adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Demokratiya, yoxsa anarxiya?

ANAR ALBƏNDƏYEV
23060 | 2013-08-14 15:10
Xalqımızın azadlıq eşqi ilə yanıb-tutuşan insanları arasında azadlığın əslində nə demək olduğunu neçəsi bilir? Ağızlarına skoç vuran, əllərində plakatlarla küçələrə çıxıb "azadlıqqışqıran, hüquq istəyən, demokratiya haraylayan kütlənin tələb etdiyi nəsnənin mahiyyətindən xəbəri varmı?

"Bir dəqiqə sakit olun görüm!!"- deyib kütlənin qarşısına çıxasan, sükut çökəndə soruşasan:"Azadlıq üçün nə etmisiz?". Sən, məhz sən, əziz dostum, hüquqlar tələb etməzdən öncə öz hüququnu qorumaq üçün hansı addımı atmısan? Beynindəki buxovlardan azad ola bilirsənmi ki, anlayasan azadlığın, demokratiyanın nə olduğunu? Kim göndəribsə səni bura, get ondan soruş gör demokratiya, qışqır-bağır salmaq deməkdi? Danışa bilirsən axı, niyə qışqırırsan? Çağa süd istəyəndə qışqırır, ağlayır. Danışa bilsə, dili ilə deyər, ağlamaz. Sənin isə iradını, şikayətini və bir az da beynin inkişaf etsə təkliflərini bildirmək üçün danışmağı bacardığın doğma dilin var. O dildən istifadə edib hökumət qurumlarına müraciət ünvanlaya bilərsən, cavabını da mütləq alarsan. Səni razı salmayan cavab olanda, daha üst qurumların qapısnı döyərsən. Çətin işdi, eləmi? Yazmaq, qanunları öyrənmək, getmək, gəlmək, gözləmək... eh, asanını seçirsən-QIŞQIRMAĞI. Qışqırmaq seçim deyil, mənim qardaşım. Bu DEMOKRATİYA yox, XAOS əlamətidir. Hər ağızdan bir hava çıxsa, övladlarımız məktəblərdə səs-küydən elm öyrənə bilməz. Və bir gün qarşını kəsib övladın da sənə irad tutar:"Ata, niyə qışqırırdın? Bax, mən savadsız böyüdüm".

Yalnız tənbəllər belə istəyər: qərarları başqaları versin. Bu psixologiya ilə azadlığın və demokratiyanın mahiyyətini öyrənmək mümkün deyil.

2007-ci ildə ölkə prezidenti şəxsən göstəriş verdi ki, avtomobillərin şüşələrindəki qara"plyonka"lar yığışdırılsın. İcra olundu. Amma söhbət"plyonka"dan və əmrin icrasından getmir. O vaxta qədər hansı birimiz hər hansısa bir orqana bu məsələ ilə bağlı narahatlığımızı, şikayətimizi bildirmişdik? Niyə cəmiyyətdəki əyrilikləri düzəltmək bizim yox, prezidentin işi olmalıdı? Bu məntiqlə əlbəttə ki, Şuşaya gedib çıxa bilmərik.

Almaniyada"BMW"-nin X5 modeli istehsal olunan zaman şirkət avtomobil detalları hazırlayan zavodlara bu marka üçün"quluşitel"tenderi elan etmişdi. Zavodlardan biri bu tenderi udub X5-ləri"quluşitel"ilə təmin etmişdi. Bu gün Bakı küçələrində vahimə ilə səslənən"xor-xor quluşitellər"həminkilərdi. Avropada bu"quluşitellər"in səsi vətəndaşları narahat etdi, şikayət etdilər... Və çanaq bizim başımızda çatladı. Çünki biz belə istədik. İstədik ki, avtomobilimizə hamı tamaşa etsin. Niyə axı? Məgər avtomobilimizə tamaşa etməsələr o bizi mənzil başına aparımayacaq?!

Almaniya"quluşitellər"in istehsalını dayandırdı. Necə ki, bizdə"plyonka"dəbi sona çatdı. Amma orda vətəndaş etdi bunu, bizdə prezident.

Dinc yaşamaq hüququmuzu necə, qoruya bilirikmi?

İran fanatları Təhsil Nazirliyi qarşısında hicab aksiyası keçirir. Yaxşı eləyir, amma beyinlərinə yerləşdirilmiş o cümlələri qışqırarkən mollaların ölkəsində kəndirlərdən asılı qalan azərbaycanlı cəsədləri onlardan birinin gözləri qarşısında niyə canlanmır?! İran olaq? İran qadınlarının Tehranda təyyarəyə hicabla minib Ankarada mini ətəklə düşdüklərini az görmüşük? Əxlaq insanın daxilində olur. Bir daha soruşuram, İran olaq?

Aksiyaları göstərən videolara baxıram, hər tərəfdə su butulkaları, pozulmuş kontur kartları, peraşkiyə bükülmüş yağlı salfetlər... Hüquqlarımızı tələb edərkən vəzifələrimizi unuduruq. Haqqımız var ətrafı zibilləməyə? Yox! Haqqı-hüququ qoyaq bir tərəfə. Axı təmizlik imandan gəlir. Gərək bunu da bir şüar kimi yazaq və öz vicdanımıza qarşı mitinq keçirək. Nə qədər düzgün davranırıq? Əlimizdəki kağızdan tutmuş, ağzımızdakı saqqıza qədər nə gəldi küçəyə tökərək dinimizin tələblərini və dövlətimizin qanunlarını pozmuruqmu?

Sürücülər piyadaların, piyadalar sürücülərin hüquqlarını pozur. Birincilər yerüstü piyada keçidinə məhəl qoymur, ikincilər yeraltı. Demokratiya çıxıb var gücünlə qışqımaqdırsa, onda gəlin qışqıraq, bu problemlər həll olnunacaqmı?

Çayxanalarda namusdan danışan, küçədə isə qızların arxasınca baxıb söz atan oğlanlar pozmurlarmı insan hüquqlarını?

Cinayət Məcəlləmizin 153-cü maddəsi əxlaqsız hərəkətlərə aiddir. Bəlkə küçədə oğlanların bu davranışını da 153-cü maddəyə daxil edək? Çünki süni etiketlər, mədənilik şablonlar o qədər çoxalıb ki, gerçək etikanın nə olduğu yaddan çıxıb. Məsələn, cavan xanımlara ictimai nəqliyyatda qalxıb yer vermə etiketimiz, həmin xanımların isə yaşlıları görməməzlikdən gəlmə"mədəniyyəti"və yaxud avtobusdan düşərkən,"gediş haqqını verdim, düşərsən"mədəniliyimiz... Bəlkə elə metronun qapısını tutub saxlayanda maşinistin hüquqlarını pozuruq?

Demokratiya bir-birinin haqqına girməməkdir. Metro stansiyalarında kassir qadınlara xırdalaması üçün pul verərkən qarışıqlıqdan istifadə edib sərnişinə on qəpik əksik pul qaytarması kimi... Guya dili ilə istəsə verməz heç kim? Dilənçi istəyir, veririk axı. Deməli, dilənçilər ən demokratik insanlardır.

Bir qədər elmi yanaşaq: Qloballaşma üç səviyyədə inkişaf edir: iqtisadi, sosial (mədəni), siyasi.

Çox sevdiyimiz Avropa mədəniyyətini,"McDonalds"-ı,"KFC"-ni,"Coca cola"-nı, pizzanı, fərqli-fərqli geyim və saç stillərini, musiqiləri və davranışları Avropaya sosial inteqrasiya prosesində mənimsəyirik. Bəs düşüncələri, bəs demokratiya deyə qışqırdığımız dəyərləri? Onları kim verəcək bizə, özümüz istəməsək? Kim öyrədəcək bizə süni olmamağı, asana qaçmamağı, haqq yeməməyi, məsuliyyətli olmağı, QIŞQIRMAMAĞI?

Əgər hər hansısa bir vətəndaş öz qərarını özü qəbul etməyi, özünün və qarşısındakının hüquqlarını qorumağı, sosial münasibətlərini quramağı, vəzifələrini icra etməyi bacarmırsa və"qışqırmağı"demokratik dəyər hesab edirsə... Dəyməz!

TƏQVİM / ARXİV