adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"Pirotexniklər bircə dəfə səhv edir"

ETİBAR CƏBRAYILOĞLU
37081 | 2013-08-24 01:45
Təcrübəli pirotexnik Əlibala Məmmədov niyə davamçı yetişdirə bilmir?
Əlibala Məmmədov otağın qapısını açıb bizi içəri buraxır. Kənar şəxslərin otağa daxil olması yasaqlansa da "Ədalət"in əməkdaşına istisna hal kimi icazə verilir. Səliqə ilə düzülən avtomatları, tapançaları, pulemyotları görən kimi otağın yad gözlərdən ciddi qorunmasının səbəbini başa düşmək olur. Bura Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının pirotexnika şöbəsidi.
Şöbənin açarlarını Əlibala Məmmədova təsadüfən etibar etməyiblər. Şöbə müdiri olan həmsöhbətimiz ömrünün 35 ilini bu sənətə verib. Pirotexnikanı Azərbaycanda mükəmməl bilən nadir mütəxəssislərdəndi. Onunla söhbətimiz əlamətdar hadisə ərəfəsində baş tutdu. Qarşıdan "Azərbaycanfilm"in 90 illik yubileyi gəlir. Bayramın geniş şəkildə qeyd olunması üçün dövlət başçısı sərəncam da imzalayıb. Mədəniyyətimizə böyük töhfələr verən kinostudiyanın fəaliyyətindən, bu sahədə çalışan fədakar insanlardan yazmağa dəyər.
Ustad pirotexnik Əlibala Məmmədov bu sənətin sirləri ordu sıralarında xidmət edərkən öyrənib: "Əsgərlikdə kəşfiyyatçı-minaaxtaran olmuşam. Mərmiləri zərərsizləşdirməyi yaxşı bacarırdım. Həmin ərəfədə "Mosfilm"də müharibə ilə bağlı film çəkilirdi. Pirotexniklərə kömək üçün əsgərlər axtaranda rus dilini yaxşı bildiyimdən mənim də adımı həmin heyətə daxil etdilər. Bir neçə həftə çəkiliş qrupu ilə birgə çalışdıq. Vyaçislav Tixonov kimi məşhur aktyorlar da həmin filmdə çəkilirdi. Təbii ki, mənim üçün bütün bunlar çox maraqlı idi. Əsgərlikdən qayıtdıqdan sonra iş üçün kinostudiyaya müraciət etdim. Hərbi biletimdəki qeydlərə baxıb işə götürdülər. Bir müddətdən sonra isə Ümumittifaq Kinematoqrafiya İnstitutuna 6 aylıq kursa göndərdilər. Vasili Lebedev kimi təcrübəli pirotexnikdən çox şey öyrəndim. Onu özümün müəllimi hesab edirəm".
Milli kinomuzda son illər istehsal edilən ən uğurlu filmlərdən söhbət düşəndə "Dolu" bədii filminin adı öndə çəkilir. İstedadlı rejissor Elxan Cəfərovun yazıçı Aqil Abbasın eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Dolu"nun belə uğurlu alınmasında baş pirotexnik kimi Əlibala Məmmədovun də əməyi var: "Quruluşçu rejissor Elxan Cəfərovla söhbətlərimizdən, ssenari ilə tanışlıqdan sonra başa düşdüm ki, "Dolu" çox mürəkkəb bir film olacaq. Ona görə İrandan da mütəxəssis dəvət etməyi qərara aldıq. İranın tanınmış pirotexniklərindən sayılan Əzim dəvətimizi qəbul etdi və çox həvəslə də bizimlə birgə çalışdı. "Dolu"da müharibə səhnələri, evlərin, hərbi texnikaların partladılması biz pirotexniklərdən böyük məsuliyyət və əmək tələb edirdi. Bu illər ərzində qazandığım təcrübə "Dolu"nun çəkilişlərində də köməyimə gəldi. Filmdə elə səhnələr var ki, tamaşaçı onu cəmi bir neçə dəqiqə görür. Amma biz pirotexniklər həmin epizodun alınması üçün bir həftə, on gün hazırlaşmışıq. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabit və əsgərləri də çəkiliş qrupuna çox kömək etdilər. Hərbçilər nizam-intizamı sevdiklərindən pirotexniklərə onlarla çalışmaq asan olur. "Dolu"nun çəkilişləri zamanı nizam-intizama əməl edildi, sonda da baxımlı bir iş alındı. Belə bir uğurlu ekran əsərinin yaranmasına görə təbii ki, sevinirəm. Şadam ki, mənim də bu işdə əməyim olub".
Həmsöhbətimiz deyir ki, döyüş səhnələri ilə dolu sonuncu belə filmimiz ötən əsrin 80-ci illərində çəkilib: "80-ci illərin əvvəllərində mərhum rejissor Rasim İsmayılov böyük sərkərdə Həzi Aslanovun həyatından bəhs edən "Sizi həyatımdan çox istəyirdim" filmini çəkəndə pirotexnik kimi məni dəvət etmişdi. Döyüş səhnələrini Belarusda çəkdik. Həmin dövrdə belə epizodları çəkmək asan idi. Çünki respublikalardakı milli kinostudiyalar arasında əlaqə var idi, texnikanın alınması ilə bağlı problemlərlə üzləşmirdik. Amma indi bu məsələləri həll etmək o qədər də asan deyil. Ondan sonra bizim kinostudiyada belə mürəkkəb film çəkilməmişdi. "Dolu" bu sükutu pozdu".
Əlibala Məmmədov son illər Rusiya kinematoqrafçıları ilə də birgə çalışıb. Deyir ki, pirotexniklər dünyanın harasında olsalar bir-birilərini yaxşı başa düşürlər: "Rusiyanın nüfuzlu NTV kanalının çəkdiyi "Jurnalist" serialının çəkilişlərində iştirak etmişəm. Pirotexniklərin necə deyərlər, əlifbası, iş üslubu eynidi. Ona görə də hansı ölkədə işləməyimizdən asılı olmayaraq bir-birimizi başa düşürük. Rusiyada maddi-texniki baza güclü olduğundan orada çalışmaq adama zövq verir".
Təcrübəli pirotexnik ötən bu illər ərzində davamçılarını yetişdirə bilməyib. Bunun da səbəbləri var. Dəfələrlə baxdığımız "Şərikli çörək" filmində Qırçı Məhəmmədin öz köməkçisinə dediyi söz yəqin ki, hamının yaxşı yadındadı - Heç kim böyüyəndə qırçı olmaq istəmir.
Əlibala Məmmədov da deyir ki, bu gün pirotexnik olmaq istəyən yoxdu:
"Bizim sənəti heç yerdə ayrıca öyrətmirlər. Xüsusi bir məktəbi də yoxdu. Bu sənət təcrübə ilə qazanılır. Təcrübə əldə etmək üçün də səbirli olmalısan. Təəssüf ki, indiki gənclərimizdə səbir, hövsələ çatmır. Maaş onları qane etməsə bircə gün də burda qalmazlar. Məsələnin digər bir vacib tərəfi də var. Hər adamı da pirotexnik kimi işə qəbul etmək olmur. Pirotexnik olmaq istəyəndə hərbi vərdişlər olmalıdı, həmin adam fizikanı, kimyanı, riyaziyyatı yaxşı bilməlidi. Pirotexnik həm çox məsuliyyətli peşədi. Buradakı texnikanı, silahı təsadüfi adamlara etibar etmək olmaz. Çəkiliş prosesində diqqətli olmaq bizim sənətin ən vacib tələblərindən biridi. Pirotexniklər minaaxtaranlar kimi bircə dəfə səhv edir".

Etibar
CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV