adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SAMİRƏ ƏŞRƏF
65140 | 2013-08-03 04:59
Höte Almaniya və Qərbi Avropa ədəbiyyatı, ictimai fikri tarixində yeni bir epoxa yaradan əvəzsiz böyük şair və mütəfəkkirlərdən biridir.
O, 1749-cu ildə avqust ayının 28-də Almaniyanın Frankfurt[Mayn şəhərində anadan olmuşdur. Hötenin ata nəsli mənşə etibarilə yoxsul, sənətkar kəndli olmuşdur. Onun ulu babası dəmirçi, babası dərzi idi. Bu nəsildən ancaq onun atası hüquqşünas olmuşdur.
Höte ilk təhsilini evdə, ailədə almışdır. Uşaqlıqdan bir neçə xarici dil öyrənmiş, rəsm sənətindən, musiqidən dərs almışdır. Odur ki, sonralar o, çox yaxşı şəkillər çəkərdi. Bir çox dilləri bilməyi və yaxşı şəkil çəkməyi bacarmağı Höte sonralar hər bir yazıçının inkişafı üçün çox mühüm şərt hesab etmişdir.
O, əvvəlcə Leypsiq, sonra isə Strasburq universitetində oxumuşdur. 1771-ci ilə 22 yaşında ikən hüquq elmləri doktoru elmi dərəcəsi alıb universiteti bitirmişdi.
Höte ali təhsilini bitirəndən sonra bir hüquqşünas kimi Vetslara gedir. Bu zaman gənc yazıçı Lotta Buff adlı ailəli bir qadını sevir. Höte onunla evlənib xoşbəxt olmayacağını bilir. Bu qəribə sevgi macərası "Gənc Verterin iztirabları" kimi son dərəcə təsirli lirik bir roman yazılmasının səbəblərindən biri olur.
Hötenin bədii əsərləri içərisində "Səhra çiçəyi", "May mahnısı", "Göldə", "Görüş və ayrılıq", "Dağ zirvələri" kimi dünya poeziyasının ən gözəl incilərindən olan lirik şeirləri, "Korinf gəlini" balladası, "German və Doroteya" poeması, "Gənc Verterin iztirabları", "Vilhelm Meyster" romanları "Faust" və "Getsfon Berlixingen" kimi bir çox əsərləri məşhurdur.
O, çox məhsuldar bir yazıçı olmuşdur. Min altı yüz şeir, ballada, üç böyük poema, üç roman, əlli dörd pyes, bir çox xatirələr, səyahətnamələr, gündəliklər, ədəbi-tənqidi məqalələr yazmışdır.
Dünyagörüşü ilə o, dövrünün ən mütərəqqi təbəqəsi olan üçüncü silkin nümayəndəsi idi. O, hələ ilk əsərlərindən feodal əsarətinə, dünyagörüşünə və adət-ənənələrinə, dinə, mistikaya qarşı çıxmışdır.
"Qərb-Şərq divanı" da onun məşhur əsərlərindəndir. Bu divanı o, altmış beş yaşlarında ikən yazmışdır. Həmin əsərində o, Nizami Gəncəvinin yaradıcılığına çox böyük yer vermişdir. Divanın bütün səhifələrində olan lirik şeirlərdə Nizami poeziyasının ruhu hiss edilməkdədir.
Hötenin ən məşhur əsəri "Faust"dur. Bu əsəri o, iyirmi yaşında yazmağa başlamış, səksən yaşlarında tamamlamışdır.
Əsərin məzmunu XVI əsrdə Almaniyada doktor İohan Faust haqqında düzəldilmiş bir əfsanə əsasında qurulmuşdur. Bu əfsanədə doktor Faust bir orta əsr alimi kimi göstərilmişdi.
Höte əfsanənin süjetini əsasən müəyyən etmişsə də, onu ustalıqla müasirləşdirmişdir. Buna görə də Hötenin "Faust"u mahiyyət etibarı ilə əfsanə şəklindən çıxıb, ədibin dövründəki alman həyatını və altmış ildə yazıçını düşündürən, böyük fikirləri, arzuları əks etdirən yüksək bir sənət əsərinə çevrilmişdir.
Faust bilik uğrunda bütün ömrünü hədər vermiş lakin bundan heç bir nəticə əldə edə bilməmiş bir qocadır. O artıq tam başqa sahədə bilik əldə etmək qərarına düşür və cadugərliklə məşğul olmağa başlayır.
Elə bu zaman göydə Tanrı və şeytan arasında mübahisə gedir. Şeytan asanlıqla insanı əyri yola çəkə biləcəyini iddia edir. Tanrı isə insanın yaradılış etibarilə yaxşı olduğunu, bəzən səhv etdiyini yalnız bütün bunlara baxmayaraq şeytanın yoluna düşmədən doğru yola tapa biləcəyini söyləyir. Buna görə də şeytana Faust üzərində sınaq aparmağa icazə verir.

Faust artıq həyatdan bezir. Və cadugərlikə məşğul olarkən ruh çağırmağa başlayır. Bu zaman Mefistofel peyda olur. Mefistofel ona parlaq vədlər verir. Onların arasında bir saziş bağlanır. Faust deyir: əgər mən bütünlüklə xoşbəxt olsam və desəm ki: "Zaman dur keçmə, sən nə gözəlsən", elə bu zaman mən ölməyə hazır olacağam.
Bunda sonra Mefistofel işə başlayır. Ömür boyu kitabların içində qapalı halda qalmış Faustu bütün böyük və kiçik aləmlərdə dolaşdırır. Ən səfil meyxanalardan tutmuş, ən dəbdəbəli saraylara qədər onu gəzdirir. İçkilərə öyrəşdirir. Bir cadugərin hazırladığı eşq içkisini Fausta içirdərək qarşısına məsum Marqaritanı çıxardır. Faust 25 yaşındakı gənc kimi sevməyə başlayır. Qız da öz saf hissləri ilə bu sevgiyə cavab verir. Tək qalmaqları üçün Faust ona bir içki verir ki, anasına içirdib yuxuya getsin. Lakin Mefistofel onu aldadıb zəhər verir. Anası ölür. Marqarita Faustdan olan uşağını boğur. Mefistofel Faustu azdıraraq onu Marqaritanın qardaşını öldürməyə məcbur edir. Hamı elə bilir ki, bunu Marqarita edir. Faust onu həbsxanadan qurtara bilmir.
Sonra araya yunan gözəli Yelena girir. Lakin Faust öz xoşbəxtliyini yenə də tapa bilmir. Bu zaman o "İncil"dən olan bir söz haqqında düşünür. Görəsən yaradılışın ilk əsəri sözdür, mənadır, yoxsa fəaliyyətdir? Faust bəşəri xoşbəxtliyi fəaliyyətdə tapır. Öz istədiyinə nail olduqda deyir: "Zaman dur keçmə, sən nə gözəlsən". Bu zaman da dünyasını dəyişir.
Lakin mələklər Mefistofelə Faustun ruhunu ələ keçirtməyə imkan vermirlər.
Maraqlıdır ki, Leninin ən çox oxuduğu yazıçılardan biri də Höte olmuşdur. Lenin inqilabın düşmənlərini ifşa edərkən "Faust"dan bir neçə yerdə sitat gətirmişdir. 1920-ci ildə yazdığı "Publisistin qeydləri" adlı məqaləsində Lenin Otto Baueri sxolast Vaqnerə bənzədir. Eləcə də bir çox başqa şeirlərində Hötenin şeirlərindən misal gətirir.
Höte 22 mart 1832-ci ildə infarktdan dünyasını dəyişmişdir. Son sözləri "ən çox işıq" olmuşdur.

Samirə Əşrəf

TƏQVİM / ARXİV