adalet.az header logo
  • Bakı 13°C

Xilas

XURAMAN HÜSEYNZADƏ
33459 | 2013-07-27 05:27
Adam təkcə tək qalanda, yaxud ev-eşiyindən, vətənindən uzaqda olanda darıxmır. Darıxmağın miqyası zaman və məkanla ölçülmür. Ola bilər ki, sözün-söhbətin tutmayan, xarakterin uyuşmayan adamla Havay adalarına səyahət edəsən, saatlarını, günlərini sayasan-darıxasan. Yaxud tam tərsinə, öz vətənindəcə kasıb komanda sevdiyin, xarakteri xarakterinlə üst-üstə düşən adamla qorabişirən istidə yayın istisini hiss etməyəsən. Deməli, darıxmağın əsas səbəbi tənhalıqdır.
Vizual olaraq tənha olmaya bilərsən. Həyatında lay divar kişinin, kişisənsə, cazibədar xanımın olması hələ tənhalıqdan uzaq olmağın demək deyil. Bu adamın varlığını hiss etməyib dərdini onunla deyil, dörd divarla paylaşırsansa, demək ki, tənhasan. Bu, bədbəxtliklərin həcmcə yekəsindəndi. "Sevginin gözü kor olur" sözü saxtadır, səmimi deyil. Şikəst məhəbbət insanı ömür boyu şikəst edir. Kontrassız, tonsuz adamla bir damın altında yaşamaq sadəcə bir ömrü çürütmək deməkdir. Bill Geytsin belə bir sözü var: "Kasıb olaraq doğulursansa, bu, sənin günahın deyil. Əgər kasıb olaraq ölürsənsə, bu sənin günahındı." Gəlin, bu sözləri tək maddi kasıblıqla əlaqələndirməyək. İstər maddi, istərsə də mənəvi yoxsulluq insanın öz günahı üzündən olur.
İnternet əsrində hələ də maraqsız, boz, mənəviyyatı kasad, mütaliəsiz adamlar yetişirsə deməli, cəmiyyətlər problemlərdən uzaqlaşa bilmir. Problemli cəmiyyətlərlə gələcəyə daşınmaq çətin işdi. Qüsurlu cəmiyyət, bu cəmiyyətdə qara paltarda ağ yamağa bənzəyən işıqlı adamların qarşısında daha geniş mənzərələr açır: bu qüsurlar təkcə gözlə görünən problemlər, maddi yoxsulluğun gətirdiyi faciələr, ağrılar, mənəvi aşınma və s. deyil. Bu qüsurlar həm də gözlə görünən çatışmazlıqlardan danışan, bunu aradan qaldırmağın yollarını arayan adamlardadır. Demək ki, inqilab ilk növbədə insanın özündən başlamalıdır. İnsan kimi necə olmağın, başqalarına, cəmiyyətə verdiyin, vermək istədiyin fayda haqda, adamların sənə münasibəti, toplumdakı mövqeyin, ailədəki nüfuzun barədə düşünməlisən. Xarakteri dəyişmək mümkündür! Adi bir misal: birdən-birə pul, var-dövlət sahibi olan bəzi adamların harınlığını, görməmişliyini xatırlayın. İnsanı pulun bu cür-mənfiyə doğru dəyişməsi xaraktersizlikdən xəbər verir. Xarakteri oturuşmuş, yüksək insani keyfiyyətlərə malik adamlar üçün isə var-dövlətin heç bir əhəmiyyəti olmur.

***
İnsanın mənəvi keyfiyyət(sizliy)i qara rəngdə olsa da o, öz xarakterində ağ çaları, iynə ucu qədər işığı tapmalıdır. Tapmasa, ağ yamaq vurmalı, sezilə biləcək ləkə salmalıdır. Ən azından, kənardan özünə baxsa, buna nə qədərə ehtiyac yarandığını görə bilər. Əsas odur ki, kənardan özümüzə baxmağı bacaraq.
Qara rəngdə ağ yamaq, ağ ləkə olsa da olar, təki xislətimizdə, mənəviyyatımızda rənglərin ən tündündən xilas olmağın yolu tapılsın. Bu, həm də başqa insanların, ailələrin, cəmiyyətlərin xilasıdır...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV