BİZ KİMİK Kİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
83107 | 2013-08-17 08:03
Əllaməçilik eləməyəcəm, sözü birbaşa, kol-kos doğramadan, necə var, elə deyəcəm, daha doğrusu, yazacam. Çünki sağ əllə sol qulağı tutmağa cəhd göstərməyə nə həvəsim var, nə də vaxtım. Bir halda ki, qulaqdan tutmaq lazımdı, deməli, onda sağ, sol məsələsi arxa plana keçir. Necə deyərlər, söhbət konkretlikdən, nişangahdan gedir... Bax bu mənada əvvəlki köşə yazılarımda məsələyə bir kəndir boyu uzaqdan gəlməyin heç bir mənası yoxdur. Üstəlik də səhifədəki yeri də nəzərə almaq və yaddaşa mismarlanmış hökmü də unutmaq lazım deyil. Odur ki, keçirəm birbaşa mətləbə...
İndi adamların üzü heç bir ifadəni əks etdirmir. Daha doğrusu,adamların üzünə baxırsan onların üzündən ölü sükutdan, donmuş kədər və tünd zəhrimardan başqa heç nə oxuya bilmirsən. Ona görə də mən son vaxtlar güzgüyə baxmağa da ehtiyat edirəm. Düşünürəm ki, bəlkə mənim də üz-gözümdə həmin o ölü sükut, donmuş kədər və tünd zəhrimar özünə yer salıb, orada rahatlıq tapıb. Əgər mən güzgüdə belə bir şey görsəm, yalan olmasın onda ürəyimin nə hala düşəcəyini ağlıma gətirmək istəmirəm. Çünki qorxuram. Qorxuram ki, dözə bilməyəm...
Hə, bax bu dediyim insan çöhrəsi yağışdan sonra artan göbələklər kimi ətrafımda get-gedə çoxalıb. Bunun da səbəbini bilmirəm. Doğrudur, deyirlər dərdli dərdlini tapır, amma indiki məqamda dərdin məsələyə heç bir dəxli yoxdur. Çünki evlilər evində gecələdiyi kimi, dərdlilər də başını dərdlərinin üstünə qoyub kef etməkdədilər, elə mənim kimi. Bax onda əvvəldə vurğuladığım məqam, yəni çevrəmdəki insanlarla bağlı söylədiyim fikirlər havada qalır. Bu yerdə məsələnin damarına bir az təbəssüm qatmaq üçün şair Moşunu yadıma salıram. Xatırlayırsınzsa, şair Moşu Göyəzənli deyir ki, "ayə, bu gün hamı məni öper, əjəlmi girreyir məni...".
Şairin adını çəkdim, məqamına uyğun nə vaxtsa yazdığım bir bənd yadıma düşdü.

Kəndir sallayıram hər gün quyuya
Hər gün də bu kəndir havada qalır...
Yaba götürürəm qum ələməyə -
Axırda günah da yabada qalır...

İnsan içiylə çölünü bütövləşdirə biləndə daha rahat olur, nəinki içi çölündən, çölü içindən xəbərsiz olanda. Təəssüf ki, böyük Mövlanənin dediyi kimi, göründükləri kimi olmağa çalışanlar öz iç dünyalarından o qədər uzaq düşürlər ki, geri qayıtmağa nə yol pulları, nə də minikləri olur. Ona görə də özləri öz içlərindən o qədər uzaq, o qədər xəbərsiz yaşayırlar ki, sonda bunun yaşamaq yox, sürünmək olduğunu da dərk edə bilmirlər. Bu isə insan faciəsinə, bütövlükdə cəmiyyətin xaosuna gətirib çıxarır. Ölənin qalandan, qalanın öləndən xəbəri olmur. Və həmin məqamda hamının gücü çatdı-çatmadı yerindən duran ağlına bir istəyi gətirir. O da dünyanı söymək, dunyanı qınamaq, dünyanı yamanlamaq olur. Böyük Məmməd Araz demişkən:
Mən belə dünyanın nəyindən küsüm...
Özümüzün yaman günə qoyduğumuz, özümüzün də daşladığımız, itini bazarda atından baha satdığımız, altına qumbara qoyduğumuz dünyanı qınayıb ondan küsməyə dəyərmi? Mən Məmməd Arazın son dərəcə kəskin, sərt və həm də düşündürücü şəkildə verdiyi hökmlə iki əlli razıyam:
-Bəli, belə dünyadan küsməyə dəyməz!! Bəli, belə dünyanı belə və belədən betər günə özümüz qoyub, özümüz də ondan küsə bilmərik. Ən azı bu, bizim bağışlanılmaz günahımız haqsızlığımız olar. Odur ki, dünyanın yaxasını boş buraxıb öz yaxamızdan tutmağı önə çəkməliyik... özümüzdən küsüb özümüzü rəndələyib, özümüzü böyük hərflərlə yazılacaq insan etmək, olmaq üçün dəridən-qabıqdan çıxmalıyıq. Buna cəhd etməli, bunun üçün çalışmalıyıq.

***
Üz-gözündən zəhrimar tökülən, dili isə saxta mehribanlıq ifadə edən bu dünyanın adamları yaşadıqları iki ömrün yükü altında həmişə təngnəfəs olublar. Elə bu gün də olurlar. Çünki onların uyğunlaşdıqları suda-quruda yaşamaq imkanları onları hər şeyə alışdırır. O alışqlanlıq da sonda həmişə həyatın ağrılı-acılı olmasına, günlərin məşəqqətli keçməsinə yaşıl işıq yandırır. Biz görə-görə gəlib, gələ-gələ də nəticə çıxardığımız həyatımızın məqamlarını göz önünə gətirib neçə adlı-adsız sualı da özümüzlə üzbəüz qoyuruq. Həmin o suallar isə bəzən o qədər güclü olur ki, cavabı hətta ən müqəddəs, ən həzin istəyi belə silkələyir. Onda...

İstəyim güc gəldi
istəyimi
gizlədə bilmədim...
İstəyim
ürəyimi dindirdi
ürəyimi
gözlədə bilmədim -
bağışla...

Gözlərim alışdı
gözlərindən
gizlədə bilmədim
gözlərim
gözlərinlə danışdı

bir-birinə qarışdı
gözlərimi
gözlədə bilmədim-
bağışla...

Əllərim
yarpaq tək əsdi
barmaqlarımı
gizlədə bilmədim
dözmək
məni dözümdən saldı,
sıxdı
nəfəsimi kəsdi
dözümsüzlüyümə
döz! - deyə bimədim
söz deyə bilmədim-
bağışla!

***
Həyatın qəribəliklərindən birbaşa danışdığım indiki anda məni bir dəli gülmək tutur. Əslində Qaradağda dəli gülmək yox, gic gülmək deyirlər. Mən gic sözünü yaddaşımda saxlayıb, dəli sözünü önə çəkirəm. Axı dəliyə fikir verən olmur... Lətifəsi həqiqi dəlilərdən çox-çox uzaq. Amma indi doğrudan dəli olmağın yeridir. Çünki ağıllı olub dərd çəkmək heç nəyə yaramır. Üstəlik, heç kim el üçün də ağlamır. Axı el kimin üçün ağlayıb ki? Yalnız öldürəndən sonra heykəl qoyub goruna and içdikləri üçün!!! Elə deyil?!
Bu başqa bir mövzudur. Qayıdaq sifətlərə... insan sifətlərinə. Qrammatikamızdakı sifət qalsın dilçilərin müzakirəsində... Mən hərdən düşünürəm ki, dünyadakı insan sifətlərindən bir sərgi təşkil olunsa, onda bütün rənglər, bütün güllər, çiçəklər, bütün gözəlliklər, bütün eybəcərliklər, bir sözlə, görüb duyduqlarımız, hiss etdiklərimiz hamısı kölgədə qalacaq, mənasını itirəcək. Axı insan sifətlərini, cizgilərini, çalarlarını, mənalarını, görüntülərini, ifadələrini, əks etdirdiklərini, bütövlükdə isə bir sifətdəki gizlənmiş min sifəti çıxarıb göstərmək bilirsən nə deməkdir? Məncə anlayırsınız nə deyirəm. Ona görə də əgər sizə sifətlərin sərgisi barəsində hansısa bir mesaj gəlsə, qəbul etməyin. Əgər etsəniz, doğrudan da dünyada ən böyük fəlakət baş verəcək. Onda bu dünyadan küsməyin də heç bir mənası qalmayacaq. Mən tam səmimyyətimlə bildirirəm ki, hətta istəsəniz yazıb altından imza da ata bilərəm ki, dünyada heç vaxt sifətlərin sərgisi təşkil olunmasın. Heç olmasa dünyanın xatirinə!..
Bu da mənim arzumdu. Onu da yazdım, onu da söylədim. Amma neyləyim ki, arzuların çin olması müşkül bir işə çevrilib. Ona görə də bəzən nəyisə arzulamaqdan da ehtiyat edirəm və ona görə də daha çox yazmağa, içimdəki duyğuları pıçıldamağa üstünlük verirəm. Yazıram ki:
Əsalı arzuların
Barıdı, neçə arzum.
Qocaldı gözgörəti-
Qarıdı neçə arzum...

Gündoğana üz tutan
Günbatana qayıdır
Doğulan arzular da -
Ölənlərin tayıdır...

Ümid imkan arayır
İmkan ümiddən qaçır
Bir əlim vağanıyır -
Bir əlim çiçək açır...

Təzad günün siması
Baxıb, ötüb gedirəm...
Nə qəldı ki, sınası? -
Boşluq! - təsvir edirəm...

İndi özündən uzaq düşən, sifətini axtara-axtara qalan, bir para sabiq yaxınların sabiq uzaqlardan nə ilə fərqləndiklərini araşdırmaq, müəyyənləşdirmək mənim üçün çox çətindir. Amma bu çətinliklərə baxmayaraq, nə ölən arzularımdan inciyirəm, nə günahına batdığıma "bağışla" deməyə utanıram, nə də həyatımı dəyişməyə cəhd göstərirəm... Çünki sonda yazdıqlarımı həyata keçirmək, həyatıma gətirmək istəsəm, onda mənim də hansı durumda olduğumu həmin o sabiqlər rahatca görəcəklər. Amma heç sabiq olmaq istəmirəm. Nə olsun ki dünya namərd dünyadı. Biz özümüz kimik ki?..

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV