "Yaşıl çadır ötən günlərdə, Sərhədçi papağı, Yaşıl çadır Doğma Azərbaycanın Qələbədən sonrakı Qarabağı".
"Çadır şeirləri" silsiləsi "Çadır rəngləri yazan şairin vəsiyyəti" ilə bitir:

Mən öləndə
Bir dəstə yaşıl otun,
Bir boz yovşanın,
Bir sal qayanın,
Salxım söyüdün,
Ya da elə bir
Yaşıl kolun
Dibində dəfn edin
Mətləb Misiri.
Qoyun qalım orda
Ağara-ağara,
Sarala-sarala,
Qarala-qarala,
Bozara-bozara.
Göyərə-göyərə,
Qızara-qızara.

Mətləb Misir Qarabağ mövzusunda ilk poemalar müəllifi kimi də tanınır. Onun "Şəhidlər" və "Didərginlər" poemaları doxsanıncı illərdə qələmə alınıb. "Şəhidlər" poemasını o, Allahşükür Paşazadəyə həsr etmişdir. "Dua elə, Allahşükür, Dua elə Allaha. Dua elə şəhidlərə Bir daha. Dua özü nahaq qanı Yumaq üçün savabdır. Dua özü qantökənə, Bəlkə elə ən tutarlı Uavabdır".
Poema bu misralarla başlayır və Vətən, şəhidlər, yurd itkisi, həyatın, gerçəkliyin acılıqları və bir fərdin çəkdiyi əzablar, üzüntülərgbax, bu duyğularla diqqəti cəlb edir. Hiss olunur ki, tökülən qanlar, Vətənin üstünü alan qara buludlar şairi əndişələrə qərq edib və o, üzünü Allahşükür Paşazadəyə tutub ki, dərdini onunla - Qafqazın şeyxi ilə bölüşsün.

Hələ öz səmtimi tapa bilmirəm,
Kədərim qəlbimdə ovxarlanıbdır.
Tutduğum bu yoldan sapa bilmirəm,
Baxma ki, ürəyim dərddə yanıbdır.

Özümə gələ bilmirəm,
Yıxılıb ölə bilmirəm
Dərdin acığına,
Söykənmişəm ata ocağına.
"Didərginlər" poeması da şairin düşüncələri üzərində qurulub. İstər "Şəhidlər"də, istərsə də "Didərginlər"də M.Misir qoşma, gəraylı və bayatı şeir formalarına müraciət etmişdir.
"Didərginlər" poemasında Qarabağa həsr olunan qoşma Mətləbin ən uğurlu şeiridir, - desək, yanılmarıq:

Daşlarını itiləyim əlimlə,
Əsəbini sığallayım dilimlə,
Harayına can verərəm ölümlə,
Gərəyimdir, gərəyimdir, Qarabağ.

Yovşanında bu torpağın tamı var,
Bu torpaqda igidləri tanı, var,
Oğulların odda bişmiş canı var,
Örnəyimdir, örnəyimdir, Qarabağ.

Natəvanın kələğayı-buluddu,
Üzeyirin ruhu dəli sükutdu,
Xan Şikəstə oxuyacaq-bu oddu,
Ürəyimdir, ürəyimdir, Qarabağ.

Xalq şairi Fikrət Qoca yazır: "Mətləb Misir - dünyada məlum olan ən qədim cəzalardan birinə məhkum olan şair qaçqınlıq cəzasını çəkir. Həyatda ilk insan doğulduğu andan qaçqındı, ölümdən qaçır. Ölümə doğru qaçır. Şairlər də ölümdən qaçan yox, ölümə doğru qaçan qaçqınlardır. Əgər şairin el-obası qaçqındırsa, onu qızıl sarayda saxlasan da, o saray şair üçün qızıl qəfəs olacaq. O, xalqı ilə bir yerdə sürgünlüyü, səfalət içində yaşamağı saray həyatından üstün tutacaq. Kaysın Kuliyevi Stalin sürgündən azad eləmişdi. Kaysın Kuliyev: -Xalqım sürgün olunursa, mən onlarla sürgündə yaşamağı üstün tuturam demişdi və xalqı ilə sürgünə getmişdi".
Mətdəb Misirin Qarabağ həsrəti ilə yazdığı şeirləri də tək onun ürəyinin fəryadı, ahı deyildi, bu dərdi ürəklərdə yaşadan çoxlarının kədəriydi. Mətləb Misir də bizim hamımız kimi böyük ümidlə yaşayırdı. Yaşayırdı ki, Qarabağın azad edilməyini gözləriylə görsün, doğma kəndi Gecəgözlünü görsün, o kəndin gülünü, çiçəyini dərsin, bulağından su içsin, çölünü, çəmənini dolaşsın. Amma o günün həsrətiylə getdi dünyadan.
Bu şeirlə yazıya son qoymaq istəyirəm:

Qəm başımı sığalladı,
Nazım olmadı, olmadı.
Zalım fələk cığalladı,
Yazım olmadı, olmadı.

Dünya hərdən naz elədi,
Dərdimi taraz elədi.
Sevincimi az elədi,
Sözüm olmadı, olmadı.

Üstümə yeridi ölüm,
Dünya sevinc ver, qoy alım,
Qayaya dırmaşdı yolum,
Düzüm olmadı, olmadı.

Mətləb Misir-yanıqlı ah,
Sevincə gətirdi pənahg
Gözümə qəm sıxdı Allah,
Gözüm olmadı, olmadı.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV