SAQİF QARATORPAQ

VAQİF YUSİFLİ
41691 | 2013-08-24 01:45
Saqif Qaratorpaq Azərbaycanın şair yetirən, böyük söz ustadları ilə qürur doğuran Qazax rayonundandır. Əlli yaşına oktyabr ayında yetişəcək Saqifin otuz il şeir yazmağına baxmayaraq cəmi iki kitabı işıq üzü görüb. Deyilənə görə çox mədəni, abırlı-həyalı, utancaq bir adamdı. O bölgənin yetirdiyi tənqidçi Rüstəm Kamal onun haqqında yazır ki: "Saqif Qaratorpağın içində emosional ehtiras güclü olsa da, sözün axarı bu enerjini sakit məcraya salır. Qazaxda, Ağstafada keçirilən ədəbi görüşlərdə, yubiley tədbirlərində qəribə bir utancaqlıq... Kənarda sakitcə oturub tribunaya, səhnəyə cuman şairləri dinləyir, özünü gözə soxmur. Halbuki, onun deməyə sözü də var, kifayət qədər elmi də. Yəni, söz haqqını qazanmış dəyərli şairimizdi o".
Çox qəribədir ki, mən Saqifi cəmi ikicə dəfə görmüşəm: 2006 və 2012-ci illərdə. Saqifin kitabları məhz bu illərdə çıxıb və hər iki kitabını "Azərbaycan" jurnalı redaksiyasına gətirib, mənə bağışlayıb.
İndi, üstündən neçə il keçib, Saqifin şeirlərini bir də oxuyuram və çox qəribədir ki, hər dəfə oxuyanda elə bil, birinci dəfəymiş. İstedadlı şair, halal şair həmişə belə olur.
Saqif Qaratorpağın bir şair kimi özünəməxsusluğunu şərh etmək istəyirəm.
Saqifin poetik sözə yiyələnmə qabiliyyəti yetərincədir və onun şeirlərini oxuduqca bunların dəqiqliyinə, hər sözün, hər misranın, hər bəndin və ümumilikdə hər şeirin öz yerinə oturduğuna, necə deyərlər, snayper sərrastlığına şahid olursan. Təbii ki, şeirdə sözlərin daşıdığı funksiya poetik mənaya köklənməlidir.

Gəldik bu sevda evinə,
Bir daş hörməyə dayandıq.
Baş əyib Qırxlar pirinə.
Salam verməyə dayandıq.

Yatıb gecənin gözündə,
Binə qurduq gündüzündə,
Ləngiyib biz yer üzündə
Yarı görməyə dayandıq.

Ömür bir hicran ölkəsi.
Gerçəyindən çox "bəlkə"si,
Dünya bir çinar kölgəsi,
Nəfəs dərməyə dayandıq.

Saqifin şeirlərində çox vaxt adi həqiqətlərdən danışılır. Amma baxıb görürsən ki, bu adi həqiqətlər şeirdə tamam başqa biçimdədir, yəni öz poetik həllini tapıb. Adi bir fikir poeziya dililə nəql olunanda xassəsini dəyişir.
Sözlər şeirə çevrilir. Yuxarıdakı üç bəndlik şeirdə müəllif "dünyaya gəlmək, getmək üçündür" məlum fikrini yeni aspektdə çözələməyə çalışıb. Sonuncu iki misra ("Dünya bir çinar kölgəsi, Nəfəs dərməyə dayandıq") insan və dünya münasibətinə təzə bir deyim gətirir.

Ömür deyil əyilib
Baxıb ələ yaşamaq.
Yaltaqların işidi
Ölə-ölə yaşamaq.
Baxan yox atımıza,
Ğoş qalan çatımıza,
Düşərmi baxtımıza
Gülə-gülə yaşamaq?

Hamı uyub şeytana,
Şeytan da doyub cana,
Əzabdı qana-qana,
Bilə-bilə yaşamaq.

Deyən tapılar ki, bu şeirdə nə yenilik var nümunə kimi nümayiş olunur? Deyərik ki, adi həqiqətlərin şeir həqiqətinə çevrilməsidir.
Saqif Qaratorpaq əksər şeirlərində dünyanı, insanı, həyatı, gerçəkliyi, kainatı, haqqı-ədaləti olduğu kimi görmək istəyir. Ona axtarış həvəsində olan bir səyyah da demək olar. Amma onun "səyahəti" xəyalının getdiyi yollarda sınanır. O, gah köhnələn, gah da təzə görünən dünyada üzünü Tanrıya tutub deyir ki: "Tanrım, elə ucasan, Söz səndən aşağıda. Yollar boynunu burub, İz səndən aşağıda. Mən bal yığan arıyam, Haqq yanında darıyam. Yaxşı-yaman arayan Göz səndən aşağıda".
Saqif Qaratorpaq şeirimizin bütün tendensiyalarına məhrəmlik göstərir. Onun şeirlərində xalq sufizmindən gələn meyllərlə də qarşılaşırıq. Başqa bir məqamda o, sırf realist kimi gözümüzə görünür. Amma ümumən, o, romantika ilə nəfəs alır. Bu romantikada sevinc çalarları ilə qəm, möhnət çalarları bir-birilə çulğaşır, bu romantikada bir bitməzlik var. Necə ki, bu şeirdə siz onu görə bilərsiniz.

Bu dünya bir boz səhra,
Bizsə ikicə nəfər.
Tükənərmi bu sevda,
Qurtararmı bu səfər?!

Bir söz ilişib qalıb,
Dilimizin ucunda.
Bu ömür göz yaşıdı
Bir gözəlin ovcunda.

Qulağımız tutular
Bir qışqırıb "qu" desək.
Üzümüzdən tər axır,
İçimizdə çən, çisək.

Başımızda şöhrətin,
Məhəbbətin havası,
Elə bil ki, nə dərd var,
Nə də dərdin dəvası.

Saqif Vaqif, Vidadi, Səməd Vurğun diyarından çıxıb və elə o diyarda da yaşayır. Qazaxlıdı deyə, mən ona qoşmaçı şair, ya da xalq şeirinin nümayəndəsi "titullarını" bəxş edə bilmərəm. Çünki bayaq dediyim kimi, Saqifin şeirlərində tendensiya müxtəlifliyi var və bu, onun şeirlərinin forma-struktur yönündə də özünü büruzə verir. O, qoşma, təcnis, gəraylı yazır. Yazmaya bilməz, çünki şeir mühitində bunlar əzəli-əbədi yaranmışlardır. O, heca şeirinin əksər şəkillərinə müraciət edir. Bu da ənənəvilikdən başqa yolunu, səmtini müəyyənləşdirir. O, sərbəst şeir də yazır. Amma eksperiment üçün yox, içdən gələn bir təkan kimi. Saqif Azərbaycan şeiri haqqında poetik düşüncəyə öz xallarını artırır:
Ərməğandı "Bənövşə"yə bükülü,
Ələsgərin sol əliylə dikəlib.
Gülgəzin gül yaxasından tökülüb,
Gecə yağmış təzə qardı şeirimiz.

O, Babəkin al qanından su içib,
Öz dostunu, düşmənini düz seçib,
Sibir çöllərini Cavidnən keçib,
Dünya görmüş ixtiyardı şeirimiz.

Gah olur ki, səsi uzaqdan gəlir,
Şəhriyar sözüdü-o haqdan gəlir.
Qoşulub Osmana Qazaxdan gəlir,
Onun kimi düz ilqardı şeirimiz.

Saqifin bəhrələndiyi poeziya nəhəngləri də var və onun şeirlərində bu təsirlər, bu bəhrələr səni sevindirir. Çünki ustadlardan yaxşı mənada görüb-götürməklə gözəl nümunələr ortaya qoymaq olar. Saqif bunu bacarır. Onun şeirlərində (ələlxüsus qoşmalarında) Molla Pənah Vaqifin də, Aşıq Ələsgərin də nəfəsini duymaq olar. İki nəfəs qarışır bir-birinə: ötən əsrlərin və XXI əsrin nəfəsləri şeirdə bir vəhdət, bir harmoniya yaradırlar. Baxın, görün:

Saçların çiyninə tökülür hərdən,
Tel varmı bilmirəm bu teldən gözəl?!
Qızılgül utanar boynunu görüb,
Sən ki hər çiçəkdən, hər güldən gözəl!

Amandı, üstündən bir meh əsməsin!
Tanrı kərəmini heç vaxt kəsməsin,
Bənövşə inciyib, lalə küsməsin,
Bir incə bel varmı bu beldən gözəl?

Tapılmaz dərdinə çarə Saqifin,
Yazılıb baxtına qara Saqifin,
Nəyi var ki, bu biçarə Saqifin,
Nə versin, de sənə könüldən gözəl?!

Deyə bilərəm ki, Saqif çox təbii şairdir (hərçənd ki, bu təbiiliyə xələl gətirən məqamlar da diqqətdən yayınmır). Təbiiliyi onun şeirlərinin dil-stilistika baxımından da izləmək olar və bunu elədik. Amma hisslərin təbiiliyi də var və bu mənada Saqifin bir neçə şeirini misal gətirə bilərəm ki, o şeirləri onun uğuru saymaq olar.

İlk dəfə öpülən qız əlləritək,
Qərib göyərçintək-bir azca ürkək.
Ya ömür yalandı, ya da o gerçək,-
Bir çinar yarpağı düşdü ovcuma.

Çox təbii şeirdir, çünki hisslər, duyğular özü təbiidir. Amma tutaq ki, "Ürəyim" şeirində Saqif o dərəcədə istəyinə nail ola bilmir. Doğrudur, bu şeirdə "Bir bağ cığırında Ay kimi doğub, Gecələr həsrətlə yanıb ürəyimg Yamyaşıl qızılgül budağı bilib Uçub da köksümə qonub ürəyim" kimi əsl şeiriyyət misvllı misralar var, amma ümumilikdə "Ürəyim"də ürək çox az döyünür.
Saqifin şeirlərində böyük Vətənin obrazı da canlanır və o çalışır ki, bütün şairlərin müraciət etdiyi ənənəvi mövzuda kimsəni təkrar eləməsin.
Olsun ki, tanış xallar, tanış çalarlar eşidilsin, amma hamının getdiyi düz yoldan bir azca ayrılıb təzə bir cığırla irəliləməyə nə varg

Mən Dərbənddən keçib gəldim,
Tanrıdağdan köçüb gəldim.
Eşq şərbəti içib gəldim
Qarışanda toza yollar.

Aşdım Ağrıdan o yana,
Yada düşdü atam, anam.
Az qaldı nəfəsim dona,
Yetişəndə düzə yollar.

Könül burda, can ordadı,
Şah burda, fərman ordadı,
Dərd burda, dərman ordadı,-
Aparır Təbrizə yollar.

Nəhayət, Saqif Qaratorpağın qəzəlləri haqda. Qəzəl yazmaq müəyyən uzun fasilədən sonra indi yenə dəbə düşüb və çoxları əruzu, qəzəl poetikası bilmədən və bu çətin yolun cığırlarına bələd olmadan qəzəlləmə yazırlar. Amma Saqifin qəzəlləri barədə pis demək olmaz. Hiss olunur ki, Saqif Qaratorpaq qoşma torpağından qəzəl vadisinə enməyi, ya da uçmağı bacarır. Onun qəzəllərində əruz üçün naşılıq hesab olunan sınıqlar, əyrilər yox dərəcəsindədir. Amma Saqif onu da unutmamalıdır ki, bəlkə də qoşmada, gəraylıda hünər göstərmək olar (Hüseyn Arif, Məmməd Aslan, Məmməd İsmayıl kimi), amma qəzəldə də gərək Füzuli kimi olmasa da Vahid kimi bacarıqlı olasan.

Bilmirəm, yar inciyib, yoxsa küsübdü məndən,
Barı xəbər göndərmir bir gələndən, gedəndən.

Qar əriyir, yollara təzə-təzə iz düşür,
Gələr çiçək dərməyə yəqin yazda çəməndən.

Bir ah qopsa sinəmdən, səda düşər dağlara,
Dostlar yığışıb gələr İncədən, Kəsəməndən.

Ölsəm bu qubar ilə Köçəsgərdə basdırın,
Cismim torpağa dönüb qoy kam alsın vətəndən.

Nə xoşbəxt olardım ah, saqif, sevənlər dərə
Məzarım üstə bitən bənövşədən, süsəndən.

Saqif Qaratorpğın "Qorxmuram" qoşması belə bitir: "Gahdan can verəndi, gahdan can alan, Mən sözdən qorxuram, sözdən qorxmuram". İzaha ehtiyac duymuram. Qoy həmişə belə olsun.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV