adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ƏHYA GECƏLƏRİ

VƏSİLƏ USUBOVA
37672 | 2013-08-03 04:59
Həmin gecə əsl "Dədə Qorqud" boylarındakı kimiydi məkanımız. Yaşıl bağçada salınmış ağban çadırlarda oturmuşduq. Lap elə dastanlardakı kimi bir halımız vardı. Özümüzü oğuz xatunlarından da mötəbər saymağımıza əngəl olan heç nə yox idi. Nə gecə özgə gecələrə bənzəyirdi, nə çadırın ətəyini oynadıb bayırın təmiz, ətirli havasını içəri dolduran küləklər. Elə bil özümüz də həmişə olduğumuzdan fərqliydik. Sınıxmış üzlərin, yorğun gözlərin sahibləri daxilən çox rahat, öz hallarından məmnun görünürdülər. Bəs, necə?! Asan işdirmi gündüzün bu uzun saatlarında, nəfəs kəsən bürküdə ac, susuz(!!!) qalmaq, batmaq bilməyən günəşin göy üzündə duruşunu intizarla seyr eləmək?! Onu da nəzərə alsaq ki, buradakıların heç biri sərin otaqlarda yumşaq balışa dirsəklənib oturan, uzanıb dincələn adamlar deyil, hərəsi bir işin-gücün yiyəsidi, onda nələrə tablaşdıqları daha aydın bilinər.
Hamının sifətində özünün daxili gücünə, dözümünə inamından doğan bir qürur, öygü oxunur. Ordan-burdan söhbət edib, hal-əhval tutsalar da, bir gözləntiləri olduğu, on-on beş dəqiqədən sonra veriləcək azan səsini gizli bir intizarla arzuladıqları açıqca bəllidi. Dopdolu süfrə arxasında oturub başqa tövrdə bulunmaq mümkün də deyil.g
Ancaq... çənələri onsuz da dayanmır ki,...

***
Deyir, qədim zamanlarda məmləkətindəki qeybətdən, dedi-qodudan boğaza yığılan padşah əmr edir ki, arvadların hamısını bir yerə yığıb ağızlarını da qıfıllasınlar. Qoy, bir-iki gün bağlı yerdə qalsınlar, görüm onda söz-söhbəti haradan tapacaqlar... Arvadlar sakit oturublarmış. Bayırda külək əsirmiş. Külək qapının arasından bir saman çöpünü içəri salır. "Saman gəldi" deyə pıçıldayır arvadların biri. "Zaman gəldi" deyir o birisi. Bir başqası da lap ağ eləyir: "Zaman öldü!" Zaman adlı kişinin anası-bacısı da burdaymış. Xəbər onlara çatanda vay-şivən qopur; saçlarını yolub, sinələrini dağıdırlar. Xəbər padşaha da çatır. Daha mənim sözüm yoxdu, deyir padşah, bunların ağzını yummaq qeyri-mümkünmüş...
Əmr eləyir, qapıları açıb arvadları buraxırlar...
Əslində, arvadlar lap yaxşı eləyirlər. Adam ürəyindəkiləri danışmalıdı, ya yox?! Həm rahatlıq tapır, həm zövq alır, həm də bixəbərləri məlumatlandırır. Qeybətin insan sağlamlığına faydalılığı barədə bir yazı da oxumuşam bu yaxınlarda. El arasında deyirlər ki, haqqında çox qeybət edilən adamın babalını yuyub, günahlarını azaldırlar. Bundan yaxşı nə ola bilər?! Elə isə... Buyurun, xanımlar...
- Ora bax, filankəsə heç yaylıq yaraşmır...
- Hələ yanındakını demirsən. Yalandan çiyninə bir parça əski salıb ki, guya bu da Allah evinə başıörtülü gəlib...
- Sən niyə şalvarda gəlmisən? Evdə köhnə-külə bir tuman tapmadın, əyninə geyinəsən?
- Yaxşısını o, eləyib. Heç topuğu da görünmür. Amma bizim baldırlarımız dizdən aşağı açıqdadı...
Ay səni qadın xisləti... Aclıq nədi, heç qaranlıq zindanlar da ağzını yuma bilməz...

***
Nə olur-olsun, bu əhya gecəsinin də, bu çadırın da yiyəsi bizik. Və pisliklər, günah adlanan şeylər heç həndəvərimizə də dolana bilməz. Hər insan ömrünün ruhən dincəldiyi, saflaşdığı, günaha yazılacaq işlərdən ucada dayandığı məqamlar var.
İndi bizlər də ömrümüzün həmin məqamındaydıq...
Oruc tutmasam da, bu ayı xoş bir duyğuynan gözləyirəm hər il. Ona görə gözləyirəm ki, bu ayda pisliklərin Yer üzündən qaçaq düşəcəyinə inanıram. İnsanların hər türlü naqisliklərdən uzaq gəzəcəyinə, başqalarını incidəcək, ağrıdacaq sözlərdən, hərəkətlərdən çəkinəcəyinə inanıram həm də...
Rayon rəhbərliyi hər il Ramazan ayında şəhər məscidində iftar süfrəsi açmağı artıq ənənə halına salıb. Və mən də bu iftar süfrəsinə qatılmaqdan ayrıca zövq duyuram. Sakitcə oturub adamları müşahidə edirəm... (Hamıya sevgiynən baxmaqdan, anlayış göstərməkdən zaman-zaman başım bəlalar çəksə də, özümə yığılmıram. Heç yığılmaq fikrim də yoxdu. Mən də beləyəm. Nə olur-olsun, öz xislətimə qarşı çıxan deyiləm. Bunu heç bacarmaram da...)
On beş-iyirmi günün içində sınıxmış, solmuş sifətlərdə nə axtarıram?! Adamları bu fədakarlığa aparan hansı qüvvədi, görəsən? Sevgi, yoxsa Qorxu? Bir ay aclığa, susuzluğa dözməyin, yaxşı-pis vərdişlərindən əl çəkməyin, sənə zövq verən işlərdən uzaqlaşmağın altında hansı umacaqlar gizlənir? Rəbbimizin mərhəmətini daha çox qazanmaqmı, özünü sadiq bəndə kimi tanıtmaqmı, edilmiş günahların bağışlanmasına ümidmi, cəhənnəm qorxusumu?!
Ayinlərə riayət eləmək nə qədər səmimidi?!
Qarşımda oturan qadın nədənsə çox sıxıntılıdı. Deyir, bu süfrəyə dəvət olunmamışdım. Bilmədən gəldim. Gecəni məsciddə keçirəcəyəm. Özümnən yemək də gətirmişəm... Toppuş üzlü qız nəvəsi də yanındadı. Günahsız bir mələk kimi görünür. Hələ cocuq filmlərinə baxacaq yaşdadı. Uşaq marağı çəkib onu buraya. Uşaqlar ünsiyyəti, qələbəliyi nədən sevirlər bu qədər? Nə zamansa, o da öz aləminə qapanacaq. Ömrün şirinini-acısını daddıqca, bəlkə bu günləri də xatırlayacaq. İnsan övladının nədən həmişə qorxu və yalvarışlar içərisində yaşaması bəlli olacaq ona da...
Hələ ki, məsum-məsum süzür oturanları. Məclisdə yeganə uşaqdı. Və təbii ki, hamıdan hörmətlidi. Nənəsinin dodaqları hey dualar pıçıldayır. Tanrıya yalvarır ki, hamının balasını qorusun, özününkülər də onların içində. Sən demə, övladlarının birini itiribmiş... Hə... yəqin ki, bundan sonra öyrəşib dodaqları dua eləməyə. Bəlkə ona qədər Allaha yalvarmaq ağlına da gəlmirmiş.
İndi isə qorxur...
Daha qorxunc olacaqlardan qorxur...

***
Nə Tanrının, nə də onun yaratdığı müqəddəslərin bizlərin mərhəmətinə ehtiyacı yoxdu. Hər şey özümüzçündü. Elə bu iftar süfrəsi də. Bir yerə yığışaq, görmədiklərimizi görək, eşitmədiklərimizi eşidək, bir süfrəyə əl uzadaq. Axı, birlikdə kəsilmiş çörəyi, dadılmış tikəni unutmaq həm günah, həm də namərdlikdi...
Bizsə, savabla günahı çoxdan qarışdırmışıq...
Deməli, ən qorxulu həddə çatmışıq...
Süfrə başında hər kəs bütün gecəni yatmayacağından, sabah üzünə qədər namaz qılıb dua edəcəyindən, hələ qabaqda neçə-neçə belə gecələr keçirəcəyindən danışır. Bu gecələrdə göydən yerə nur yağdığına, göy üzünün bütün qapılarının açıq olduğuna, uzanan əllərin ümidsiz qalmayacağına, diləklərin yerinə yetəcəyinə o qədər inanıram ki...
Bəs, niyə həmişə belə olmur? Bəlkə göylər elə həmişə açıqdı, duaları qəbul edəndi?! Bizlər insan halımızdan çıxmışıq bəlkə. Unutmuşuq əzəli xislətimizi...
Ac olanda hamımız eyniyik. Süfrə başına keçəndə... Yox, burada eynilikdən danışa bilməyəcəm. Hamı eyni vaxtda əlini uzadır iftar süfrəsinə. Amma hamı ürəyi istəyəni tapmır o süfrədə. Amma şükür edir; hər tikəyə, hər qətrəyə, hər damlaya görə. Təkcə mədəsiynən yaşamır, qarnıyçın işləmir, ona görə. Qəlbi sevgiynən, işıqnan doludu. Həyatı, varlığı yaşadan təkcə Günəş deyil ki,...
Hər kəsin görə bilmədiyi bir işıq da var insanın içində...
Bu işığın şöləsi üzünü nurlandıranlar da var...
Bu işıqdan başqalarına pay verənlər də...

***

Təkcə Ramazanın deyil, qalan on bir ayın da sultan olmasını istəyirəm.
Burası bizdən də asılıdı...
Hər şey əlimizdə olmasa da, çox şeylər bacardığımız da bəllidi...
Əgər istəsək...
Bəs, nə vaxt istəyəcəyik?!...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV