DOST GEDİB...

ƏBÜLFƏT MƏDƏTOĞLU
42644 | 2013-07-27 05:28
Son vaxtlar təklik daha çox güc gəlir mənə. Bir küncə çəkilmək...gözdən-könüldən uzaqda olmaq... heç kimi, heç nəyi görməmək, eşitməmək istəyi o qədər güclü olur ki, tabe olmaqdan başqa yolum qalmır. Amma çox ani bir zaman kəsiyindən sonra hiss edirəm ki, gücsüzlük, iradəsizlik etmişəm. Əyilmək lazım deyilmiş, daha güclü müqavimətə, daha sərt təpkiyə imkan ola-ola, özümü könüllü surətdə təklik qucağına atmışam. Təbii ki, hər iki məqamda özümü haqlı bilirəm. Çünki dünyamız, ətrafımız, hətta içimiz elə bir durumdadı ki, hamıya üz tutmaq, hamıya sirr vermək, hamıyla həmsöhbət olmaq və hamının sirrini saxlamaq da mümkün olmur. Daha doğrusu, bunu obyektiv və subyektiv səbəblərdən bacarmırıq.
İkincisi isə, təkbaşına mübarizə də Don Kixotluqdu. Özün-özünlə döyüşmək, özün-özünü məğlub etmək və yaxud özün-özünə qalib gəlmək nəyi dəyişir? Lap elə yeri gəlmişkən...
Mətbuat günündə, daha doğrusu, həmin o tarixdən bir az əvvəl və elə günü bu gün də saytlarda oxuduqlarım, eşitdiklərim, həmkarlarımın bir-birinə qarşı ittihamları, adamların iç üzünün açılıb ortaya qoyulması, guya yeni nə etdi ki? Nə dəyişdi ki? düşünməyin ki, mən hər şeyə qarşı laqeydəm, biganəyəm. Xeyr, əksinə mən hisslərimlə o qədər əlbəyaxa oluram ki, son nəfəsdə özümü ələ almağa gücüm çatır. Elə bu son günlərdə də üz-üzə dayanan adamların son anda mənə etdikləri sürprizlər bütöv bir ömrümə bəs elədi. Çünki bu adamlar özləri öz dilləri ilə etiraf etdilər ki, əsas işlərindən biri torba tikmək imiş. Şükürlər ki, Tanrı böyük, hökmü isə ədalətlidir. Tikilən torbadan özləri çıxa bilmədi...
Bunu sözgəlişi xatırlatdım. Dərinə gedib nəyinsə təzədən altını üstünə çevirməyə ehtiyac görmürəm. Onsuz da nə lazım idisə gördüm, nəyi eşitməli idimsə, onu da eşitdim. Allah hər kəsə ürəyinə görə verdiklərindən mənə də verdi. Bax belə bir məqamda bircə şeyə ehtiyac duydum, bircə ünvan üçün ürəyim təşnə oldu. Elə istədim ki, yenə üz-üzə oturaq, yenə ürək boğçamı açıb sərim ortaya və sən də həmişəki kimi səbirlə, özünəməxsus təbəssümlə mənim dediklərimi, bəzən rəngini, boyasını tündləşdirdiklərimi arxayınca çözəsən, hər birinə öz münasibətini ifadə edib, hər birini öz yerinə qoyasan. Bax, bu mahnıda deyildiyi kimi: Qayıt yerinə qoy ayı, günəşi...
İndi o qədər ehtiyacım var, indi elə darıxıram sənin üçün. Lap kənddə dediyim kimi, az qala burnumun ucu da göynəyir sənin üçün. Amma sən darıxmaq fikrində deyilsən... sən çıxıb getmisən. Özü də hər şeyə, lap elə bu dünyanın özünə də tüpürüb getmisən. Mən bunu bilirəm, mən bunun səbəblərini çox gözəl anlayıram. Amma neyləyim ki, bildiklərimlə, anladıqlarımla razılaşmıram, barışmıram və öz-özümə min dəfə sual verirəm:
- Axı niyə belə olmalıdı?
Bəli, çox kövrək və həzin bir mahnı var. O mahnını ən çox rəhmətlik Rövşən Behcətin ifasında dinləməyi sevmişdim. Sonra rəhmətlik İslam Rzayev onu başqa bir boğazda ifa etdi və mən hər iki ifanın vurğunu oldum. Səhv etmirəmsə, o nəğmənin sözləri Dağıstanın çox dəyərli oğlu Rəsul Həmzətovundur. Əgər yanılıramsa, müəllifindən üzr istəyirəm. Mahnının ilk sözü həmişə dilimin ucunda olub: Dost gedib özümə gələ bilmirəm...
İndi mən də özümə gələ bilmədiyim bu anlarda elə üzümü dostlarıma tuturam. Onlardan həm incik, həm də ərkyana bir şəkildə soruşuram:
- Niyə bu qədər etibarsız çıxdınız? Niyə tək qoyub getdiniz? Bilmirsiniz təklik dözülməzdi? Bilmirsiniz təklərin üstünə yeriyən, qabaran, hətta hürən çox olur? Axı siz hər şeyi bilən idiniz! Siz hər şeyin fövqündə dayanırdınız! Bəs niyə belə etdiniz? Eh, nə deyim axı sizə! Bəlkə heç nə, bəlkə...

Ay yüz illik dostlarım,
Yolüstü dəyin mənə!
Dərd satılan bazarın-
Ünvanın deyin mənə...

Köhnə dərdlər nimdaşdı
Ağnavazdı, daşbaşdı.
Bu söhbəti kim açdı-
Çatdırın yeyin mənə...

Köhnələr bezib susub...
Danışmır, dilin udub.
Yoxsa qəzəbi tutub-
Yerin, ya göyün mənə...

***
Hə, "Koroğlu" dastanında çox maraqlı bir məqam var. Yəqin oxuyanlar xatırlayar, Koroğlunun gözünün qarşısında tüfənglə atəş açıb dağ boyda əjdahanı öldürürlər. Koroğlu da baxıb-baxıb misri qılıncını atıb bir tərəfə deyir: "Tüfəng çıxdı, bununla da kişilik qurtardı".
Bilirsiniz bunu niyə xatırladıram? Ona görə ki, indi bəzi "kişilər" sözünü-söhbətini internetlə, mesajla, söz gəzdirməklə, ara vurmaqla göyərdir, dirildir. Elə bil onlar bu dünyaya kişiliyin qurtardığını, kişiliyin ölüb getdiyini xatırlatmaq, yada salmaq üçün gəliblər. Ona görə də özlərini elə aparırlar ki, sanki onlar hər şeyə qadirdilər. Amma bilmirlər ki, elektrik cərəyanı olmadan, dəstək olmadan, şərait olmasa, onların kişiliyi sabun köpüyü kimi bir şeydi. Əsl kişilər üz-üzə dayanıblar... sözü də, söhbəti də üz-üzə ediblər. Ona görə də dünyanın tərəzisi onların vaxtında həmişə düz işləyib, düz çəkib. İndiki kimi adı elektron olan tərəzilərin hoqqabazlığını etməyib. Nə bilim vallah, hərdən öz-özümə fikirləşirəm ki, bu dünyanın düzələcəyinə, bu dünyanın kişilərə qalacağına nahaq ümid bəsləyirəm. Çünki kişilər azalır, özü də yaxşı kişilər, halal və dürüst kişilər, sözünün sahibi kişilər...
Bəli, günün reallığı elədir ki, mütləq kiminləsə söz danışmalısan, söz soruşmalısan. Bax elə bu reallıq da bəzən kişi sözünə nə boyda ehtiyac olduğunu ilk baxışdan, ilk addımdan, ilk tanışlıqdan özünü büruzə verir. Məhz həmin an içimdən bir sızıltı keçir, ürəyimin bir teli qırılır. Yanıldığını anlayırsan, yanlış ünvana gəldiyini dərk edirsən... yanlış yerdə olduğunu görürsən. Amma bir parça çörəyə olan ehtiyac, ailənin yol gözləməsi, özünün kiməsə əyilməmək, sınmamaq dəyanətin səni susmağa, səbirli olmağa vadar edir. Əslinə qalanda elə susmaq da razılaşmaq kimi bir şeydi. Bu mənada biz, daha doğrusu, mən o qədər susmuşam ki, bəzən sözlər də yadımdan çıxıb.
Heç kimi qınamıram, heç kimdən incimirəm. Bütün məqamlarda, bütün yerlərdə günahkar özüməm. Üsyankarlıq, etiraz etmək haqqımı həmişə gözlətmişəm, həmişə dondurmuşam... Doğrudur, deyirlər ki, Tanrının bir adı da səbirdi. Razıyam, qəbul edirəm. Amma səbrin də bir həddi-hüdudu olmalıdır. Yenə sözgəlişi xatırladım ki, biz 1988-ci ildən səbr edirik, təmkin göstəririk, emosiyalara uymuruq. Amma...
Yazının əvvəlində bir məqama diqqət yetirdim- təklənməyə, tək qalmağa işarə vurdum. Yenə həmin nöqtəyə qayıdıram. Son günlər o təklik, o təklənmə mənim üçün yeni zamanın başlanğıc nöqtəsidi. Mən o nöqtədən indi hər kəsə əvvəlkindən fərqli baxmağa çalışıram. Hətta ailəmdə də, işimdə də, nə qədər haqlıyam və yaxud əksinə, deyə bilmərəm. Ancaq bildiyim bir gerçəklik var - o da təklənməkdi, o da hücumlara məruz qalmaqdı, o da haqqı tapdalanmaqdı. Bütün bunlar istənilən duyğulu insanı səfərbər olmağa, ən azı özünə baxmağa səsləyən, məcbur edən bir çağırış, bir güc, bir təpkidi. Çünki yarılanmaq, yarı olmaq, o qədər də asan deyil, o qədər də dözülən deyil. Hətta qədim bir mahnımızın sözlərində deyildiyi kimi: Vətən bağı al-əlvan olsa da...
Hə, yaman təkləndim, yaman tək qaldım, səsimə səs vermədin, telefonun əhatə dairəsindən kənarda oldu. Özün ürəyimdə, ürəyim ürəyində olsa da, səsin, nəfəsin yanımda olmadı. Bax, onda əlim qələmə, gücüm vərəqlərə çatdı...

Vətən bağı cənnət oldu
Unutdurdu yarı sənə!
Yol gözləmək sənət oldu-
Yarı mənə, yarı sənə!

İstəkləri tam görmədik
Bir ev-eşik, dam görmədik.
İşıq saçan şam görmədik -
Yarı mənə, yarı sənə!

Ürəyimiz köz-köz oldu
Təsəllimiz döz, döz! - oldu
Nə oldusa, lap düz oldu
Yarı mənə, yarı sənə!

Hə, Vahid Əlifoğlu, niyə susursan? Niyə haqqımın müdafiəsində sözünü demirsən? Hə, ürək dostum, bəs sən hardasan? Nə yaman uzun çəkdi səfərin? Dağlar, dərələr, bulaqlar, çeşmələr, təbiətin göz-könül oxşayan növrağı, nə yaman unutdurdu məni sənə? Aç də, telefonu? Qayıt da əhatə dairəsinə? Axı meydanda tək qalmışam? Axı sənə ehtiyacım var!..

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV