BİR ŞAİR VAR: SƏRDAR ZEYNAL

VAQİF YUSİFLİ
86243 | 2013-08-17 07:58
O, altmış il öncə Naxçıvanda, Ordubad rayonunun Tivi kəndində dünyaya göz açıb. Bu kənd rayon mərkəzindən 60 km. Şimalda, Zəngəzur silsiləsinin ətəyindədir. Bu kəndin özünəməxsus gözəl təbiəti olduğu kimi, onu məşhurlaşdıran ziyalıları da olub və indi də var. Azərbaycan Yazıçılar Birliyinin təxminən on üzvü Tividəndir (ötən illərdə və indi). Elman Həbib, Mahir Səmədov kimi tanınmış şairlər (hər ikisi vaxtsız vəfat ediblər, Allah rəhmət eləsin!) bu kənddəndirlər.
Sərdar Zeynal iyirmi yeddi il əvvəl, 1986-cı ildə Tividən çıxıb, Bakı yaxınlığındakı Bilgəh qəsəbəsinə gəlib, indi burada - orta məktəbdə müəllimdir. O, filologiya elmləri namizədidir, dilçiliyə dair bir sıra əsərləri də var və Tofiq Hacıyev, Qəzənfər Kazımov kimi tanınmış dilçilər-professorlar Sərdarın dilçiliyə dair əsərlərini ("Orta məktəblərin "Azərbaycan dili" dəsliklərində dilçilik məsələləri" - 1999, "Orta məktəbin "Azərbaycan dili" dərsliklərində cümlə və cümlə üzvləri" - 2001, "Orta məktəbin "Azərbaycan dili" dərslikləri- 2003, "Azərbaycan dili morfologiyasının tədqiqi tarixi-XX əsr" - 2011) yüksək qiymətləndirmişlər. Amma biz onu daha çox şair kimi tanıyırıq.
Sərdar Zeynalın indiyə kimi "səninlə bəxtiyar olacağam mən", "Üyüt ömür dəyirmanı", "İnandım ki, həqiqətdi bu sevgi", "Bir ürək sevgiyəm", "Mən nələr çəkirəm", "Dəniz ağladır məni" və "Məni düşünəcəksən" adlı şeir kitabları işıq üzü görüb. Professor Tofiq Hacıyev yazır: "Əlbəttə, Sərdar Zeynal şairdir. Bütün şairlər kimi o da bir söz demək, insanlarla dərdləşmək, imansızları imana gətirmək, sevənlərin sevgisinə bir şirinlik qatmaq və vəfasızlara tənə etmək üçün əlinə qələm götürüb". Başqa bir professor - Qəzənfər Kazımov deyir ki: "Sərdar şairdir. Sərdar üsuli-zorrama şair deyil, həqiqi şair istedadına malikdir və ən mühüm keyfiyyətlərindən biri budur ki, fikrin poetik ifadəsi üçün çətinlik çəkmir, eyni fikri, eyni ideyanı çox rəngarəng şəkildə ifadə etmək gücünə malikdir. Gözəl təbi var".
Əlbəttə, bu iki tanınmış alimlərdən sitat gətirməyimiz qabaqcadan nəyin üstündən keçmək, nəyisə sığortalamaq deyil. Hər iki dilçi alimimiz öz dilçi həmkarlarını ilk növbədə, şair kimi tədqiq etmişlər.
Hər bir şair öz zamanının yetirməsidir və təbii ki, o yaşadığı zaman, həyat, gerçəklik də onun əsərlərində, yazdığı şeirlərdə əks-sədasını tapmalıdır. Sərdar Zeynalın şeirlərində də öz zamanının - dövrün ictimai-siyasi olaylarının, həyatdakı müxtəlif hadisələrin, insanların duyğu və düşüncələrinin poetik inikasını görə bilərik. 2003-cü ildə yazdığı "Nə çəkmədim" şeirində Sərdar deyirdi:

Həyat ağır, ömür yolum qəm yolu,
Nə çəkmədim bu kəm ömrün qəmindən.
Gülüş sürgün, sinəm qəhər, qəm dolu,
Mamır qalxıb gözlərimin nəmindən.

Fikirlərim qanad açıb yüz yana,
Milyon arzu sığınıbdır bir cana,
Aylar əriş, günlər ilmə, il hana,
Naxış vurub ürəyimin qəmindən.

Dərddən dağ var ürəyimin başında,
Qəm gölüm var qəhərimin yaşından,
Nə çəkmədim bu bəd ömrün qışından,
Kimsəm yoxdur, çəkinələr kimimdən.
Yazıq bildim tikəmə göz dikəni,
Torpağımda özünə dən əkəni,
Nə bilərdim qarşımda diz çökənim,
Qovacaqdır məni bir gün zəmimdən.

Diqqət yetirin: bu şeirdəki giley-güzar, narahatlıq hissi son iyirmi ildə əksər müəlliflərin şeirlərində də nəzərə çarpır. Narahat illər idi, hər bir azərbaycanlı vətəndaşın içində bir dərd qovrulur, tikəmizə göz dikən indi bizi öz zəmimizdən qovur. Həmçinin məmləkətdə bir müddət xaos və hərc-mərclik hökm sürürdü. Şairlər bu gərdişdən narazı idilər, bu, Sərdarın şeirlərində də diqqəti cəlb edir.
S.Zeynalın "Dəmiryol vağzalı" və "Kəndimə" şeirləri ayrılıq motivləri üzərində köklənib. Budur, onun lirik qəhrəmanı (əslində, elə şairin özü) dəmiryol vağzalındadır.

Nə vaxtdır boynuma dolanmır qollar,
-Bu dərdin dərmanı, kökü dərindir.
Bakıdan Şərura uzanan yollar
Yolçuya tamarzı Xudafərindir.

Ordubad vağzalı susuz dəyirman,
Nə vaxtdır həsrətdən asılı qalıb.
Naxçıvan vağzalı taxılsız xırman,
Həsrətlər üst-üstə basılı qalıb.

Şeirdəki həsrətin, nostalgiyanın ünvanı məlumdur. Daha Bakıdan Şərura, Naxçıvandan Bakıya qatarlar gedib-gəlmir.Bu, adi bir hadisə deyil, millətin, xalqın böyük dərdlərindən biridir. Ona görə də şairin harayı təbiidir.

Dəmiryol vağzalı, bilet ver mənə,
Yollansın Bakıdan Şərura qatar!
Üz tutub mən sənə deyirəm yenə,
Gəl məni bu ağır həsrətdən qurtar.

Dəmiryol vağzalı, dinirsən haçan,
Qızlarım nə vaxtdır günləri sayır.
Nə zaman vağzalda "Bakı-Naxçıvan"
Dayanır, qatara minik başlayır?!

Sərdarın belə ağrılı-acılı, misralarından qəm sızan şeirləri az deyil. Amma eyni zamanda nikbin çalarlar da onun şeirlərində öz yerini tapır, oxucunu bədbinləşməyə qoymur: "Fitnəsindən zara gəldik Qarşımda diz çökənlərin. Namərdlərin qarşısında əyilməyən uca dağıq, Milyon illər dayanmışıq yenə məğrur duracağıq". Yaxud: "Qan ağlayır Laçın, Şuşa, Kəlbəcər, Oğlu, qızı, əhl-əyalı dərbədər, Uüt gəlibdir bu dünyaya xeyir-şər, Yol gözləyir Qarabağın yolları".
Şairlərin adı qarşısında "vətənpərvər" təyinini işlətmək dəbə düşüb. Əslində, vətənpərvər olmayan bir şair təsəvvür eləmək çətindir. O, öz məmləkətinə, onun şanlı keçmişinə, bu gününə, gözəl təbiətinə və şöhrətli insanlarına bir şeir də həsr edə bilər, yüzünü də.
Amma təki şeir olsun. Vətən haqqında deyilənlərdən fərqlənsin. Sərdarın bu mövzuda yazdığı şeirlərin sayı o qədər də çox deyil. Özü də bunların içində zəifləri də var. Amma bir neçə elə şeiri var ki, onlar şairin ənənəvi mövzuda poetik istedadını nümayiş etdirir.
Həmin şeirlərdən biri "Dərdin nədir, bənövşə"dir. Bu şeirdə Vətəni tərənnüm və vəsf nəzərə çarpmır. Vətənin bir boynubükük bənövşəsi şeirin obrazına çevrilir.

Dərdin nədir, beləcə
Boynu bükük durmusan,
Bilməyib gündüz, gecə,
Ağır matəm qurmusan.
Həsrətə heykəl kimi
Düşmüsən dilə, dişə,
Dərdin nədir, bənövşə?!

Sənin də mənim kimi
Xoşbəxt çağın getməyib.
Laçının, Kəlbəcərin,
Qarabağın getməyib,
Duruşun matəmlidir,

Yox de bu görünüşə,
Dərdin nədir, bənövşə?
Sərdar Zeynalın "Məni düşünəcəksən" adlı axırıncı şeirlər kitabında kəmiyyət etibarilə əsas yeri sevgi mövzusunda yazılan nümunələr tutur. Hamı kimi mən də bu sözü deyirəm ki, müasir dövrdə sevgi şeiri yazmaq çətin deyil, amma ƏSL SEVGİ ŞEİRİ yazmaq, bununla könülləri fəth eləmək olduqca çətindir. Sərdar Zeynalın sevgidən yazdığı şeirlərin də heç də hamısı nümunəvi deyil. Amma bu şeirlərin, səviyyəsindən asılı olmayaraq hər biri yaşanılan hisslərin, duyğuların məhsuludur.
Onun əksər şeirlərində sevgi əzablarına dözən, bu yolda mətanətlə duruş gətirən bir aşiqin obrazını görürük. Və bütün şeirlərinin içindən bədbinlik, sızlamaq yox, bir inam və işıq keçir. Hətta o şeirlərin içində yumor da, təbəssüm də sayrışır:

Nə bəla çəkmədim, mən necə danım,
Yad oldu qəlbimə dinim, imanım,
Rişə tək torpaqda çürüdü canım,
Çiçəyi bir körpə budağa getdi.

Sərdarın bir şair kimi inkişafı, irəliləyişi onun sevgi şeirlərində daha bariz nəzərə çarpır. Qeyd edim ki, S.Zeynal heca şeri ərazisinin adamıdır, o, hecanın müxtəlif şəkillərindən bacarıqla yararlanır, qoşmaları, gəraylıları da az deyil. Şeirdə təşbişlərə, metaforaları geniş yer verir, orijinal qafiyələrlə diqqəti cəlb edir. "Səni gözləyirəm" şeirindən bəzi bəndlərə diqqət yetirin:

Hicran uzun, həsrət ağır,
Buludumdan kədər yağır,
Nə vaxt dönsən buyur, çağır,
Durub səni gözləyirəm.

Göz yaşımdan gözüm qabar,
Bağlayıbdır üzümdə bar,
Aparırsan, tez gəl, apar,
Qürub səni gözləyirəm.

Nə qədər ki, ruh var canda,
Sevgi aşığ-b-daşır onda,
Milyonların arasında
Qərib səni gözləyirəm.

Sevgi sonsuz söz oyunu,
Yandırıbdır köz qoynumu,
Bənövşə tək öz boynumu
Burub səni gözləyirəm.

Professor Tofiq Hacıyev Sərdar Zeynalı realist şair hesab edir və yazır ki, onun şeirlərində lirika romantik səviyyəyə qalxmır. Amma mən deyərdim ki, Sərdarın "Məni düşünəcəksən" kitabında romantik duyğular da öz əksini tapır. Xüsusilə sevgi şeirlərində. Əgər lirik qəhrəmanın hissləri safdırsa, təmizdirsə, işıqlıdırsa, xəyalı gözəllik ardınca uçub gedirsə, bu, elə romantikadır.
Sərdar Zeynalı 60 yaşı münasibətilə təbrik edirəm. Sonda iki misrasını yada salıram: "Əcəlim gələndə ölüb gedəcəm, Şeirim, kitabım, sözüm qalacaq"...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV