adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

...NAMİZƏD MƏSƏLƏSİ

BABƏK YUSİFOĞLU
50518 | 2013-08-01 00:06
İndi mətbuatda, informasiya mənbələrində ən çox bəhs edilən növzulardan biri də növbəti dəfə keçiriləcək prezident seçkilərində Rüstəm İbrahimbəyovun namizdliyi, nə vaxt Azərbaycana dönəcəyidir. Özlərini politoloq elan etmiş bəzi şəxslər də danışmağa ciddi bir mövzu tapmadıqlarından hər gün eyni söhbəti o üzünə, sonra bu üzünə çevirirlər.
Bəziləri deyir Rüstəm müəllim bir neçə günə Bakıya dönəcək, o biriləri iddia edir ki, yox əşşi, hörmətli rejissor buralardan birdəfəlik gedib, daha bu tərəflərə ayaq basmaz. Hər iki tərəf də cürbəcür arqumentlərlə dediklərini əsaslandırmağa çalışırlar. Vallah, özlərini müxalifətçi hesab edənlərin özləri də qalıblar arada, bilmirlər ki, hansına inansınlar. Amma bu günlərdə yaxşı ki, müxalifətin prezidentliyə tək namizəd kimi gördüyü yazıçı-rejissorun özü nəhayət ki, danışıb. Və məlum olub ki, yuxarıda bəhs etdiyimiz politoloqların biri-birinə əks proqnozlarının heç biri düz deyilmiş. Çünki Rüstəm müəllim deyib ki, onun bu günlərdə Bakıya dönməsini dostları məsləhət görməyiblər və o da sakitcə onların sözünə əməl etməyə qərar verib.
Əlbəttə, müqayisədə mənim yaşım və təcrübəm yol vermir ki, təxminən 74 yaşlı Rüstəm İbrahimbəyova yol göstərəm. Bir də axı onun bir sıra fəxri adları da var. Sadəcə olaraq gördüyüm bəzi reallıqları onun nəzərinə çatdırmaq istəyirəm ki, bəlkə hansı yola çıxdığının fəqrinə varsın. Doğrudan da qəribədir, Azərbaycanın ictimai-siyasi həyatında 74 il ərzində bircə dəfə də görünməyən Rüstəm İbrahimbəyov birdən-birə dönüb olur prezidentliyə namizəd. Və maraqlanmır ki, niyə mən, qardaş?
Bəli, bunun çox bəsit cavabını indi Azərbaycanda bilməyən yoxdu. Çünki müxalifətdə artıq qocalmaqda olan, amma 20-25 il oturduqları sədr kürsünü daha bacarıqlı, daha perspektivli gənclərə verməyən o liderlər nisyə iddialarından belə vaz keçə bilməyiblər. Rüstəm müəllim Milli Şuranın "sələflərinə" nəzər yetirsə bəlkə də gerçəyin nədən ibarət olduğunu görər. İndiyədək cürbəcür adlar altında o qədər birliklər, təşkilatlar yardıblar ki, düzü, adlarını yadda saxlamaq da mümkün deyil. Əslində bunlar üçün onları heç qınamaq da olmaz: bekarçılıqdan nə ilə məşğul olsunlar axı?
Mən elə güman edirəm ki, bir müddət əvvəl şəxsi məsələlərindən ötrü bəzi məmurlarla problem yaşadığına görə Rüsrəm müəllim siyasi bəyanatlar verməklə müxalifətçilərin dostuna çevirildi. Çünki titulları, fəxri adları olan Rüstəm İbrahimbəyovu da siyasi proseslərə qoşmaq cəlbedici gürünürdü. Müşahidələrimə görə, onu tərifləyə-tərifləyə, imkanlarını şişirdə-şişirdə, xalqın onu tanıdığına və dəstəkləyəcəyinə inandıra-inandıra bu işin dərinliyinədək çəkdilər. İndi yəqin vəziyyət elədir ki, Rüstəm İbrahimbəyov doğrudan da xalqın lideri olduğuna, bu gün-sabah prezident seçilə biləcəyinə inanır.
Bununla bağlı ermənilərin rusdilli internet saytlarında, xəbər portallarında da cürbəcür şərhlər geniş yer alır, müxtəlif variantlar ictimaiyyətə çatdırılır. Panarmenian.net-in yaydığı materialların birində qəribə bir şərh diqqəti cəlb edir. Orada deyilir: "Vladimir Putinin Azərbaycana gözlənilən səfəri haqqında şərh verən "Atlas" mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə hesab edir ki, Putinin ölkəyə səfərindən Azərbaycan hakimiyyəti öz məqsədlərindən ötrü istifadə etməyə çalışacaq. "Bakıda Putindən xahiş ediləcək ki, prezident seçkilərində Əliyevə maneələr yaratmasın və İbrhimbəyovu dəstəkləməsin..."
Əlbəttə, Rüstəm İbrahimbəyov dövlət başçılarının onunla bağlı biri-birindən xahişlər edə biləcəyini və sair bu kimi böyük, lakin mənasız söhbətləri oxuduqca elə bilir ki, o çox möhtəşəm siyasi füqurdur. Rüstəm müəllim çox böyük rejissor, istedadlı yazıçı, kinodramaturq ola bilər, amma bu o demək deyil ki, bu adlarına və imkanlarına görə o, siyasətçidi və prezident olmalıdı. Əslində rejissor bir qədər optimal düşünsə onunla bağlı Putinə xahiş-filan edəcəyinə əsla inanmaz. (Amma bir az gözləsə, hətta Putinin onu prezident çeçmək üçün Bakıya gəldiyini də politoloqlardan eşidəcək).
Məncə Rüstəm İbrahimbəyov gedib bundan sonra ya istirahətlə, ya da kino çəkməklə məşğul olsa özünə, yaxınlarına xeyir vermiş olar. Çünki o, birmənalı şəkildə bilməlidi ki, prezident seçkilərində hətta alternaivsiz, tək namizəd olsa belə tələb edilən səs faizini toplaya bilməz. Çünki seçici səslərini onların yaratdıqları Milli Şuranın qərarı ilə vermir. Xalq özünü onlara həsr etən naizədə də səsini verəcək.
...Təsəvvürə gətirəndə ki, Milli Şura Rusiya vətəndaşını Azərbaycanda prezidenliyə namizəd göstərir, vallah, adamın həm ağlamağı gəlir, həm də gülməyi...

BABƏK YUSİFOĞLU
[email protected]

TƏQVİM / ARXİV