adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TATUİRİZM?

MƏZAHİR ƏHMƏDZADƏ
39164 | 2013-08-24 01:52
Uşaqlıq illəri özünəməxsus əlamətləri, hadisələri ilə yadda qalıb, xatırlanır. Çox şeylər unudulsa da sevinc, heyrət və qorxu hissi ilə müşahidə olunan hadisələr qocalananda da dünən baş vermiş kimi aydın, işıqlı görünür.
Məsələn, mən bir əhvalatın üstündən 45 il ötüb keçsə də, çox yaxın bir vaxt kəsiyində, eləcə o günün havası, nəfəsi, qorxusu ilə olduğu kimi xatırlayıb yaşayıram. Uşağı döyərlər qorxar, it qovar qorxar.
... Həm də gizli bir qorxu anı...
Mən ilk dəfə belə bir qorxu anını qonşumuzda daşdan hasar çəkən bir bənnanı görüb yaşamışam. Yay vaxtı olduğundan bədəninin yuxarı hissəsini soyunub işləyən bu kişinin kürəyində, sinəsində və qollarında heç vaxt görmədiyim qəribə və qorxulu şəkillər var idi. Usta nə qədər mehriban görünməyə çalışsa da, mən də, o biri uşaqlar da ondan qorxub qaçırdıq. Və təbii ki, bunun nə olduğunun, bu kişinin də bizim atalarımız kimi bir insan olduğunun fərqindəydik. Biz eşitdiklərimizdən belə anlardıq ki, türmədə yatan, əsgərlikdə pis ad çıxaran adamların bədənində belə şeylər olurmuş. Deməli, ilkin qorxu təəssüratı həm də əsaslıymış. Türmə, pis ad çıxarma və s. bütün bunların özü də bizim yaşda olan uşaqlar üçün onsuz da qorxulu şeylər idi. Və neçə-neçə illər ötüb keçdikdən sonra bəzi yaşıdlarımızın da qollarında buna bənzər göyümtül yazı və şəkillərə rast gəlməyə başladıq. Adət-ənənələrimizə bütün mənalarda yabançı olan və daha çox Rusiyadan baş alan bu stixiya, nə yaxşı tez bir zamanda da söndü. Bu axmaq və mənasız hissin təsirindən bədənini və qollarını eybəcərləşdirən bir çoxları onu yox etmək üçün dərilərini dondurma buzu ilə "yandırıb" qazımağa qədər peşimanlıq keçirirdilər.
O vaxtlar buna döymə deyirdilər. Nə kişi, nə də qadın bədəni döymədən heç bir məna və gözəllik tapa bilməz. Tanrı insanı olduğu kimi yaradır. Boyunu, rəngini, saçını, əyrisini, düzünü verir. Mən indinin indisində də bədəni, qolları döyməli birisini görəndə elə o dəqiqə o yarıçılpaq bənnanı olduğu kimi xatırlayıram. İçimdəki uşaqlıq qorxusu bir anlıq da olsa elə həmin günün havası, qorxusu kimi yaşanır.
... Bu günlərdə bu yaşımda yenə qorxdum. Ancaq bu, türmədən gələnin, evindən, elindən uzaqlarda nəsə pis ad çıxaranların on-on iki yaşlı uşağa təsir edən qorxu hissi deyildi. Bu tamam başqa məsələ idi. Yay girəndən şəhərdə piyada gəzmək imkanım azalmışdı. Bir dəfə isə belə imkan saatlarla davam etdi. Bazar, dükan, market, dənizkənarı park, çayxana, metro, izdihamlı küçələr... Qısaqol köynəklər, açıq sinə və gərdənlər... Baxırsan ki, indi yeniyetmə-gənclər, hətta bəzi cavan və orta yaşlıların da bədənlərində döyülmə təsvirlər artmaqdadır. Hətta "bu yaradıcılığı" təbliğ və icra edən mərkəzlərin də sərbəst fəaliyyəti bir çoxlarına təəccüblü görünmür. Mən izləməmişəm, deyirlər bəzi televiziya kanallarında da bu tip "yaradıcılıq emalatxanalarından" reklam tərzli verilişlər də hazırlayırlar. Yaxşı ki, bu döymələrin çoxu asan pozulan yazı və şəkillərdir. Hər halda mənə bu cür izah etdilər. Ancaq bütün hallarda mənasız bir meyldir. Adam xəcalət çəkir.
... Televiziyada gördüklərimizdən danışırdıq. Keçmişlərdə başqa cür olurdu. Biz buna bənzər verilişləri mövzu baxımından keçmiş illərdə Moskva televiziyasının çox populyar olan "Kino səyahətçiləri klubu" proqramlarında çox görmüşük. Məşhur Yuri Senkeviç tamaşaçılara sivil ölkə və mədəniyyətlərdən, gözəl dəniz və göllərdən, qədim abidələrdən söhbət açmaqla yanaşı, uzaq adalardan, kiçik qəbilələr, bədənlərini, burun və qulaqlarını eybəcər hala salan cəngəllik adamlarından və tatuirləmədən də danışırdı. Sadəcə danışırdı. Yaxşı, ya pis müəyyən adətlərin hansı səbəblərdən meydana gəldiyini bildirirdi. Çünki dünyanı gəzən səyyah hər şeydən, gördüyü hər maraq doğuran əhvalatdan danışmalı idi. Xüsusilə bizə, həyat tərzi müəyyən qədər uzlaşan çoxluğa dünyada belə-belə işlərin də olduğunu çatdırırdı. Yaxşı və gözəl nə varsa təbliğ olunurdu. Qalan məsələlərdənsə sadəcə fraqmental söhbət açılırdı ki, tamaşaçı planetin ucqar yerlərini, bu yerlərin ona yad olan adətlərini də öyrənib öz qiymətini, əxlaqını bir daha müəyyənləşdirsin.
Bu gün daha çox idmançıların və estrada mənsublarının meyl edib bədənlərini müxtəlif şəkil və döymələrlə bəzəyənlərin "azad müasirliyi" təəssüflər olsun ki, cəmiyyətə də sirayət edir və Tatuir yeniyetmələrin, Tatuir gənclərin sayı artır. Bu, tendensiya da deyil, sadəcə anlaşılmaz bir stixiyadır.
Ya bəlkə, bu elə bir sənət növüdür? Yoxsa Tatuirizm adlı yeni bir cərəyan formalaşır? Əlbəttə ki, absurddur. Əsas odur ki, indi həmin o "türmədən gələn" bənna sağ olsaydı, mənim o vaxtkı avamlığıma və qorxaqlığıma necə ürəkdən gülərdi...

P.S. Gözəl və ağıllı Azərbaycan gəncliyi, lütfən uzaq durun, lütfən qarşı çıxın. Guya hələ sakit görünən bu stixiyaya qarşı...


Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV