adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

TALEYİN ÜMİDİNƏ

VƏSİLƏ USUBOVA
25907 | 2013-07-13 00:51
"Dünya yaranandan bəri həmişə biri az, biri çox yeyib. Bu aksiomadı və sənin də bununla barışmağın lazımdı..." Nə vaxtsa, xətrini çox istədiyim birisindən bu sözləri eşidəndə az qala savaşacaqdım. Onun düz dediyini mən də bilirdim, ancaq ağıllı, ədalətli sandığım kəsin bu amansız həqiqətlə barışmağıynan barışa bilmirdim. Onu da anlayırdım ki, özümü yormaqnan, düşüncələrimi başqalarının qafasına taxmağa çalışmaq kimi mənasız səylərimlə heç nəyi dəyişə bilməyəcəm...
Bu gün də barışmıram. Elə hey fikrimdə dolandırıram: "Nədən belə olsun? Niyə belə olmalıdı?!." Özümü də qınayıram: "Yer üzünün bütün həqiqətlərini alt-üst etsən də buna cavab tapa bilməyəcəksən... Yaxşısı budu, axtarma..."
Başqasına dediklərimin, anlatmaq istədiklərimin özümə dəxli yoxdu sanki. Düşünməkdən, çarə axtarmaqdan özümü saxlaya bilmirəm. Elə vaxtilə tanıdığım, indi haqq dünyasına qovuşmuş qadın barədə də ağlımdan nələr keçmirdi...

əməyin nə demək olduğunu da bir əməlli-başlı dərk eləmir. Kiməsə dikbaşlıq eləməsi ağıla belə gələn deyil. Sanki taleyi onu sadəcə kölə yaradıb. Başqalarına boyun əymək, dedikləriynən oturub durmaqçın. Özünün də bir söz, fikir sahibi ola bilməsi ağlından belə keçmir. Həmişə ancaq qarşısındakının ağzına baxır, onun nə deyəcəyini gözləyir. Etiraz eləmək, cavab qaytarmaq onluq deyil...
İnsan bu qədər sahibsiz, kimsəsiz olurmu?! Nə xoşdu səni qorusunlar, üstündə əssinlər, səhvlərini bağışlasınlar. Ürəyin istəyəni geyindirsinlər, yedirsinlər...
"Uşaqlığında onu atası, gəncliyində qardaşı, ailə qurandan sonra əri, qocalanda oğlu qoruyur. Qadını taleyin ümidinə buraxmaq olmaz!" Dahiyanə deyimdi! Bu şərtlə ki, hər kəs bildiyi kimi yormasın! Çox incə mətləblər, həm də sərt həqiqətlər var bu fikirdə. Onu qorumalı olanların yolunda canını, qanını verməyə hazır olan məxluqun möhtac olduğundan deyil, haqq etdiyindən söhbət gedir burda. Sirdaşı dərdli ürəyi, təsəlli göz yaşı olan varlığın yaşantılarından söz açılır. Onu qoruyun ki, özünüzü qoruya biləsiniz, deyir fikir sahibi...
Bu qadını isə, deyəsən, Yer üzünə düşəndən bəri kimsə qorumamışdı. Elə taleyin ümidinə yaşamışdı. Saf qəlbi, məsum varlığıynan taleyin oyunlarına hədəf olmuşdu...
Yaman tez-tez ah çəkirdi. Biçarə bilmirdi ki, ahıynan fələkləri yandırmağa təkcə Füzulinin gücü çatırdı... Ara-sıra şeir deməyi də vardı. "Dərdim çoxdu, dindirməyin, həzarat!" Əlimi çənəmə söykəyib o qədər qulaq asmışam ki, dilini yağır eləyən dərdlərinə.
İndi dərdlini dindirmirlər ki, biçarə! İndi dərdlidən qaçırlar.
Hələ öz dərdindən də qaçanlar var...
Amma ən yaxşısı dərdin üstünə getməkdi. Qoy, birdəfəlik həddini bilsin!
Mənimsə səndən qaçmaq fikrim yox idi. Gəlişindən, söhbətlərindən bezmirdim. Bir gün mənim özümə də şübhəynən baxa biləcəkləri də qorxutmurdu məni. "Başına iş qəhətdi? Onun nəyinə qulaq asırsan? Birtəhər yola sal, getsin..." Mənsə bunu eləmədim...
Bir dəfə otağımda şeir oxuyurdum. Həmişəki kimi pişik səssizliyi ilə otağıma girmişdi. Başımı qaldırıb qarşımda onu görəndə heyrətləndim. Gəlişinə yox, Oxuduğum şeirlə tale oxşarlığına görə... Şeiri ona da oxudum...

Göndərib bu yer üzünə,
Neyniyirdin axır məni?
Günahlar düşüb üstümə
Təklədilər fağır məni...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV