adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SEVDALANAR ONUN RUHU...

MƏZAHİR ƏHMƏDZADƏ
60397 | 2013-08-17 08:07
XIX əsrin 80-ci illərində indiki Kürdəmir rayonunun ən mərkəzi və qələbəlik yeri Köhnəbazar sayılırdı. İndi Kürdəmir şəhərinə qovuşuq olan Köhnəbazar həm də o dövrün ticarət və mədəniyyət mərkəzi idi. Köhnəbazarı Şirvanda tanıdan başqa bir səbəb də vardı. Kənd yerlərində əsasən mədrəsələrin fəaliyyət göstərdiyi o illərdə Şirvanda tək-tək rast gəlinən ilk dünyəvi məktəb də açılmışdı burada.
Kiçik və primitiv olmasına baxmayaraq, məktəbə maraq böyük idi. Dövrün işıqlı insanlarının sayəsində məktəb ildən-ilə məşhurlaşırdı. Burada dərs deyən müəllimlərin də, təhsil alan şagirdlərin də sayı artmaqdaydı...
Ömürlüyündə məlumdur ki, XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvani 1879-cu ilin iyun ayında Qafqaz Maarif İdarəsinin rəisinə ərizə ilə müraciət edib, Qori seminariyasında boş olan türk dili müəllimi vəzifəsində işləmişdir. Onun bu arzusu baş tutmasa da, Azərbaycan məktəblərində bir müddət müəllimlik etmişdir. Və həmin vaxtlar böyük şairin yolu Köhnəbazar məktəbinə də düşmüşdür. Bu tarixi məqam məktəbin həyatında böyük bir iftixar anıdır.
... 1902-ci il. Müthiş Şamaxı zəlzələsindən az bir vaxt keçib. Böyük şəhərin sağ qalan əhalisi Azərbaycanın yaxın-uzaq yerlərinə üz tutub çörək qazanmaq, yaşamaq uğrunda mücadilə edir, özlərinə yeni yurd-yuva qururlar. Bu vaxtlar faciədən qurtulub Kürdəmirə pənah gətirənlər də çoxdur. Mərkəz sayılan Köhnəbazarda da sıxlıqdır. Məktəbin binası və şəraiti də normal fəaliyyət üçün əlverişsizdir. Məktəb bir az da böyüməli, yeni sinif otaqları tikilməlidir. Zəlzələdən sonra Şamaxıdan buraya köçənlər arasında qəribə davranışlı 22-23 yaşlı gənc bir şair də var. O, Köhnəbazar məktəbində müəllimlik edir. Şair hər gün Köhənbazar meydanına çıxıb məsləkdaşları ilə birgə kürdəmirliləri məktəb tikintisinə kömək etməyə çağırırdı, insanları işıqlı gələcəyə səsləyirdi. Onları cəlb etmək üçün şaxtalı günlərdə də bəzən saatlarla şeir oxuyurdu..

Oxumaq üçün nə qədər dadü-fəqan etdim isə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersəm, eşidər, sonra verər əksi-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım...
Yox, o bu şeirini özünün talesiz uşaqlıq illərinin, oxuyub təhsil almaq üçün köməklik umduğu insanların daşqəlbliliyindən təsirlənib yazmışdı. İndi onu eşidirdilər, məktəb üçün ianə toplayırdılar.
Onun bütün çıxışlarına, şeirlərinə həvəslə qulaq asırdılar. Əlyazmalarını göydə qapıb böyük bir sevinclə, ehtirasla oxuyurdular.
Sanki inana bilmirdilər ki, sadə bir məktəb müəllimi, cavan bir uşaq belə qəribə, romantik şeirlər yaza bilər. Və özü də belə kasıb yaşayar. Qışın sazağında əlləri donar, nəfəsi buz bağlayar... Ancaq qəlbinin oduna, ürəyinin istisinə minləri qızındırar, xoş sabahlara umudlandırar.
Bu, Hadi idi! Romantik poeziyamızın banilərindən biri olan Məhəmməd Hadi! Ömrü də, həyat yolu da, bu dünyadan qopmağı da möcüzəyə bənzəyən Hadi! İndi Köhnəbazar məktəbinin hər daşı, divarı da bu şərəfi yaşayır. "Türkün nəğməsi"ni yazan Məhəmməd Hadi burada dərs deyib, burada məktəb tikib.
Ömrünün 41-ci baharında "yoxa çıxan", qeyb olan böyük şairin ruhu, nəfəsi həmişə bu qədim təhsil ocağının içində-çölündə dolaşmaqdadır...
Köhnəbazar məktəbinin qədimliyi və bu iki məqamı bir təhsil ocağı kimi onun əbədi fəxr və iftixarıdır. Və sevindirici haldır ki, indi Kürdəmirdə ən çox diqqət mərkəzində olan məsələlərdən biri məhz təhsil sistemi, yeni məktəb binalarının tikintisidir. İstər Dövlət Proqramlarının icrası çərçivəsində, istərsə də Heydər Əliyev Fondunun dəstəyi ilə Kürdəmir rayonunda son illər onlarla müasir tipli məktəb binaları tikilib istifadəyə verilmişdir. Bunun nəticəsidir ki, rayonda təhsilin keyfiyyəti xeyli yüksəlmiş, bütün istiqamətlər üzrə uğurlar artmışdır.
Və belə bir yüksəliş dövründə məhz Azərbaycanın ən qədim dünyəvi təhsil ocaqlarından biri olan Köhnəbazar məktəbinin də yubileyinə hazırlıq tədbirləri haqqında müəyyən ideyalar irəli sürülür.
... Onda çal-çağır olacaq, sevinc sevincə qarışacaq. Onda bu şölənə, bu dəstgaha bir şair ruhu da qoşulub don vurmuş əllərinin sızıltısını unudacaq. Bu ruh indi başqa sevdalara üz tutacaq, bu ruh indi başqa şeirlər yazacaq. Bizim heç vaxt oxuya bilməyəcəyimiz şeirlər...

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV