adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

QARANLIQDAN AYDINLIĞA

ZAKİR FƏXRİ
39915 | 2013-08-24 01:47
Yaranışdan belədi, arx çəkənin bağçasına su çatmaz, hərə bir tərəfdən arxın suyunu öz bağına, bostanına yönəldər, səbəbkarın özü susuz qalar. Qanun, qayda, dövlət anlayışını dünyaya kimlər gətirdi? Atilladan, Çingiz xandan, Əmir Teymurdan, Fatih Sultandan azmı bəhrələndilər? Sultan Süleyman ölkənin qanunlarla idarə olunmasını, şahın qanun yox, qanunun şah olmasını idarəçiliyə gətirəndə Avropa hansı gündəydi? Bir-birinin ördəyini, qazını oğurlayıb bir bakal pivəyə, bir parç çaxıra dəyişənlər onlar deyildimi? Bəs, müdrik şərq poeziyasının, şərq fəlsəfəsinin kökü haralara gedib çıxır, bilmirikmi? Ta qədim zamanlardan bəri suyu, havası, torpağı, təbii sərvətləri hamıya bəs edəcək bu varlı dünyada elmin, ağlın, kamalın yiyəsi olan kəslər həmişə cibi boş, mənəvi aləmi zəngin yaşayıblar. Bu gün də belədi, sabah da belə olacaq. Hər çayın öz axarı olduğu kimi, hər bəndənin də öz ömür yolu var. Kamil insanları taxt-tacdan daha çox mənəvi dəyərlər özünə çəkib. Onlar göylərin bağlı qapılarının açarını, sirlər dolu dünyanın sirlərinin sirrini bu günəcən axtarmaqdadılar, sabah da axtaracaqlar, dünyayla həmişə üz-üzə gələcəklər...

Üzünə, gözünə saçı dağılmış,
Taxtı viran olmuş, tacı dağılmış
Qonur göz, qara qaş, bir qara oğlan
Dolaşar dünyanı, gəzər biçarə
Axtarar, dərdlərə tapammaz çarə...

Cüyürün qaçarı, quşun uçarı...
Qara qaş, qonur göz, o qara oğlan
Əlindən,dilindən salıb itirər
Bir eşqin sirrinə düşən açarı...

Getdiyi yollar da dalınca qaçar,
Gəldiyi yollara könlünü açar.
Torpağında gəzər, göyündə uçar.
Qara qaş, qonur göz, o qara oğlan.

Qonur gözlərində qara yaş gəzər,
Qara ciyərində qara daş gəzər
Bu varlı dünyada cibi boş gəzər
Qara qaş ,qonur göz, o qara oğlan.

Gözəl sevdalardan sönuk adamlar,
Dost üzündən üzü dönük adamlar
Qarğıyaz o ki var, hey danar onu
Gəzdiyi torpağa, uçduğu göyə
Getdiyi yollara qısqanar onu.

Beləcə,beləcə yaşar dünyada
Gözündən, sözündən, özündən daşar...
Külündən püskürüb, közündən daşar
Dünyayla üz-üzə bir oğlan yaşar...

Göz açandan bir ad da daşımışıq, - "qara millət". İndi zaman, dövran o deyil. Şair çox gözəl deyib:

Yüz baharın təravəti yığıla
Bu dünyanın qara daşı göyərməz...

Vətənə, torpağa bağlı adamlar, öz dövlətini, millətini sevən insanlar kimlikləri sayılan milli dəyərlərin qorunmasını hər şeydən uca tutublar. Belələri Vətən yolunda həmişə canlarından keçiblər, ölümü borc biliblər.

Bəlkə də borcundan çıxmadım Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki mən,
Çürüyüm, bir ovuc torpağın artsın!

Məhəmməd Peyğəmbərin himayəsində ərsəyə gəlmiş, geniş qəlb sahibi, bilik və Əməl Kəbəsi, imtina və azsözlülük yolunun aparıcısı, deyilənin qoruyucusu Həsən Bəsri deyirdi: "Böyuk, qüdrətli Allah bəzi adamlara bu dünyanın borc kimi verildiyini anladır. Onlar borclarını verib bu dünyadan rahatca gedə bilirlər".
Bu dünyanın Böyük, qüdrətli Allah tərəfindən borc verilən adamlarından biri də Xalıq kişi idi. O, rəhbərlik etdiyi kənddə insanlara xidmət etməyi özünə mənəvi borc bilərdi. Yaşadığı Qızılavarda hər evdə təndirdə bişən çörək ətrini, bayram günləri asılmış qazanlarda düyü plovunun, dəmlənmiş pürrəngi çayın ətrini, tamını hiss edəndə, hər ailənin süfrəsində öz qatığı, südü olduğunu, mal-qarasının, toyuq-cücəsinin sayının artdığını biləndə qürur, iftixar hissi keçirərdi. Necə ola bilərdi ki, hökumətə məxsus sovxozun mal-qarası, taxıl, düyü zəmisi, çay plantasiyası olsun-onu əkib-becərənlərin, əziyyətini çəkənlərinsə bunlardan payı olmasın? Xalıq özünü insanlığa borclu saydığı kimi unudulmaz, əvəzolunmaz bir borcunun da olduğunu bilirdi. O borc da onu ölümdən qurtaran həmin tibb bacısı idi, saçları şinelinin düyməsinə dolaşan tibb bacısı...
Müharibədi, ötüb keçdi, demirdi. Tibb bacısının yaralıya xidmət göstərməsi vəzifə borcudur demirdi. Nə çox yaralı, nə çox tibb bacısı...
Amma Xalıq kişi Xaliqin göstərdiyi, buyurduğu yolla gedirdi, hikmətlərlə yaşayırdı. Nəyi çatmırdı ki, Xalıq kişinın, - vəzifəsi, imkanları, şan-şöhrəti, gözəl ailəsi, gül balaları...
Nə dövlətin, nə millətin malına göz dikməz, kəm baxmazdı. Qurub-yaratmaq eşqi ilə çırpınardı Xalıq kişi.
Ağır yaralı düşdüyündən, huşunu itirdiyindən o qadının üzünü belə görməmişdi, adını belə bilmirdi. Başqası olsa, bəlkə özünü heç o yerə qoymaz, heç yadına da salmazdı o tibb bacısını. Amma o tibb bacısının kölgəsi həmişə onun arxasınca gəzərdi, nəfəsi üzünə dəyərdi.
Kefinin saz çağlarında, evdən işə yollananda, işdən evə dönəndə, Tərcübənin uzun saçlarını pencəyinin düyməsinə dolayar, - bax, bu saçlar olmasaydı, indi yanında olmazdım, deyib zarafatlaşardı. Tərcübə də bunu bildiyindən, bir söz deməz, gülümsəyərdi, Xalıqın o tibb bacısının üzünü belə görmədiyini, adını belə bilmədiyini bilirdi.

***
Taksi, böyük darvazanın üstündə "Kafkaz" yazılmış sanatoriyanın önündə dayandı. Maşından düşüb əl çamadanlarını götürüb darvazadan içəri, həyətə girdilər. Şirvanı da özüylə Kislovodska gətirmişdi, həm müalicəyə, həm də istirahətə. Yerbəyer olandan sonra həkim müayinəsindən keçib yeməkxanaya yollandılar, nahar vaxtı idi. Müharibə illəri bura hərbi hospital kimi fəaliyyət göstərirdi. Xalıq kişi burda, məhz bu hospitalda uzun aylar müalicə almışdı. Köhnə yeməkxanadan əsər-əlamət qalmamışdı. Hospital əməlli-başlı təmir olunub yenilənmiş, həyətdə bir neçə yardımçı binalar da tikilmişdi. O zaman yeməkxananın tavanından adda-budda lampalar asılmışdı, indi isə tavanı göz oxşayan billur çilçıraqlar bəzəyirdi. Yeməkxanaya ən müasir, yaraşıqlı stol-stullar düzülmüşdü. Sovetlər birliyinin ən məşhur müalicə-istirahət ocaqlarından birinə çevrilmişdi. Ölkənin ali dövlət məmurları, zabit və generalları məhz bura üz tutardılar. Eyni zamanda Kislovodsk öz gözəlliyinə, havasına, suyuna görə də seçilərdi. Kislovodska gələnlərin əksəriyyəti yaxınlıqdakı Yesentukiyə müalicəvi su içməyə də gedərdilər.
Nahardan sonra Şirvanla yaxınlıqdakı meşəliyə üz tutdular. Küknar, qovaq, qayın ağacları öz doğmaları, əzizləri kimi görünürdü. Əlləri ilə bir-bir ağaclara tumar çəkdi, Xalıq kişi... Üstündən neçə illər, fəsillər keçsə də, yaralı əsgər ürəyinin çırpıntıları, döyüntüləri, duyğuları belə bu ağacların yaddaşında idi... Xalıq kişiyə elə gəldi ki, iri gövdəli ağaclar budaqları ilə qucaq açıb onu salamlayır...Yarpaqlardan incə, xəfif əsgər nəğmələri süzülürdü. Qulaqlarında Lev Leşşenkonun o illərə həsr olunmuş nəğmələri səsləndi, necə də kövrək anlar yaşadı, kövrəldi. Nələri xatırlamışdı, hansı kövrək duyğuları yaşamışdı burda Xalıq kişi. O zamanlar sağalmaq, Vətənə dönmək ümidi belə yox idi. Başı üstündə həmişə qara buludlar dolaşardı, yarası ağır, ciddi idi. Gümanı tək Allaha qalmışdı... Vətənə, doğmalarına qovuşmaq arzusu, sevdası tükənmək bilmirdi. Və bu sevdalarla da çırpınardı ürəyi...

Çölümdə, içimdə
qara-qara sevdalar
yan-yana dağlar kimi
sıra-sıra sevdalar
hərəsi bir biçimdə.
Açdım könlümü,
könlümü açdım
bu qara sevdalara.
Qaçdım-qaçdım,
Hamıdan qaçdım
bu qara sevdalara
Bu qara sevdalar
başım üstə
qara bulud kimi
məni ağ günlərdən
çəkər qara günlərə
qaranlıq küçələrə
qaranlıq tinlərə
Ağ dediyimiz günlər
qara günlərin bətni...
Döndərər baharımı qışa
sevgimi qarğışa
bu qara sevdalar.
Bənzər
yuvasına dönə bilməyən
qanadı sınmış quşa...
Bu qara sevdalar
bir qara qul kimi
salıb ardınca
Harasa, harasa
aparar məni
Aparar Qızılavara
hörər, hörər məni
evimizdəki çat divara...
Nə bir kimsə duyar,
Nə bir kimsə görər məni...

***
Xalıq kişi Şirvanla dolaşdığı, hər qarışına, cığırına bələd olduğu bu meşədə müalicə olunub babatlaşandan sonra günaşırı təkliyə, tənhalığa çəkilib atası İsmayıl kişini, anası Mirvarini, bacılarını xatırlayıb, kövrəldiyi, doluxsunduğu anları unutmamışdı, elə bil dünən olmuşdu bunlar...
Gözlərini yam-yaşıl dağlara dikib, el-obanı, Qızılavarı, ağır uşaqlıq illərini dönə-dönə xatırlamışdı. Heç atası ilə, anası ilə ürək dolusu söhbətləşməmiş, dərdləşməmişdi. Həyət-bacada anası Mirvarinin əllərindən tutub addımladığı, təzəcə yeriməyə başladığı anlar, günlər onu uşaqlıq illərinə çəkib aparardı. Südəmər uşaq ac olanda anası üçün necə ağlayırsa, eləcə ağlamaq, ürəyini boşaltmaq istəyərdi bu meşədə, bəzən hıçqırıb ağlayardı da. Xalıq müharibədə nə qədər bişmiş, cəsur, qorxmaz olsa da, ürəyi uşaq ürəyi kimi ipəkdən də incə idi. Kəndlərindən, Qızılavardakı təpədən baxanda həmişə gördüyü alçaq sıra dağlar elə bil burdakı dağlara qonaq gəlmişdi. Necə də oxşayırdılar bir-birinə. Nə qədər gözəl olsa da, bizim Lerik dağlarına, Murova, Kəpəzə çatmaz, deyə düşünərdi.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata.
At qan-tərə bata-bata,
Qalx Kəpəzdən Göygölə bax...

Kəpəz Səməd Vurğunun bir şeiri ilə dillər əzbəri olmuşdu. Vurğunun, Mehdi Hüseynin, Məmməd Rahimin, bir çox şair və yazıçıların azərbaycanlı əsgərlərlə görüşdüyündən xəbəri vardı Xalıqın. Amma Taman yarımadasına yolları düşməmişdi onların.
Kislovodsk gözəl də olsa, bu qərib diyarda özünü tək-tənha, qərib hiss edərdi Xalıq. Nə qədər məğrur görünsə də, dağlarda bir nisgil, bir qəriblik vardı Xalıqın özü kimi. Nisgilini elə dağlarla bölüşərdi, dağlarla dərdləşərdi Xalıq. Dağların qoynunda süzən, uçub haralarasa gedən quşlara qoşulub el-obaya uçardı Xalıq.

Kəpəzə bənzədi qarşımdakı dağ,
Ürəyimin başı göynədi, Vətən!
Qürbətdə gəzdiyim hər qarış torpaq,
Ayağım altında iynədi, Vətən!

Bir durna qatarı keçdi gözümdən,
Gözlərim yollara dikili qaldı.
Qatar uzaqlaşdı, köçdü gözümdən,
Yollar açılmadı, bükülü qaldı...

Dümağ cığırlarda itirələr ki,
Qoynuna apara bu yollar məni...
O Vətənə bağlı xatirələr ki,
İti xəncər olub soyarlar məni.

Yadıma düşəndə az qalır yanam,
Dağlarda al-yaşıl çarpayım qalıb...
Dünyadan çox erkən köçübdür anam,
Bilməyib, döşündə süd payım qalıb...

Ay ana, səninçün ulduzdum, aydım,
Daşlaşmış məzardan hay ver hayıma.
Yenidən qayıdıb sahib olaydım,
Beşikdə buğlanan layla payıma!

Eşidin dostlarım, eşidin siz də,
Xatirə yolları qar alıb, nədir?
Nədən kök atdı kin ürəyinizdə,
Geniş ürəyimiz daralıb, nədir?

Xəyalım köç edər hey yanınıza,
Sizlərdən təsəlli, pənah umaram.
Göndərib qəlbimi ünvanınıza,
İntizar gözümü rahat yumaram.

Kəpəzə bənzədi qarşımdakı dağ,
Ürəyimin başı göynədi, Vətən!
Qürbətdə gəzdiyim hər qarış torpaq,
Ayağım altında iynədi, Vətən!

Şirvan tanış olduğu bir nəfərə qoşulub Yesentukiyə su dalınca getmişdi, həm də Azərbaycandan ora müalicəyə gələn kimlərləsə (yəqin ki, tanışları idi) görüşməli idi. Xalıq kişi tək idi deyə, çarpayıda uzanıb dincəlirdi. Xeyli vaxt keçəndən sonra bir əlində bir neçə şüşə su, bir əlində isə qalın bit kitab içəri girdi.
- Həyətdə bir generalın əlində gördüm, sizin döyüş bölgələri haqdadı, Brejnevin şərəfinə yazılıb, adı da "Malaya zemlya"dı ("Kiçik torpaq"). Bir az vərəqləyəndə adına rast gəldim, səndən ayrıca yazılıb: "Xalıq Qurbanovun qəhrəmanlığı"...Amma xahiş elədi ki, kitabı oxuyub, sonra qaytarasız. O da hansısa rus zabitindən alıb.
Səhəri gün həmin zabiti tapıb, tanış oldular. Polkovnikdi, Kerçdə xidmət edirdi. Məlum oldu ki, o da Xalıqla bir bölgədə vuruşub, cərrahdı, tibb xidməti polkovniki. Səhər yeməyindən sonra o da Xalıqgilə qoşulub, yaxınlıqdakı meşəyə gəzməyə çıxdı. Xalıq kişi döyüş yolundan, necə yaralandığından, başına gələn əhvalatlardan söz açdı. Söhbət əsnasında üzünü görmədiyi, adını bilmədiyi o tibb bacısından söhbət saldı, xeyli müddətdir onu axtardığını söylədi.
- O qadın mənim yanımda xidmət edirdi, - polkovnik dedi, - onu çox yaxşı tanıyıram. Ayağında və kürəyində qəlpə qalıb, indi bilmirəm necədi, çoxdandı xəbərim yoxdu. 2-3 il bundan öncə onu Sevastopolda görmüşəm. Cərrahiyyə olunmalı idi, amma deyirdi ki, həkimlər risq eləməyə qorxur. Mən də cərrahiyyəni məsləhət görmədim. Gəlincikdə yaşayır, orda, xəstəxanada işləyir. Anna Nikolayevna, səhv etmirəmsə ərlik familiyası Kolçaqdı...
Xalıq kişi polkovnikə təşəkkür üçün söz tapa bilmirdi.
- Siz bakılılar çox sədaqətlisiz, unutqan deyilsiz, başqaları heç yada da salmazdı, - polkovnik dilləndi.
Axşamdan gecə yarıya qədər Şirvanla bu barədə, nə etməli, nə edəcəyi haqda xeyli dərdləşdi.
- Necə olmasa da, üzünü belə görməsəm də, onu tapmalıyam, Şirvan. Onu illərdi axtarırdım. Bunu heç kimə demirdim. Çox adamla məktublaşdım. Hamı da bircə şey deyirdi - heç olmasa, soyadını de. Axı haradan biləydim soyadını? İşə bax, deyir, niyyətin hara, mənzilin ora. Hamısı Allahın işidi. İllərdi bu fikir məni rahat buraxmırdı, onu tapıb, heç olmasa, təşəkkür edim. Axı həyatda qalmağıma səbəbkar odu... Ona olan minnətdarlıq, təşəkkür borcumu ödəyə bilmədiyim üçün içim göynəyirdi, ürəyim sıxılırdı, rahatlıq tapa bilmirdim. Özümü azad hiss etmirdim. Bu tapıntıda zabitin bizə rast gəlməyi də Allahın işidir. Yəqin Yaradanın rəhmi gəldi mənə, yəqin hansısa bir xeyirxah əməlimin əvəzini ödəyir.

***
İl yaxşı gəldi. Bu il taxıl da, çəltik də, çay plantasiyaları da, bostan-tərəvəz məhsulları da, bir sözlə, bütün təsərrüfat üzünü ağ elədi Xalıqın kişinin. Dövlətə olan borcları, öhdəlikləri artıqlaması ilə ödədi. Ötən ildən də çox məhsul təhvil verildi. Camaata da hər şey paylandı. Pulu pul, məhsulu məhsul yerində. Plan və tapşırıqları artıqlamasıyla yerinə yetirdiyinə görə yeni ali dövlət mükafatına - "Qırmızı bayraq" ordeninə layiq görüldü. Söhbətlərin birində rayon rəhbərliyindən istirahətə getmək üçün icazə də aldı. İstirahətə getməkdə məqsədini bir Şirvan, bir də özü bilirdig
Bakı hava limanına çatıb maşından düşdülər.Çamadanları götürüb gözləmə zalına yollandılar.Lövhədə təyyarələrin uçuş vaxtı, uçuş zolağı göstərilirdi.Bakıdan Adlerə uçan təyyarənin uçuş vaxtına hələ xeyli vaxt vardı. Bir az keçməmiş Novorossiyskə uçan təyyarənin sərnişinlərinə qeydiyyatdan keçmələri haqda elan verildi. Bayaqdan gözlərini lövhəyə zilləyib susqun dayanan Xalıq kişi üzünü Şirvana çevirib:
-Şirvan, mən Novorossiyskə uçacam, -dedi, - oradan da Anapaya, Gəlinciyə, o qadını, Annanı axtarmağa gedəcəm.İstəmədim yol yorğunu olasan, ona görə də bunu sənə bildirməmişdim. Sən Soçidə, sanatoriyada yerbəyer olub dincələrsən.Uzağı iki günə mən də gələcəm.
Şirvan bir az çaşqınlıq içində oldu. Bunu heç gözləmirdi də. Başı ilə razılığını bildirməkdən başqa əlacı qalmadı. Amma ürəyində Xalıq kişini alqışladı: "İlahi, necə də sədaqətli, alicənab adamdı... Halal olsun!"
Novorossiyskdə düşüb taksiyə oturdu, Anapaya,oradan da Gəlinciyə yol aldı. "Hara sürüm",-deyə taksi sürücüsü Gəlinciyin girəcəyində Xalıq kişidən soruşdu.
- Hər hansı bir tanıdığın xəstəxananın yanına, -Xalıq kişi dilləndi.
Xeyli gedəndən sonra sürücü maşını iki qatlı bir binanın qarşısında saxladı: "Buyurun, bu da xəstəxana, amma bundan başqa da xəstəxana var".
Xalıq kişi qapıda dayanmış gözətçiyə yaxınlaşdı.
- Sizdə Anna Nikolayevna adlı işçi, tibb bacısı varmı? - deyə soruşdu.
- Xeyr, bizdə elə adam işləmir. Bəlkə də o köhnə xəstəxanada işləyir, qabaqlar, yəni müharibə illəri və sonra ora hərbi qospital kimi fəaliyyətdə idi, indi adi xəstəxanadı.
Küçədən keçən taksiyə əl elədi:
- Köhnə xəxtəxanaya apararsınızmı?
- Buyurun, əyləşin, - deyə sürücü nəzakətlə dilləndi.
Yolboyu şəhərə göz gəzdirdi,nələrisə xatırlamağa çalışdı.
- Bağışlayın, gəlmə adama oxşayırsınız, -sürücü dedi.
- Bəli, Azərbaycandanam, Bakıdan.
- Bəs xəstəxanaya getməkdə məqsədiniz nədir?
- Tanışım var, onu axtarıram, deyirlər, hansısa xəstəxanada çalışır, adı da Annadır, Anna Nikolayevna.
Sürücü bir söz demədən maşını geriyə döndərdi. "Yəqin səhv salıb yolu",-deyə Xalıq kişi düşündü.Sürücü səliqəli, bağça-bağlı bir fin evinin qarşısında maşını saxladı.
- Buyurun, bu ev onlarındır,qonşuyuq.
Həyətdə geniş stol açılmışdı. Xeyli qadın və kişi vardı.Süfrəyə, içkiyə qədər, hər şey düzülmüşdü. Xalıq kişi içində sevindi: "Yəqin ad gününə gəlib çıxmışam, gör qaynanam məni nə qədər çox istəyib".
-Vera Nikolayevna, - sürücü dedi, - bu yoldaş Bakıdan gəlib, Anna Nikolayevnanı axtarır...
Xalıq kişini təm-təraqla qarşılayıb başda oturtdular. Badələri doldurub onun gəlişi şərəfinə sağlıq deyib, ayaqüstə son damlayadək içdilər.
Xalıq kişi süfrə başında oturan qadınları bir-bir gözaltı nəzərdən keçirdi. " İlahi, görəsən, bunların hansı biri Annadı?" Onların saçlarına nəzər saldı, nəsə xatırlamaq istədi.Ortada əyləşmiş qadına diqqət yetirdi, yəqin Anna bu qadındı, deyə düşündü.Qadının saçları o birilərinə baxanda nisbətən uzun idi. Axı Anna uzunsaçlı olmasaydı, saçları onun sinəsindəki düyməyə dolaşmazdı? Əlini döş cibinə apardı, yerindəydi...
Ən yaxşı zərgərlərdən birinə düzəltdirdiyi qızıldan boyunbağı, boyunbağıdan asılı qızıl düymə və düyməyə dolaşmış qızıl saçlar...Əlli qramlıq qızıl zəncir boyunbağıdan sallanan kulon çox cazibədar idi, elə bil ki, rəssam işiydi, qeyri-adiliyi ilə göz oxşayırdı. Özüylə xeyli pay-püş da gətirmişdi. Elə hazırlaşıb ayaga durmaq istəyirdi ki, üzbəüz oturmuş yaraşıqlı qadın:
- İndi də qəlin, Anna Nikolayevnanın, əziz dostumuzun unudulmaz xatirəsi şərəfinə içəyin, bu gün ölümünün qırxıncı günüdür,qoy xatirələrdə əbədi yaşasın, - deyib badəni başına çəkdi.
Elə bil yerlə-göy bir-birinə qarışdı, elə bil hər yer zülmətə büründü...Xalıq kişi çox sarsıldı, ürəyi şiddətlə döyünməyə başladı...Bir az toxtayandan sonra bütün əhvalatı, olmuşları bir-bir hamıya danışdı. Onun gəlişinin səbəbini biləndə, bayaq Vera deyə müraciət olunan yaraşıqlı rus qızı hönkürtü ilə ağlamağa başladı...
- Rəfiqələri anama, niyə saçını kəsdirmirsən, indi qısa saç dəbdədi, deyəndə, bax, bu uzun saçlarım bazburutlu, yaraşıqlı, qəhrəmanlıq göstərmiş bir azərbaycanlı əsgəri ölümdən qurtarıb...Onun üçün də əl dəymirəm, o illərin, o hadisənin yadigarı kimi saxlayıram. Anamın kürəyində və ayağında qəlpə qalmışdı, cərrahiyyə yolu ilə onları gotürməyə risq etmirdilər. Ayağı qanqrena oldu, ayağını kəssələr də onu ölümdən qurtara bilmədi həkim dostları. Atam da ötən il rəhmətə getdi. Həkiməm, anamın arzusu ilə Tibb Universitetinə daxil olub,oranı fərqlənmə ilə bitirmişəm. -Vera özünü Xalıq kişiyə tutub bunları onun üçün danışırdı...
- Çox sağ olun ki, anamı axtarıb tapmısız, bunu hər adam etməzdi! Siz bu gəlişlə anamı bizə qaytardınız, anamın ruhunu şad elədiniz. Sizin gəlişiniz bizim üçün çox qiymətli və unudulmaz olacaq.
- Mən geriyə dönməliyəm, mümkünsə məni onunn qəbrinə aparın, görüşə bilmədimsə də, heç olmasa, vidalaşım.
Qəbirüstünə getdilər.Torpağa sancılmış xaç nişanlı dəmirin üstündə uzun saçlı, yaraşıqlı cavan bir qız gülümsəyirdi, bu, saçları Xalıqın sinəsindəki düyməyə dolaşmış həmin Anna Nikolayevna idi. Döş cibindəki boyunbağını çıxarıb şəklin üstündən asdı Xalıq kişi...
- Bağışla məni, Anna, səni çox axtardım, amma tapa bilmədim. Nə üzünü görmüşdüm, nə adını, nə soyadını bilirdim. Sənə təşəkkür etməyə gəlmişəm, Qurbanov Xalıq İsmayıl oğlu sənə bir insan ömrü borcludu.Bu borcu öz boynumda bütün bu illər hiss etmişəm. Rahat uyu, Allahdan sənə cənnət arzulayıram.Yerin behişt olsun.
Xalıq kişi Gəlincikdən Novorossiyskə, oradan da Soçiyə qayıtdı. Sanatoriyada yerbəyer olandan sonra əyin-başını dəyişib Şirvana baş çəkməyə yollandı.Sonralar Şirvan bu əhvalatı belə nağıl edirdi: - Sanatoriyanın həyətində var-gəl edə-edə Xalıqın haçan dönəcəyini, axtardığı adamı tapıb-tapmadığı barədə düşünür, götür-qoy edirdim. Elə bu zaman kiminsə mənə tərəf gəldiyini gördüm, - Xalıq idi. Görüşdük. "Necə oldu, iki gündür yoxsan, nəticə varmı", deyə soruşdum. Bütün başına gələnləri aramla, təfsilatı ilə mənə danışdı. "Allah bilən məsləhətdi... Amma içim rahatlandı, çiynim yüngülləşdi, yaxşı ki, getdim", dedi. Şəhərə çıxdıq.Onu da deyim ki, biz ayrı-ayrı sanatoriyalarda qalırdıq. Müharibə veteranı, müharibə qəhrəmanı olduğu üçün Xalıq kişinin imtiyazları da çox idi. Nə isə, gəzə-gəzə Soçinin mərkəzinə çatdıq.Böyük univermağın qarşısında uzun-uzadı növbə olduğunu görüb, ora yaxınlaşdıq.Yalan olmasın, dörd yüz, beş yüz metrə uzunluğunda növbə idi. Növbədə dayananların əksəriyyəti qadınlar, cavan qızlar idi. "Nə satılır", deyə soruşdum. "Qadın əl çantası", dedilər. Xalıqa, " kaş imkan olaydı, adam bu əl çantasından ala biləydi", dedim. O zamanlar çətin tapılırdı belə şeylər . Üzümü çevirəndə, Xalıqı yanımda görmədim. Onu axrtarmağa başladım, çox narahat oldum.Bir qadından "bayaq yanımda duran kişini görmədiniz?" - deyə soruşdum. " İçəri, univermağa girdi..." Sən demə, Xalıq vəsiqə göstərib növbəsiz içəri giribmiş. Bir az keçmiş əlində üç bağlama mənə tərəf gəldi. " Şirvan, al, bu Rəfiqənin (həyat yoldaşım), bu Təcinin (Tərcübə xanımı nəzərdə tuturdu), bu da Xatirənin, onların hədiyyəsi düzəldi. Allah kərimdi, qalanlara da bir şey taparıq. Söylədi ki, içəridə hay-küy salıblar ki, bu "qara millət" növbə-sad bilmir. Satıcı isə ondarın ağzından vurdu: " Onun haqqı vap, müharibədə sizi qoruyub, Vətəni qoruyub, özü də qəhrəmandır..."
Xalıqla yol-yoldaşı olmaq naxış, qazanc idi. O cür alicənab, mərifətli, son dərəcə adamlara qarşı həssaslığı heç kimdə görməmişəm.Yüzlərlə adamla oturub-durmuşam, çox yerləri gəzmişəm, çox insanlar görmüşəm, Xalıqdan bir də gəlməz dünyaya, Allahın bir nur payı idi...

ZAKİR FƏXRİ

TƏQVİM / ARXİV