adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ÇÖRƏK OĞRUSU

FƏRİDƏ RƏHİMLİ
39523 | 2013-08-17 08:01
Ayın əvvəlində çox böyük səs-küyə səbəb olan "çörək oğrusu" məsələsi hələ də düşüncəmi tərk etmir. Məsələni yəqin ki, eşitməyən qalmadı. Amma mən yenə də xatırladım: şəhərimizin ən məşhur mağazalarından birində ehtiyacı olub, pulu olmayan yaşlı bir qadın çörəyi oğurlamaq fikrinə düşür. Bunu anlayan mağaza görəvliləri qadını saxlayır və rəhbərliyin müdrik qərarıyla, onun şəklini çəkib, altından "çörək oğrusu" yazaraq, mağazanın girişindən asıblar. Yəqin ki, onların fikrincə bu, gələcək "oğrulara" görk olacaqdı...
Bu hadisə müqəddəs Ramazan ayında baş verdi. Bütün imkanı olan müsəlmanların fitrə, zəkat çıxarmalı olduğu, kasıba, köməksizə əl tutmalı olduğu, Allahın, kitabın yardımlaşma, bir tikəsini bölüşmə ayı buyurduğu ayda baş verdi. Bəlkə də hüquqi, qanuni baxımdan o müdir tərəfindən çıxarılmış qərar doğru idi. Amma yüzlərin, minlərin qarşısında bir ac qadını doyurmaq elə də böyük ziyanlıq olmayacaqdı. Bir acı doydurmaq savabı o yüzləri ikiqat edə bilərdi...
Bəlkə də (hətta inanıram ki - F.R)o müdiri danışdırsan haralarasa etdiyi köməkdən, yardımdan, zəkatdan ağızdolusu danışacaq və ola bilər ki, bunu etmiş olsun. Amma əsl kömək ehtiyacı olana edilən köməkdi. Bir rəvayətdə deyilir ki: bəndə tez-tez Allaha yalvarır ki, mənə qonaq gəl. Yaradan da söz verir ki, bu gün gələcəm. Bəndə hazırlaşır, gözləyir. Bu zaman cırıq paltarlı kasıb bir dilənçi onun qapısına gəlir. "Qonaq" gözləyən adam dilənçini acılayaraq, tezliklə buradan uzaqlaşmasını tələb edir. Axşam olur, qonaq gəlmir. Bəndə acizanə yalvarır: Allahım, axı mənə söz verdin ki, gələcəm, niyə gəlmədin? Yaradan: mən gəlmişdim, deyir, sən qapıdan qovdun! Məncə o qadın da, bu müqəddəs günlərdə Allahın o imkanlının qapısına, onu sınamaq məqsədiylə göndərdiyi səbəbdi...
Oğurluq həmişə bəyənilməyən bir işdi. Təkcə bunu düşünmək kifayətdi ki, qadın başqa şey yox, məhz çörək oğurlamışdı. Bunun da aclıqdan başqa səbəbi ola bilməzdi...
Müqəddəs kitabımıza görə, günahı olanı çoxluğun arasında rüsvay etmək özü də günahdır. Bu günah yalnız sənin malına ziyan vurmuşdusa, onunla sənin aranda həll olunmalı idi. İnsanı başqaları qarşısında rəzil etmək, alçaltmaq yaradana xoş gəlməyən sifətlərdəndi. O müdir qadını çağırıb söhbət edə, nədən bunu elədiyini soruşa, ehtiyacını təmin edə bilərdi. Kimsəsizdisə, hətta himayəyə də götürə bilərdi. Bu, oğurluq edəni utandırmaq üçün ən düzgün yol olardı.
Ramazan ayı arxada qaldı. Bəzi imkanlılarımızın düşüncəsinə görə, kömək ayı bitdi. Amma ehtiyacı olana əl tutulan hər gün müqəddəs gündü, günahlardan təmizlənmə, savablara vəsilə günüdür. Allah hər birimizi günahlardan, düşünülməmiş qərarlardan qorusun!

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV