adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

PALAZA BÜRÜN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
35388 | 2013-07-20 10:08
Bu yazını bilgisayara diktə etməmişdən öncə xeyli fikirləşdim, hardan, necə başlayacağımı dəfələrlə ürəyimdən, ağlımdan keçirdim. Amma gəldiyim bütün nəticələrin heç biri məni razı salmadı. Ona görə də necə var, elə o cür boyasız, bəzəksiz, ütüsüz fikirlərimi diktə etməyə başladım. Sağ olsun bilgisayar yazarını, o da ilk dəfə idi ki, dediklərimin heç birinə etiraz etmədi. Çünki babalın mənim boynumda qalacağına daxilən əmin idi. Mən bir az da bu əminlikdən istifadə etdimg
İndi dünya dəsmal gəzdirənin,afatafa tutanın, çuğulluq edənin, bir sözlə, milçək olub ürək bulandıranların dünyasıdır. Çox şükür ki, bu milçəklər fil ola bilmir. Təsəvvür edin, milçək dönüb fil olsa, onda nələr baş verər. Bunu təsəvvür etməyin yəqin ki, özü də qorxuludur. Mən də sözgəlişi deyirəm, qorxmaq üçün yox.
Lap uşaqlıqdan əzbər bildiyim bir çox atalar sözləri var. Onlardan biri də "palaza bürün, elnən sürün"dü. Və həmişə də bu məsəl nədənsə mən də bir qıcıq yaradırdı. Başa düşə bilmirdim ki, qafiyə xatirinə deyilmiş "bürün-sürün" nəyə lazımdı, kimə lazımdı. Bunun əvəzinə el üçün döyüşmək, eli döyüşə aparmaq, eli quruculuğa həvəsləndirmək, elə baş ucalığı gətirmək və s. deyilsəydi, məgər pis olardı? Bilmirəm, amma onu bilirəm ki, bu atalar sözü deyilib və zaman-zaman da yaşamaqda davam edir. El demişkəng
Hə, vaxt var idi ki, dostlarım mənsiz əlini süfrəyə uzatmırdı, mənsiz heç bir səfərə, heç bir məclisə üz tutmurdu, sirrini mənimlə bölürdü, mənim yanımda ürəklərini boşaldırdı. Amma söz gəzdirənlər, milçək olanlar nə təhər vızıldadılarsa, aləm qarışdı. Və günlərin bir günü gördüm ki, bütün hər şey xatirəyə çevrilib. Bir az xatirə danışdım, dostların şərəfimə dediyi sözləri xatırladım, qardaş olduğumu dilə gətirdimgTəəssüfg
Bu xatırlamalar da ayrı rəngdə, ayrı boyada dostlara çatdırıldı. Gördüm ki, mənə edilən hörmətdən sən demə, sərməst olmuşam, özümü unutmuşam, özümdə olmamışam, silkələnib ayıldım. Bir deyim də var. Deyiblər ki, "Türk özünə qayıdanda böyük olur!" Bilmirəm, mən böyük olacam yoxsa yox, amma onu bilirəm ki, dizimə dəyən daş məni özümə qaytarır yavaş-yavaş, mən özümə qaydıram. Böyük olmaq üçün yox, olduğum kimi bir daha görünmək üçün. Ammag
Elə bu məqamda nə vaxtdı kağıza köçürdüyüm, heç kəsə bəlli olmayan misralarımı özüm özüm üçün pıçıldamağa başlayıram.

Belə də olmalıydı
Unudulmalıydı
Bütün olanlar-
Gec-tezg

Belə də olmalıydı
Açılmalıydı
Bütün yalanlar
Bağlı qapılar kimi
Üzümüzə
Gec-tezg

Belə də olmalıydı
Unudulmalıydı
Açılmalıydı
Bütün olanlar

Bütün yalanlar
Bağlı qapılar kimi
Üzümüzəg

Bax onda,
Özümüz özümüzə
Necə baxacağımızı
Hətta təsəvvür etmək
Daha qorxuncdu
Nəinki ölmək
Ya da
Ortalıqdan çəkilmək
amma nəsə etmək
Gərəkdir
Yoxsa
Belə də olacaq
Dəyişməsək-
Gec-tez!

***

Yazının adını təsadüfdən seçməmişəm. Əslində mən bu yazıya başqa bir ad fikirləşmişdim. Amma qarşıdan mətbuat günü gəldiyi üçün birdən-birə fikrimi dəyişdim. İstədim ki, mənim də bu mətbuat camiyəsində olduğumu, varlığımı işarə ilə, him-cimlə xatırladım. Bilmirəm alınacaq, yoxsa yox, amma tam səmimiyyətimlə deyirəm ki, mən palaza bürünməkdənsə, qəzetə bürünməyi daha üstün tuturam. Çünki yerim, duyğularım, fikirlərim, hətta ortaya qoyduğum hər nədirsə qəzetdə görünür. Üstəlik, mən kənddə böyüsəm də, palaza bürünmək imkanım olmayıb, amma qaçqınçılıqda çadıra bürünmüşəm, hətta bir müddət çadırda, çadır şəhərciyində yaşamışam. Ən çox da həmin məqamlarda palaza bürünmək məsəli tez-tez ağlımdan gəlib keçir. Azərbaycanın çox böyük şairlərindən, söz adamlarından biri olan rəhmətlik Vahid Əlifoğlunun təbirincə desəm, "mən çadır altında doğulmamışam", mənim də evim-eşiyim olubg mən də bu dünyanın ev nəşəsini, ocaq istisini yaşamışam. İndi ev üstündə bir-birinə tüfəng tuşlayan həmkarlarımın bəzisi bəlkə də mən ev-ocaq sahibi olanda hələ dünyaya gəlməmişdi. Odur ki, onları qınamıram. Biri var nəyinsə dadını bilib onun üçün vuruşasan, biri də var dadının nədən ibarət olduğunu eşidib ona can atasan. Hökm deyil ki, naxışın gətirsin. Hökm odur ki, çuğulluq etməyi, ara vurmağı, söz gəzdirməyi bacarasan. Günündən, saatından asılı olmadan əyilib qalxmağı bacarasan. Hətta ailədə də elə biləsən ki, sənə kimsə göz qoyur. Özün də özünü sıxıb durasan, ütülənəsən, sığallanasan, hər şeyə hazır olasan. Zəmanə belədirg zəmanə demişkəng indi o qədər işlərin, o qədər məsələlərin zaman ehtiyacı var ki, ona görə xatırlamağa da, xatirə danışmağa da ehtiyat edirəm. Axı bu zaman mənim zamanım deyil. Və nəhayətg
Bürüncək bütün zamanlarda gərəkli olub. Hətta bir vaxtlar əncir yarpağından da bürüncək kimi istifadə ediblər. Lakin illər ötüb, zaman dəyişib, yeni-yeni bürüncək formaları ortaya çıxıb. Həmin son modellərdən birini mən elə qəzetə bürünmək kimi görürəm. Ona görə ki, nə qədər qərəzli, nə qədər kinli, nə qədər xoş məramlı olursan, ol fərq etməz, qəzeti açanda onun içindəki görünəcək. Şəkli olmasa da, imzası "mən burdayam!" deyəcək.
Bu da bir yarımçıq bayram yazısı. Əslində bu bayram günü bütöv yazı yazmaq arzum var idi. Amma bir qarışıq külək əsdi. Xəzri idi, gilavardı bilmədim. Bəlkə də... Ona görə də yarımçıq yazının tost hissəsini ürəyimdə olanla, məni ürəyində saxlayan dostlarla birlikdə əyləşəndə deyəcəm. Ona qədər isə bayram ovqatlı olmasa da, bir şeir hədiyyə edim sizə.

Kədərin şirəsini
Çək ürəyim, çək yaşa!
Sənə düşən qəm yükün
Çək ürəyim, çək, yaşa!

Nəsə görüb hər kəsdə
Nə inci də, nə küs də...
Sözünü kağız üstdə
Ək, ürəyim, ək, yaşa!

Sən əl açdın ülfətə
Ürcah oldun xiffətə!
Qoşulma Əbülfətə -
Tək, ürəyim, tək yaşa!

Sözlə yaşayan hər kəsin bayramı mübarək!..

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV