adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

MÖCÜZƏ, YOXSA YAŞIL QƏTLİAM?..

BABƏK YUSİFOĞLU
51417 | 2013-07-17 00:54
Vallah, dünyanın əcaib-qəraib işləri çoxdur. Bunu başına gələnlər də bilir, başına gəlməyənlər də. Peşəmlə bağlı mən də çox belə əndrimon hallarla qarşılaşmışam. Və hər dəfə də düşünmüşəm ki, əşi, bunu da gördümsə, tay bundan əcaibi ilə qarşılaşmaram. Yox, əgər qarşılaşsam həmin iş əcaib-qəraiblikdən çıxıb olar əsl möcüzə. Və xahiş eləyirəm kimsə möcüzə söhbətinə təəccüblənməsin. Möcüzənin buynuzu-zadı olmur ki?..
İndi mən də qarşılaşdığım həmin əcaib-qəraib işlərin birindən bəhs etmək istəyirəm ki, oxucularımız özləri desin, bunlar möcüzədi, ya möcüzə deyil. Bir neçə gün bundan əvvəl bir yaxınımın maşınıyla Zığ şosesindəki yalnız adı qalmaqda olan zeytunluğun yanından keçib işə gedirdim. Birdən zeytunluğun içərisində 5-10 adam gözümüzə sataşdı. Onlar əllərindəki elektrik mişarlarla oradakı yamyaşıl, amma köməksiz, sükutdan başqa heç nəyə gücləri çatmayan zeytun ağaclarını kəsib yerə yıxırdılar.
İndi gəl üzünü çevir, keç get görüm necə gedirsən o yerdən. Maşını saxlayıb qaranəfəs yaşıllıqlara divan tutan bu adamların yanına qaçdıq. "Ayə, qardaş, bir dəqiqə əl saxla. Bu yazıq ağacların başına bu oyunları niyə açırsınız? Ağacları niyə kəsirsiz" soruşduq. Qabağımıza çıxanlar alınlarının tərini silib (guya çox gərəkli, vacib bir işlə məşğul imişlər) söylədilər ki, bizə kəs deyiblər, biz də kəsirik. Kimin əmr etdiyini öyrənmək istəyərkən artıq bizə sarı gələn bir nəfər başımızın üstünü aldı. Soruşduq ki, niyə ağacları doğrayırsız, bunların axı günahı nədi? Əlini-qolunu ölçə-ölçə "sizə nə var, siz kimsiz ki", - cavabını verdi.
Özümü təqdim edib sənədimi göstərəndən sonra bildirdi ki, lap yaxşı, mən də Əli Quliyevəm, Qarabağlıyam, Tərtərdənəm, özü də Abşeron Zeytun bağları idarəsinin direktor müaviniyəm. "Bu ağacları ona görə kəsirik ki, təzədən pöhrə verib artsınlar. Yoxsa quruyacaqlar". "Bu yamyaşıl ağaclar uzun illərdi buradadı, amma yanmayıblar. İndi niyə yanırlar ki?" soruşanda Əli Quliyev müəllim mənə hövsələsizcəsinə sual verdi ki, sənin ixtisasın nədi, onu söylə. Jurnalist olduğumu eşidəndən sonra əlini yellədi ki, tay mən sənə nə deyim. Direktor müavinin hərəkətindən və sözlərindən belə anladım ki, onun verəcəyi cavabı eşitmək şərəfinə nail olmam üçün mənim jurnalist, müəllim, lap elə bir vətəndaş olmağım kifayət deyil. Bundan ötrü gərək mənim həm də ən azı aqranom diplomum da olsun. Bədəbəd ayaqda biologiya fakültəsində oxumalıymışam.
Əli Quliyev bilmirdi ki, mən kitabsız-dəftərsiz, sənədsiz-qeydsiz 30 ildir bu zeytun bağlarının burada beləcə var olduğunun, yanmadığının canlı şahidiyəm. Çünki Hövsanda yaşadığım üçün hər gün ən azı iki dəfə bu yoldan keçib gedirəm. Və bu bərəkətli ağacların heç bir qulluq görmədən, suvarılmadan, dərmanlanmadan... hər il bar verdiyini adım kimi bilirəm. Onilliklər boyudur bu ağaclar yamyaşıl sədaqətlə öz yerlərindədirlər. Lakin bu gerçəyi Əli Quliyev müəllimə anlatmadım. Düşündüm ki, zeytunluğun günbəgün nələr yaşadığını görməmin təsdiqi üçün məndən Hövsandakı JEK -dən "spravka" da tələb eləyər...
Bəli, bunlar əcaib-qəraib şeylər yox, əsl möcüzələr idi. Ona görə əsl mücüzələrdi ki, bizlər vaxtıyla Abşerondakı 25 min hektarlıq zeytunluğu qırmışıq. Sonra yenə, rəhm etmədən təkrar qırmışıq, qırmışıq. Zeytun ağaclarını qətl edib qəbiristanlıq salmışıq, kababxana yaratmışıq, villalar tikmişik, ofis yaratmışıq, gecəqondular salmışıq... Nəhayət BMT-nin ekoloji məsələlər üzrə komissiyası işə qarışıb, qırıb axırına çıxdığınız zeytun bağlarından heç olmasa min hektarını bizdən xilas edə bilib. Amma görünən budur ki, indi yerdə qalanının məhv edilməsinin qarşısını almaq mümkün olmayacaq.
Və siz deyin, 25 min hektar zeytunluqdan 24 min hektarını bu şəkildə qırmağı bizdən savayı daha kimlər bacarar??? Bu möcüzə, özü də dəhşətli bir möcüzə deyil, bəs nədi?!!
Bəzi binaların həyətlərində yaşı ötmüş, qurumuş hansısa bir ağac hər gün orada oynayan uşaqların üstünə aşmasın deyə kəsilərkən cərimələr yazıb qanunların maddələrini sadalayan əli "papkalı" ekologiya işçiləri niyə yamyaşıl zeytunların kütləvi şəkildə qırılmasının qarşısını almırlar?!! Yoxsa yeni möcüzələr yaratmaq istəyirlər?..
Vallah, yaşıllığın, ağacların bizə xeyri var. Həzrət Abbas haqqı ağaclar təbiətin ağ ciyərləri sayılırlar. Onlar olmasa digər canlılar da məhv olar. Qardaş, heç olmasa özünüzə görə, övladlarınızın sağlam yaşamasına görə, təbiətə görə, bir canlını öz şəxsi iştahanız üzündən məhv edib günah qazanmamağa görə... yaşıllığa divan tutmayın. Bir insafınız olsun...

BABƏK YUSİFOĞLU
[email protected]

TƏQVİM / ARXİV