adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

İBRAHIM İLYASLI

MƏMMƏD DƏMİRÇİOĞLU
33259 | 2013-07-20 10:06
Hamı bilir ki, İncə Dərəsi üç qədim oymağın beşiyidi. Onu da hamı bilir ki, biri birindən tam fərqli olan bu oymaqların fizialogiyası, ləhcəsi və hətta məişəti belə bir birindən fərqlənməkdədir.
Nəyə görə hamı bilir yazdım?
Bu artıq danılmaz həqiqətə çevrilib ki, Əfqan Hacıdan, Qara Məmməd babadan, Şix baba həzrətlərindən və bu müqəddəslərin ruhlarının işığında müqəddəs zirvəyə yetən, ocaq, pir yerinə dönmüş Hacı Mahmud babamızdan üzü bu yana, Aşıq Avdı sazıyla mayalanıb, Ağamalı Sadiq sözüylə yoğrulan İncəli abu havası artıq Azərbaycanın hüdudlarını adlayaraq bütün türküstan elatlarına yayılmaqdadı.
Bu fikirlərlə İncə dərəsini tərif etmək niyyətində deyiləm, əsla. Onu demək istəyirəm ki, ayrı-ayrı soya, kökə bağlı olan bu üç şennik, bu üç kənd, bu gün yumruq kimi birləşib, çəpərlər çəpələrə, adamlar adamlara qovuşub elə bir bütövlük yaradıb ki, bu hikmət pərən-pərən düşmüş bütün türklərə və müsəlmanlara görk ola bilər.
Bu gün Astanbəyli, Qaymaqlı, Kəmərli bölümü olmasa da yenə hər kənd öz "dininin" üstündəcə yaşamaqdadırlar. Bir Qaymaqlı olaraq etiraf edərək boynyma alım ki, Astanbəyli kəndi qalan iki kənddən bir az fərqlidi və mən onlarla daha çox fəxr edirəm (Qaymaqlılar, Kəmərlilər inciməsin, söz gəlişi dedim).
O fəxr etdiyim Astanbəylilərdən biri də İbrahim İlyaslıdır.
Necə tanıdım İbrahim İlyaslını?
Günlərin birində, (səhv etmirəmsə 1992-ci il olardı ) adına və yaradıcılığına böyük rəğbətim olan İbrahimlə rastlaşdıq və böyük həvəslə evə dəvət etdim. Evim təmirsiz olsa da, manqal yerləşəcək iri bir eyvanım var idi.
-Arkadaş, çox istərdim ki, tək ikimiz baş-başa qalaq, manqal başında əlli-əlli vuraq, saz çalaq, söz oxuyaq, nə dersən? - sualıma, - A kişi ağzından dür-gövhər tökürsən, nə sözüm ola bilər? - deyib razılaşdı və həmin eyvandaca, yanımızı manqala söykəyib öz dünyamıza qovuşduq.
O məclisi heç zaman unuda bilmirəm. Mənə elə gəlir ki, heç İbrahim də unutmayıb o məclisi.
Mən onda tanıdım İbrahim İlyaslını. Düzdür, qardaşı İlhan Astanbəyli kimi peşəkar olmasa da, billah ondan daha şirin saz çalırmış arkadaşım. Bir az çəkinsə də oxumağa da razılaşdı və İlham inciməsin, oxumağı da ondan daha gözəl, daha sufiyanə, daha özünəməxsus idi. İnanın, Ağamalı Sadiqdən sonra ikinci dəfəydi ki, belə könlümü oxşayan şair aşığa rast gəlmişdim. Bu sözləri zarafatla yox, tam ciddi yazıram.
Bir az Ağamalıdan, bir az Məmməd İlqardan oxuyandan sonra öz şeirlərindən oxumasını xahiş etdim...
Bu gün İbrahim İlyaslı ölkədə, ölkənin hüdudlarından kənarda belə öz imzasını möhürləmiş yaxşı şairlərimizdən biridi. Mən bu yazımda onun yaradıcılığını təhlil etməyəcəm. Amma münasibətimi aydınlatmağa çalışacağam.
Məmməd İlqarın qəribə kitab oxumağı var. Kitabın orsından, burasından açıb bir-ki şeir oxumaqla kitabın səviyyəsini müəyyən edir. Mən bu üsuldan istifadə edib İbrahimin bütün kitablarına səyahət etdim və tam səmimiyyətimlə deyim ki, bir dənə də olsun qəlp sözə, yanğısız və ürəksiz yazılmış bir misraya rast gəlmədim. Gəlin birlikdə təcrübə edək. "Hamı bir körpüdən keçir"-in istənilən bir vərəqini açıb oxuyaq:

Könül, bunca qəm eləmə,
Qalmarıq naçar, inşallah.
Yerdən umud gözləməyən,
Quş olub uçar, inşallah.

Ovcunda boğulur səsin,
Sızlama Allah bəndəsi.
Bu yerin, göyün yiyəsi,
Bir gün nur saçar, inşallah.

Haq deyib haqlayan Tanrı,
Haqqa gün ağlayan Tanrı.
Bir yandan bağlayan Tanrı,
Bir yandan açar, İnşallah.

İnsafən baxaq, adama elə gəlir ki, İbrahimin ən yaxşı şeiridi. Nəyi pisdi axı. Bundan gözəl şeirmi olar. Amma bu İbrahimin sıradan olan şeirlərinin biriydi. İbrahim heç vaxt şeir yazmağa çalışmayıb, onu tapanda, tutanda yazıb. Allahın xoşbəxt şairlərindəndir ki, şairlik azarına tutulub, tom-tom kitablar bağlamır, qom-qom şeirlər yazmağa çalışmayır. İbrahimdə boşuna atılmış güllə yoxdu. Atdıqlarının hamısı hədəfə, çoxusu isə onluğa dəyən şeirlərdi.
İndi də "Mən bir söz bilirəm"-dən istənilən bir səhifəni açıram:

Fikrim-zikrim bir arandı, bir dağdı,
Bir-birinə daşımaqnan məşğulam.
Daha özgə işim-peşəm yoxdu ha,
Sənsizliyi yaşamaqnan məşğulam.

Eşq dəryadı, orda azan gəmim var,
"Olmayana ümud" adlı dəmim var.
Su sonası, ay parası qəmim var,
Tellərini oxşamaqnan məşğulam.

Köksüm üstə əlim-ovcum qovrulub,
Odum sönüb, külüm göyə sovrulub.
Səndən mənə gələn yollar yomrulub,
Sənə bir yol başlamaqnan məşğulam.

Mən bu qənaətdəyəm ki, hər kəs öz şeirinə oxşayır. Şeiri ilə özü arasında oxşarı olmayan şairləri saxta şair adlandırardım. Ürəyi gözəl olmayan gözəl şeir yaza bilməz. Bu mənim qənaətimdi. Həm də bu qənaətdəyəm ki, gözəl şeirin təyinatçısı tənqidçi alimlər yox, yenə də gözəl könüllərdi. Gözəl könüllərə yol tapan hər nə varsa gözəldi.
İbrahimin şeirləri gözəl könüllərdə özünə yurd-yuva sala bilib, bu səbəbdən o şairdi. Özünə məxsus, (özü demiş, Nənələrimiz, babalarımı bizə haram tikəyə əl atmağı öyrətməyiblər. Bu səbəbdən İncə şairləri haram tikəyə , oğurluq sözə əl uzatmırlar..." ) bir halallıq sahibidi.
Düz deyir İbrahim. İncəli şairlərində bir-birinə oxşar ləmsə, ləhcəyə, nəfəsə rast gəlmək olar, amma hər kəsin öz yolu, öz yolağı var. Hərəsinin özünə məxsus tamı, özünə məxsus özəlliyi var. Necə ki, İncə dərəsinin üç kəndi yumruq kimi birləşsə də öz özəlliklərini qoruyub saxlayır, şairləri də eynən öz doğulduqları məkana oxşayıblar.
Mən deyərdim, İncə şairləri elə İncəyə oxşayırlar.
İbrahim İlyaslı Böyük bi zata, kökə bağlı insandır. Onun yerişində, duruşunda, xüsusuylə toylarda oynamasında bir Sufi, Nəqşibəndi ləngərini, ab-havasını duymaq olur. Elə şeirlərində də bu nəfəs öz ətriylə qoxumaqdadır. Bu da təsadüf deyil. Ona ulusundan ərmağan olan bu hikmətlər yaşca kiçik qardaşları Hacç Məhəmməd Astanbəylidə öz əlvan şəfəqlərini işıqlandırdı.
Musa Müəllimi İncə Dərəsinin, elə Azərbaycanın da ən fəxri adamlarından biri hesab edilməlidi. (Şükür ki, bel də var) Bir ailə təkcə İncəliyə yox, Türk dünyasına İbrahim İlyaslı, Hacç Məhəmməd Astanbəyliu və İlham Astanbəyli kimi Tanınmış simalar yetirib.
Mən boğazdan yuxarı yazmağı özümə ayıb sayıram və bu yazımda İbrahimi tərifləmək yox, ancaq tanıdığım İbranim İlyaslının xırdaca etüd mənzərəsini çızmağa çalışmışam. İbrahimi məndən də yaxşı tanıyanlar var və yaza bilmədiklərimçün onlardan üzür diləyirəm.
Və nəhayət coxlarının könül dünyasında özünə yurd-yuva salmış, mənim də çox sevdiyim bir şeiri ilə mənzərəmin son mazoklarını vurmaq istəyirəm. Bu il, yəni 2013-cü il Arkadaşımızın 50 Yaşı mutlanır. Öz şeiri ilə özünü salamlayıb bundanda gözəl nümunəlr yaratmağını arzu edirəm.

Hardasan dünyanın halal adamı,
Hardasan, varmısan? - Səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs ver.

Məndən o tərəfə, səndən bu yana,
Nə kökdədi dünya, xəbərin varmı?
Tapşırıb yellərə, büküb al-qana,
Bir ürək yollasam sənə çatarmı?

Bilərmisən hankı məmləkətdənəm,
Hansı millətdənəm, bilərmisən sən?
Bu aciz halıma ucalığından,
Baxıb ac-acı gülərmisən sən?

Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol saxla özünə doğru.
Üzülüm bəşərin nadanlığından,
Sürünüm mübarək izinə doğru.

Hardasan dünyanın halal adamı,
Sən haqsan, sən varsan!-Səsimə səs ver.
Qapında ən sadiq nökərin ollam,
Mənə bu şahlığı, nolar, tələs, ver.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV