adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Avqust 2013 15:14
38628
ANALİZ
A- A+

Siyasi ekspertlər Vladimir Putinin səfərini necə dəyərləndirir?


Azərbaycanın siyasi ekspertləri Rusiya prezidenti Vladimir Putinin Bakı səfərini şərh edib. Politoloq Qabil Hüseynli  açıqlamasında bildirib ki, Putinin səfərindən sonra səfərə qədər iki ölkə arasında yaranan ajiotaj sabun köpüyü kimi dağılıb.

 

"Görünür, ABŞ prezidenti Barak Obamanın Vladimir Putinin ünvanına səsləndirdiyi müəyyən tənqidi mülahizələr də burada rol oynadı. Rusiya artıq əvvəlki əda ilə deyil, daha ehtiyatlı formada çıxış etməyə üstünlük verdi”. Q. Hüseynli deyib ki, Azərbaycanın Rusiyadan müəyyən umacaqları vardı və bunlar ətrafında Azərbaycan müəyyən kompromislər də vəd etdi: "Amma, bütövlükdə Rusiyanın bütün geostrateji maraqlarını ödəmək iqtidarında olmadığı da Vladimir Putinin nəzərinə çatdırıldı. Bununla yanaşı bir sıra prinsipial məsələlərdə razılaşmaların olması da sezildi. Məsələn, Bakı-Novorossiysk neft kəmərinin yenidən işə düşməsi, Azərbaycana silah satışının qoyulan embarqonun götürülməsi, eyni zamanda Azərbaycanın Rusiyanın yaratdığı bəzi birliklərdə hələlik müşahidəçi statusunda iştirak etməsi və sair bura aiddir. Burada söhbət Gömrük İttifaqından gedir. Azərbaycanın şərti budur ki, bir sıra məsələlərdə ilk addımı Rusiya atmalıdır. Məsələn, silah satışı ilə bağlı, Azərbaycan ətrafında yaranan ajiotajın dağılması ilə bağlı və sair”. Politoloqun fikrincə, V. Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret kompromis səsləndirməsə də, münaqişənin həllinin gələcək taleyi ilə də nə isə gözləmək olar: "Əsas odur ki, bu səfərdən sonra Azərbaycanla Rusiya arasında soyuq müharibəyə bənzəyən situasiya aradan qalxdı”.

 

Millət vəkili, politoloq Rasim Musabəyov isə APA-ya açıqlamasında bildirib ki, bu səfərin baş tutması özü vacib haldır: "Vladimir Putin ikinci dəfə Kreml rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanla olan dialoq sanki dayanmışdı, amma bu səfər bu dialoqu bərpa etdi. İndiyə qədər ola bilsin orada da düşünürmüşlər ki, Azərbaycanla münasibətləri nəyin əsasında, hansı şəkildə qurmaq lazımdır, seçkidən sonra kimlə işləmək lazımdır və sair. Görünür müəyyənləşdirdilər ki, yalnız İlham Əliyev ilə işləmək lazımdır və bu səfəri də seçkini gözləmədən həyata keçirdilər. İsbat olundu ki Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır. Xəzər dənizi hövzəsində, Cənub Dəhlizi məsələsində, Şimali Qafqazdakı məsələlər ilə bağlı, İranla bağlı və sair Azərbaycan Rusiya üçün vacib tərəfdaşdır, bir bazardır. Təbii ki, bütün bunlar bərabər hüquqlu tərəfdaşlıq prinsipi ilə, praqmatik müstəvidə həyata keçirilməlidir və keçiriləcək”.

 

Səfərin Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağla bağlı hansısa konkret nəticə verəcəyini gözləmədiyini deyən R. Musabəyov deyir ki, istənilən halda Azərbaycan prezidenti özü üçün bu səfərdən müəyyən arqumentləri götürə bilib və bu, gələcək danışıqlarda özünü göstərəcək. Politoloq həmçinin V. Putinin Vahid Gömrük İttifaqı layihəsinə toxunaraq deyib ki, Rusiya Azərbaycana o birliyə daxil olmaqla bağlı heç vaxt təklif ünvanlamayıb.

 

Millət vəkili, politoloq Musa Qasımlı Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərdə aşkar maraqları var və imzalanan sənədlər ölkələr arasında münasibətlərin inkişafına yönəlib: "Hesab edirəm ki, bu sənədlərin reallaşdırılması qarşılıqlı münasibətləri yeni müstəviyə çıxaracaq. Hər iki prezidentin verdiyi bəyanatlar da ciddi təhlil tələb edir. Putinin Azərbaycanla əməkdaşlıq barədə dediyi fikirlər önəmlidir. Onun Azərbaycanı dost görmək istəməsi qiymətləndirilməlidir. Onun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması fikri də bu sıradandır. Biz gözləyirik ki, Putinin dediyi bu fikirlərin arxasında əməli addımlar gələcək. Rusiya ən azı Minsk Qrupunun həmsədri kimi ədalətli mövqe tutmalıdır. Bundan başqa Rusiya bir daha gördü ki Azərbaycan hədə dili ilə danışılası dövlət deyil, tam müstəqildir”.

 

Politoloq qeyd edib ki, Putinin səfəri ərəfəsində bəzi müxalif dairələrin də səsləndirdiyi fikirlərin əsassız olduğu elə səfər ərəfəsində üzə çıxıb: "Məsələn, Milli Şuranı yaradıb kənardan, bu səfərdən ümid gözləyənlər gördülər ki, onlar Milli Şura yox, milli fəlakətdirlər. Onlar ölkənin taleyi ilə bağlı mənasız ümidlər yaratmışdılar”.

Digər Xəbərlər