BƏHMƏNLİ QARPIZI

FAİQ QİSMƏTOĞLU
43668 | 2013-08-24 01:46
...Ərşad kişinin sonuncu dəfə nə vaxt dadlı qarpız yediyi yadından çıxmışdı. Yadından çıxmışdı ki, axırıncı qarpızın yekəliyi nə boydaydı. Dilimləyəndən sonra həmin qarpızı yanındakı dostları bir göz qırpımında necə şirin-şirin yeyirdilər. Ərşad kişinin yadından çıxmayan həm də o idi ki, tay kənddə, eldə-obada əvvəlki kimi dadlı qarpız yetişmirdi...
...Fikirli-fikirli əvvəllər əkdiyi və alıntəri ilə becərdiyi bostanlığa sarı gəldi. Gördü ki, qarpız tağının üstündəki qarpızlar xeyli böyüyüb. Və bir neçə qarpızın altı ağarıb. Barmağını dişlədi. Sonra da beynində düşündü: artıq bostana su vermək olmaz! Amma uşaqlar dünən qonşunun bostanına su veriblər. İyulun ortalarında bostanın hər tərəfi suvarılmışdı. Bir neçə qarpız yetişsə də onu uşaqlara dərməyə icazə verməmişdi...
Böyük oğlu Arif bir neçə dəfə çalışmışdı ki, həmin qarpızlardan birini dərsin. Amma dədəsini bostanda görəndə fikrindən daşınmışdı. Dədəsi də onun ürəyindən keçənləri hiss eləmişdi və Arifi yanına çağırıb demişdi:
- Ay oğil, heç vaxt iyul ayında qarpızı tağdan yolmazlar. Çünki bu vaxtlar qarpız yaxşı yetişmir. Bir də axı biz bostanımıza normadan artıq gübrə vermirik. Elə ona görə də bizim bostanda yetişən qarpızın dadını, tamını başqa bostanlarda yetişən qarpızlar verə bilməz.
Arif diqqətlə dədəsinin dediklərinə qulaq asırdı. Amma hərdənbir xəyalı onu uzaqlara da götürüb aparırdı. Bunu hiss edən Ərşad kişi yenidən dilləndi:
- Ay bala, fikrin ala buluddan nəm çəkir. Mən sənə söz deyirəm, sənin də xəyalın göylərdə gəzir. Bunu ona görə sənə deyirəm ki, sözlərimi sırğa eləyib qulağında saxlayasan. İyul ayında dərilən qarpızın insana xeyri ola bilməz. Gərək qarpız torpaqdan, sudan bol qida aldığı kimi, günəşdən də doyunca işıq udsun. Bax onda o qarpızın dadı-tamı heç vaxt yaddan çıxmaz. Üstəlik də avqust ayında tağdan dərilən qarpız min bir dərdin dərmanıdı. Həkimə gedib bir ətək pul vermək və dərman almaq lazım deyil. Bizim bostanda yetişən qarpızı dərib kəsərək yesən, o böyrəyin, mədə-bağırsağın və qaraciyərin dərmanıdı.
Arif gördü ki, dədəsi qızıl xırdalayır. Yəni onun danışdığı hər sözün, hər kəlmənin və hər fikrin bir mənası, bir çaları var. O da ondan ibarətdir ki, gərək bir işi bacarıb yerinə yetirəsən.
Ərşad kişi onu da yaxşı bilirdi ki, Bəhmənlinin torpağında əkilən nəinki qarpızın, yemişin, hətta digər məhsulların və meyvələrin tayı- bərabəri yoxdu. Amma Ərşad kişini yandıran o idi ki, Bəhmənlinin torpağında da 30-40 il bundan əvvəl yetişən kimi dadlı qarpız-yemiş və digər məhsullar bitmir. O nə əkirdisə, nə yetişdirirdisə, deyirdi:
- Hayıf, bizim torpağımıza, suyumuza! Çox şeyin dadı qaçıb.
Ərşad kişi onu da yaxşı bilirdi ki, torpağın da, suyun da heç bir günahı yoxdu. Hər şey bu zəhrimara qalmış toxumla bağlıdır. 30-40 il bundan qabaq Bəhmənlidə 10-15 cür yerli qarpız toxumu vardı. Və o toxumu da torpağa səpəndə, əkəndə o qədər dadlı məhsul yetişirdi ki, onun dadından doymaq olmurdu. Son 10-15 ildə isə yerli toxumların hamısı qəhətə çıxmışdı. Bir yerli toxum yox idi ki, onu tapasan və əkəsən. Gətirilən toxumların hamısı Avropadan və digər xarici ölkələrdən göndərilirdi. Bu da ayrı-ayrı iş adamlarının min bir oyunu idi. Onlar xaricdən toxum gətirməklə, ətək-ətək pul qazanır, kənddə-kəsəkdə bostan-tərəvəz yetişdirən insanlar isə olmazın əziyyətini çəkirdilər.
... O, bostana gedib tağın üstündəki yetişmiş qarpızı dərdi. Sonra da oğlu Arifi yanına çağırıb özünəməxsus bir formada söylədi:
- Oğul, bax avqust ayının 1-dir. Deməli, bu gündən artıq bostandan qarpız dərmək və onu kəsib yemək olar...
Ərşad kişi itilədiyi bıçağı cibindən çıxardı. Bıçağın ağzını açıb yavaş-yavaş qarpıza tərəf yaxınlaşdı. Qarpıza bıçaq vuran kimi, partladı. O, qarpızın baş hissəsini kəsdi və oğluna yenidən izah elədi:
- Qarpızın baş hissəsini heç vaxt yemək olmaz. Çünki zəhərli maddələr həmişə o baş hissəyə yığılır. Mən də onun baş hissəsini kəsib götürürəm. Ancaq kəsəndə niyyət tutub, qarpızın baş hissəsini dörd yerə bölürəm. Bu dəfə də niyyət tuturam, görək arzum yerinə yetəcək, ya yetməyəcək?!
Bu sözləri deyəndən sonra Ərşad kişi qarpızın başının kəsilən dörd hissəsini əlində tutdu və onu yerə atdı. Kəsilən hissənin ikisi bir, ikisi də başqa cür üstə düşmüşdü.
Sevincək halda Ərşad kişi oğluna tərəf dönərək:
- Şükür Allaha, qarpızın doğradığım hissələri ürəyimdə tutduğum kimi yerinə düşdü. İnşallah, arzumuz çin olacaq - deyib, sevindi.
... Qarpızı qəşəng-qəşəng dilimlədi və bir dilimi də oğluna uzatdı:
- Dadına bax, bal kimi şirindi...
Bal kimi şirin qarpızı Arif dişinə çəkdi. Sonra bir neçə dilim də götürdü. Dədəsi də dilimlədiyi qarpızdan bir neçəsini yedi və sonra da dedi:
- Bu qarpızla 30-40 il bundan əvvəlin qarpızı arasında yerlə-göy qədər fərq var...
Arif:
- Dədə, qarpız bal kimi şirindir ki?!
Ərşad kişi:
- Sən 40 il bundan əvvəl əkilən qarpızı yesəydin onda görərdin ki, əsl qarpız necə olur. Çünki bizim yediyimiz qarpız Amerika sortudu.
... Ərşad kişi köks ötürdü və yenidən fikir onu götürdü. Amma tez də xəyallar aləmindən ayıldı:
- Torpağımızın bərəkətinə qurban olum! Bilirsən, qarpıza şirinlk verən nədi?! Yenə bu qarpıza şirinlik verən Bəhmənlinin torpağı, suyudu. O, camaat var ey, Sabirabad qarpızını bərk tərifləyir. Vallah, Bəhmənli qarpızının yanında Sabirabad qarpızı bir şey deyil. Sadəcə olaraq, o qarpızlara gübrə verib şişirdirlər. Camaat da qarpızın yekəliyinə susayıb onu alır, yeyir və sonra da zəhərlənir. Get Bəhmənlidə "liboy" adamdan soruş. Gör, indiyə qədər bir adam Bəhmənli qarpızından zəhərlənib, ya yox?! Atama lənət yalan deyirəmsə, ən ağır xəstələr Bəhmənli qarpızı arzulayıblar, o qarpızı da nə çətinliklə qış vaxtı tapıb ona veriblər. Xəstə də o qarpızı yeyib, sonra da yataqdan qalxıb. Bax, görürsən Bəhmənli qarpızının şəfasını.
Arif bütün nəzərlərini və diqqətini dədəsinə sarı yönəltmişdi. Sanki ömründə eşitmədiyi sözləri və nəsihəti dinləyirdi. Arifə çox qəribə gəlirdi ki, Bəhmənli qarpızı nə olan şeydir ki, dədəsi bunu o qədər tərifləyir. Hətta Seyran Səxavət də romanlarının birində Bəhmənli qarpızının şirinliyindən danışır...
Zəngilandan olan Məhəmməd kişi bərk xəstələnmişdi. Uşaqları, oğlanları hamısı gözlərini ona dikmişdilər. Böyük oğlu Möhübbət atasına yaxınlaşıb dedi:
- Ata, ürəyin nə istəyir, tapaq gətirək, ye?!
Məhəmməd kişi bir neçə dəfə inildədi və ağrısı bir az da gücləndi. İstəmədi ki, bu ağrını-acını oğlanları və övladları hiss eləsin. Qışın oğlan çağı idi. Ürəyindən keçənləri oğlanlarına demək istəmirdi. Fikirləşirdi ki, istədiyimi oğlanlarıma söyləyərəm, onlar da tapa bilməzlər, sonra da ürəklərinə xal düşər. Amma böyük oğlunun bir neçə təkidindən sonra o istədiyini dedi:
- Bəhmənli qarpızı olsa, yeyərəm. Məni sağaltsa o qarpız sağaldacaq.
Yaşı 85-ə çatan Məhəmməd kişi bu sözləri elə-belə demirdi. Çünki dünyanın yaxşı vaxtında onlar Bəhmənliyə gələr və ordan çoxlu qarpız-yemiş alıb, Zəngilana qayıdardılar. Və o qarpız-yemişin də dadı heç vaxt onların yadından çıxmazdı. Bir dəfə də onların qohumlarından birinin böyrəklərini müayinə eləyəndən sonra Zəngilanda həkim demişdi:
- Sənin böyrəyində çoxlu kristal, qum var. Əgər Bəhmənli qarpızı yesən onların hamısı töküləcək...
... Xəstənin adamları avqust ayında gəlib Bəhmənlidən çoxlu qarpız almışdı və xəstə də o qarpızı yeyəndən sonra yenidən həkim müayinəsindən keçmişdi. Məlum olmuşdu ki, onun böyrəyində nə bir kristal, nə bir duz, nə də qum qalıb. Bəhmənli qarpızı hamısını yuyub aparıb.
Məhəmməd kişinin oğlanları çox götür-qoy elədilər. Böyük oğlu elə həmin günün səhəri maşına minib Füzuliyə - Bəhmənliyə getdi. Bəhmənlidə bir neçə adamdan kimdə qarpız olması ilə əlaqədar məlumat almaq istədi. Elə qarşısına çıxan kənd adamlarından biri dedi ki, Seyidəli kişigildə qış olmasına baxmayaraq, qarpız ola bilər. Gedin onun qapısına, qarpız olsa, o kişi heç vaxt sizdən əsirgəməyəcək, heç pul-zad da almayacaq.
Məhəmməd kişinin böyük oğlu həmin adamı maşınına mindirib Seyidəli kişigilin qapısına getdi. Xoşbəxtlikdən evin sahibi həyətdə idi. Nabələd adamın maşınının onların həyətinə girdiyini görən Seyidəli kişi duruxdu:
- Bu gələn qonaq kimdir? - deyə yanındakı nəvələrindən soruşdu.
Onlar da: - tanımırıq, - dedilər
Maşından birinci qonşu Kamal düşdü. Sonra da nabələd adam Seyidəli kişiyə yaxınlaşıb salam verdi. Seyidəli kişi də salamı alıb qonağı evə dəvət elədi:
- Gəlin, bir stəkan çay için.
Möhübbət Seyidəli kişiyə təşəkkürünü bildirdi:
- Çox sağ olun, ay Seyid! Allah canınızı sağ eləsin. Amma mən sizə bir məqsədlə gəlmişəm. Biz Zəngilandanıq. İndi Bakıda məskunlaşmışıq. Atam da ağır xəstədir. Deyir ki, ürəyi Bəhmənli qarpızı istəyir. Onu yesəm yataqdan qalxaram!
Seyidəli kişi nəvələrindən birini evə göndərdi. Dedi ki, evdəki qarpızlardan ikisini qonaq üçün gətirsin.
Möhübbət:
- Seyid qadan alım, bir qarpız da bəsimizdi.
Seyidəli kişi:
- Birini atanıza kəsərsiniz, birini də özünüz yeyərsiniz. Kiçik çillədə həmişə qarpız kəsirik. Sən də verdiyin qarpızlardan birini kiçik çillədə kəsərsən.
Seyidəli kişi nə qədər eləsə də, Möhübbət çörək yeməyə oturmadı. Möhübbət bircə onu dedi:
- Seyid, Allah balalarını saxlasın! Ocağını ruzulu, işıqlı eləsin. Sən ki, bu qarpızı qışın oğlan çağında tapıb mənə verdin, elə bil dünyanı bizə bağışladın. Qapınıza toya, bayrama gələk!
... O, maşının sükanı arxasında əyləşib sevincək halda Bəhmənlidən üzü Bakıya doğru gəlirdi. Sanki atasının ən böyük arzusunu yerinə yetirmişdi. Zarafat deyil ey, qışın oğlan çağında Bakıya xəstə atasına iki Bəhmənli qarpızı gətirirdi.
Günəşliyə çatanda ürəyi ağzından çıxırdı. Evə gəldi və atasını bir qədər pərişan gördü. Atası gözlərini açanda baxışları Möhübbətin əlindəki qarpızlara zilləndi. Kişinin gözünə işıq gəldi və yavaşca dilləndi:
- Bəhmənli qarpızıdı?!
- Hə, dədə. Bəhmənlidən gətirmişəm - deyə, oğlu Möhübbət cavab verdi.
Sinini gətirib qarpızı kəsdilər. Sonra da dilimləməyə başladılar. Birinci dilimi Məhəmməd kişiyə verdilər. Məhəmməd kişi indiyə kimi heç nə yemirdi. Daha doğrusu, boğazından heç nə keçmirdi. Amma Bəhmənli qarpızının bir dilimini yeyəndən sonra dilləndi:
- Oxaay, tay indən sonra ölən deyiləm! Bu qarpızı cavan vaxtı o qədər yemişəm ki, heç vaxt dadı yadımdan çıxmır...
Məhəmməd kişi həmin qarpızdan iki-üç dilim də yedi. Sanki qarpızı yedikcə, gözlərinə nur, ayaqlarına taqət və ürəyinə təpər gəlirdi. Bir neçə gün keçəndən sonra beş ay yataqda yatan Məhəmməd kişi ayağa qalxdı və həyətə düşdü. Hamı məəttəl qalmışdı. Deyirdilər ki, Məhəmməd kişi bu gün, sabah öləcək. Amma Bəhmənli qarpızını yeyəndən sonra Məhəmməd kişi əməlli-başlı sağalmışdı. Daha doğrusu, Məhəmməd kişinin Allah-Təaladan ipi üzülməmişdi...

FAİQ QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV