adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SFİNKS

MƏZAHİR ƏHMƏDZADƏ
41475 | 2013-08-03 05:01
Mən Azərbaycan təbiətini dünyanın möcüzələrindən biri sayıram. Əlbəttə ki, bu, Tanrının bizə bəxş etdiyi möcüzədir, insanlar yaratmayıb. Və təbii ki, vətənə, onun hər daşına, torpağına, ağacına, suyuna sevgini də belə bir duyğu ilə yaşamağın səbəbi az deyil.
... Bizim dağlar, meşələr, düzlər - bütövlükdə Azərbaycan təbiəti vətənsevərlik duyğusunda oldun-olmadın, gerçəkdən bir gözəllik möcüzəsidir. Öz əzəməti və incəliyi ilə, nağılvari qədimliyi və əbədiliyi ilə... Harada görmüsən ki, cəmi 20-25 kilometr məsafənin bir başında ağaclar çiçəkləyəndə, bir başında meyvələr dəyə? Harada görmüsən ki, dünya miqyasında bu qədər kiçik görünən məmləkətdə ən hündür dağlar, ən qiymətli meşələr, gözəl çaylar, göllər, düzənlər, həm də Xəzər kimi bir dəniz olsun? Sanki ölkə başdan-başa bir qoruq, bir nağıl, bir əfsanədir.
Bura Azərbaycandır!
Biz bu gözəlliyi, bu möcüzəni yüksək səviyyədə qoruya bilirikmi? Onsuz da düşmən işğalında qalan torpaqalırımzın, gözəl yaylaqlarımızın, meşələrimizin ağrı-acısı qəlbimizi göynətməkdədir. Bəs onları geri qaytaracağımız günün yanğısı və arzu ilə yaşayıb əlimizdəkiləri necə qoruyuruq? Son illərə qədər yaxşı qoruya bilmirdik. Nə qədər cəhd etsək də, çiynimizə böyük günahlar da yazılırdı. Dağ meşələrimizin, hətta aran meşələrimizin də amansız soyqırımı davam edirdi. Hətta bir çox magistrallarda, yol kənralarında başı kəsik kötüklər ağarırdı. İllər ötdükcə də qaralıb sanki özlərinin baş daşına çevrilirdilər. Bütün bunlar göz dağı idi. Azərbaycana gələn qonaqlar bu mənzərəri görüb təəccüblənirdilər. O vaxtlar onlara necə başa salaydın ki, biz əvvələr belə olmamışdıq. Bu "vəhşi ekzotika" nadanların "yaradıcılığı" idi. İstər sıravi vətəndaş olsun, istərsə də bu məsələlərə cavabdeh məmur olsun. Əslində cəmiyyətin laqeydliyi, günahı idi bütün bunlar.
Budağı kəsilmiş ağaca quş qonub yuva qurarmı, bala böyüdüb nəğmə oxuyarmı? Gövdəsi parçalanmış ağacın kölgəsi olarmı? Çirkləndirilən göllərdə, çaylarda balıqlar, ördəklər üzərmi?
Nə yaxşı, ölkə rəhbərliyi bu cür münasibətlərə son qoyulması üçün vaxtında ciddi tədbirlər gördü. Prezidentin bir sıra sərəncam və göstərişləri, eləcə də Dövlət Proqramlarında müəyyən istiqamətlərin əsas götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyətini xeyli gücləndirdi. Nazirliyin anoloji qurumları üzərlərinə düşən vəzifələri normal məcraya yönəltmək üçün xeyli əziyyət çəkdilər. Xüsusilə əhali arasında maarifləndirmə tədbirləri arzulanan səviyyədə alınmırdı. Ancaq gec də olsa bütün məsələlər öz məcrasına düşməyə başladı və lazımi effekt yarandı. Yaxşı ki, yarandı. Yoxsa dağlardan, meşələrdən qaynaqlanan, yol alan çaylarımızın da bu səbəbdən normal həyatı pozulardı. Gah daşqın, gah da quraqlıq gözlənilməz anomaliyalara gətirib çıxarardı. Əlbəttə bu cür davam edərdisə, hələ yaxın gələcyimizin ekoloji baxımdan hansı fəsadları törədəcəyi də müəmma olacaqdı. Ən birincisi elə su problemi ciddiləşərdi. Yəni çayların normal həyatının pozulması süni quraqlıqlar yaradacaqdı. Sonralar bütün bunların bərpası üçün milyardlarla vəsait də bəs etməyəcəkdi.
Ölkə rəhbərliyinin məsələyə prinsipial nəzarəti və müntəzəm nəzarəti ekologiyanın qorunmasında uğurlarımızı artırır. İndi meşələr daha ciddi qorunur, yaralanmış sahələr sürətlə bərpa edilir, yeni meşə zolaqlarının sayı artır. İndi yol kənarlarındakı ağac qəbiristanlıqlarını artıq xeyli boy vermiş qiymətli bəzək və meyvə ağacları unutdurur. Yollarımızın gözəlliyi, həm də yol kənarlarının yaşıllıqları ilə göz oxşayır. Dağlar, çaylar, göllər, bərəkətli düzənlər gələcək nəsillərə doğal və sağlam şəkildə ötürülməlidir. Təcrübə göstərir ki, hər şeyi Yaradanın ümidinə buraxmaq ədaltəsizlikdir. O, verdiyini verib, qorumaq bizim işimizdir.
Misir piramidaları da dünyanın möcüzəsidir. Ancaq onu insanlar yaradıb. Min illərdir bu möcüzə ehramları Allah da qoruyur, insanlar da. Ancaq qədim misirlilər Gizədə - Xeopsa aparan yolun üzərində nəhəng bir Sfinks (şir-adam) yarımmöcüzəsi də yaradıblar. Bəlkə də bu özü ehramların qorunmasında rəmzi bir məna daşıyır. Bəlkə biz də vətənin daha da gözəlləşməsi naminə bir Sfinksə dönək...

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV