ŞEİRİMİZDƏ QARABAĞ

VAQİF YUSİFLİ
69837 | 2013-07-20 09:52
Qarabağ dərdini poeziya dərdinə çevirən üç şairdən ayrıca söz açmaq istəyirəm. Biri Əbülfət Mədətoğludur, biri Əli Mahmuddu, o biri də Rizvan Nəsiboğlu.. Onların şeirlərində Qarabağla bağlı nisgil, həsrət, qəm çalarları görürəm və bu da təsadüfi deyil. Birincisi, bu şairlər əslən qarabağlıdırlar, ikincisi, qaçqınlıq, köçkünlük bəlasını onlar öz talelərində yaşayıblar. Ona görə də şeirlərində təsvir olunan hisslər, duyğular təbiidir, sənin ürəyinin tellərini də tərpədir.
Əbülfət Mədətoğlu günlərin bir günündə üzünə həsrət qaldığı doğulduğu ocağın, evin şəklini təsadüfən Azıx mağarası ilə bağlı nəşr olunmuş bir kitabda görür. Özüylə heç bir nişanəsini götürmədiyi evin şəklini görmək onun əhvalını dəyişir.

Qarşımdakı bir şəklə
Baxa-baxa qalmışam.
Elə bil ki, bu həkklə
Ağır zərbə almışam.
Qaytarmaq gücüm də yox!

On ildi əsirlikdə,
On ildi zülümdədi.
On il əvvəlki şəkli
Ovcumda, əlimdədi.

Lal leyil, o danışır,
Bizi, bizi lal edir.
İnsan yesir olarmı?
Ocaq əsir olarmı?
Bir şəkil sual edir.

Bu şeir on bir il əvvəl yazılıb, amma dərd elə həmin dərddir, qocalmayıb o dərd.
Vaxtilə Xalq şairimiz Bəxtiyar Vahabzadə Əbülfətin şeirləri haqqında yazmışdı: "Əbülfət sözün əsl mənasında şairdi. Dərd yağır, Qarabağ fəryadı hıçqırır misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim. Bax, budur sənətin qüdrəti".
Bəxtiyar müəllim doğru deyirdi. Əbülfətin Qarabağ həsrətiylə qələmə aldığı şeirlər doğrudan da, təsirlidir, şəxsən mən bu şeirləri oxuyandan sonra içimdə havalanan Qarabağ həsrətinə bir qığılcım da səpələndi. Gizlətməyək ki, bu gün həmin mövzuda çoxlu şeirlər yazılır, amma bu şeirlərin əksəriyyəti sadəcə dərdin adi izharından başqa bir şey deyil. Əbülfətin şeirlərində isə həmin həsrət, həmin dərd poeziya səviyyəsindədir:

Ürəyim bir kövrək layla istəyir,
Gözlərim yumulu, qulağım səsdə.
Sifətin qırışıb, əlin titrəyir,
Sən nə həvəsdəsən,
mən nə həvəsdə?!
Mənim çadırlarda qocalan anam.

Sözün göz yaşıdı, söhbətin acı.
Elə çırpınırsan bu dar qəfəsdə.
On ildir gəzirsən başı aşağı.
Sən nə həvəsdəsən, mən nə həvəsdə?!
Mənim çadırlarda qocalan anam.

Bu şeir də ikimininci illərin əvvəllərində yazılıb. Ümumiyyətlə, Əbülfətin bir çox şeirlərində Dərdin obrazını görürük, yəni şair, içində yaşatdığı ağrıları, yurd həsrətini sadəcə təsvir etmir, həm də daha geniş anlamda təqdim edir, Dərdin böyüklüyünü, bir ürəyə sığmadığını nəzərə çarpdırır.
Beləliklə, tək bir fərdin-bir insanın dərdi deyil, millətin yurd-yuva həsrətlilərinin qəmi, kədəri onun şeirlərində baş-başa verir.

Qvçqınlıq yaman zülümdü,
Adam adamlıqdan çıxırg
Ölümə yamaq ölümdü,
Çörək edamlıqdan çıxır.
Bir ömrün də boş-hədər
Ölüm-itimi olar?
Məmləkətin bu qədər,
Qaçqın yetimi olar?

Bu gün Qarabağ həsrətiylə bağlı xeyli şeirlər yazılır, amma bu yazıların bir çoxu dərdlə, kədərlə oyun təsiri bağışlayır. O dəqiqə hiss eləyirsən ki, o şeirdə ağrının özü yoxdu, onun sözlərlə çəkilmiş cızma-qarası var. Amma Qarabağ həsrətinə həsr olunan elə şeirlər də var ki, sənin içini tərpədir.
Əli Mahmudun "Şuşada nəyim qaldı" şeirində olduğu kimi:

Qəbrimə nişanə seçdiyim
Mamırlı bir daş.
Gözümə tökmək üçün qoruduğum
Bir ovuc torpaq.
Ürəyimdə bişib,
Dodaqlarımı göynədən
Bircə damla yaş.

Təsəlli üçün qardaş məzarına
Qoyacağım Xarı bülbül gülü.
Hər səhər şehinə bələndiyim,
Üzümü sürtdüyüm,
Gözümə dürtdüyüm
Maralotu sünbülü.

Xan qızı Natəvanın,
Vaqifin, Nəvvabın,
Bülbülün, Üzeyirin,
Zakirin, Uabbarın
Güllələnmiş məzarları, heykəlləri.
Yanıb kösövə dönmüş
Neçə kamanın, tarın
Mizraba həsrət qalmış telləri.

Nə qədər kədərli, qüssəli lövhələrdir. Şeirin ancaq bir parçasını təqdim etdik. Elə bilirəm, heç bir şair Əli Mahmud qədər Şuşanı belə ağrı ilə yad edə bilməz.
Əli Mahmudun haqqı var deməyə ki, "Bu Vətən oğulsuz imiş".
Əli Mahmudun haqqı var qışqırmağa ki, "Vətən, haram olsun bizə çörəyin".
Onun şeirlərində Qarabağın, onun tacı Şuşanın həm dünəni, həm də bu günü ilə qarşılaşdım.

Şuşa şəhərlərin baş şəhəriydi,
Yaddaş şəhəriydi, daş şəhəriydi.
Günəş güllərini öpə bilirdi,
Ulduzlar göz yaşı səpə bilirdi.
O Qızıl qayası səs qülləsiydi,
Allahın sonuncu möcüzəsiydi.

Ümumiyyətlə, Əli Mahmudun şeirlərində son iyirmi beş ilin milli dərdləri əks olunub desəm yanılmaram. Müasir poeziyamızda milli dərdlərdən yazanlar çoxdu, amma bu dərdlərin poeziyada inikasına gələndə, çox vaxt sözün kəsərsizliyi, urvatsızlığı o dərdi də gözdən salır. Yaxşı ki, Əbülfət Mədətoğlu, Əli Mahmud kimi şairlərimiz var. Məni təsirləndirən şeirlərdən biri də Əli Mahmudun "Qaçqın və köçkün həmdərdlilərim haqqında poemaya bənzər ağı" şeiri olub. "Kim qaçqındı? Kim köçkündü? Və bunun əksi olan suallar: kim qaçqın deyil, kim köçkün deyil? Şeirdə bu adi suallara çox sərt cavablar var:

Gecəyarı döngələrdə,
dalanlarda
"Ov" gözləyən,
Çil-çıraqlı saraylarda
Hallı-hullu əcnəbini
əzizləyən
Yarıçılpaq məlakələr,
nələr, nələr,
Qaçqın deyil,
Köçkün deyil!

Yurdu oda qalayanlar,
Bu torpağı talayanlar,
Moskvanın yalağını,
Küçük kimi yalayanlar
Kəlbəcərdən keçməmişlər,
Laçında su içməmişlər.
Füzulidə çin götürüb,
Bircə sünbül biçməmişlər.

Rizvan Nəsiboğlunun şeirlərində də yurd həsrəti, Qarabağ göynərtisi ilə qarşılaşırıq. Onun "Qürbətə baxan kişi" silsiləsindən olan şeirləri bu qəbildəndir. O, "Qarabağ de!" şeirində unutqanlığa, yaddaşsızlığa etiraz edir və deyir ki: "Gündə bir az unuduruq Qarabağı, Hər gün bir az, Unudulur o dağ, o daş. Unuduruq kitab-kitab, unuduruq yaddaş-yaddaş" Bəs unutmamaq üçün nə etməliyik? "Yurd yerinə yürüş eylə Dizin-dizin öp torpağı. Bələkdəki çağana da, - Yatanda da "Qarabağ" de! Duranda da "Qarabağ" de! Əsir düşsən, girov düşsən - Qarı düşmən Dizlərini qıranda da , - "Qarabağ de!". Rizvan Nəsiboğlunun şeirlərində bir sıra ənənəvi obrazlar var ki, onlar da Qarabağ həsrətini ifadə etməyə köklənirlər. Məsələn, Durna obrazını götürək.

Səs düşür göylərin yeddi qatına,
Bildim, yurd yerindən keçir yolunuz.
Demə, quş dilində bir-birinizdən
Leyli məkanları soruşursunuz.
Durnalar, məni də götürün, gedək!

Burda göz-gözədi tikanlı məftil,
Burdan yağıların səddi başlanır.
Ağdamın Dördyolu qürbət ha deyil,
Burdan Qarabağın dərdi başlanır,
Durnalar, məni də götürün gedək!

Rizvanın "Dörd yol" adlı ayrıca bir lirik poeması da var. O poemada Dörd yol ayrıcında dayanan şair deyir ki, "arxamda canım Bərdə, solumda Ağcabədi. Sağımda Tərtər tamamgÖnümdə dərd içində Oğulsuz ata kimi xiffət eləyən Ağdam". Bu Dörd yolda düşünən şair Qədirin itkin səsini axtarır, "Olmaz-olmaz"ı, "Neyçün gəlməz"i yetim qalıb o yaralı səsin. Bu səsin qanadında uçub getmək istəyir şair.

Dörd yolda dayanmışam
Qarabağ ağrısıynan
Ruhum aşsüzən kimi
Şan-şandır, deşik-deşik.
Sirr deyil,
Toy-düyündə
Çoxumuz arsız-arsız
Badələr məstliyində
"Laçınım çal!" demişik.
Düşmüşük ortalığa
Kökündən uzaq kimi
Oynayıb, şənlənmişik,
Ağılsız uşaq kimi.

"Dörd yol" poeması həm də qınaq və ittiham xarakteri daşıyır. Şair ulu şairimiz Xəlil Rzanı, onun müharibədə həlak olan oğlu Təbrizi, Çingiz Mustafayevi xatırlayır, Xan Şuşinskinin ecazkar səsini - "Qarabağ şikəstəsi"ni, Şahmalı Kürdoğlunun "Rast"ını, Yaqub Məmmədovun "Mənsuriyyə"sini soraqlayır. 41-45 davasının hələ unudulmadığını, şəhid Xocalının fəryadını yada salır. Tarixlər vərəqlənir, deyir ki: "Səsimizi dinləyir. Orda İbrahim xanın, Xan qızı Natəvanın, Molla Pənahın, ulu ruhu üşüyür".
Poemada bu günümüzün acı reallıqları da öz əksini tapıb. Şair deyir ki: "Şuşadan başlamış Ağdama kimi, Kəlbəcər, Qubadlı, Laçına kimi. Dustaq şəhərlərim restoran kimi "Təsəlli" xətrinə Bakıya gəlibgHər ildə bir qərar yazılı, hazır, Avropa Şurası, BM, filang"Doğma ocağına dönür bu yazı, Qaçqınlar, köçkünlər" yalandır, yalan!"
Şair-publisist Elçin İsgəndərzadə Əbülfət Mədətoğlu haqqında belə yazır: "Qəribədir, mənim tanıdığım insanların və dostlarımın içərisində gülüş səsini eşitmədiyim yeganə şəxs Əbülfət Mədətoğludur. Dərdini dərd ovudan şeirlərə çevirib danışan Əbülfət! Dərdin qəzəb və nifrətdən yoğrulmuş canlı Qarabağ heykəli!" Əbülfət Mədətoğlu barədə söylənilən bu sözləri Əli Mahmud və Rizvan Nəsiboğlu haqda da deyə bilərik. Onların şeirləri də elə Əbülfətinki kimi qəzəb və nifrətdən, dərddən, kədərdən yoğrulub..
Gün gələcək, onların şeirlərində qələbə sorağını da eşidəcəyik...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV