adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

QƏRBİN QANMAZLIĞI, YOXSA...

BABƏK YUSİFOĞLU
72690 | 2013-07-24 01:14
Bilmirdim, illərlə özlərindən dəm vuran, sinəsinə döyən avropalılar hərdən, yəni sərf eləyən vaxt özlərini qanmaz yerinə qoya bilirlər. Özü də bu zaman elə aktyorluq nümayiş etdirirlər ki, deyirsən ki, bəs "nujeli" bunların hamısı ucdantutma Merilin Monro imiş.
Dünyanın hansı bir yerində, hansısa bir dövlətdə ən adi bir qanun, məsələn nəqliyyatda getmək qaydaları pozulanda bu özündən müştəbeh qərblilər başlayırlar yaxalarını cırmağa ki, ay aman hüquq, ədalət əldən getdi, qoymayın. Ötən il rus informasiya mənbələrindən bir məlumat oxumuşdum. Bildirilirdi ki, bir avropalı hüquq müdafiəçisi Qananın hansısa əyalətində şaftalı bağlarında şaftalıların dərilməsində qaydaların pozulmasının şahidi olduğuna görə bağ sahibini cəzalandırılmasını tələb edib. Amma yerli hakimiyyət onun nə istədiyini heç cür anlaya bilmədiyi üçün bir tədbir görməyib. O da qanalıları asıb-kəsib ki, görün belə haqsızlığın əvəzini sizdən necə çıxacağam.
Deyilənə görə, bu hadisədən sonra bir neçə vəzifəli qanalıya yasaq qoyulub ki, beş il müddətinə Avropa İttifaqı ölkələrinin üzvü olan dövlətlərə gələ bilməzlər. Çünki şaftalılardan ayıbdı.
Hər yerə, bütün dövlətlərin hər bir işinə burnunu soxan Avropa İttifaqı bizə çatanda, bayaq qeyd etdiyim kimi, özünü qoyub qanmaz yerinə. Biz də neçə illərdi, inana bilmirik ki, axı bu yekəlikdə qurum özünü belə gülünc yerə niyə qoysun? Amma inanmağa başlamışıq. Çünki elə qanmazlıq eləyirlər ki, axırda bizi də dilə gətiriblər.
Bu günlərdə Brüsseldə Avropa İttifaqı (Aİ) üzv ölkələrinin və "Şərq Tərəfdaşlıq" ölkələrinin iştirakı ilə görüş keçirilib. Yenə həmişə olduğu kimi çıxış eləyən avropalı nümayəndələr özlərindən basıb-bağlamaqla məşğul olublar. Digərlərinə nəsihət eləməyə girişiblər ki, filan şeyi belə eləmək lazımdı, bəhman şeyi elə eləmək lazımdı.
O ki var danışandan sonra elə təzəcə rahatlanmaq istəyirlərmiş ki, Azərbaycanın xarici işlər naziri çıxış eləyəndə üzünü tutub onlara deyib ki, Avropa İttifaqı üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Rəsmi mətbiat bunu yazmasa da mən bilirəm ki, nazirimiz Aİ rəhbərlərinin öhdəliklərinin nədən ibarət olduğunu yaddan çıxara biləcəklərindən şübhələndiyi üçün həmin öhdəlikləri onlar üçün bir daha xırdaladıb.
Ölkəmizin "Şərq Tərəfdaşlığı"nda fəaliyyəti və ümumiyyətcə Aİ ilə əməkdaşlıq dialoqundan danışaraq, 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı Aİ tərəfinin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini onların yadına salıb.
Bəli, biləndə ki, Avropanın belə nəhəng, nüfuzlu qurumu üzərinə götürdüyü öhdəliyə barmaqarası baxırsa, işğalçı Ermənistana təsir etmək üçün bir addım belə atmırsa, əslində buna heç oyunbazlıq, qanmazlıq kimi baxmaq da doğru deyil. Bunun adı bizdə ayrıdır. Amma mən o adı yaza bilmirəm, çünki qəzetdə belə sözün işlədilməsini həm oxucularımıza, həm də özümüzə hörmətsizlik sayıram. Bir də qərblilərin onsuz da hər şeyi boyunlarına götürdüklərini artıq bildiyimiz üçün onlara hansısa sözlə təsir eləməyin boş şey olduğunu təsdiqləmişik. Dünyanın bəbəyinin içində belə görünən Azəbaycan torpaqlarının işğalından axı 21 il nə danışsaq olar?!.
Əslində belə qanmazlığın əlacı ona qalıb ki, onların nə dediklərini, nə oyunlardan çıxdıqlarını görməzdən gəlib öz prinsiplərimizi, öz məqsədlərimizi həyatda reallaşdırmağa girişməliyik. Qoy bundan sonra lap qarınları cırılanadək qışqırsınlar. Yoxsa onların qanmazlığı, adını çəkmək istəmədiyim şeyi nə vaxt durduracaqlarını gözləsək burada özümüzün bağrımız çatlayacaq...

BABƏK YUSİFOĞLU
[email protected]

TƏQVİM / ARXİV