adalet.az header logo
  • Bakı 18°C

Atlar sərxoş olmasınlar

SAMİRƏ ƏŞRƏF
46784 | 2013-08-13 00:46
İran kəlməsini ilk dəfə "Əlibaba və qırx quldur" nağılından eşitmişdim. Sonra oranı böyüklərdən, kiçiklərdən, "Dumanlı Təbrizdən", "Gələcək gündən"də tanımağa başladım. Zarafat deyildi, İran nəhəng şərqin bir parçasıydı. Bu şəhər daxilimdə həmişə qəribə bir ehtiyatkarlıq, vahimə yaratdı. Hansısa, mistik, sehrli qüvvə məni hər zaman bu torpağa doğru çəkdi. Mənə elə gəldi ki, ayağım nə zaman bu torpağa toxunsa, mənim aləmimdə nəsə sirli-sehrli, özümə məlum olmayan bir hadisə baş verəcək.
İran kəlməsi hər dəfə eşidəndə qara çadra, Fərəh Diba, sürməli iri qadın gözləri, qəlyan, tiryək, asılan günahkar, zinakar insanlar, günəşin yandırıb-yaxan istisi xəyalımda canlandı.
Yadıma gəlir, yeddi, səkkiz il əvvəl bir iranlı yazıçının "Rəiyyət qızı" adlı hekayəsini oxumuşdum. Çox dəhşətli hekayə idi. Ana oğlunu özünün seçdiyi bir qızla evləndirmək istəyir. Lakin vaxt gəlib çatanda məlum olur ki, oğlu qulluqçu qızla yaxın münasibətdə olub. Qızın hamilə olduğunu bilən ana uşağın olacağı günü səbirsizliklə gözləyir. Uşaq doğulan kimi o, nəvəsini parçaya büküb evinin ayaq yoluna atır...
Dünya kinosundan xeyli filmlər izləməyimə baxmayaraq İran kino rejissorlarının filmlərini izləməyə heç vaxt ürək etməmişəm. Sanki onların ssenarilərində, film çəkilişlərində yaradacaqları dəhşətli, ağrılı səhnələri qəribə bir hissetmə ilə duymuş və yanılmamışdım.
Lakin gələn günlərin özü ilə nələri gətirəcəyini də heç birimiz bilmirik. Günün birində müharibədən bəhs edən filmlərin sıralaması ilə tanış olanda, qarşıma Bəhmən Gubadi adlı bir rejissor çıxdı. Kinodan başı çıxan insanlar rejissorun bir neçə filmlərinə baxmağımı tövsiyə etdilər.
Mən də eləmə tənbəllik rejissorun iki filminə bir gündə baxım.
Filmlərdəni birinin adı "Tısbağalar da uçar", digəri isə "Sərxoş atlar zamanı" idi. Hər iki filmin süjeti haqsızlıq, əzilən insanlar, müharibə, silah və qan-qadadı. Filmlərin hər ikisində də insan qəlblərinin ağrı-acıları yer almışdır.
"Sərxoş atlar zamanı" filminin qəhrəmanları uşaq ola-ola uşaqlığını yaşamayıb, çiyinlərinə əlli, altmış yaşlı insanın yükünü alıb daşıyan uşaqlardılar.
Əyyub erkən yaşlarından ana-atasını itirir. Evdə ac-susuz qalan qardaş və bacılarına baxmaq məcburiyyətində qalır. Bunun üçün isə yaxşı iş tapıb işləmək lazımdır. İş tapmaq isə hər dəqiqə mümkün deyil. Əyyubun evdə xəstə və şikəst qardaşı Madi də var. Madi hissiyyatlı, sevgiyə və şəfqətə ehtiyacı olan bir uşaqdı. Lakin o və onun taleyini yaşayan bütün uşaqlar uşaq olduqlarını çoxdan, lap çoxdan unudublar. Müharibə onların taleyinin üzərindən qara bir xətt çəkmişdir.
Madinin ağrılarını azaltmaq üçün həftədə bir dəfə ona iynə vuran kənd həkimi Əyyuba qardaşının ömrünü bir az uzatmaq üçün İraqa aparıb tezliklə əməliyyat olmasını blidirir. Əks təqdirdə Madi sağ qalmayacaq. Əyyub çox çapalayır, iş axtarır. Amma Madini əməliyyat etdirmək üçün şəhərə apara bilmir. Bu vaxt onun ana əvəzi olan bacısı Rojiyə kəndlərin birindən elçi gəlir. Gələn elçilər Rojinlə evlənməkə yanaşı, onun qardaşı Madini əməliyyat etdirməyə də söz verərlər.
Atlar yüklənir, Rojin gəlin atına mindirirlər. Madi isə atlardan birinin torbasına əyləşdirilib çovğunlu bir gündə bacısına cehiz əvəzi olaraq aparırlar. Lakin oğlan evi Madini qəbul etmir. Madi quru bir ağacın gövdəsinə şikəst, əyri ayaqlarını dayaq edib lopa-lopa yağan qarın altında taleyinin onun üzünə güləcəyi anı gözləməyə başlar. Ancaq, insanların ürəyi yumşalmır. Madini əmisi və qardaşı ilə birgə geri qaytarırlar. Sonunda Əyyub Madini qaçaqmalçılıq etdiyi atın tərkində əməliyyat üçün təkbaşına aparmaq qərarına gəlir.
Atlar yüklənir. Hava çox soyuq olduğundan atların soyuğa davam gətirə bilmələri üçün onlara çoxlu viski içirirlər. İnsanların bir tikə çörək tapıb yeyə bilmədiyi ucqar bir kənddə atlar viski içirlər... Sərhədə çatdıqları zaman atəş səsi eşidən yolçular geri qayıtmaq istədikdə atların sərxoş olduqlarını görürlər. Hərə birtəhər öz atını və malını qurtarır. Əyyub isə nə qədər çalışsa da, sərxoş olmuş atını ayılda bilmir.
Film qeyri-müəyyən, əslində isə məlum sonluqla başa çatır. Nə Madi müalicə olunur, nə də Əyyub istədiyi pulu əldə edə bilir.
Rejissorun filmlərindəki səmimi nüanslaran biri də ondan ibarətdir ki, filmdə rol alan bütün aktyorların demək olar ki, hamısı realdı. Kənardan dəvət edilmiş bircə nəfər də olsun aktyor yoxdu. Hər şey kasıbçılıq, çirk, palşıq, sazaqdan və aclıqdan ibarətdir. Film bitdikdən sonra daxilimi dəhşətli bir kədər çuğlayır. Ətrafımda gülüb-oynaşan insanlara qəribə nəzərlərlə baxıram. İri yağ yaxmacını yeməyib divarın dibinə atan uşaqları ikrahla süzürəm.
Düşünürəm ki, kaş dünyanın heç bir yerində atlar viski içib sərxoş olmasınlar.

Samirə Əşrəf

TƏQVİM / ARXİV