adalet.az header logo
  • Bakı 18°C

NÖVBƏTİ QORXUNUN ÜNVANI

BABƏK YUSİFOĞLU
70175 | 2013-08-07 00:24
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun Azərbaycan və Türkiyənin vahid ordu formalaşdırmaq istiqamətində proseslərin başladığı barədə informasiya mənbələrinə verdiyi açıqlamadan sonra bu məsələ müzakirə mövzusuna çevrilib. Ən çox, özü də əndişə ilə reaksiya verən işğalçı Ermənistan dövləti olub.
Qorxu dalğasının yaratdığı effektdən sonra situasiyanın ciddiliyinin fərqində olan erməni başbilənləri əks-təbliğat üçün hərəkətə keçiblər. Lakin onlar Millət vəkilinin Trendə açıqladığı fikirlərə qarşılıq vermək üçün uzun illər istifadə etdiyi yalanların, uydurmaların daha işə yaramadığının da fərqindədirlər. Çünki mənasız əks-şərhlərlə özlərini daha da gülünc vəziyyətə salmağa başlayıblar.
Xatırladaq ki, Trenddə bildirilir: "..."Artıq Azərbaycan və Türkiyə hərbi birləşmələri arasında keçirilən təlimlər sübut edir ki, iki dövlət regional problemlərə, təhlükəsizlik məsələlərinə dair vahid baxış formalaşdırır və münasibətlərin iqtisadi, siyasi, diplomatik əsasları ilə yanaşı ən mühüm komponenti olan hərbi elementi də yaradılır".
Z.Oruc vurğulayıb ki, təkobrazlı şəkildə "Bir millət, iki dövlət" formasında deyil, "Bir millət, bir ordu" formulu bərqərar olunmalıdır.
Bu istiqamətdə ordunun təkmilləşməsi, NATO standartlarının tətbiqi imkanları var, həm də Azərbaycanın qüdrətinin artması ilə bölgədə gücü irəliləmiş olacaq:
"Bu dönəmdə Azərbaycan və Türkiyə birgə strateji addımlar atır. Bundan sonra imkanları daha da genişləndirərək birgə hərbi birləşmələr, müəyyən istiqamətdə eyni missiyanı yerinə yetirən hərbi taqımlar yaratmaq mümkündür. Bunun üçün siyasi iradə var, resurslar yetərincədir, təhlükələr də vahiddir".
O, xüsusi olaraq qeyd edib ki, ötən ayın 12 günü iki ölkənin quru qoşun birləşmələrinin, motoatıcı diviziyasının döyüş qabiliyyətini artırmaq, bir mərkəzdən idarəçilik vərdişlərinə yiyələnmək və taktiki-texniki imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətli sayılır:
"Kurslar əlaqələrin yaxınlaşdırılması, birgə vahid taktiki planların yerinə yetirilməsi, vahid silahlardan istifadə, komanda birləşmə təlimlərinin gerçəkləşdirilməsi, ağır silahların hədəflərə yönləndirilməsində təcrübənin bölüşməsi və sair kimi töhfələr verəcək".
Erməni hərbi eksperti Qraçya Petrosyanc erməniləri sakitləşdirmək üçün bildirib ki, Azərbaycanın millət vəkilinin sözlərini ciddiyə almaq lazım deyil. "Çünki iki dövlətin bir ordu yaratması alınmayacaq. Əgər ordu birdirsə, orada iki fərqli dövlətin olması mümkün deyil. Ordu birdirsə, dövlət də bir olmalıdır. Müstəqil Türkiyə ilə müstəqil Azərbaycan ayrı-ayrı ölkələrdi və mənəvi-psixoloji nöqteyi-nəzərdən fərqli dövlətlərdi. Bu bəyanat əfsanə janrındandır. Əlbəttə, bu ayrı məsələdir ki, onlar çox sıx əməkdaşlıq edə bilərlər. Amma birləşə bilməzlər".
Bu cür şərhlərin Ermənistan əhalisində yaranmış əndişənin, vahimənin azalması üçün edilməsi hər kəsə gün kimi aydındır. Qeyd etdiyim kimi, adekvat atılacaq addımları da qalmayıb. Çünki onlar özləri də bilirlər ki, dost, müttəfiq dövlətlərin eyni ordu birliklərinə malik olma ənənələri tarix üçün yeni bir şey deyil. Bunun təcrübədə çoxlu sayda örnəkləri mövcuddur. Və bunu hər kəs bildiyi üçün misalların çəkilməsinə ehtiyac görmürəm. Təkcə özlərinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ordusunun hətta iki deyil, bir sıra dövlətlərə məxsus olduğunu ermənilərə xatırlatmaq məncə yetərlidir. Özü də KTMT-nun tərkibinə nəzər salanda həmin dövlətlərin tamam fərqli regionlarda yerləşməsi, tamam fərqli mənəvi-psixoloji keyfiyyətlərə, fərqli strateji maraqlara malik olması danılmaz faktdır.
Necə olur ki, ermənilər heç bir dəxli olmayan respublikalarla birgə ordunun içində özünə yer tapa bilir, amma eyni regionda yerləşən, hətta qonşu olan eyni millət, eyni maraqlar, eyni strateji məqsədlər üçün çalışan iki dövlət, bir ordu yarada bilmir? Hətta reallıq onu diktə edir ki, Bakı ilə Ankara bu işdə bir qədər ləngiyib də. Tarixin özü də dəfələrlə sübut edib ki, bu və ya digər tərəfdə sıxıntılı günlər yaşananda qardaşlar tərəddüdsüz bir-birlərinə canları, qanları bahasına olsa belə yardıma getmişlər. Bundan sonra da gedəcəklər.
Ermənilər bir sıra xəyallarla özlərini iflas həddinə gətiriblər. 23 ildən sonra görürlər ki, rusların köməyi ilə işğal etdikləri torpaqlara səfalətdən, miskinlikdən, aclıqdan, işsizlikdən, dilənçilikdən... başqa heç nə gətirməyiblər.
23 ildir ümid bağlayıblar ki, neftin qiyməti ucuzlaşacaq, bundan da Azərbaycanın gəlirləri azalacaq və zəifləyəcək. Lakin onlara həmin ümiddən başqa heç nə düşməyib. Və beləcə çox şeyə ümidləniblər, iştahları qursaqlarında qalıb. Bu dəfə də Azərbaycanla Türkiyənin bir ordu yarada bilməyəcəyi ümidləri ilə xalqı aldadacaqlar, sonda isə həmin möhtəşəm ordunun gerçəkliyinin şahidi olacaqlar.
Bundan ötrü çox tələsməsinlər. Özlərini həmin ordunun əleyhinə uydurmalar, böhtanlar yağdırmağa saxlasınlar. Çünki həmin günə elə də çox qalmayıb.

BABƏK YUSİFOĞLU
[email protected]

TƏQVİM / ARXİV