UNUDULMUŞ XOŞBƏXT

ƏBÜLFƏT MƏDƏTOĞLU
44005 | 2013-08-24 01:51
Öncə yazını elə nağıl kimi başlamaq istədim. Könlümdən keçdi ki, dizlərimi qatlayım, daha doğrusu, içimdən keçdi ki, bir yastığa dirsəklənim, uşaqlarım da yığışsın başıma və qarşımdakı qədimlik nişanəsi olan çay stəkanlarından biri fırlansın və mən də havaya qalxan o buğun izinə düşüb yavaş-yavaş üzü göyə qalxam və...
Və başlayım söyləməyə: bir vardı, biri yoxdu... Amma həyatımda önməli yeri olan dəyərli dostum mərhum Nüsrət Kəsəmənli yadıma düşdü. Bir anlıq diksindim. Axı o, şeirində yazırdı ki:

Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox...

Bəli, diksinib ayıldım ki, məndə də biri var, biri yox. Ona görə də tənha adamın nağılını "bir var idi, bir yox idi" sözləri ilə başlaya bilmədim. Eləcə ağlıma ilk gələn sözlə həmin o real nağılı, bir ömrün konkret məqamlarını olduğu kimi söyləməyə başladım...
Dünyada mənim üçün, özümə çəkilməkdən, özü ilə həmsöhbət olmaqdan gözəl heç nə yoxdu. Mən özümə çəkilib özümlə üz-üzə dayananda ürəyimin səsini daha yaxşı eşidirəm, özümü daha yaxından görürəm, daha yaxından tanıyıram. Hətta nöqsanlarım da heç bir təqdimatsız özü təpilir gözlərimə. Bax onda dünyanın bütün malına-mülkünə sahib, dünyanın bütün xoşbəxtliklərindən yüksəkdə dayanan bir Allah bəndəsi oluram. İnanın ki, həmin o, özümə çəkilib özümlə danışdığım məqamda mənə elə gəlir ki, nə dediyini, nə düşündüyünü, hansı hisslər keçirdiyini böyük Tanrı görür, eşidir, dinləyir və hətta mənə bir nəvazişlə təsəlli də verir, yol da göstərir. Məhz həmin anda, məhz həmin yerdə mənim xoşbəxtliyimi heç kim heç nə ilə ölçə bilməz...
Təbii ki, özümə çəkilməm heç də dənizə, dəryaya bənzəmir. Yəni mən qabarmadan öncə çəkilməni yaşamıram, əksinə, mən qabarıb sonra özümə çəkilirəm. Daha dəqiq ifadə etsəm, dərdlə, kədərlə, haqsızlıqla, etinasızlıqla, ən vacibi isə bilə-bilə ürəyə toxunmaqla üz-üzə qalanda onda əlacım, çıxış yolum məhz özümə çəkilməyə çatır. Bax onda həmişə əsəbi şəkildə yazdığım bir bənd yadıma düşür, onu pıçıldayıram:

Gör necə də doğma gəlir
Dərd adama, dərd adama...
Adamlıqdan bircə damla
Dərdə dama, dərdə dama -
Anlaşaq...

Hə, təəssüf ki, adamlıqdan dərdə heç iynə ucu boyda da dammır. Əksinə, dərd adamlığı bəzən elə sıxır ki, həniri də çıxmır. Hətta adamlıq bu dərdin içində əriyib itir də. Allah mənə, mənim adamlığımı dərdin içində əriməsini heç vaxt göstərməsin.
Deməli, bu dünyada özümə çəkilib öz içimdə olduğum məqamda dünyanın hüdudları yadımdan çıxıb. Həmin o hüdudsuzluğun içərisində mən tək qalıram, tənha oluram. Öncə bu təklik, tənhalıq mənə yalquzaqları da xatırladır. Ağlımın ucundan gəlib keçir ki, onlar da yalqız qalmaq üçün, yalqız mübarizə aparmaq üçün, yalqız hər şeyə sahib olmaq üçün bir həyat seçiblər. Amma bu təbii həyatı yalquzaqlar özlərinin ömürlükləri ediblər. Mən isə yalqızlığı, tənhalığı həmin o qabartdığım məqamlarda arzulayıram, həmin o məqamlarda özümə doğma bilirəm. Çünki doğması, lap elə övladı cərrah bıçağı altında olan insanın həmin o proses dövründə nələr keçirdiyini, dörd gözlə ətrafı necə arayıb axtardığını, ürəyində kimlərisə arzuladığını, kimlərinsə səsini, təsəllisini eşitmək istədiyini zənnimcə xatırlatmaq yersizdi. Həmin prosesi yaşamış insan o əməliyyat anında bəlkə də min dəfələrlə ölüb dirilir. Bəlkə min dəfə özü özünə sullar verir... bəlkə min dəfə özünü övladının əvəzinə bıçaq altına atmaq istəyir. Amma ...
Amma bütün bunlar istəkdi. İsətyə isə heç kim səs vermir, heç kim dəstək olmur. Hətta sənsiz yaşaya bilməyəcəyini bütün coşqusu ilə, bütün ürəyinin tutumu ilə birlikdə bəyan edən insan da bəzən həmin anda hansısa səbəbdən yanında olmur. Onda necə tək olduğunu, necə tənha olduğunu təkcə nağıl kimi görmürsən, yaşamırsan, eşitmirsən, həm də özün onun üçün də elə bil ki, boğula-boğula, tıncıxa-tıncıxa bir ağırlıq daşıyırsan, bir yük çəkirsən... köməyinə yalnız və yalnız hisslərin, duyğuların, düşüncələrin, özünün özünlə pıçıltıların çatır.

Sənsizliyin içində
Əridim, əridim getdim
Oldum yolsuz, yönsüz bəndə
Yeridim, yeridim getdim...

Dərəyə dolmuş duman tək
Qırılmış ümid, güman tək
Şəklimi bozbulanlıq çək
Sirr idi, sirr idim getdim...

Düşdüm bir ulduz izinə
Göz qoydum göyün üzünə
Kövrələn göyün özünə -
Kiridim, kiridim getdim...

Bir eşq idi varım, gücüm
Dünən dəfnim, yarın üçüm
Nə vaxtsa mən yarım üçün -
Bir idim, bir idim getdim...

***

İndi həmin o kor-kobud, çappa stəkana baxa-baxa düşünürəm. Təkliyimi, tənhalığımı mənim nağılımı dinləmək istəyənlərə necə izah edim, necə çatdırım. Axı ətrafın boşdusa, yerin heç harda görünmürsə, qapının, telefonun zəngi çalınmırsa, xeyirdə-şərdə anılmırsansa, burda tənhalığın, təkliyin nə günahı var? Deməli, bütün günahlar rəhmətlik xalq şairi Osman Sarıvəlli demiş, "günah onun özündədi". Düzgün yaşamaq, düzgün həyat tərzi keçirmək, düzgün olanın qulpundan tutmaq və dürüstlüyü ömür kriteriyası etmək hələ hər şey demək deyilmiş. Hələ halallığın yanınca bir qaşıq da olsa haramlıq da aparmaq, hələ düzgünlüyün yanınca bir çimdik namərdlik də daşımaq və nəhayət gerçəklə yanlış olanı bir-birindən yerlə göy qədər fərqləndirməmək günün, zamanın ən vacib məsələsi imiş. Bu dediklərimi birgə tutan, birgə daşıyan, ömründə onlara bir yerdə arıyan daha ağıllı, daha bacarıqlı, daha uzaqgörən daha lazımlı imiş. Mən isə...
İndi artıq üçüncü dəfə cərrahiyyə əməliyyatı olunan, üçüncü dəfə cərrah bıçağı altınla düşən övladımın pambıqdan da ağ əllərinə, sifətinə gözlərimi dikib həyat əlaməti axtarıram. Heysiz, gücsüz bədəndə inanın ki, qan izi görünmür, qan dövranını hiss etmək mümkün deyil. Üzülmüş yarpağa bənzəyir. Onun gözlərindən gözümü gizlədib tavana baxıram. İçimdəki duaları pıçıldaya-pıçıldaya nə qədər tənha olduğumu bir daha duyuram, bir daha yaşayıram. Axı niyə belə olur? Yadıma yenə məşhur misralardan biri düşür:

Mən ki, (sən ki) belə deyildim(in)...

Hə, görünür mən necə olduğumu bugünə qədər bilməmişəm. Ya fil qulağında yatmışam, ya anlaqsız olmuşam, ya da Araz aşığımdan olub, Kür də topuğumdan. Ona görə də təklənmişəm, tək qalmışam. Heç istəmədiyim, heç arzulamadığım indiki bu təklik, tənhalıq yozulası, yazılası halda deyil. Ümumiyyətlə, onu yazmağa da ehtiyac yoxdur. Sadəcə indi nə vaxtdan bəri ürəyimdə yazıb kağıza köçürmədiyim misraları kağıza köçürmək istəyirəm. Özü də təsəlli kimi yox, elə belə. Bəlkə bu misralar kimlərinsə fikrini dağıtdı. Lap elə olsun bu yazını oxuyanın. Hər halda kövrək misralardı.

Arxayınca çəkil, get
Nigaran qalma daha
Ruhu ölmüş sevgini
Vecinə alma daha!

Uşaqlıqda oyuncaq
Oynatmağın çox olub
Sanki onlardan biri
Düşüb, itib, yox olub!

Ya da maraq güc gəlib
Bir ürək oynatmısan
Ürəyincə olmayıb
Bir kənara atmısan...

Adi, ötəri bir an...
Olub keçdi... sən unut...
Bir də yağmaz ömrünə
Pərən düşmüş mən - bulud!

... Dünyada hər şey gözəldi, hətta ölüm də. Əgər insan kimi yaşayıb, insan kimi dünyadan köçürsənsə, bundan gözəl nə ola bilər ki. Bir az qəmli olan bu yazının bir damarına azacıq gülüş qatmaq istəyirəm. Etiraf edirlər ki, dünyada ən gözəl göz eşşəkdə olur. Təəssüf ki, o gözəlliyin qədrini eşşək bilmir. Çünki eşşəkdi. Ancaq təkliklə tənhalığı yalquzaqlıqla qarışdırmağın, ona bərabər tutmağın özü də, elə həmin o gözəl gözləri olan heyvanla bir eynilikdi. Çox sevinirəm ki, bu dünyada tənhalığın mənə doğma olan çalarlarını heç olmasa, insan kimi duyub çözə bilirəm, sevib dözə bilirəm! Mənim tənhalığım bəlkə də elə mənim xoşbəxtliyimin kimsə tərəfindən görünməyən özüdü...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV