adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Qəribə təsadüf

CƏLİL CAVANŞİR
30978 | 2013-07-24 00:52
3-4 gün əvvəl evimizin yanındakı marketə getmişdim. Kömür kimi qaralmış bir fəhlə marketə girdi. Paltarı-toz torpaq içində, köynəyi tərdən islanmışdı. Gözlərində vəhşi bir qığılcım, əcaib bir ümid... Kənara çəkilib yol verdim. Kolbasa, siqaret, çörək aldı. Sonra uzun-uzun sular yığılmış soyuducuya baxıb, udquna-udquna satıcıya üz tutdu: "Olar bir dənə ikilitrlik qazsız su götürüm, 2-3 saata gətirib pulunu verəcəm".
Satıcı tərs-tərs fəhlənin üzünə baxıb, bozardı:
"Yox qardaş, verə bilmərəm. Marketin sahibi icazə vermir".
Gözümlə işarə elədim ki, suyu ver, pulunu verəcəm. Satıcı narazı halda suyu fəhləyə verdi və dedi ki, pulunu verməsən də olar.
Havanın 40 dərəcə isti olmasına, dodaqlarının susuzluqdan cadar-cadar olmasına baxmayaraq fəhlə suyu geri qaytardı:
"Mən əlimin qabarıyla qazanıram, heç kəsin nəzir-niyazına, bəxşişinə ehtiyacım yoxdu. Ya nisyə ver, ya da vermə. Dedim ki, pulunu gətirəcəm".
Satıcı çarəsiz qalıb məni göstərdi:
"Suyu götür, pulunu rastlaşanda bu müəllimə verərsən".
Fəhlə dönüb üzümə baxdı. Gözlərindəki qığılcım şimşək kimi çaxdı. Üzünə baxmağa cəsarətim çatmadı. Gözlərimi yerə dikdim:
"Mən burda qalıram. Rastlaşanda verərsən pulumu".
"Sağ ol bəy, minnətdaram. Görüşərik. Amma pulu mütləq qaytaracam. Yoxsa götürmürəm".
"Yəqin məni düzgün başa düşürsən. Bu jest-filan deyil. Olanda, rastlaşanda qaytararsan".
Cavab verməmiş, çıxıb getdi.
Bu gün qabağımı kəsib, 60 qəpiyi zorla ovcuma basdı. Ağacın kölgəsinə çəkilib adama bir siqaret yandırdıq. Tanış olduq. Dedim yazıçıyam, səfeh işlərlə məşğulam. Kondisionerli otaqda oturub sərin su içə-içə gic-gic yazılar yazıram. Başa saldım ki, heç vaxt tikinti fəhləsi ola bilmərəm, buna gücüm və cəsarətim çatmaz, səhhətim imkan verməz.
Dedi ki, "müəllim elə demə. Mən hər gün qəzet oxuyuram. Yazmaq da fəhləlikdir, çətindir. Sənin də beynin, əsəbin gedir. Gözlərindən hiss olunur ki, kompyuterə çox baxırsan".
İnanmadım.
"Pərviz Cəbrayılın, Zamin Hacının, Elnur Astanbəylinin, Samir Sarının, Şahvələd Çobanoğlunun yazılarını oxuyuram. Məsələn, mən bilirəm ki, Samir Sarı Xalid Kazımlının gizli imzasıdır" dedi. Jurnalistlərə verilən evlərdən danışdı. "Ramiz Rövşəni, Salam Sarvanı əzbər bilirəm" dedi. Bir-bir qələm adamlarının adını çəkdi. Və ən təəccüblüsü gülə-gülə: "Səni də tanıdım Cəlil bəy, 2 il qabaq qışda bir şeirin haqqında Zümrüd Yağmur yazı yazmışdı, "Azadlıq"da".
Əlim üzümdə qaldı. Matım-mutum qurudu.
...Sonradan bildim ki, Ramin 2009-cu ildə APİ-nin tarix fakültəsini bitirib və müəllimliklə ailəsini dolandıra bilmədiyi üçün, fəhləliyə üz tutub. Məndən Aqşin Yeniseyin şeirlər kitabını istədi. Bir də həmkarlar təşkilatları haqqında məlumat toplamağımı, "Kommunist partiyasının manifesti"ni tapmağımı istədi. Söz verdim.
Telefon nömrəsini götürdüm, sağollaşdıq.
Ayrılanda gözlərinə baxdım, gözlərində vəhşi bir qığılcım, əcaib bir ümid vardı...

Cəlil Cavanşir

TƏQVİM / ARXİV