adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Anasını boğan məşhur aktyor

SAMİRƏ ƏŞRƏF
53841 | 2013-08-24 01:50
1902-ci ilin isti yay günlərinin birində Bakı teatr həvəskarları Rəhimbəy Məlikovun evinə yığışaraq tələbə Cuvarlinskinin nəfinə tamaşa hazırlayırlar. Tamaşa üçün seçilən əsər Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" əsəri olur. Rollar paylandıqdan sonra Nəcəf bəy görür ki, tamaşa üçün yetərli sayda aktyor yoxdur. Vəziyyəti belə görən Vəzirov gənc aktyor Mirmahmud Kazımovski və Hüseynqulu Sarabskiyə müraciət edib daha bir həvəskar aktyor tapmalarını xahiş edir. Kazımovski Hüseyn Xələfov adlı bir aktyorun olduğunu bildirir. Vəzirov həmin adı eşidib bir qədər fikrə getdikdən sonra Hüseyn Xələfovun onun şagirdi olduğunu bildirir. Sonra o, Xələfovu tamaşaya dəvət etmələrini arzulayır.
Ertəsi gün Hüseyn Xələfov qoltuğunda bir xeyli kitabla onların yanına gəlir. Nəcəf bəy Vəzirov Hüseynlə görüşür. Məlum olur ki, Hüseyn xeyli vaxtdır ki, işsiz və pulsuzdur. Bakının o vaxtkı vəziyyətindən, insanların savadsızlığından, sənətə və elmə olan laqeydliklərindən doğan bədbinliyini dilə gətirən Hüseyn müəllimi ilə xeyli söhbətləşir. Nəcəf bəy Hüseyn kimi bir insanın işsiz olmasına xeyli təəssüfləndikdən sonra öz şagirdinə tamaşaya qoyacağı "Müsibəti-Fəxrəddin" əsərindəki Hacı Murad rolunu tapşırır.
Beləliklə böyük aktyorun ilk səhnə addımları başlanır. Onun aktyorluq potensialı, sənətə olan hədsiz sevgisi qısa zaman ərzində onu nəinki Azərbaycanda, hətta qonşu ölkələrdə də məşhur edir.
Hüseyn Məmməd oğlu Xələfov 1881-ci ildə Bakı şəhərində yoxsul bir dənizçinin ailəsində dünyaya göz açıb. Hüseynin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçib. Atasını vaxtsız itirən Hüseyn anasının himayəsi altında böyüyüb. Anası Hüseyni mollaxanaya qoyur. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə mollaxananı buraxmağa məcbur olub. Sonrakı illərdə o, "Üçüncü Rus-Tatar" məktəbini oxuyub bitirir.
O, qısa zaman ərzində M.F.Axundovun, Ü.Hacıbəyovun, Şillerin, Qoqolun, eləcə də bir çox yazıçıların əsərlərini həm səhnələşdirir, həm də həmin əsərlərin baş rollarında özünü sınayır.
Lakin həmin dövrdə tamaşa hazırlamaq, səhnədə çıxış etmək olduqca böyük çətinliklər yaradır. Buna maneçilik törədən əsas səbəblərdən biri insanların teatra olan lağlağı və biganə münasibəti, daha sonra tamaşaların oynanması üçün teatr binalarının olmaması olur. Eləcə də bir çox qeyri-peşəkar insanların rəhbərlik etdiyi truppaların yaranması olur. Belə ki, həmin truppalar o vaxtkı aktyorları teatr mövsümündə öz tamaşalarında oynadırdı. Mövsüm bitdikdən sonra aktyorlara çox az maaş verib başlarından edirdilər. Yay fəslində aktyorlar tamamilə işsiz və pulsuz qalardı.
Zaman keçdikcə, Hüseynin oynadığı yeni rollar ona ard-arda şöhrət gətirir. 1906-cı ilə qədər bütün teatr afişalarında Hüseyn Xələfov kimi göstərilən aktyor, həmin ilin oktyabr ayından Ərəblinski təxəllüsü ilə çıxış edir.
Bir çox teatr təhqiqatçılarının və aktyorun dostlarının yazılı xatirələrindən belə məlum olur ki, Hüseyn Ərəblinski həmin soyadı onun tamaşalarını izləməyə gələn Hacı Zeynalabdin Tağıyevin yaşca özündən xeyli cavan olan arvadı Sona Tağıyevaya olan vurğunluğu səbəb olur. Belə ki, Sona xanımın qızlıq soyadı Ərəblinski olur.
Hüseyn Ərəblinskinin ən yaxın çiyindaşlarından və dostlarından biri olan Hüseynqulu Sarabski öz xatirələrində yazırdı ki, Əbdürrəhim bəy Haqverdiyevin bir çox əsərlərində iştirak edən Ərəblinski ilk dəfə Əbdürrəhim bəylə yazıçının qaldığı "İlhamiyyə" mehmanxanasında tanış olur. Söhbət əsnasında məlum olur ki, Haqverdiyev yenicə yazıb bitirdiyi "Ağa Məhəmməd şah Qacar" əsərini tamaşaya qoyulması üçün icazə almışdır. Və o, Ağa Məhəmməd şah Qacar rolunu yazarkən məhz Ərəblinskinin nəzərə tutmuşdur. Lakin bu xəbər Ərəblinskini şad etmir. Qacar şaha oxşadılması Ərəblinskiyə toxunur və o, Haqverdiyevdən inciyib mehmanxananı tərk edir. Ərəblinskinin incik düşməsi Haqverdiyevi mütəəssir edir. İki gündən sonra aktyor Hüseynqulu Sarabski evində verdiyi xudmani bir qonaqlıqda onları barışdırır.
Öz rollarının öhdəsindən məharətlə gəlməyi bacaran Ərəblinski bir dəfə Şillerin "Qaçaqlar" pyesindəki Frans rolu üzərində evdə məşq edir. Tərəf-müqabili kimi Ərəblinski stulda öz anasını əyləşdirir və rolunu oynamağa başlayır. Fransın atasını boğma səhnəsi zamanı o da iki əli ilə anasının boğazından yapışıb "qoca köpək öl" sözlərini deyir. Bu vaxtı Ərəblinskinin anası qorxudan çığırıb qonşuları haraya çağırır.
Həmin dövrdə ən böyük narahatlıqlardan biri də qadın aktrisaların olmaması idi. Belə ki, bir çox qadın rollarını kişi aktyorlar oynamaq məcburiyyətində qalırdılar. Ərəblinski də bir çox əsərlərdə qadın rolları ifa edirdi. Bunun üçün o, hətta həmin illərdə böyük hay-küyə səbəb olacaq bir hərəkət edib, bığlarını qırxdırır. Qohum-əqrəbalarının bir çoxu aktyor olduğu üçün ondan üz döndərir. Hətta onu ölümlə hədələyənlər də olur.
Və nəhayət xurafat və cahilliyin əsiri olan insanlardan biri aktyorun doğmaca dayısı oğlu 1919-cu ildə Ərəblinskini evinə qonaq çağırıb onu öz evindəcə qətlə yetirir.

Samirə Əşrəf

TƏQVİM / ARXİV