Bakıda Foqts küçəsi

ETİBAR CƏBRAYILOĞLU
82614 | 2013-08-17 08:02
Camaat macəra axtarmaq üçün cırtdan ölkələrə gedir. Malta millisinin futbolçuları isə çaşıb Azərbaycana gəldilər. Və səhvlərinin də bədəlini ağır ödədilər, çox ağır. Yalvar-yaxarla Almaniyadan gətirdiyimiz baş məşqçi Berti Foqtsun "nemesliyi" necə tutdusa millimiz balaca ölkənin yığmasını böyük hesabla məğlub etdi.
Futbol azarkeşlərimiz alman Foqtsun xasiyyətinə yaxşı bələddirlər. Onun "nemesliyi" iki-üç ildən bir tutur, tutanda da heç kimi tanımır. Yəqin yadınıza gələr, Avro-2012-nin seçmə mərhələsində Bakıda Türkiyəni necə məğlub etdik. Azərbaycan millisi özü bir şey edən deyildi, qardaş Türkiyənin də final mərhələsinə gedən yolunu bağladı. Nə etmək olar, alman əlində qalmışıq.g
Berti Foqtsun budəfəki əsəbiləşməyi Malta ilə oyuna düşdü və millimiz rəqibin qapısına 3 top atdı. Lakin iki-üç ildən bir gələn bu qələbədən Fatıya düz-əməlli tuman çıxmadı. Çünki cırtdan dövlətin oyunçularını yoldaşlıq görüşündə məğlub etdik.
Bir yandan da rəqibin baş məşqçisi millimizin nadir qələbəsinə kölgə salmaq istəyir. Malta yığmasındakı futbolçuları tutub Bakıya gətirən Pyetro Qedin deyib ki, komandalar arasında səviyyə fərqi var. Baş məşqçinin dediyinə görə, Malta yığmasında cəmi bir-iki peşəkar futbolçu forma geyinir, digər oyunçuların hərəsi bir sənətin sahibidi. Yəni millimizə qarşı forma geyənlərdən biri hər gün metronun qarşısında durub marşrut avtobusuna müştəri səsləyir, digəri şadlıq evində tamadadı, üstəlik toyun sonunda məclisə oynaya-oynaya qamburger gətirir, o biri evləri gəzib işıq pulu yığandı.
Əcəb işə düşmüşük də, babalar demişkən, ayda ildə bir namaz, onu da Pyetro qoymaz. Sözün açığı, mənə elə gəlir ki, Maltanın baş məşqçisi əməlli-başlı cığallıq edir. Berti Foqtsun qazandığı böyük hesablı qələbəyə kölgə salmaq istəyir. Amma ona da nemes oğlu nemes Foqts deyərlər. Millimizin baş məşqçisi Pyetro Qedin kimi mütəxəssisləri pivə barına susuz aparıb susuz gətirər. Foqtsa belə fırıldaqlar keçməz, çünki o, özü də belə nömrələri bizə çox gəlib. Neçə illərdi ki, ondan məzmunlu oyun, yaxşı nəticə tələb edənlərin üzünə durur. Yasda da, toyda da, AFFA-da da deyir ki, azərbaycanlı futbolçular xarici klublarda oynamırlar.
Foqtsu almanca başa salan yoxdu ki, xaricdə oynamaq məsələsini çox qabartmasın. Düzdü, bizim bu məsələdə alman məşqçinin yanında boynumuz tükdən nazikdi. Dünyanın aparıcı çempionatlarında top qovan futbolçumuz yoxdu. Bir balaca bacarığı olanları da üzə çıxara bilmirik. Amma burda başqa bir məsələ var. Mövsümün əvvəlini "Real"da, ikinci yarısını "Barselona"da keçirən, "Çelsi"də kapitan kimi meydana çıxan, "Qalatasaray"da qol kralı olan futbolçularımız olsaydı daha Foqtsu nə edirdik ki? Bir də ki, ay Foqts müəllim, bizim Biləcəridən o yanda futbolçumuz yoxdursa, bəs sən ilin 10 ayını Biləcəridən o yanda niyə keçirirsən?
Məlum məsələdi ki, Berti Foqts bu saat həmin suallara cavab verəsi halda deyil. Çünki özünü havalarda hiss edir. Elə bil yoldaşlıq görüşündə Malta yığmasını yox, İspaniya millisini məğlub edib, özü də dünya çempionatının finalında. Sinəsini qabağa verib elə yeriyir ki, elə bil iki-üç ildən bir qələbə dadan yığmamızın deyil, Avropada adından söz etdirən "Qarabağ"ın baş məşqçisidi. Özünü Qurban Qurbanovla tay tutmaq istəyir.
Foqtsa elə gəlir ki, yoxlama oyununda Maltanı udandan sonra Bakıda onun adına küçə verilməlidir. Forsu yerə-göyə sığmayan Mahir Şükürov, Araz Abdullayev də həmin küçədə bahalı arabalarını bizim üstümüzə sürməlidirlər.
Küçələrin birinə Foqtsun adının verilməsi bir az vaxt aparan məsələdi. Bir-iki həftə də gözləyək. Görək alman Berti Foqts İsrail yığması ilə rəsmi oyundan sonra da belə qalib görkəmində gəzəcəkmi?

Etibar Cəbrayıloğlu

TƏQVİM / ARXİV