adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

RAHATSIZ EDƏN GERÇƏKLƏR

VƏSİLƏ USUBOVA
40782 | 2013-07-27 05:29
Türklər deyir bunu. Hansı yöndən yanaşsan, bu sözlərdəki dərin həqiqəti dana bilməzsən...
Çox şeylər dəyişməzdi bu qoca dünyada. Nə qədər çək-çevir eləsən də, ağlını işlədib nəyinsə əksini sübut eləməyə çalışsan da, təzə məntiq yarada bilməzsən. Nəsə tapdığını, nəyisə təzədən yaratdığını güman edərsən, ancaq özünü aldadarsan. Bir də özün kimi düşünən beş-altı adamı. Hamı özündən əvvəlkilərin ağlına, düşüncəsinə hörmətlə yanaşmır. Ya bacarmır, ya da istəmir. Kiminsə böyüklüyünü, üstünlüyünü görmək, duymaq bir yana, etiraf eləmək, sayğıyla yanaşmaq özü də bir ucalıq, kübarlıqdı. Ancaq öz ağlını az, başqalarını özündən ağıllı, bilikli sayanlar nəsə eləməyə, qazanmağa nail olurlar...
İnsan, doğrudan da, iqlimin, mühitin, zamanın, məkanın şəklini ala bilir. Alır və... çox zaman da özünün bundan xəbəri olmur. Ancaq uyğunlaşanlar, şəklini dəyişənlər çox yaşarlar.
Həm də uzun, rahat yaşarlar...
Onun da ömrünü uzun heçab eləmək olardımı?! Cəmi 73 il... Yox! Onun edamına fərman verən avropalılarda bu rəqəm orta yaş sayılır. Kim bilir, bəlkə o da uzun ömür yaşayacaqdı. Uzun, həm də rahat... Əgər...
Əgər uyğunlaşsaydı... şəklini dəyişsəydi... Ancaq o, doğulduğu sifətdə, yarandığı şəkildə qalmışdı. Adam elə bilir ki, O-Çöl Aslanı dünyaya elə beləcə qoca, nurani sifətdə gəlmişdi. Səhra günəşinin yandırıb mis rənginə çevirdiyi parlaq alnı, ağarmış qaşları, ağıllı baxışları, iti ağlı, yaşına uyuşmayan cəld hərəkətləriylə yarandığı gündən haqq-ədalət, insaf-mürvət tanımayan dünyanı düzənə salmaqçın doğulmuşdu Ömər Muxtar. 20 il savaşıb dəmir tanklı, dəmir dəbilqəli italyan ordusuynan. Deməli, 53 yaşında vuruşa başlayıb torpağına qəsd edənlərlə. Ömrün bu çağında insan özünü yaşlanmış, oturuşmuş zənn edir. İndiyə qədər qazandıqlarına qane olur, qalan ömrünü oğul-uşaq, nəvə-nəticə əhatəsində hüzur tapmaqla keçirmək istəyir...
O isə bu yaşında meydana atılmalı olub...
Düz 20 il savaşıb...
Susuz səhralarda, səmum yellərinin divan tutduğu qumluqlarda belə dinc yaşamağa qoymurdular onun xalqını. Allaha çox inanırdı. İnanırdı ki, Yaradan onun millətinə bu torpaqları əmanət edib. Və onlar bu torpaqları qorumalı, becərməli, istədiklərini, gərək olanı ondan görməlidirlər. Qadınları, uşaqları düşmən tapdağına verməməlidirlər...

***
Döyüşdə amansızdı. Niyə də olmasın?! Axı, nə o, nə də yurddaşları kimsənin torpağına, sərvətlərinə göz dikməmişdilər. Döyüş onların torpağında gedirdi. Və bu döyüşlərdə amansız olduqlarına görə kimsə onları qınaya bilməz. Qınayan varsa, ac, taqətsiz qadın və uşaqların üzünə, gözlərinə baxsın. O gözlərdə, üzlərdə oxunan kədəri, acını həzm edə bilirsə, qınasın...
Yoxsa, döyüş meydanı bəlağətli nitqlərin yeri deyil. Həyatla ölümün üz-üzə gəldiyi yerdə qılıncların şaqqıltısı, top-tüfəng gurultusu bütün sözləri eşidilməz edir. Haqq sözü də, nahaq sözü də...
Ancaq o, burada da mərhəmətli olmağı bacarırdı...
Çöl Aslanının qəhrəmanlığı haqqında çox eşidib, döyüşdə üzbəüz gələndə yerində donub qalan gənc düşmən əsgərinə necə rəhmdilliklə, həm də yandırıcı təəssüflə baxdığını bir görəydiniz...
Öldürmür, sağ buraxır onu... Bu da cavan əsgərin bütün təsəvvürlərini alt-üst edir...
Bəzən bir an bir ömürlük dərs, ibrət verir adama...

***
Heç bir zəfər yolu başa varmır. Xüsusən, düşmən yaxşı silahlanmış, hiyləgər və arxalı olanda...
O da sona çatdıra bilmədi boynuna götürdüyü vəzifəni. Döyüşlərin birində əsir düşdü...
Düşmən generalı quru döşəmədə oturmuş əl-ayağı zəncirli qoca aslana yandıran, göynədən bir təəssüflə baxır. Mühafizəçiyə "onun bu halı məni çox təsirləndirir" deyir. Ancaq generaldan xeyli cavan olan mühafizəçi qəzəblidi. Hiddətlə "onu tutulduğu yerdən buraya qədər sürüyə-sürüyə gətirmək gərəkirdi..." cavabını verir.
-Düşmən də olsa, onun qəhrəmanlığına sayğı duymalıyıq...
Qocaya yaxınlaşıb bir şey gərək olub-olmadığını soruşur.
-Bir az su versinlər. Dəstəmaz alacağam. Bir də namaz qıldığım sürəcə zəncirləri açmaq olarmı?...
Mühafizəçi kəskinliklə etiraz edir. Həm də qorxuynan...
General zəncirləri açmağı əmr edir...
Onun namaz qılması elə ilahi bir mənzərəydi ki, adam bu dəqiqələrin bitməsini heç istəmirdi...
Allahım! Keşkə hər gün dərgahına uzanan əllərin, səcdənə çökən dizlərin sahiblərinin hamısı bu yetmiş üç yaşlı ixtiyar döyüşçü qədər Vətənini, torpağını sevmiş olaydı...
Öz otağında dəli kimi vurnuxan general da yəqin o müdhiş həqiqəti anlamamış deyildi. Anlayırdı ki, insanın doğulub-böyüdüyü torpaqda yaşayıb-ölmək haqqını əlindən almaq Yer üzündəki cinayətlərin ən ağırıdı...
Anlayıb da nə edəsiydi ki,... O,da tək idi...

***
Generalla söhbətində də çox sakit görünürdü. Təmkinlə, inamla danışırdı. Ruhi rahatlığı üz-gözündən oxunurdu...
-Hər halda zəncirlər sizi rahatsız edir.
-Xeyr! Məni rahatsız edən gerçəklərdi...
...Bu gerçəkliyin içində onu asdılar. Özlərinin haqsız, onun suçsuz olduğunu bilə-bilə asdılar... Boğazına kəndir keçirilməmişdən qabaq çib dəftərçəsini çıxarıb eyni sakit tövrlə Allah kəlamını oxudu...
"Mənə gəldikdə isə... cəlladlarımdan çox yaşayacağam!"
Bəlkə də ömrü boyu dediyi ilk və son yalan idi bu!... Bəlkə də yalan yox, yanlışlıq... Nə vaxtadək davam edəcəyini bilmirəm. Bildiyim tək şey budur ki, onun cəlladları hələ yaşayırlar...
Az qala yüz il ötür...
Hələ ki, heç nə dəyişməyib...
Dünya da namərd olduğuna görə dağılmır hələ...
Mərd olsaydı, onu da çoxdan boğazından asmışdılar...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV