adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Qaranlıqdan aydınlığa

ZAKİR FƏXRİ
34035 | 2013-07-20 10:06
"Yer üzərində elə bir küfr yoxdur ki, içində iman olmasın; elə bir itaət yoxdur ki, içində özündən daha böyük güman olmasın; ibadət üçün elə bir təkliyə çəkilmə (təcrid) yoxdur ki, içində hörmətsizlik olmasın; elə bir məhəbbət iddiası yoxdur ki, içində ədəbsizlik olmasın; Allah-Təala öz qullarını onların gücünə görə yükləyir".
Mənsur Həllac

Dünyanı nahaq yerə ilana bənzətməyiblər. Zaman zamanı əvəzlədikcə dövran da dəyişir. Dəyişən dövran da ilan kimi qabığını dəyişir. Di gəl ki, təzə qabıqda köhnəsi kimi göz qamaşdıran naxışlar yaranır, adamı özünə çəkir, oxşayır. Min illərdi bu naxışlara aldana-aldana yaşayır bəşər övladı, ölüm-itim yoxmuş kimi ikiəlli bu dünyadan yapışıb bəlkə ölməyəcək, bəlkə dünya durduqca yaşayacaq deyə. Ölümün gec-tez gələcəyini görür, amma heç kim öz ölümünə inanmır... Axirət sözü son illər leksikondan düşmür. Dünyanın bu başından o başına qədər hamı axirətdən danışır. Bəlkə də ipə-sapa yatmayan təbiət hadisələri, daşqınlar, sel suları, qasırğalar-tufanlar, elmin, sivilizasiyanın qarşısında aciz qaldığı bu kimi hadisələr bizləri dünyanın sonu, axirət və bu kimi düşüncələrə, fikirlərə qapılmağı zəruri edir. Axirətin nişanələri haqda ulu peyğəmbərlər də söyləyib: "Övladlar ata-analarının üzünə qayıdacaq, böyük-kiçik bilinməyəcək, çobanlar uca binalar tikəcək..." Səhər nə baş verəcəyini, bizi nələr gözlədiyini haradan bilə bilərik ki?..

Bir səhər yuxudan durarsan, qardaş
Bilməzsən səhərdi,
ya axşam çağıg
Axar suların da
yolu dəyişib,
Görərsən əriyib Himalay dağıg
Yolların da sağı,
solu dəyişik
Suların altında qalıb qəbirlər
Sular da qəbrinin üstündən axır
Ruhun da göylərdən
qəbrinə baxırg
Baxarsan, elə hey
gözün axtarar
Amma görərsən ki,
Nə bir inni-cinni,
nə bir can qalıb
Nə bəla, nə xəta,
nə də qan qalıb
Sularda ovulub,
əriyib hər şey
Nə səs, nə bir səda,
g kiriyib hər şey
Daşlar ağac olub,
ağaclar da daşg
Sən özün-özündə
batmısan, qardaş!
Nə nar ağacları,
nə əncir, üzümg
Nə alma, nə püstə,
nə badam qalıb
Dünyanı su basıb,
dünya bir adag
Bu kiçik adada
bir adam qalıbg
Əllərinə alıb,
başını tutub
Özünü diricə
içinə udub
Nə dizinə döyür,
nə şüvən salır
Kandarda İsrafil
surunu çalırg

***

Hamıdan Uca Allah deyir: "Ey Adəm övladı! Tövbə edib günaha batanlardan olma... əlvan ümidlərlə yaşayanlardan, heç bir xeyirxahlıq eləmədən, Əbədi Həyat (Axirət) arzulayanlardan, sözdə möminlərdən olub, ikiüzlülərin əməllərinə sahib olanlardan olma.
Onlara nə verilsə də, onunla qane olmazlar. Onlardan nə isə əsirgəyəndə isə səbirləri tükənər...g Onlar xeyirxah əməllərdən danışarlar, özləri isə heç nə eləməzlər. Onlar pis olanları yasaq edər, özləri də həmin əməllərdən çəkinməzlər. Onlar yaxşı insanları sevərlər, özləri isə onlardan olmazlar. Onlar ikiüzlülərə nifrət edərlər, özləri isə onlardan biri olarlar... O kəslər elə mətləblərdən danışarlar ki, özləri ona əməl etməzlər və elə işlərə girişərlər ki, onlara o buyurulmayıb. Onlar verilən sözün əməl edilməsini tələb edərlər, özləri isə dediklərinə əməl etməzlər".
"Hədis ül-Qüds"dən seçmələr.
Hamıdan Uca Allahın kəlamları barədə Məhəmməd Peyğəmbərin (s.ə.) söylədikləri.

- Xalıq, "bəylər" göstəriş verib ki, camaatı yığıb avtobusla, maşınlarla rayon mərkəzinə, mitinqə göndərəsən...
İcazəsiz-filansız, kabinetin qapısını açıb, sağına-soluna baxmadan, içəridə oturan ağsaqqallara məhəl qoymada salam-kəlamsız deyilən söz Xalıq kişini tutdu. Elə bil açıq səmada qəflətən ildırım çaxdı, hər tərəfə qaranlıq çökdü, ürəyi şiddətlə döyünməyə başladı, az qala qəfəsdən çıxacaqdı. Dünənə qədər kabinetin ağzını sümsük it kimi kəsdirən, hər görəndə qarşısında ikiqat əyilən, ayaqlarındakı ayaqqabıların tozunu belə əyilib iki əllə silməyə hazır olan bu cüvəllağının tərbiyəsiz hərəkəti Xalıq kişini sarsıtdı.
Ağa, müəllim, ağsaqqal, əmi yox, məhz Xalıq deyə müraciət etməsi heyrətə gətirdi, silkələdi onu. Zatən mədəni, alicənab olmağıyla yanaşı, Xalıq kişi daxilən çox qürurlu, əyilməz adamıydı. Elə bu qürura görə də yaltaqlıq, məddahlıq anlayışı yad idi Xalıq kişiyə. İşlədiyi uzun illər boyu heç bir rayon rəhbəri onu sındıra, əyə bilmədi, əksinə, özləri sındı... Rəhbər işçilərdən tutmuş adi fəhləyə qədər hamıyla mehriban, "bəli, xeyir" deyə davranan, bir kimsənin ürəyinə, şəxsiyyətinə toxunmayan, ömründə bircə dəfə də olsa, artıq hərəkətə yol verməyən Xalıq kişiyə iti xəncər kimi dəydi bu söz... İçi göynədi, gözləri dumanlandı, bədəni titrəməyə başladı. Hamı, içəridəkilər çaşqın vəziyyətdə qalmışdı. Xəyal onu bircə anın içində uzaq keçmişə apardı...
...Yağmurlu, çiskinli bir havada Boradigahda kiçik bir bazarı xatırladan, camaatın gur yerində üst-başı nimdaş, ayaqqabılarının burnu deşilmiş, əyin-başından dözülməz qoxu gələn, gedib-gələnə əl açan birinə yaxınlaşdı: "Hardansan, bala?" - deyə soruşdu". Qızılavardan..." Arxasını eşitmədi, qəhərləndi, gözləri doldu... "Keç otur arabaya". Bu minvalla həmin gün doqquz, on nəfəri arabaya oturdub kəndə gətirdi. Kolxoz binasına girib mühasibi yanına çağırdı, "onlara bir aylıq çörək pulu ver" deyib iş otağına çəkildi, xeyli götür-qoydan sonra aqronomla, mühasiblə həyətə çıxdı. "Bunlar bizim kəndçilərdi, hər birinə ayrı-ayrılıqda torpaq sahəsi ayırın, kolxozun hesabına ev tikdirin, hamısını da iş-güclə təmin edin", - deyib evə yollandı... Ağır müharibədən çıxmış ölkədə yaşamaq olduqca çətin idi, ölkəni ayağa qaldırmaq üçün illər gərək idi...
- Xalıq müəllim, bəlkə eşiyə çıxaq?..
Səsə diksinən kimi oldu, elə bil ayıldı. Yenə bayaqkı hadisəni xatırladı.
"Kəndə gətir, ev tikdir, iş-güc yiyəsi elə, dünənə qədər himayədarlıq elə, öz ailən kimi əzizlə, sevincinə-qəminə şərik ol, axırı da belə. Nə zülmlə böyüdüyünü, hansı səbəbə bu mənsəbə çatdığını nə tez unutdu bu tifil? - deyə düşündü. - Yəqin özündən və keçmişindən bixəbərdi bu zalm balası, ona görə də mənəviyyatdan, əxlaqdan uzaq düşüb. Atası öz taleyini ona anlatsaydı, bəlkə də belə olmazdı, qanacaq yiyəsi olardı..."
Yadına el misalı düşdü: "Yetimdən soruşarlar, kimə daş atarsan, deyər, mənə çörək verənə..."
Ayağa durdu, içəridəkilər də onunla bərabər eşiyə çıxdılar. Kabinetin qapısını açarla bağladı. Bu sovxoz binasını təzə tikdirmişdi. Arxasına baxmadan həyətə düşdü, bir neçə addımdan sonra ayaq saxladı. Hamı üzünü yana çevirib kirimişcə dayanmışdı. Çönüb idarəyə bir anlıq nəzər saldı. Hamıyla sağollaşıb öz əliylə tikdirdiyi yeni sovxoz binasından birdəfəlik uzaqlaşdı...
Bir an tərəddüd elədi, bu vəziyyətdə evə getmək istəmədi. Bu vaxtacan Tərcübənin ruhunu belə incitməmişdi. Çölün dərdini-sərini evə daşımazdı, nə olurdusa da, çöldə qoyub evə dönərdi, özünü həmişə heç nə olmamış kimi aparardı. İşlədiyi dövrlərdə neçə-neçə raykom katibləri görmüşdü, dəfələrlə iş üstündə kəskin mübahisələri olmuşdu, gərgin günlər yaşamışdı - evdə, ailədə bircəciyini də hiss etdirməmişdi. Bütün bu uzun illər boyu kənd camaatı üçün, onlarn rifahı üçün çalışıb-vuruşmuşdu Xalıq kişi. İşlədiyi dövrlərdə nə mərdiməzarlıq bildi, nə də pislik... Ona görə də ürəyi rahat idi, camaat içində başını dik tutub gəzərdi.
Üzünə dəyən ilıq hava bir az onu oxşayan kimi oldu. Gözünə ilk dəyən qənşərdəki sıra dağlar oldu...

Tut əlimdən, çək sinənə
Dərddaşım ol, dağlar, mənim.
Zirvən baxar dünənimə,
Bu günümə ağlar, mənim.

Yaxanda dönüm sal daşa,
Qalım səninlə baş-başa.
Gəl ağlayaq, gülək qoşa
Səndə ruhun çağlar mənim...

Qarabağda məşhur Topxana meşəsində ermənilərin əliylə kəsilmiş bir ağaca görə başlamış kütləvi etiraz dalğaları tədricən, hiss olunmadan, yavaş-yavaş öz məcrasından çıxmağa başlamışdı. Mitinqlər hakimiyyət davasına, hakimiyyət dəyişikliyinə doğru istiqamətlənirdi. Harada olmasından asılı olmayaraq, istər ayrı-ayrı rayonlarda, istər paytaxt Bakıdakı gur toplantılara görünməz bir əl uzanır, onu istədiy istiqamətlərə yönəldirdi... Ordan-burdan silah tapıb dəstə yaradanlar, könüllülər formalaşırdı. Kimlərsə kütləvi xarakter almış mübarizəni, xalqın haqq səsini damla-damla siyasiləşməyə, tayfabazlığa, yerlibazlığa sürükləyirdi. Xalq bir yox, bir neçə mərkəzdən idarə olunurdu. Qarabağa döyüş üçün yaradılmış, könüllü dəstələr ayrı-ayrı maraqların, ayrı-ayrı qrupların təsir dairəsində idi. Ürəyi torpaq, Vətən eşqiylə dolu dəliqanlı cavanlar özləri də bilmədən siyasi oyunların qurbanına çevrilməyə başlamışdı. Getdikcə şəhidlərin sayı çoxalırdı. Heç bir hərbi təlim keçməmiş, döyüş qaydalarına yiyələnməmiş, mərd, Vətən uğrunda canından keçməyə hazır olan bu gənclərin ölümü Adamı ağrıdır, kədərləndirirdi. Bütün bunları, baş verənləri anlayır, aydınca görürdü Xalıq kişi. İşdən-gücdən yayınanlar, idarə, müəssisə, rayon, respublika rəhbərlərindən narazılar, incik düşmüşlər ortada gəzib ara qarışdırırdılar. Ağıllı, kamallı, vətənpərvər ziyalıların, oğulların mübarizəsinə, haqq səsinə kölgə salırdı onlar... Ən qorxulusu isə - kim bizdən deyil, düşməndi, - şüarı ortaya çıxmışdı. Ziyalılara rus casusu, partiya nökərləri kimi damğalar vurulur, kimi istəsələr şərə tuş gətirirdilər. Xalıq kişi erməni məkrini, erməni hiyləsini, erməni qəddarlığını müharibədə də görmüş, eşitmişdi. 1942-ci ildə Kerçdə gedən döyüşlərin birində cavan rus zabitinin söylədikləri onu heyrətə gətirmişdi: "Sizin azərbaycanlıların əksəriyyəti, kənd yerindən, rayonlardan toplanıb orduya göndərilib. Heç sağa, sola dön əmrini də bilmirdilər. Odur ki, hücum əmri veriləndə çoxu yerində qalır, nə edəcəklərini bilmirdilər. Ya da əksinə, "geri çəkil!" əmri veriləndə düşmən tərəfə hücum edirdilər. Hissədə olan erməni zabit və əsgərləri bundan istifadə edib onları avtomatla biçirdilər. Yerindən tərpənməyənləri - döyüşdən boyun qaçırırlar, geri çəkilmək əvəzinə hücuma keçənləri isə, - düşmən tərəfə keçmək istəyirlər deyə öldürürdülər. Komandirin çəkməsini təmizləyən, komandirə yaltaqlanan ermənilər yüksək adlara təqdim olunur, hətta qəhrəman adı belə alırdılar. Onlar alman faşistlərindən daha çox sizinkilərə güllə atır, tələ qururdular..." Bütün bunları Xalıq canlı adamdan, canlı sahiddən eşitmişdi...
Bunları Müzəffərə danışmışdı Xalıq kişi... Qanı qanından, canı canındanıydı Müzəffər. Hacı Müzəffər ruhani, ilahiyyatçı bir adam idi. Xalıq kişinin qardaşı, molla Cəbrayıl da ruhani idi, Ərdəbildə təhsil almışdı. Müzəffər də atasının yolunu davam etdirirdi. Üzü Ay kimi nurlu, işıqlı bir adam idi. Olduqca savadlı, təmkinli, səbirli bir adam olan Müzəffəri çox istəyirdi. Axı qardaşının qoxusunu, ətrini alırdı ondan. Oğlu Sübahirə də Müzəffərin qızı Şəhlanı almışdı, oğlu Sübahirin bu evliliyindən çox məmnun və rahat idi. Övlad izdivacından əminlik ata üçün çox şey demək idi.
***

İçində fikirlər bir-birinə qarışmışdı. Ha istəsə də, ona əzab verən bir sözün acısından qurtula bilmirdi. Bir gədanın "Xalıq" deyə saymazyana müraciəti içində sağalmaz bir qara yaraya çevrilirdi.

Tikansız gül olmaz, Xalıq
Əskidən tül olmaz, Xalıq.
Xətasız qul olmaz, Xalıq
Olmaz deyir, olmaz, Xalıq

***


Sözdən ağır yükmü olar,
Yersiz sözün ağırlığına
Dəvə belə tab gətirməz
Suları yada sal, Xalıq
Yüz cür çirkab atsan da
Sular çirkab götürməz.
Bullanmaz sular, Xalıq!

Bayaqdan sürücüsü maşını yolun bir kənarında saxlayıb onu gözləyirdi. Hardansa yadına Hacı Müzəffərin "Qurani-Kərim"dən sevə-sevə, tez-tez işlətdiyi Allah kəlamları düşdü: "Əlinizdən çıxan şeylərə görə təəssüflənməyin, əlinizə gələn şeylərə görə də fərəhlənməyin".
Ruhu işıqlandı, gözlərindəki bulanıq sular axıb getdi, içini didən acı əriyib yox oldu. Əslində Xalıq kişi özü də qazandığına fərəhlənməmiş, itirdiklərinə peşiman olmamışdı. Hər şeyə: "Allah bilən məsləhətdi", - deyib şükranlıq etmişdi. Bircə kövrək, incə ürəyi ilə bacarmırdı Xalıq kişi, o ürəklə ki...
Müharibənin ən şiddətli, ölüm saçan günlərinin birində döyüş yoldaşıyla birlikdə meşənin dərinliyinə kəşfiyyata yollanırlar. Çox mühüm tapşırıq imiş, hardasa, bəlkə də lap yaxınlıqda düşmən kəşfiyyatı fəaliyyət göstərirdi, yoxsa ki, yerləşdikləri nöqtələri, istehkamları bü dəqiqliklə top atəşinə tuta bilməzdilər. Onları zərərsizləşdirmək lazım idi. Komandirləri Xalıqın cəsarətinə, ağlına, dərrakəsinə bələd idi. Kiçik zaman içində Xalıq orduda nüfuz sahibinə çevrilmişdi.
Meşənin içində hərəsi ayrı-ayrı istiqamətlərə ayrılırlar. Bir az getmiş Xalıq səs eşidir - yaxındakı ağacın enli gövdəsi arxasında rabitə vasitəsi ilə danışıb məlumat ötürən iki alman əsgərini görür. Qəflətən avtomatı tuşlayıb "əllər yuxarı" deyə qışqırır Xalıq. Bu qəfil pusqudan çaşqın düşmüş alman əsgərinin biri avtomatı əlindən atıb qaçmağa başlayır. O biri əsgər isə əllərini qaldırıb almanca nəsə deyir Xalıqa. Onun da qaçacağını düşünən Xalıq atəş açıb onu öldürür, rabitəni ələ keçirib hissəyə gətirir. Ələ keçmiş xəritədən hər şey məlum olur... Sən demə, ordunun yerləşdiyi ərazini, atəş nöqtələrini onlar xəbər verirlərmiş...
Həmin alman əsgərinin ölümünü heç zaman unuda bilmirdi Xalıq kişi: "Görəsən, o əsgər almanca ona nə deyirdi, bəlkə yalvarıb rəhm etməsini istəyirdi. Bəlkə öldürmə məni, ana-atamın tək övladıyam, bəlkə balalarım var, bəlkə ailədə məndən başqa təkcə anam qalıb deyə yalvarırdı...
Müharibənin öz qanunları olsa da, arada uduzan adi insanlar olur. Müharibəni öz məqsədləri üçün kimlərsə başlayır, arada günahsız insanlar ölür..."
Çay plantasiyaları yerləşən təpədən Qızılavara, böyüyüb boya-başa çatdığı kəndə xeyli tamaşa elədi. Doğrudanmı hər şey bir rekviyem imiş?..

Doğulduğu evdən,
uşaqlıqdan
bir də ilk sevgidən başqa
hər şeyi unudur adam...
O çörəyə min şükür,
o suya min şükür,
o sevgiyə, o ocağa min şükür.
O ulu torpağa min şükür.
Arpa-arpa boy atdığım,
Qarğı at oynatdığım,
Gözüm - o kənd torpağı.
Qucağında dil açdığım,
bir qıza könül açdığım
Çəpər başında dolaşdığım
Canım o kənd torpağı.
Çəkib qəriblikdən qopardı məni,
Çəkib sinəsinə apardı məni,
Aldı qucağına körpəsi kimi,
Qoydu beşiyinə körpəsi kimi.

***

Bir qərib sükutun içindən keçdim.
Qan sızantək
qəm sızdı gözlərimə.
Günlər bürkülü - bürkürü
Qaldım bükülə-bükülə...
Göy ilə yer arasında
Yaxam sökülə-sökülə...

***

Bir qərib kədərin içindən keçdim,
Ayağı yalın uşaqtək,
Ayaqları yalın baxtım...
Başım birdən dəydi daşa,
Heç bilmədim hara baxdım.
- Gördüm
doğma bilib üzümü söykədiyim
xatirələr arasında da yadam...
Doğulduğu evdən,
uşaqlıqdan,
bir də ilk sevgidən başqa
hər şeyi unudur adam!

Asta addımlarla aşağı düşüb yola çıxdı, bayaqdan onu gözləyən maşına minib evə tərəf yollandı. Bəlkə də saatlar keçmişdi, amma Xalıq kişi bu saatlardan xəbərsiz idi. Xatirələr əlindən tutub onu ötən illərə, yaxın keçmişə aparmışdı. İki-üç ay bundan öncə kabinetin pəncərəsindən aydınca görünən çayxanaya, ora yığışmış gənclərə baxıb: "Mənim bu çılğın uşaqlara heyfim gəlir, onlardakı enerjini yıxıb-dağıtmağa, boş-boş şeylərə yox, dəyərlərə, mənəviyyata, qurub-yaratmağa yönəltmək çox vacibdi, görəsən, onların axırı necə olacaq? - deyə kabinetdəkilərə ürək ağrısı ilə söylənmişdi. - Nə gördüksə, yenə bizlər gördük. Yaxşını pisdən seçməyi, dəyərə qiymət verməyi, ata-anaya, millətimə sevgi, hörmət-izzət bəsləməyi, qulpundan yapışdığımız işi sona çatdırmağı bacardıq. Sevgi, məhəbbət hissləri əriyib yox olur, böyük-kiçik yeri bilinmir, əlinə kitab alan, dastan, nağıl, bədii kitablar oxuyan barmaqla sayılır, bəlkə də heç yoxdur. Necə də qədrini bilmədik, necə də gözəl, mənəvi bir dünyanı itirdik. Görəsən, o dünya bir də geri dönəcəkmi?" Xalıq kişi elə hey düşünürdü. Kaş bir möcüzə baş verə, kaş ki...

Arxanca, saf su atmışam
Sularda düşüb batmışam...
Mən ki, gedib qayıtmışam,
Dünya, qayıt dünyamıza.

Bu bar ayrılıq barıdı,
Gözəllər erkən qarıdı.
Yarıyan sənnən yarıdı
Dünya, qayıt dünyamıza.

Tale bizi yarıtmadı,
Yaramızı sarıtmadı.
Nəm gözləri qurutmadı
Dünya, qayıt dünyamıza.

Daş da dönüb oğul olub
Ərənlərin nağıl olub...

Körpələrə noğul olub
Dünya, qayıt dünyamıza.

Çəkdik hər çəkilən qəmi,
Bu ömür-gün boş yerəmi?
Götür Əslini, Kərəmi
Dünya, qayıt dünyamıza.

Torpağında ah göyərər
Hər atılan ox göyərər...
Dönməsən günah göyərər
Dünya, qayıt dünyamıza.

***

Maşından düşüb gülə-gülə həyətə girdi:
- Ay Tərcübə, bu gündən vaxtımın çoxunu ev-eşikdə, yanında olacam. İllər necə də tez gəlib keçdi, iş-güc başımı o qədər qatdı ki, səninlə heç əməlli-başlı, diz-dizə oturub dərdləşməyə, olub-keçənləri, şirin cavanlıq illərini doyunca xatırlamağa vaxtım olmadı. İllər boyu səhərdən-axşama qədər orda-burda, çöldə-rizdə keçdi günlərim. Gec də olsa, buna da min şükürlər olsun, Allahımdan çox razıyam bu kəşmkəşli həyatda himayədarım oldu, məni tək qoymadı. Oğul, qız tərəfdən də nigarançılığım yoxdu, gözəl-gözəl gül nəvələrim var. Bir az dincəlmək, günümü onlarla keçirmək istəyirəm. Kənd burda, torpaq burda, mən burda, sonrasına baxarıq, kim istəyirsə, kimi təyin edirlərsə, gedib yerimdə oturar, işləyə bilər, indidən halallığını da verirəm...
Sonrakı günlər, sonrakı aylar çox minnətçi düşsələr də, təkidlər olsa da, Xalıq kişi iş yerinə, o kabinetə bir daha qayıtmadı. Çox səmimi, könüllü şəkildə istefa ərizəsini yazıb qərarına birdəfəlik son verdi...

***

O gecə gözlərinə yuxu getmədi, yaşadığı acılı-şirinli ömrü, keçdiyi kəşməkəşli həyat yollarını səhifə-səhifə, bir-bir vərəqlədi. Ömür necə də qısaymış, aşıq Veysəl demiş: "Bütün ömür bir addımda..." Bu bir addımlıq ömrü nələrdən keçmir insan?.. Addım-addım Allaha yaxınlaşır, son mənzilə yaxınlaşır...

Qopdum odumdan, közümdən
Əllərim qopdu dizimdən
Bir az da qopdum özümdən
Bir az da gəldim yaxına...

Keçdim ilanlı yolları,
Daşlı, tikanlı yolları
Bazar-dükanlı yolları
Bir az da gəldim yaxına...

Bir az da qaçdım tamahdan.
Nəfslə çəkdiyim ahdan...
Qurtuldum bir az günahdan,
Bir az da gəldim yaxına...

Aldandım dilə, dilçəyə
Qoca nəfsə - ağ birçəyə!
Üz çevirdim gül-çiçəyə,
Bir az da gəldim yaxına...

Dünya şirə, şirələndim,
Hər pətəkdə girələndim.
Qəm xəlbirində ələndim
Bir az da gəldim yaxına...

Çiynimdən yükləri atdım
Hey üzdüm üzü axına...
Addım-addım gəlib çatdım
Bir az da gəldim yaxına...

Doğmalarım döndü yada,
Evim oldu qərib ada...
Dolaşıb payi-piyada
Bir az da gəldim yaxına...

İçim yalan, çölüm yalan,
Bu daş dərddən ölüm yalan
Çat verdi tikdiyin qalan
Bir az da gəldim yaxına...

Gözlərimi bağla, Tanrım
Adəm olan bağlamasın...
Ağla mənə, ağla, Tanrm,
Məni bəndə ağlamasın!..

***

Səhəri dirigözlü açdı. Həyətə çıxıb bir az bağça-bağı dolaşdı. Çay-çörəkdən sonra qəbiristanlığa, atası İsmayıla baş çəkməyə yollandı.

Aldandıq çiçəyə, gülə
Biz göylərdən aralandıq
Dünyanı dost, qardaş sandıq...
Arxada qaldı nə varsa,
Arxada qaldı ev, eşik
Gəlib çatdıq son mənzilə
Bu da qəbr evi, son beşik...

***

Aldana-aldana gəldik,
Dünyanın əzablarına
Qatlana-qatlana gəldik
Hər addımda deyə, gülə
Atlana-atlana gəldik
Gəlib çatdıq son mənzilə...

***
Duz çəkən dizlərim,
Ulduz çəkən sözlərim.
Dünyanın qəmlərini
Yalqız çəkən gözlərim
Və bir də
Tək Allahım,
tək günahım,
Yaşadığım ömür
bir də mən
bir də ölüm...
Qaldıq baş-başa
Yandım şam kimi
Yana-yana əridim
Ağladım... kiridim...
Bu da ömür türküsü...
Bu da qəbr evi,
Bu da son qapı...
Bu da sirat körpüsü...
İndi keç görüm
...o nazik sapı...

İlahi bir sükut, yatmış dövran, bum-buz zaman... Baş daşının önündə dayanıb atasına, İsmayıl kişiyə səsləndi "Ata! Sənə layiq övlad olmağa çalışdım. Hər tikəmi, qazancımı insanlarla bölüşdüm. Tək ailəmə, özümə qapanmadım, dilimə "mən" kəlməsi gəlmədi, kimsənin bostanına daş atmadım. Hamının sevincinə sevindim, qəm-qüssəsinə şərik oldum. Hamıdan Uca Allahdan başqa bir kimsənin qarşısında əyilmədim. Nə qazandımsa, öz zəhmətim, öz əməyimlə qazandım. Arxasıza arxa durdum, yıxılana əl uzatdım. Namuslu, şərəfli, təmkinli, səbirli gəlinin Tərcübə ilə baş-başa oğullarımı, qızlarımı böyütdüm. Gözləri dolusu böyütdüm, ata!.. Nəvələrin Tahir, Şair, Mahir, Fədahir, Sübahir, Məlahət, Xatirə ali təhsil aldılar, ev-eşik yiyəsi oldular. Övladlarımdan nigaran deyiləm, ata, çox razıyam. İsa Məsihin müdrik kəlamlarını uca tutduq: "İnsana kənardan təsir edən heç bir şey onu çirkləndirə bilməz. İnsan yalnız öz içindəkilərdən çirklənər..." İçimizi də, çölümüzü də təmiz saxladıq. İnşaallah, qismət olsa, görüşərik, ata!"
Dilinin ucunda Fatihə surəsinin oxuyub, salavat çevirdi, bütün məzar əhlinə rəhmət oxuyub, asta addımlarla qəbiristanlıqdan aralandı. Çiyinləri kimi, içi də yüngülləşdi, dup-duru duruldu Xalıq kişi...

Zakir Fəxri

TƏQVİM / ARXİV