hacklink Adalet.az | ŞEİRİMİZDƏ QARABAĞ Adalet.az | ŞEİRİMİZDƏ QARABAĞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ŞEİRİMİZDƏ QARABAĞ

ƏDƏBİ HƏYAT

31444    |   2013-08-03 04:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(V MƏQALƏ)

Böyük ədəbiyyat, Əlahəzrət Söz yalanı sevmir. Çexovun bir fikrini xatırlayıram: "İncəsənət elə onunla əhəmiyyətlidir ki, onda yalan qırıldatmaq olmaz. Məhəbbətdə, siyasətdə, təbabətdə yalan danışmaq, adamları aldatmaq olar, cənab Allahın özünü də aldatmaq olar, belə hallar çox olmuşdur, lakin incəsənətdə aldatmaq olmaz".
Keçən əsrin sonlarını xatırlayaq. O zaman -məmləkətimizin başı üstündə qara buludlar oynadığı bir vaxtda hər hansı şairin "bülbülə, eşqə dair yalan fırlatmağı" bir qəbahət sayılırdı. Ədəbiyyatı, xüsusilə, poeziyanı heç kim, hansı qüvvə iləsə səfərbərliyə ala bilməz, ədəbiyyat özü həmişə səfərbər əhval-ruhiyyədədir və səfərbərlik də hər şairin öz içində yaşamalıdır.
Vaxtilə şeirimizdə "biz Babək nəsliyik, Koroğlu nəvələriyik" şüarını, nidasını tez-tez eşidərdik.Müəyyən müddət-90-cı illərdə bu şüarı ağı və hıçqırtılar əvəz etdi. Bir-birinə əks olan bu iki məzmunun əslində, heç birinin yeni dövrdə faydası olmadı.Çünki Babək və Koroğlu nəslinin torpaq itkisinə məruz qalması, məmləkətin qəbristanlıqlarını bürüyən şəhid sıralaması qələbə və zəfər üvertülarını deyil, ağı və hıçqırtı mərsiyəguluğunu gətirdi. Ədəbiyyat bu ağı və hıçqırıqlarla irəli gedə bilməzdi.Odur ki, xalqın başına gətirilən bu fəlakətləri, müsibətləri, xalqın müqavimət və mübarizə əzmini yeni bir çalarda, yeni ahəngdə ifadə etmək lazım idi. Bu yolda ilk addımı Xalq şairi Bəxtiyar Vahabzadə atdı və onun "Şəhidlər" poeması ittiham ruhlu bir əsər kimi diqqəti cəlb etdi. Daha sonra Xalq şairi Qabilin oyandırıcı, ruhlandırıcı, səfərbəredici şeirləri yarandı. Poeziyada bu meyl və istiqaməti İsa İsmayılzadə "Haran ağrıyır, Vətən?" poeması ilə davam etdirdi. Mərhum şair (İsa İsmayılzadə 1997-ci ildə vəfat etdi) müsahibələrinin birindi deyirdi: "Elə söz var ki, zamanında deyilir, amma bütün dövrlərə aid olur. Xalqımızın, məmləkətimizin taleyi həll olunduğu bir vaxtda bizim bəzi yazıçılar elə bil, vətəndaş olmağı unudublar. Məni narahat edən odur ki, İkinci dünya müharibəsi ilə müqayisədə bu müddət ərzində yazıçı sözü o qədər də kəsərli olmayıb. Doğrudur, burada başqa bir məntiq də var: indiki müharibə daha mürəkkəb və ziddiyyətlidir, müharibədən çox siyasi oyuna oxşayır. Və bu müharibə dünyanın güclü dövlətlərinin böyük maraqları altında gedən savaşdır. Deməli, bu müharibədə böyük taktiki manevr etməyimiz, nəfəs almağımız tək bizdən asılı deyil. Mən bu illər ərzində baş verən xəyanətlərin hamısını lənətləyirəm, amma bir həqiqət var ki, həmin o qüdrətli superdövlətlər balaca bir müsəlman ölkəsinin ikinci güclü türk dövləti olmasını istəmirlər. Amma nə olursa-olsun,şair-sənətkar ətrafında baş verən hadisələrə biganə qalmamalıdır".
Məlumdur ki, Qarabağ müharibəsində torpaqlarımızın iyirmi faizi işğal olundu, müharibədə xeyli miqdarda insan tələfatı oldu, şəhərlər, kəndlər yandırıldı, maddi abidələr yerlə yeksan edildi. Azərbaycanda, ölkə daxilində gedən qarşıdurmalar, hakimiyyət uğrunda gedən mübarizələr də öz mənfi təsirini göstərdi. Təbii ki, bu hadisələr poezimyaya da təsirsiz qalmadı.
Belə bir həqiqətin şahidi olduq ki, Azərbaycan poeziyası Atəşkəsdən sonra iki əsas mövzuya daha çox diqqət yetirib: 1) Müharibənin doğurduğu ağrılara, üzüntülərə və bunların insanlarda doğurduğu psixoloci məqamlara münasibət diqqət mərkəzinə çəkildi, eyni zamanda həmin müharibənin, çözülməz hala gətirilmiş Qarabağ probleminin əsas günavhkarları ittiham edtldi 2) Çıxış yolu nədədir?-bu suala Poeziya da cavab axtarır.
Atəşkəsdən sonrakı poeziyada itkilərlə bağlı sorğular başladı, müvəqqəti məğlubiyyətin səbəbləri araşdırıldı, "kimdir günahkar?" sualı qoyuldu. Əlbəttə, poeziya siyasət deyil, lakin siyasətdən fərqli olaraq poeziyada məsələyə birmənalı münasibət bəslənilir. Bu münasibət dəyirmi stollarda, beynəlxalq müşavirələrdə həll olunmur, xalq arasında formalaşır, onun ürəyindən keçib gedir və poeziyada da öz əksini tapır. Bu baxımdan öncə adını çəkdiyimiz "Haran ağrıyır, Vətən?" poeması çox səciyyəvi idi.
İsa İsmayılzadənin bu poeması Vətənin ağrı-acılarına, çəkdiyi, gördüyü müsibətlərə şair-vətəndaş münasibətinin ifadəsidir. Şair müharibəyə biganə münasibəti, obıvatel düşüncəsini rədd edir. Deyir ki, Qarabağın bir kəndini, rayonunu ala bilmirik, amma Bakıda "Şuşa" kinoteatrı, "İsa bulavğı" restoranı, "Cıdır düzü" pavilyonu, "Abdal-Gülablı" çayxanası, "Qarabağ" toyxanası sıra-sıra düzülüb.

Ora bax! Ora bax! Ora bax!-
Hər tərəf, hər yan-
Qarabağ! Qarabağ! Qarabağ!
Mən Vətən itirib, söz tapacamsa,
qupquruca söz,
Mən torpaq itirib, iz tapacamsa,
Reklamlar içində alışıb yanan
yağlı, pullu söz-
Nəyimə gərəkdi o Vətən mənim?

Poema boyu başqa bir motiv də diqqəti cəlb edir-bu da Vətənin bu ağır günü ilə bağlı ağrı və üzüntüdür. Şair poemaya belə bir epiqraf verir: "Dövlət Şəkil qalareyasının həyətində Üzeyir bəyin, Natəvanın, Bülbülün erməni faşistləri tərəfindən güllələnmiş heykəl-büstləri nümayiş etdirilidi. Bu məlumat-informasiyadan sonra şair böyük bir ürək ağrısı ilə heykəllərə müraciət edir, onlardan üzr diləyir ki, biz Vətəni yaxşı qoruya bilmədik.
Poemada Qarabağın acı taleyi kədərli lövhələrlə canlandırılır:

Özü boyda göz yaşıdı Qarabağ,
Dərdimizin başdaşıdı Qarabağ.
Əkiz-əkiz qəbirlərdi Qarabağ-
Vətən boyu səpələnib.
Hər şəhidin yaşıdı Qarabağ,
Şəhid ömrü yaşadı Qarabağ,
Şəhid olmuş Şuşadı Qarabağ...

Poema müraciətlərdən ibarətdir və hər müraciətin də öz obyekti var. Birinci müraciət heykəllərə, onların ruhuna idi. İkincisi isə Qarabağın özünədir və şair Qarabağ deyəndə həm də Vətən deyir. Vətən isə Qarabağsız düşünülə bilməz. Əldən gedən təkcə Qarabağ deyil, həm də Vətənin bənzərsiz bir parçasıdır.

Bir vaxt Vətən yolları
Harda, harda qurtarardı-
Astarada qurtarardı.
Vətən onda
qoruq olmuşdu, qoruq.
İndi Vətən yolları
Qurtarır erməni yuvalarında.

Vətənin ağrıyan nöqtələrindən biri də fərarilikdir. Doxsanıncı illərdə ordudan qaçan və öz vətəndaşlıq borcunu yerinə yetirməkdən imtina edən cavanlar vardı və bir çox şairlərimiz (B.Vahabzadə, N.Xəzri, H.Kürdoğlu və b.) fərariliyi pisləyən şeirlər yazmışdılar. "Haran ağrıyır, Vətən?" poemasında da bu motivlə qarşılaşırıq:

Hara qaçırsan, Oğul?
Hara qaçırsan, Vətən oğlu?
Şəhid çöllər, şəhid yollar
Ayağına dolaşmır,
Şəhid qəbirləri kəsmir qarşını.
Köynək deyil, geyib, geyib, atasan,
Saqqız deyil, satasan-
Buna Vətən deyərlər!
Bayrağının altından keçib gedirsən-
Vətən köynəyindən keçirir səni,
Ağrısından, acısından keçirir səni,
Dönüb özün də Vətən olursan-
Diri gözlü,
qılınc sözlü, od ürəkli bir Vətən.
Yeriyən Vətən.

Qeyd etdik ki, "Haran ağrıyır, Vətən?" poeması həm də Qarabağ nifaqını törədənlərə sərt bir ittihamdır və aşağıdakı sətirlər də bunu sübut edir:

"Atan kazaklardır.."
Atan ruslardır.
Pusquda dayanan Rusiya atır,
Səngərdən, meşədən, ağac dalından,
Hər dalandan,
hər tindən atır Rusiya.
Birinci Pyotrun vəsiyyətindən
Boylanıb, dikəlib qalxır Rusiya.
Gözlərini qıyıb odlu lülədən
baxır Rusiya.

Ümumiyyətlə, Qarabağ mövzusunda yazılan poeziya nümunələrində publisistik motivlər çox güclüdür və bu da təbiidir. Həyati, tarixi əhəmiyyət daşıyan hadisə və olaylardan söz açanda lirika ilə publisistika birləşir və deyək ki, ikincisi aparıcılıq missiyasını yerinə yetirir. Poeziyada Qarabağ müharibəsinin səbəbləri və səbəbkarları pünhan qalmır, şairlər birbaşa sərt ittihama keçirlər. Vaxtilə şairlərimiz azərbaycanlılarla ermənilərin "əbədi" dostluğundan söz açan şeirlər, poemalar yazmışdılar, ancaq elə bir məqam gəldi ki, bu "dostluq" düşmənçiliyə çevrildi. Buna səbəb çox sadə idi: ermənilər imaskalarını çıxarmışdılar və vaxtilə gizli həyata keçirdiklərini indi aşkara çıxarırdılar. Məsələn, qatı erməni millətçisi, sözün həqiqi mənasında insanlıqdan və humanizmdən uzaq olan Zori Balayan hadisələr başlanmamışdan bir neçə il əvvəl "Ocaq" kitabını çap etdirmişdi. Bu kitabda o, Dağlıq Qarabağın erməni torpaqları olduğunu cəfəng iddialarla "sübut" etməyə çalışırdı, türklərə açıq nifrət, böyük Ermənistan ideyası onun cəfəngiyyatlarının əsasını təşkil edirdi. Bu kitaba və onun müəllifinə ilk cavab verən şairimiz Eldar Baxış oldu:

O nədir yazmısan Zori Balayan,
Kür-Araz deyirsən-kəkələyirsən.
Xırda budaqların üstə oturub,
Böyük budaqları silkələyirsən.

Dünya nə haydadır,
sən nə haydasan,
A köhnə palazı sırıyan oğlan.
İrəvan dilində xoruzlanırsan,
Moskva dilində zarıyan oğlan.

Hələ yüzdən biri,
mindən biridir
Bu mənim dərdimin, mənim sərimin.
samvel Azərbaycan xalq şairidir,
Ancaq adı yoxdur Əli Kərimin.

O nədir yazmısan, Zori Balayan,
"Bala" da bizimdir,
"zor" da bizimdir.
Ölmək istəyirsən gəl Qarabağa,
Kəfən də bizimdir, zor da bizimdir.

Yeri gəlmişkən qeyd edək ki, bu şeir yazıldığı ildə dərc edilmədi. Halbuki, həmin illərdə erməni ziyalılırı mərkəzi mətbuatda Azərbaycana aid məkrli və böhtan yazılarla meydan sulayırdılar. Eldar Baxışın şeiri dərc edilməsə də əldən-ələ, dildən-dilə gəzirdi.
Poeziyamızda ittiham ruhlu bir sıra əsərlərin müəllifi kimi Ənvər Əhmədin də adını çəkməliyik. Onun "İttiham", "Bu yara köz bağlamaz", "Qalx ayağa, Üzeyir", "Xarı bülbül", "Daş qanı" lirik-publisistik poemaları sanki birnəfəsə yazılıb və bu poemaların hər biri Sözün düşmənə tuşlanan güllələri missiyasını yerinə yetirir. Bu ittihamlar-bu güllələr təkcə düşmənə tuşlanmır, həm də daxili düşmənlərə yönəlir. Xüsusilə, 90-cı illərin əvvəllərindəki Milli Məclis mənzərəsini seyr edəndə şairi necə haqlı sayırıq:

Bəli, xəyanətdən xalq doyur cana,
Fəlakət tökülür Azərbaycana!
Millət tarım-tarım çəkilir dara,
Biri dar ağacı qurur otlara
Biri "İran" deyir, birisi-"Turan!"
Birinin əlində müqəddəs "Quran".
Biri də gizlicə "rus-rus" deyir,
Hərə öz-özünə bir ölkə qurur.
Mikrafon əllərdən əllərə keçir,
Meydanda hərə bir vəzifə seçir.
Biri də işləyir, qana-iliyə
Biri də can atır prezidentliyə.
Erməni qurd kimi torpağı oyur,
Qansızlar Vətəni hərraca qoyur.
Yetişir get-gedə sağalmaz yara,
Vətən gözlərindən çəkilir dara!

Doxsanıncı illər poeziyasında mühüm olan yeniləşmə faktları da məhz Qarabağ mövzusunda yazılan əsərlərdə meydana çıxdı. Şeirimizdə vətənpərvərlik-azərbaycançılıq motivləri istiqlal və azadlıq duyğuları üstə kökləndi.

Vaqif YUSİFLİ


İmza:

YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-12-06
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK