adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

EYVOĞLU MƏMMƏD

MƏMMƏD DƏMİRÇİOĞLU
33986 | 2013-08-17 08:02
Göy üzü o qədər dumduru idi ki, masmavi səmada ağappaq lələklərə bənzəyən təkəm-seyrək, sığallı buludlar olmasaydı, bu mavi dərinlikdə adamın ruhu azar, bu duruluğa qarışıb yoxa çıxardı.
Orta Salahlı kəndindən İncə dərəsinə buralan yolla bir yolçu gedirdi. Əynində tünd mavi əbası olan bu yolçunun başına doladığı ağappaq əmmaməsi, dəstəyi yarıyacan şirmayi ilə bəzədilmiş əsası, belinə qurşadığı yaşıl naxışlı belbağısı onun adi yolçu olmadığından xəbər verirdi. Adətən belə geyimli insanlar çox böyük hörmət və nüfuz sahibi olar və səfərə at belində səfərə çıxardılar. Bəs üz-gözündən nur yağan gül camallı, saç-saqqalına dən düşmüş bu övliya misal insan bu uzun yolu niyə payi-piyada gedirdi?
Yumru-yumru təpələrin arasıyla uzanan əyri-üyrü yolların kənarlarında bitmiş otlar bir adam boyu uzanmış, təpələrin aralarındakı dinc yrlərə əkilmiş taxıl zəmiləri sünbül bağlamışdı. Taxıl əkilməyən təpələrin hərəsi bir rəngə çalırdı. Sap-sarı qaymaq çiçəkləri bir təpənin döşünü, yasəmən rənginə çalan topa-topa çiçəklər bir başqa təpənin yanaqlarını, ağappaq qırova oxşayan çiçək sərgisi isə başqa təpələrin əyin-başını toya hazırlaşan gəlinlər misalı bəzəmişdilər. Bir-birinin səsinə səs verərək, öz avazlarıyla bəhsə girən quşlar yorulmaq bilmədən oxuşur, al-əlvan rəngə çalan kəpənəklər, bu mübarək yolçunun başı üzərində dövrələr vuraraq, çıraq başına fırlanan pərvanələrə bənzəyirdilər. Taxıl zəmilərinin aralarına səpələnmiş lalə yağışı yamyaşıl xalı üzərindəki qırmızı zolaqlara bənzəyirdi. Göy üzü, yer üzü öz varlığını bu mübarək yolçuya ərmağan edirmiş kimi, bütün gözəlliklərini onun başı üstünə, ayaqları altına səpələmişdilər.
Arabaların qoşa zolaqlar saldığı dolama yolların kənarıyla uzanan çiçəkli çəhlimlərlə yol gedən yolçu bu yaxınlarda öz əliylə dəfn etdiyi Hürmələk nənənin tək məzarına yaxınlaşdı. Çox da hündür olmayan təpənin üstündəki tək məzarın baş tərəfinə keçərək, üzü dibləyə durdu, əllərini saqqalına çəkib, əvvəlcə Peyğəmbər əleyhissalamın gül camalına, sonra isə Hürmələk nənənin mübarək ruhuna bir salavat çevirdi. Uca səslə oxuduğu həmd surəsini tamamlayıb əllərini qoşalayaraq, bir də aşağıdan yuxarı ağarmağa başlayan saqqalına çəkdi.
Salahlıdan üzü İncəyə çaparaq gələn atlı bu mənzərəni görüb, atını yavaşıtdı. Bir az da yaxınlaşanda Hacı Mahmud Əfəndini tanıdı və cəld atından yerə sıçradı. Ona yaxınlaşan atlını görən Hacı Mahmud Əfəndi də duasını bitirib, yola tərəfə getdi. Atdan düşən gənc yeniyetmə boyca çox hündür idi. Enli kerəyi, nazik beli, yoğun biləyi, Aslan pəncəsinə bənzəyən iri əlləri boyu ilə mütənasib idi. O, Övlüya babasına yaxınlaşan kimi qarşısında diz çökdü və əsa tutmayan əlini ovucuna alıb, öpərək alnının üstünə qoydu.
Qazamatdan evə buraxılmış Hacı Mahmud Əfəndinin (Müridizm hərəkatının üzvü olub, Şeyx Şamil hərəkatına dəstək verdiyinə görə çar rusuyası tərəfindən həbs olunmuşdu) gəlişini ilk olaraq görən bu pəhlivan cüssəli gənc, onun payi-piyada olduğunun səbəbini anlayıb, atının cilovunu ona uzatdı.
- Kimlərdənsən övladım, ədəb-ərkanına bərəkallah.
- Ya qurbanı olduğum Hacı Əfəndi baba, Qaymaqlıdanam. Eyvoğlu Məmmədəm, - deyib bir də baş əyərək təzim etdi.
- Bərəkallah, bərəkallah oğlum, nə mübarək ad daşıyırsan. Eləki oldu, onda gəl tərkiləşək, - deyib, ayağını Məmmədin bir tərəfindən basdığı üzəngiyə qoyub, cəld bir hərəkətlə atın belinə qalıxdı.
Evinə çatan Hacı Mahmud əfəndi ondan tez yerə tullanan Məmmədin köməyi ilə atdan düşdü.
- Çox sağ ol, oğlum. Kürəyin heç vaxt yerə dəyməsin, pəhlivan Məmməd. Özünü bədnəzrdən qoru - deyib, əlini onun kürəyinə çəkdi...

***
Qasım babamın evi Qaymaqlı kəndinin lap başında, Qurumsu çayının sol yamaçındakı qoşa çalın ətək hissəsində idi. İki otaq, bir balkondan ibarət, kirəmit qirşalı evi üzü dəyirman çalına tərəf, arxası isə Qurumsu dərəsinin lap boğazında qaynayan Tənəkli bulağa tərəf idi. Evinin bağla bitişik çəpərinin arxa tərəfiylə axan arxı babam, Kəmərli kəndinin başından bir neçə qonşu ilə birlikdə, lapatqa, lom vasitəsiylə qazıb gətirmişdilər. Uzunsov bağı baş tərəfdən Mahmud babanın, qarşı tərəfi Nənə xalanın, ayaq tərəfi isə Məhəmməd babanın (Qara xozu) bağı ilə həmçəpər idi. Bağın aşağı tərəfiylə də bir arx axırdı. Bu arx isə Məhəmməd baba ilə Nənə xalaya məxsus idi. Aşağı arxın kənarları ilə qatarla əkilmiş dəmbil (Gavalı) ağacları həmişə çıtraq gətirər, dibinə tökülmüş meyvələri vedrə-vedrə daşımaqla qurtarmazdı. Həmin bağda üç meyvə ağacından çox xoşum gəlirdi. Bağın lap başında, Ması babanın (Ması Manmud babanın kiçik oğlu idi. Böyük oğlu Əhməd Əfəndi, Ağamalı Sadiqin atası, kəndimizin spalkomu idi) çəpəri ilə bitişik yerdə olan incil ağaçı, üst arxın gözündəki ağ tut, bi də bağın tən ortasındakı iri gövdəli, bir üzü sapsarı, digər üzü isə qıpqırmızı meyvələr bitirən ərik ağacları idi.
Qaymaqlı kəndi, özündən yuxarıdakı Kəmərli və özündən aşağıdakı Astanbəyli kəndinə nisbətən dəmyə kənd idi. Kəndin lap başında yerləşən 4-5 evdən başqa demək olar ki, heç kimin bağı-bağatı, hətta bəzilərinin qapısında kölgələnmək üçün bir ağacı belə yox idi. Bu baxımdan babamın bağını cənnət hesab etmək olardı.
Qasım babam çox zəhmətkeş bir adam idi. İncə çayının o üzündə, Dəyirman çalının ətəyində tikilmiş dəyirmanı babam işlətdiyindən çox adam babamı Dəyirmançı Qasım deyə çağırırdılar. Babamın heç xoşuma gəlməyən başqa bir ayaması da var idi. "Dana yeyən Qasım". Babamdan soruşmaqa cəsarət etməsəm də, günlərin birində nənəmdən sorumuşdum ki, babama niyə belə deyrlər? Nənəm isə gülümsəyərək - Baban cavanlığında çox yeyimcil adam idi. Bi otruma yalan olmasın bir dananı yeyirmiş. Ona görə elə deyirlər, a qavağında ölöm. - deyib, nənə nəvazişiylə başımı sığallamışdı.
Babam çox sakit bir adam idi. Quzu dərisindən özü tikdiyi züllə papaq başından, armud ağacından yonub hazırladığı uzun çubuqlu qəlyanı isə damağından əskik olmazdı. Sakit olduğu qədər də qaradinməz, qaradinməz olduğu qədər də zəhimli bir adam idi. Buna görə də mən ancaq nənəmlə dostluq edirdim. Meyvələr yetişəndə babam özü anama tapşırırdı ki, Mamedi (o zaman nədənsə məni Məmməd deyə çağıran yox idi.) gətir qoy mer-meyvədən yesin.
Altı yaşım təzəcə tamam olmuşdu. Tezcə böyüyüb, Ağamalı kimi məktəbə getmək istəyirdim. Babamgillə qonşu olduğundan hər Ağamlı məktəbə gedəndə babamgilin evinin yanından keçərdi. Məndən 3-4 yaş böyük olduğundan məni heç adam yerinə saymırdı. Mən isə həmişə onun arxasınca baxıb, çiynindən asdığı çantasını, yaraşıqlı geyimini-gecimini həsrətlə seyr edirdim...
Çox sirli-sehirli, zəhimli bir adam olan Qara xozu hərdən babamgilə gələrdi, bir tərəfə çəkilib nələrdənsə söhbət edərdilər. Açığını deyim ki, hər dəfə bu ağsaçılı, qara sifətli, qalfeyi şalvarlı, xurom çəkməli kişini görəndə canımdan bir üşütmə keçirdi. Nənəm bir neçə dəfə bunu hiss edib: - Məhəmməd babandan niyə qorxursan, atam-anam, bizim qohumdu. Doğmaca əmim oğludu, - desə də məndən bir az aralanan kimi: "Uşaq hiss edir əzrayıl adam olduğunu" - deyib, dodaq altı pıçıldayardı. Sonralar nənəm özü onun macəralarından mənə xeyli danışmışdı və Məhəmməd baba qorxunc olduğu qədər də bir nağıl qəhramanı kimi gözümdə ucalmışdı.
Hər şeylə maraqlandığımı, xüsusən də maraqlı əhvalatları sevdiyimi görən Qasım babam da mənə rəğbət göstərməyə, başına gələnlərdən, eşidib gördüklərindən həvəsi olduqca söyləməyə başlayırdı:
Kefinin kök vaxtlarının birində:
- Ay cırtdan balam, gəl indi də sənə Eyvoğlu Məmmədin igidliklərindən danışım, - deyib, taxtın üstündəki mütəkkəyə dirsələnərək, yanından asılmış nazik dəmir çubuqla qəlyanının tütünü qurdalayıb tüstülətməyə başladı.

1-ci RƏVAYƏT

Eyvoğlu Məmməd kəndimizin ən güclü adamı idi. Yüz adamın içindən seçilən Məmməd uca boyu, enli kürəyi, iri əlləri, yoğun biləkləriylə hamıdan fərqlənirdi. Bütün bunlara baxmayaraq, demək olar ki, həm də kəndimizin ən sakit, ən fağır adamlarından biriydi. Fağır deyəndə elə bilmə ki, qorxaq idi, sadəcə heç vaxt gücü-quvvətiylə lovğalanaraq bir kəsə özünü göstərməz , başını sallayıb öz işləriylə məşğul olardı. Hamı da onun hansı gücə malik olduğunu bildiyindən ona ehtiramla yanaşar, ehtiyatla rəftar edərdilər.
Anası Qızxanım, oğlundan fərqli olaraq çox ötkəm və qürürlu bir qadın idi. Oğlunun gücüylə fəxr edər, bəzən özü onu sınaqlara çəkər və bütün çınaqlardan uğurla çıxan oğluyla fəx edərək ana təkəbbürünü heç kimsədən gizlətməzdi.
Payız dönəminin başladığından tez-tez yağan yağışlar Kirkitdi və Cüryəllidə biçilmiş taxıl dərzlərini, otu-alafı daşıyıb gətirməyə əngəl törədirdi.
Günlərin birində hava xoş olduğundan Məmməd də dörd öküz qoşulmuş iri arabasını otla doldurub kəndə qayıdırmış. İncə çayını keçib Su yoxuşuna ağzı dirənən öküzlər yoxuşun ortasında dirəndilər. Yük ağır olduğundan ağzı köpümlənmiş öküzlər var gücü ilə dartınsalar belə arabanı yoxuşdan çəkib çıxara bilmədilər. Təxminən bir km.-lik yoxuş atlar, öküzlər və kəllər üçün sınaq meydanı idi həmişə.
Camaata hay düşür ki, Eyvoğlu Məmmədin arabası Su yoxuşunda qalıb, arabanı dartmağa öküzlərin gücü çatmır. Anası Qızxanım bu xəbəri eşidir, oğlunun "məğlub" olacağından qorxub özünü həmin yerə çatdırır. Təpənin başında tamaşaya duranların içindən qabağa çıxaraq hamının maraqla seyr etdiyi mənzərəni görüb: - Əmməd, Əmməd, özünü sındırma - deyib, oğluna ürək-dirək verməyə başlayır.
Anasının səsini eşidən Məmməd sol boyunduruqdakı öküzü açıb sağ boyunduruğa qoşdu, özü isə həmin öküzün yerinə qoşuldu, ona kömək etməyə çalışan dostu Ənmədə tapşırdı ki, öküzlərə bir çubuq çəkəndə mənə ikisini çək. Anam baxır, biz buradan çıxmasaq, gərək anamın üzünə baxmayam.
Boyunduruğun sağ tərəfində olan 3 öküz hərəkətə gəldi. Sağ boyunduruqda isə burnundan alov püsgürən ala öküzlə, gözləri qan çanağına dönmüş Məmməd, ayaqları ilə yeri eşərək arabanı qabağa dartmağa başladılar. Yük dolu araba hərəkətə gəldi və yoxuşun sonuna 5-10 metr qalmış yenidən dayandı. Öküzlərin ağzındanan daşdanan köpük, Məmmədin kürəyinin arasıyla axan tər seli vəziyyətin nə yerdə olduğunu aydınca göstərirdi.
Əhməd təkərlərin arxasına iri daş qoyub, öküzlərin və Məmmədin dincəlmələrini gözlədi. Az keçməmiş Qızxanım ananın amiranə səsi eşidildi.
- Özünü toparla, Məmməd, arabanı buradan çıxarmasan südümü sənə halal etmərəm.
Çiyinlərinə qan sağılmış Məmməd:
- Əhməd, çubuqla - deyib, bir nərə çəkdi. Aslan nərəsinə bənzəyən səsi sanki, öküzlərə də güc- qüvvət gətirdi. Məmməd son həddi hiss edərkən çəkdiyi bu dəli nərəsiylə elə bil İlahidən güc alırdı. Bu dəfə də bütün gücünü toplayıb məqsədinə nail olmalı, anasının üzünə üzü ağ çıxmalıydı.
Heyrət içində bu qeyri-adi səhnəni izləyən camaatın sayı çoxalmış, Eyvoğlunun gücünə bələd olanlar arxayınlıqla, bələd olmayanlar isə böyük həyəcan içində bu mənzərənin nə ilə nəticələnəcəyini maraqla gözləyirdilər.
Sanki, Tanrıdan güc alan Məmmədin dizlərinə yeni taqət gəldi. Öküzlər də qeyrət anının gəldiyini anlayırmış kimi Məmmədin vəziyyətini görüb, gözlərini bərəldərək fısqırmağa, dırnaqları ilə daşlı, çındıllı torpağı eşməyə başladılar.
- Hoydu, Qara pələ, haydı, Ala nər, - deyib özü öküzlərə ürək dirək verdi və sonuncu addımları da atıb, arabanı Su yalunun qaşına dartıb çıxardı. ,Əhsən,Eyvoğlu"! "Anananın südü halalın olsun, Məmməd!" - nidaları ucalmağa başladı.
Heyrət və maraqdan par-par yanan gözlərimə baxan Qasım babam:
- Həə, mənim cırtdan balam, bu gecəlik bəsindi. Allah qoysa sabah da dalını danışaram, - deyib məni anbarın üstündə salınmış yerimə qaldırdı.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV