adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İRAN HƏBİNİN MÖCÜZƏSİ

FƏRİDƏ RƏHİMLİ
76494 | 2013-08-24 01:48
Azərbaycan kiçik bir məmləkətdi. Cənubi Azərbaycanı, Dəmir qapı Dərbəndi, Borçalısı, Zəngəzuru, Qarabağı qoparılandan sonra mərkəzindən əyalətinə avtomobillə cəmi altı saatlıq yolu olan kiçik məmləkət. Yaradan hər cür yerüstü, yeraltı nemətlə təmin etdiyi bu yurda bəzi özəllikləri əsirgəyib: yurdu qoruya bilmək, bu nemətləri qiymətləndirə bilmək, başına gətirilənləri unutmamaq kimi. Özümüzü bəyənməyib, yadları sevməklə, bu nemətləri israfçılıqla əcnəbilərə hədiyyə etməklə yüzillərlə başımıza gələn fəlakətlərin səbəbini anlamamışıq. İndi Azərbaycan başı, qolları, ayaqları kəsilmiş bədəni xatırladır mənə...
Elmin, texnikanın, mədəniyyətin, səhiyyənin və s. inkişafının bu mərhələsində "milyonlar səltənəti"nin sakinlərinin həyatı məndə bu sualı doğurmaya bilmir: nədən? Nədən təhsilimiz belə gülünc həddədir - universitet balları yüksəlmək əvəzinə, hər il azalır? Nədən iqtisadi inkişafın, kənd təsərrüfatının bütün sahələrində vüsət ala biləcək imkanlarımız olduğu halda başqa ölkələrin ixracatçısına çevrilmişik? Nədən səhiyyəmiz üçün ayrılan külli miqdarda maliyyə doğru ünvanını tapmır?...
Səhiyyəmizin səviyyəsi haqda dəfələrlə yazsam da, bu mövzu mənim üçün qurtarmır. Bu qədər xəstəliklərin artdığı bir zamanda "Dövlət Proqramına Daxil olunmuş Xəstəliklər"dən yalnız birinin, şəkərli diabet xəstələrinin dərman almaqda çəkdiyi əziyyətləri gördükcə bu mövzuya təkrar-təkrar qayıtmalı oluram.
Son altı-yeddi ildə Azərbaycandan İran İslam Respublikasına minlərlə xəstə axını başlayıb. Və gələnlər də oradakı həkimlərin bizdə olan tibbi avadanlıqlara, apparaturalara heyran olduqlarını, bu irəliləyişin onlarda hələ olmadığını etiraf etdiklərini deyirlər. Bəs əsl mütəxəssis nə vaxt yetişəcək bizdə? Burda dərdinə dərman tapmayaraq əlacı kəsilib başqa ölkələrə üz tutan həmyerlilərimiz təcrübə siçovuluna çevrilmədən bu işin həlli olmayacaqmı?
İrandan müalicədən gələn tanışlarımın hamısı mənə oraya getməyimi məsləhət görürlər. Hər birindən də bu sözü mütləq eşidirəm: cəmi bir, yaxud iki dərmanla yaxşılaşdım! Onlar sevinirlər, amma mən şübhələnirəm. Necə ola bilər ki, iyirmi ildən çox sürən bir xəstəliyi canında daşıyan adam üç gün ərzində bir həblə yaxşılaşsın.
Oradan müalicədən gələn bir qohumumdan vəziyyətini soruşdum. Sevinclə cavab verdi ki, "bircə dərman xəstəliyimi apardı". Bir ay sonra görüşdük və ondan indi necə olduğunu soruşdum. Dərmanı içəndə yaxşı oluram, dağı dağ üstə qoymaq həvəsində oluram, yorulmaq bilmirəm, ağrı hiss etmirəm. Dərmanın təsiri keçən kimi yenə əvvəlki kimi oluram - dedi.
Bu nəyin əlamətidi, bilən varmı!!!
Həyəcan təbili çalmağın vaxtı deyilmi?

P.S. Dünən işğalının iyirminci ili sakitcə ötüb keçən Füzuli rayonunun Horadiz qəsəbəsi, arazboyu torpaqları İranla həmsərhəddi. İşğaldan azad olunmuş bu ərazilərdə yeni-yeni səhiyyə ocaqları, hətta möhtəşəm tibb kompleksi də tikilib. Amma buna baxmayaraq, Füzulidən İrana həkim üçün, dərman üçün gedənlərin sayı-hesabı bilinmir.


Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV