adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MOLLA NƏBİ

MƏMMƏD DƏMİRÇİOĞLU
36318 | 2013-07-27 05:26
Hərdən mənə elə gəlir ki, bu qaçhaqaç, bu qovhaqovda insanlar vaxt qıtlığından göy üzünə baxmağı unudurlar. Bir qismi istisna olmaqla adamların başı yaşamaq və pul qazanmaq işinə elə qarışıb ki, nəinki göylərə baxmağı, hətta Allahı yada salmağı belə unudublar.

Daha baxmır adamlar,
Dərdi qanmaq işinə.
Başlar yaman qarışıb,
Pul qazanmaq işinə

Vərdiş edib qardaşım,
Yanağıma göz yaşım.
Kötük üstündə başım,
Düz dayanmaq işinə.

Ya əvvəl, ya da axır,
Hamı yanana baxır.
Təmcə pərvanə baxır,
Oda yanmaq işinə.

Başlar yaman qarışıb. ..
Danmağa nə hacət, o başı qarışanlardan biri də mənəm. Amma mən yuvasındakı ac balalarına dən gəzməyə başı qarışanlardanam.
...Qanad açır arzularım,
Heç bilmirəm hara varım.
Yuvamada ac balalarım,
Gecə-gündüz dən gəzirəm.

Gecədən xeyli keçib. Açıq pəncərəmdən gecənin siyah camalını seyr edirəm. Bədirlənmiş yupyumru ay, ağ camalının haləsiylə ətrafında dolaşan bir əlçim buludun üzünə toxunan yanaqlarını işıqlandırmış, daranaraq saçaqlanan tellərə bənzəyən əks tərəfinı isə buludun öz kölgələrinə qərd etmişdi. Ayın nurlu camalı qaranlıq otağımın da bir hissəsini nura boyayıb, düz gözlərimin içinə baylanan bir sevdalı mələk misalı sanki məndən nələri isə umur. Və ıstər istəməz bu sevdalara uydum, dodaqlarım pıçıldamağa başladı:

Bir gecənin ortası,
Bir mən, bir ay işığı.
Gözlərimdən süzülür,
Dünyanın yaraşığı.

Bu şeir nümünəsində dünyanın yarşığı adlandırdığım mənim dərdlərimdi. Çün ki bu gecə çox kədərliyəm. Bəşərin əzəli və əbədi dərdi olanlar haqda düşünürəm.

Bu məkanın içində,
Yalan sözəm, yalan səs.
Axıb dilimə gəlir,
Ürəyimdə qalan səs.

Səndemə zəhəriymiş,
Ömrün baldadanları.
Hamıdan çox sevmişəm,
Məni aldadanları...

Kecənin zülmət dərinliklərində boğulan ulduzlar çabalayırmış kimi gah qaranlığın yoxluğuna qərq olur, gah da qeybdən nazil olaraq titrək ziyalarıyla quş ürəyi kimi titrəşməyə başlayırlar...
Baxın, xüsusən də bədirlənmiş ay işığına bələnib xumarlanan gecələrin sirli camalını seyr edin. Bircə anlıq da olsa pul qazanmaq işini unudub üzü göyə çevrilin, bürclərlə topalaşan ulduzlara baxıb xəyallara dalın.
Göy üzünə baxmağı unutmayın. Hər baxdıqca görəcəksiniz ki, göy üzü nəhəng bir güzgü imiş və bu güzgüdə özünüzü hökmən görüb tanıyacaqsınız. Tanıyıbda hərəniz öz könlünüzün səsini eşidəcəksiniz:


Uçunur arı gözüm,
Doymur çiçək balından.
Allah, mən aldananda,
Sən çıxırsan yadımdan.

Bağışla məni, Allah,
Sevən, unudan da mən.
Niyə diri qalmışam,
Səni unudanda mən?...

Göy üzü aynadır dedik. Bu bir həqiqətdir. Göy üzü ilə təkbətək qalıb bu aynada özünü seyr edənlər hökmən gündüzlər etdikləri savablarını, suçlarını görüb, etiraf məqamına yetişəcəklər.

Bu gecənin ortası,
Bir mən, bir ay işığı.
Gözlərimdən süzülür,
Günahın yaraşığı...

Düşünürəm ki, zamanın surəti artdıqca bir qism adamların da pul qazanmaq işinə başı daha sürətlə qarışır, daha cox pul qazananalar qazandığı milyonların hesab kitabını itirsə də belə yeni-yeni milyardları qazanmaq haqda düşünür, Allahı unudur, üz çevirib göy üzünə baxmağı belə yadlarına sala bilmirlər,
Əksər çoxluğun isə, yuvalarında yol gözləyən ac balaları üçün dən gəzməyə başı qarışdığından göylər yadlarından çıxır. Yoxsulluq içində it-bata düşən digər qisimlər isə, əlacsız xəstəliyə düçar olmuş körpəsi üçün dərman pulu belə tapa bilmədiyindən hər kəsə ağız açmaq məcburiyyətində qalır və bu gününü bir təhər ötürərək, səhərəcən sabahkı ehtiyacların necə ötəcəyini fikr edir, gecə də gündüz də göylərə əl açıb dodaq altı nəsə pıçldayır, bitib tükənməyən şikayətləriylə göyləri də, Allahı da bezdirirlər...
Bu xəyallarla yuxuya getmişəm. Səhər tezdən telefonum zəng çalmasaydı yatıb qalardım və yəqin ki, işə də gecikə bilərdim.
Telefona baxıram, zəng edən Molla Nəbidi. Üzümə dərhal təbəssüm qonur və telefona cavab verirəm.
-Ayə sabahın xeyir, Bəşirov.-(Boynuma alım ki, coxları kimi xeyli zamandır ki, bu soy adımı özüm də yadımdan çıxarmışam. Əksər dostıar artıq adımı da unudaub, ancaq "Dəmirçoğlu"- deyə müraciət edirlər)- Molla Nəbi tək-tük adamlardan biridir ki, hərdən məni soy adımla çağırır.
-Belə sabahın da, hər vaxtın da xeyir, ay Molla Nəbi.
-Bax, namazımı qılmışam,bütün müsəlmanlar kimi, verdiyi nemətlərə, ağ günümüzə, güzaranamıza, bəxş etdiyi sağlam ruhumüza, balalarımıza, nəvələrimizə görə Allahımıza min dəfə şükranlıqlar edib, elimizə-obamıza, xsalqımıza, millətimizə əminamanlıqlar diləmişəm. İndi də qurban olduğum Hacı Mahmud Əfəndi babamızın ziyarətganına gəlmişəm və ərik ağacının altında oturub səni yad edərək telefon açmışam.
-Çox xoşdur, ay Molla Nəbi. Allah səndən razı olsun. Bu səhərimə xoş bir ovqat bəxş etdin.
- Sənə bir şeir oxuyacam, amma açıqlamasını sən verəcəksən. Bir şair dostum gör bu şeirlə nə demək istəyir:

...Bu dünya astanadı,
Cənnətdi, qəmxanadı.
Məni məndə sınadı-
Qulam üzü tanrıya...

Şeir özümünkü olduğundan gülümsədim və dostumun fikrini anladım:
-Molla Nəbi, bunları sən məndən yaxşı bilərsən, məni imtahana çəkmə- dedim.
-Ayə, kimdisə mənum adamımdı, lap ürəyimdən yazıb- deyərək şeirin qalan beytlərini də oxudu.
-Eşq olsun ay Molla Nəbi. İncənin mollası da belə olmalıdı,- deyib təşəkkürümü bildirdim.
-Qardaş, baax bu ərik ağacının budağından üç ərik düşüb, səncə bunları nə etməliyəm?
-Birini özün yiyərsən, qalan ikisini isə ziyarətə gələnlərə verərsən.
-Yox, mən öz payımı yemişəm. Gəlsənə üçünü də pay verəim.
-Könlünə eşq olsun ay molla Nəbi. Kaş dünyada başı pul qazanmaq işinə qarışanlar da sənin kimi düşünəydi. Oturduğun mübarək məkan varlığın Cənnətidir. Kaş yerinə olaydım, qurbanı olduğum Nacı Mahmud babamızın ocağını mən də ziyarət edəydim. Səndən xahiş edirəm hər namazdan sonra dualar edəndə mənim də adimdan o müqəddəs ruhlara salavat cevir.
- Bax mənin bu eynəkli gözüm üstdə. Başqa nə qulluğun var? Yonca yerin zadın varsa onu da biçə bilərəm...
Molla Nəbi hər gün olmasa da günaşırı mənə zəng edib kefimi ovlayır, əhvalımı nizama salır. Bu səhər də qaramat yuxulardan oyadıb pəjmürdə əhvalımı səmalara qaldırmışdı.
İşə tələsirdim.Böyük vəzifə sahibi olan bir məmurun villasında gedən təmir işlərinin həm dizayneri, həm də rəhbəri olaraq çalışıram. Bu iri, yaraşıqlı villa həmin məmurun bəlkə də onuncu villası idi. Özünə qismət olsun. Amma çox yaxşı bilirəm ki, o da göy üzünə baxmağı unudub.
Evdən çıxmağa hazırlaşırdım ki, telefon zəngi yenə də məni diksindirib xəyallardan ayırdı. Telefonda həmin məmurun adını görəndə cöhrəmə səpələnmiş fərəh işıqları bir anda ca söndü.
- -Bu zəhrimarı nə zaman qurtaracaqsan?-deyib, salamsız, kəlamsız hirs və hikkə dolu səsini bir az da ucaltdı- Yüz dəfə demişəm bu zibil üstalarına de ki, işə tez gəlsinlər. Gecə ona- onbirə qədər işləsinlər. Gedib xaraba evlərində nə edəsidirlər. Aclarından ölürlər, işləsinlər də. Bu köpək üşaqlarını boş buraxdın, qudururlar. Sənə yüz dəfə demişəm onlara pul vermə. Qoy canları çıxsın, içləsinlər...
- -Billah pul verməyəndə də olmur, axı hamısının evində yemək gözləyən balası var.
- -Cəhənnəmə ac olsunlar. Bunlara yazığın gəlməsin. Işi tamamlamış bir qəpik də pul verməyəcəm. Canları cıxsın işləsinlər...
Mən dünyanın ən dözümlü adamlarındanam. İçində daşıdığın kövrək könüllə bu çirkabların hər an içindən keçmək məcburiyyətinə dözməkdən müşgül bir iş olarmı, görəsən...
Amma onu da qeyd etmək yerinə düşərdi ki, bu məmurların işi-gücü olmasaydı işsizlik daha böyük simasızlıqlara yol aça bilərdi. Bəlkə bu nizamda da bir sirri xuda var. Təbii mən bu xisləti bütün məmurlara şamil etmək istəməzdim. Onların içində də mələk simalı, uca könüllüləri çoxdur. Sadəcə bu səhərin paradoksal gəlişi bu yazmı yazmağa bir vasitəçi oldu, və bunu heç də təsadüf hesab etmədim.
Hərdən çox sevinirəm ki, nə yaxşı Molla Nəbi kimi adamlar var, nə yaxşı ki, dünyada başı təkcə pul qazanmaq işinə qaışmayan adamlar da var. Mən yazımın önündə bir qism insanların istisna olmasını qeyd etmişdim. Bu cür insanlar şəhər tünlüyündə boğula-boğula, əyalət və kəndlərdə isə bir tikə çörəyinə min dəfə şükür deyə- deyə varlığın yoxluğuna sığınaraq yaşayırlar.
Könül dostumdu Molla Nəbi. Cavanlığında hörgüçü olub, kənddə çoxunun evini o tikib. Görəsən ev tikməkdən, işıq çəkməkdən müqəddəs bir iş varmı.
İçində böyütdüyü pak ruhunu doğulduğu kəndin, elatın ziyarətgahı olan Nacı Mahmud Əfəndinin pərvanəsinə çevirən bənna Nəbi indi bu müqəddəs Nəqşibəndi ocağının müridlərindən birinə çevrilmişdir. Mövlüd və meyxanə mərasimlərində ilahi nəğmələr oxuyan İncəli müridlərinin biri kimi xoş avazıyla, eşqlə dövrələr vura-vura səma rəqslərini oynamağıyla dəfələrlə cezv məqamına yüksələn bu nurlu insan mənim də könlümün cezv məqamına qovuşub, könül dostuma çevrilib.
Bir gün ziyarətə gedərkən əlində çalğı (uzun dəstəkli süpürgə) ilə ziyarətgahdan xeyli aralı olan yolun kənarını, avtobus dayanacağını süpürən gördüm Molla Nəbini.
-Ay qardaş, bu ətrafları niyə sən süpürürsən, buranın xadiməsi yoxdur ki?
-Bu mənim adətimdi, Dəmirçioğlu. Qurban olduğumu hər yandab ziyarətə gələnlər var. Cavan-coluqlar tum çırtlayıb, siqaret çəkib buraları zibilləyirlər. Süpürürəm ki, gələn qonaqlar kəndimizi qınamasınlar...
Beləcə, əziz oxucular. Molla Nəbi haqda çox az yazdım. Az yazdım ki, onun haqda düşünüb, qalanını da özlüyünüzdə ayrıd edəsiniz.
Göy üzünə baxmağı unutmayın. Bu dünyanın gecə-gündüz, qara-ağ, açı-şirin, yaxşı-yaman, xeyir-şər və s.təzadları arsında nəfəsiniz təngisə Molla Nəbi kimi adamları yada salın, sizlərə ərməğan etdiyim bu etüd parçasını oxuyun. Azacıq da olsa könlünüz təsginlik tapsa nə xoş mənim halıma.

BAHAR ETÜDÜ

Dan ulduzu doğulacaq
Gecənin yahularından.
Dünya asılıb qalacaq
Ay üzünün hilalından.

Yenə ümidlər verəcək,
Vəfalı yarpaq səsləri.
Qaranlıqda tapılacaq
Gündüzün itən kəsləri.

Alışacaq Səməndər tək
Od üstündən əsən mehlər.
Səhər yenə barışacaq
Qönçələrdən küsən şehlər.

Yatıb yuxular görəcək
Sapsarı səhra gülləri.
İtiyinə qovuşacaq,
Gecənin anadilləri.

Ruhum dönəcək canıma
Ağ gecənin nəfəsiylə.
Diri qalacam sabaha
Yoxa dönmək həvəsiylə...

Dan ulduzu doğulacaq,
Gecənin "yahularından".
Dünya asılıb qalacaq
Ay üzünün camalından.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV