adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

KEÇMİŞİMİZDƏN BİR SƏHİFƏ

SEYFƏDDİN ALTAYLI
86910 | 2013-07-27 05:21
Bu yazımda yenə uzaq keçmişimizə bir nəzər salmaq istədim.
Hunlar, Oğuzun atası Tuman (Teoman) dövründə o qədər də qüdrətli deyildi, ancaq yavaş-yavaş özlərinə güc yığırdılar. Bunu görən və qonşuluqda yaşayan Yüəçi adlı Türk bəyliyi, hunların güclənməsindən nigaran olub qorxuya düşmüşdü. Ancaq onlar hunlardan daha güclü idi və hunların gücləndikdən sonra öz hakimiyyətlərinin zərbə altına düşə biləcəyini hiss edib nigaran olurdular. Buna görə də hunlar güclənməden Oğuzun atası Tumana əlçi yollayıb ondan şahzada Oğuzu özlərinə girov kimi verməsini tələb edirlər. Onlar Oğuzun nə cür bir sərkərdə və dövlət adamı olduğunu bilirdilər və onu girov kimi əllərində saxlayıb hakimiyyətlərindən əmin olmaq istəyirdilər. Oğuzun atası Tuman da həm yüəçilər qədər güclü olmadıqlarına və onların tələbinə qarşı gələ bilmiyəcəyinə, həm də həyat yoldaşının intriqalarının təsirində qaldığına görə oğlu Oğuzu onlara girov verir.
Yüəçi Türkləri o vaxtlar İpək Yolunun Şərqi Türküstana kimi gedib çıxan hissəsinə hakimdi. Döyüşdə isə qollarını qatlayan tapılmırdı.
İki qardaş xalqın bir-birinə kömək olacaq yerdə sadəcə olaraq özünün hökmranlığının yeriməsi xatirinə qanbir qardaşı olan xalqa qənim kəsilməsi qəribə haldır. Deməli Yavuz-Şah İsmail arasındakı ziddiyətin kökü mifoloji çağlara gedib çıxırmış.
Oğuz yüəçilərin əlində girov olduğu vaxt, analığı intriqa salıb Oğuzu aradan götürdüb öz oğlunu vəliəhd ətmək fikrində idi. Gəcəli-gündüzlü əri Tumanın fikrini yayındıraraq onun Yüəçilərə hücum çəkməsinə nail olur. Yüəçilər də bu hücumdan hirslənib Oğuzu öldürmək fikrinə düşür. Oğuz bunu duyub bir təhər aradan çıxır, yel kimi uçan atına minib ölkəsinə qayıdır. Atası Tuman məcbur qalıb onun əmrinə on min nəfərlik bir tümən verir. Oğuz isə həm atasının, həm də analığının özü haqdakı fikirlərindən ən başdan duyuq düşür. O, analığından olan zəif xaraktərli ögey qardaşını aradan götürüb, gücü-taqəti kəsilmiş Hun dövlətinə təzədən güc qazandırmağın çarələrini axtarmağa, özünə vərilmiş hərbi hissədən başlayır. Hələ Yüəçilərin əlində girov olduğu vaxt fit çalaraq gedən və hədəfindən yayınmayan oxu ixtira edir. Bu oxla atın üstündə hər səmtdəki hədəfi vurabilmək üçün təlimə başlayır, əsgərlərini istənən səviyyəyə gətirəndən sonra fikrini aydın edərək onlara deyir:
Hamılıqca ova çıxacayıq. Mən ovda oxumu hara tuşlayıb buraxsam siz də oxlarınızı o hədəfə atacaqsınız. əmrimə itaət etmiyənlərin kəlləsi ordaca kəsiləcək.
Müəyyən edilən vaxtda ov sahəsinə üz tuturlar və hamı atından düşür ov başlayır. Oğuz atından biraz aralanan kimi dönüb oxunu yel kimi uçan atına buraxır. Hərbçiləri Oğuzun öz atını oxladığını gördükdə dönüb oxlarını həmin hədəfə atır, ancaq bəziləri komandirlərinin atını niyəsə vurmur. Oğuz əmrinə itaət etmiyənlərin başını orda vurdurur. Ayrı bir gün əsgərlərinə göstəriş verir ki, hamı həyat yoldaşını götürüb gəlsin təbiətin qoynuna dincəlməyə gedəcəyik. əsgərləri də həyat yoldaşlarını götürüb hamılıqca dincəlməyə gedirlər. Səfalı bir yerə çatdıqda hamı atından düşür, lazımi işlər görülür, ov ovlanıb quş quşlanır, yeyib içirlər, kefləri durulur. Oğuz, əsgərlərini başına yığır və biraz aralıda dayanan öz həyat yoldaşına sarı oxunu tuşlayıb atır. əsgərlərinin əksəriyyəti də Oğuza uyur. Oğuz, orda da əmrinə itaət etmiyənləri cəzalandırır. Sonrakı vaxtlarda onlara hər gün təlim keçir və bir dediyi iki olmur. Artıq əsgərlərinin ona tamamilə itaət etdiklərinə, dissiplinli bir ordu yaratdığına qane olur və uzun zamandır həyata keçirmək üçün fikirleşdiyi planını gerçəkləşdirməyin vaxtının gəldiyinə qərar verir.
Hunlarda ildə iki növ ov təşkil edilirdi. Biri tümən təlimi ovu, digəri isə böyük dövlət ovu idi. Dövlət ovunda dövlətin bütün tümənləri iştirak etmək məcburiyyətində idi.
Bu cür bir dövlət ovu əsnasında Oğuz oxunu ani bir hərəkətlə dönüb atası Tumana atır. ətrafındakı əsgərləri bunu görcək o ləhzə onlar da oxlarını Tumana atır, o həlak olur. Oğuz, xaqan olub dövlətin cilovunu əlinə alır. Atasından sonra intriqaçı ögey anasını, ögey qardaşını aradan götürür, özünə tabe olmaq istəməyən vassal bəyləri, qeyri-qanuni yollarla komandir olanları vəzifədən uzaqlaşdırıb səriştəli hərbçiləri komandir təyin edir. Tarixi mənbələr hadisələrin gedişatını bu cür yazıb.
Oğuzun, dövlətin davamı və güclənməsi naminə atasını, analığını və qardaşını aradan götürməsi Türk dövlətçilik ənənəsi yönündən həddən artıq mühüm bir hadisədir. Ulu babalarımızın, dövlətin davamlılığı prinsipinə və milli mənsubiyyət duyğusuna yüksək dərəcədə qiymət vermələri onlara basılmaz bir mənəvi və maddi güc bəxş edib. Tarix boyu dövlətin talei təhlükə ilə üzləşdikdə bu şüur həmişə özünü göstərib. Ancaq bəzi vaxtlarda intriqanın səbəb olduğu hadisələr isə dövlətlərimizə böyük zərbə vurub. Məsələn 46 il Osmanlı dövlətinin padşahı olan Qanuni Sultan Süleyman, həyat yoldaşı slavyan köklü Xürrəmin (Aləxandra Lisowska) intriqasına uyub oğlu şahzada Mustafanı lal-kar əsgərlərinə boğdurub aradan götürməsi, dövlət üçün böyük itki olmuşdur. Qanuni öldükdən sonra padşah olan Sarı Səlim, şahzada Mustafa səviyyəsində bir dövlət adamı olmadığına görə Osmanlı dövləti onun vaxtında durğunluq dövrünə daxil olub. Bu vəziyyət on illər boyu davam edib və durğunluq dövrü geriləmə ilə davam edib, nəhayətində də yüz illər boyu üç qitədə hökmran olan dövlət məhv olub gedib.
Osmanlı dövlətinin hərbi məktəblərində yetişən, dövləti, üzləşdiyi məhv olma prosesindən xilas etmək üçün müharibədən-müharibəyə üz tutan Musdafa Kamal, ayrı bir çarə görmədiyinə görə zabit libasını çıxarıb ataraq xalqın içinə qarışıb, onları təşkilatlandıraraq işğalçılara qarşı Azadlıq Hərbini başladıb, axırda da müasir mənada Türkiyə Cümhuriyyəti dövlətini silahdaşlarıyla birlikdə yaradıb. Təəssüflər olsun ki, Osmanlı xanədanının sonuncu padşahı Vahidəddin, dövlətimizi məhv etmək üçün hər cürə oyundan çıxan, yunanlıları, erməniləri və digərlərini qışqırdaraq yeni dövlətimizin yaranmasına mane olmağa, ölkəmizi parçalamağa çalışan və torpaqlarımızın bir hissəsini işğal edən İngiltərənin bir hərbi gəmisinə minərək ölkədən qaçıb, sonra da ABŞ dövlət rəhbərindən padşahlığa geri qayıtması üçün yardım dilənib.
Dövlətlərimizin məhvinə səbəb olanlar da, tarixdə başımızı aşağı salanlar da ancaq öz şəxsi maraqlarını güdən qul xarakterli və zəif idarəçilər olub.
Oğuz, sadəcə olaraq intiqam hissiylə hərəkət etməyib, atası, ögey qardaşı və analığını mənasız bir qısqanclıq duyğusu ilə aradan götürməyib. Onu bu hərəkətə yönəldən isə, dövlətçiliğin qorunması, onun davam etdirilməsi şüurudur. Türklərin ictimai qurğusunda yer tutan törələr, Türklərin əsla imtina edəbilmiyəcəkləri yazılmamış qanunlardı. Hətta törələr dövlətdən də irəliydi. Orxun-Yenisəy abidələrində həkk olunan "el gədər törə qalar", yəni dövlət əldən gedə bilər, ancaq törələr pozula bilməz, sözü bunun canlı şahididir. Dövlət aradan getsə güclü törələr sayəsində yeni dövlət qısa müddətdə ayrı bir adla yaradıla bilirdi, ancaq törələr məhv olsa dövlət yaradıla bilməzdi. Çünki xalqın özünün yaratdığı törələr xalqı, xalqın birlik və bərabərliyini, vəhdətini, taleini təyin edən hardasa müqəddəslik səviyyəsinə çatmış ünsürlərdi, ona görə də törələrə xaqanlar belə toxuna bilməzdi. Türk ictimai nizamında özünə məxsus yeri olan boy, uruq, ox, bodun və elin (dövlət), nöqsansız və möhkəm bir inkişaf xətti təqib edərək tarixdə öz yerini tutması, Türk dövlət gələnəyinin indiyə kimi heç bir dövrdə sınmadan davam etməsi, törələrin möhkəmliyindən və onlara qeydsiz-şərtsiz uyulmasındandı.
Türk tarixinin iftixar mənbələrindən biri olan Fateh Sultan Məmməd də dövlətin davamlılığı xatirinə qardaş qətlini vacib bilmiş və hətta bu haqda qanun da çıxartmışdır. əgər Oğuz atasını, ögey qardaşını aradan götürməsəydi, dissiplinli bir ordu yaratmasaydı, nə çinlilər, nə də monqolların gücü qarşısında dövləti qoruyub saxlaya bilməzdi. Bir sözlə, Hun dövləti məhv olmaq təhlükəsilə üz-üzə dayanmışdı. Oğuz Xaqanın atdığı o addımlar indiki çağda bəşəri yöndən insana pis təsir etsə də, qəbul edilməsə də, törələr əsasında bünövrəsini qoyduğu dövlətçilik gələnəyi sayəsində Hun dövləti 350 il çəkən bir ömür sürüb və Türk tarixinin fəxrinə çevrilib.
Oğuz Xaqanın yaratdığı bu gələnək digər Türk dövlətləri tərəfindən yüz illər boyu davam etdirilib. Məqsəd dövləti qorumaqdırsa, qanunsuzluğa və ədalətsizliyə yol vermədən, sadəcə olaraq öz şəxsi maraqlarından çıxış etməmək şərti ilə müəyyən tədbirlərə müraciət etmək vacibdi. Bir faktı da yaddan çıxarmamalıyıq, eradan qabaqkı qanunlarla indiki qanunları müqayisə etmək düz olmaz, çünki biz müəyyən dinlərə daxil olduqdan sonra din adına bəzi milli qanunlarımızı ləğv edib və ya dəyişdirmişik. Digər tərəfdən yad xalqların qanunlarını özümüzə uyğunlaşdırmağa çalışmışıq, bu da bizim ictimai genetikamızda mənfi təsir bağışlayıb. Eradan qabaqkı qanunlarımızı diqqətlə incələdiyimiz zaman görürük ki, əsl bəşəri qanunları, demokratiyanı, insan azadlığını, kişi-qadın bərabərliyini, böyük-kiçik münasibətini, həmrəyliyi dünyaya biz yaymışıq. Ancaq elmdən, ürfandan, dövlətçilik gələnəyindən uzaqlaşmağımız, özgələrini yamsılamağımız, özümüzə biganələşməyimiz, gücsüz və şeytan xarakterli şəxslərin tarix boyu müraciət etdiyi intriqaların qələbə çalmasına səbəb olub. Digər tərəfdən səmavi dinlərin, xüsusilə də İslam dininin tələbləri, mifoloji çağlardakı qanunlarımızda tam mənasıyla öz əksini tapıb.
Tarixin müəyyən çağlarında, səriştəsiz dövlət adamları özlərinin gücü ilə deyil, xaricilərin yardımı və şeytani yollarla dövlətin cilovunu əllərinə keçirən kimi dövlətçiliğimizin bünövrə daşı olan dövlət adamlarımızı, dövlətlərimizi qoruyan qüvvələri, xüsusilə ordunu gözdən salmaq, onlara müxtəlif böhtanlarla hücum çəkmək, səriştəli və güclü şəxsiyyətləri zindanlara dolduraraq onları aradan götürtməklə özlərinin şeytan hakimiyyətinin davam edəcəyini fikirləşiblər.
Qərbi Hun dövlətinin səriştəsiz, bacarıqsız vəliəhdi Hohanyenin, böyük sərkərdə və dövlət xadimi olan kiçik qardaşı Çiçinin ordu və xalq tərəfindən hakimiyyətə gətirilməsinə qarnı ağrıdığına görə çinlilərə sığınıb onlardan yardım dilənməsi, bir müddət sonra da Kitay ordusunun başında öz dövlətinə hücum çəkərək qardaşı Çiçini yaxınları, ailə-uşağıyla birlikdə məhv edib dövləti aradan ötürməsi, tariximizdə bizi gözü kölgəli edən ibrət vəsiqələrindən biridir.
Tariximizin fəxri Atatürk gəncliyə xitabəsinin bir hissəsində nahaq yerə demirdi;
"Bir gün, istiqlal və cumhuriyyəti müdafiə etmək məcburiyətində qalsan, vazifəyə atılmaq üçün, mövcud vəziyyətin imkan və şəraitini düşünməyəcəksən! Bu imkan və şərait, hədsiz dərəcədə mənfi bir mahiyyəttə ola bilər. İstiqlal və cümhuriyyətinə qəsd edəcək düşmənlər, bütün dünyada timsalı görülməmiş bir qalibiyyətin təmsilçiləri ola bilərlər. Cəbr və hiylə ilə əziz vətənin, bütün qalaları zəpt edilmiş, bütün gəmiqayırma yerləri ələ keçirilmiş, bütün orduları dağıdılmış və məlməkətin hər guşəsi tamamilə işğal edilmiş ola bilər. Bütün bu şəraitdən daha pis və daha təhlükəli olan, məlməkət daxilində, hakimiyyəti əlində saxlayanlar qəflət və dəlalət və hətta xəyanət yolunda ola bilərlər. Hətta bu iqdidar sahibləri şəxsi mənafelərini, işğalçıların siyasi məqsədləriylə üst-üstə düşürə bilərlər. Millət, yoxsulluq və ehtiyac içində düşkünləşə, taqətsiz düşə bilər. Ey Türk istiqbalının evladı! Bu əhval və şərait içində belə, vazifən; Türk istiqlal və cümhuriyyətini qurtarmaqdır! Möhtac olduğun qüdrət, damarlarındaki əsil qanda, mövcuddur!" deyərək Türk gəncliyinə olan inamını, onların boynuna düşən məsuliyyəti vurğulayıb.
Tarixdə, fırıldaqçıların, şeytanların, intriqabazların hakimiyyət cilovunu əlinə keçirməsi hadisələri olub, ancaq onlar bir fısa bənd olan qabaq kolu kimi, möhkəm bir ictimai külək əsdikdə yerlə yeksan olublar.
Ulu Tanrı dövlətlərimizi, xalqlarımızı, tarixdə olduğu kimi gələcəkdə də intriqalardan, noxtası özgələrinin əlində olan insanların şərrindən qorusun.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV