adalet.az header logo
  • Bakı 19°C

Şeytan

XURAMAN HÜSEYNZADƏ
35914 | 2013-08-24 01:50
Əsəblər tarıma çəkilər. Hakim ola bilmərik əsəblərimizə. Birimiz od olanda o birimiz su olmağı bacarmarıq bəzən. Bəlkə də ən böyük qəhrəmanlıq elə birinin od olduğu zaman digərinin su olmağı bacarmağıdı. Bunun üçün yalnız səbr və mədəniyyət lazımdır. Başqa heç nə. Səbrli olmağı bacarsan və mədəniyyətin qəzəbinə güc gəlsə demək ki, su olmağı bacardın. Demək ki, qalib sənsən... Lakin bütün bunların kara gəlmədiyi məqamlar da olur. Ən böyük qalmaqalları, dava-dalaşları, küsməkləri, ayrılıqları sevənlər arasında görürük. Küsərlər, barışarlar. Atası evinə küsülü gedən gəlinlər olur. Bu, artıq adət halını alıb. Yəni adətə görə gərəkdir ki, gəlinin arxasınca ər, yaxud ər evindən kimsə getsin ki, o da "protokol qaydalarına uyğun" şəkildə geri qayıtsın... Sonda ya sevgi qalib gələr, ya da şeytan.
İfrat qısqanclıq şeytan obrazında görünər bəzən...
***
O gün "facebook"da bir toy şəkili paylaşmışdılar. Gəlinin başına elə bir örtük atmışdılar ki, nəfəs almağı belə mümkün deyildi. Gəlinin gizlədilən üzünün yanında bəyin psixi pozğunluğu açıq-aşkar sezilirdi. Qısqanclığın insanı dəlilik həddinə çatdırdığı məqam idi. Şeytan, taxtında oturmuşdu. İnsanlara təəccüb yaşadır, çoxuna müftə gülüş bəxş edirdi.
İnsanlığın tükəndiyi yerdə şeytan pusquda durar... Qəzəbimizə, əsəbimizə hakim kəsilmiriksə onu lənətləyirik. Amma öz əlimizdədir-istəsək mədəniyyətimiz, humanistliyimiz bizi tərk edib yerini şeytana verməz. Bizi rüsvay etməz...
Anadolu türklərinin şeytan haqdakı bir rəvayətini xatırladım:
"Evin gəlini təzə doğmuş bir inəyin buzovunu ağaca bağlayır. Bir az irəlidə də inəyi sağırmış. Bərk acan və azca irəlidə südü sağılan anasını görən buzov bağlandığı ipi qırmaq üçün dartınır. Bu mənzərəni görən şeytan gedib yavaşca buzovun ipini boşaldır. İpi boşalan buzov, bir neçə həmlədən sonra onu qırmağı bacarır və anasının yanına süd əmməyə gedir. Gəlin əsəbləşir və buzova bir zopa vurur. Bunu görən inək gəlinə möhkəm bir təpik ilişdirir. Gəlin yerindəcə keçinir. Hay-həşirə çölə çıxan gəlinin qayınatası tüfəngi götürüb inəyi öldürür. Gəlinin əri də özünü çölə atır, ölmüş arvadını və əlində tüfəng dayanmış atasını görüb arvadının qatilinin öz atası olduğunu zənn edir. Gördüyü mənzərədən dəliyə dönən ər də elə ordaca atasını qətlə yetirir. Ər həbs olunur. Həbsxanada psixikası pozulur və intihar edir. Bu hekayəti eşidən hər kəs şeytanı lənətləyir. Lənətlənməkdən bezən şeytan dilə gəlir: "Mən neylədim ki? Sadəcə buzovun ipini bir az boşaltdım. Gələn-gedən məni lənətləyir. Halbuki mənim etdiyim onların etdiyinin yanında dəvədə qulaqdır..."

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV